Azərbaycanca

İmperatorluğun çöküşü və erməni problemi (II hissə)

06.02.2014 | 13:07

1391677429_1321473055_1828turkmenchayXVll-XVlll əsrlərdə Rusiya dövləti sosial-iqtisadi və siyasi cəhətdən xeyli möhkəmlənmiş, onun beynəlxalq nüfuzu önəmli dərəcədə artmışdı. Bu dövlətin inkişaf etməkdə olan sənayesi Qafqazda, xüsusilə də Azərbaycanda istehsal edilən mallara böyük ehtiyac duyurdu. Fəqət Rusiyanın Qafqaza marağının yeganə səbəbi bu deyildi, həm də Səfəvilərin yeritdiyi məzhəbçilik siyasətindən cana doymuş bəzi sünni bölgələrin hakimlərinin Osmanlı Türkiyəsinə müraciət etməsi və Osmanlıları Şirvana dəvət etməsi idi. Bu hal Rusiyanı narahat etməyə bilməzdi.

1721-ci ildə İsveç üzərində qələbədən sonra 1722-ci ilin iyulunda l Pyotr böyük bir ordu və 274 gəmi ilə Həştərxandan Azərbaycanın Şirvan və Xəzəryanı bölgələri istiqamətində hərbi yürüşə başladı. Güney Qafqazın hüquqi cəhətdən Azərbaycan-Səfəvi dövlətinə tabe olmasına baxmayaraq, I Pyotr mərkəzi dövlətin zəifləməsindən istifadə edərək, Azərbaycanın Xəzər sahili ərazisini zəbt etdi, XVIII əsrin 20-30-cu illərində Güney Qafqazın qalan hissəsi isə Osmanlı İmperiyasının, başqa sözlə, İslam xilafətinin tərkibinə keçdi. Öncə Nadir şah, daha sonrakı dövrdə isə Ağa Məhəmməd şah Qacar rusları Azərbaycan səltənətinin ərazisindən sıxışdırmağa nail olsa da ruslar Qafqazı  təkrar işğal edə bildilər, yəni rus işğalları Ağa Məhəmməd şah Qacarın ölümündən sonra da davam etdi və Abbas Mirzə Qacarın qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq,  Azərbaycanın bir hissəsinin işğalı və iki yerə parçalanması ilə nəticələndi.

1813-cü ildə Gülüstan müqaviləsi bağlandıqdan sonra Azərbaycanın bir hissəsi, o cümlədən Qazi-Qumuq, Tiflis, İrəvan və Qarabağ xanlıqları Rusiyanın himayəsinə keçdi. Az sonra Quba, Dərbənd, Şirvan və Bakı xanlıqları da Rusiya qoşunları tərəfindən işğal olundu.

Türkmənçay müqaviləsinə görə, Azərbaycan hökmdarı Fətəli şah Azərbaycanın şimal hissəsindən, o cümlədən Tiflis (Kartli-Kaxetiya), Qazi-Qumuq (Güney Dağıstan), İrəvan və Qarabağ xanlıqlarından imtina etməli idi, lakin O, böyük çətinliklə də olsa, paytaxtı Təbrizə köçürməklə Azərbaycanın cənub hissəni əlində saxlaya bildi.

Qafqazda vəziyyət həm də milli və dini dəyişikliklərə gətirib çıxartdı. Provoslavlar, yəni ruslar Qacarların hakimiyyəti altında olan torpaqlarda yaşayan erməniləri ruslar tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirməklə Tiflis xanlığının ərazisində Azərbaycan türklərinə məxsus torpaqları gürcü knyazları arasında bölüşdürməklə bərabər, həm də bir milyondan çox Azərbaycan türkünü Güney Azərbaycana və Türkiyəyə köçməyə məcbur etdi. Ermənilər isə onlara göstərilən himayədən bacarıqla istifadə edərək, Qərbi Azərbaycana, yəni əski İrəvan xanlığının ərazisinə (bugünkü Ermənistan), Naxçıvana, Qarabağa və Yelizavetpol quberniyasına (əski Gəncə xanlığının ərazisinə) köçüb  məskunlaşdılar.

Şərəfsiz rus siyasətinin səyi nəticəsində mühacirətin demək olar ki, 1-ci mərhələsi başa çatdıqda çar I Nikolay ermənilərin azlıq təşkil etməsinə baxmayaraq, İrəvan  və Naxçıvan xanlıqlarının əraziləri hesabına  qondarma “Erməni vilayəti”nin yaradıldığını bildirdi.

Qeyd etmək lazımdır ki, XVIII əsrin ikinci yarısında Azərbaycan ərazisində on altı xanlığın – xırda feodal dövlətinin (bura Qazi-Qumuq və Tiflis, yəni Kartli-Kaxetiya xanlqları da daxil edilməlidir, fəqət bu elmi ədəbiyyatda müəyyən siyasi məqsədlər üzündən həmin xanlıqlardan söz açılmır və xanlıqların sayı 14 kimi göstərilir) yaranması tariximizin maraqlı və ürəkağrıdan mərhələlərindən biridir.

XVlll əsr Azərbaycan tarixinin ən gərgin dövrlərindən biridir. Yuxarıda qeyd edildiyi kimi həmin əsrin 20-ci illərində səltənətin quzey bölgələrinin bir qismi ruslar tərəfindən, digər qismi isə Osmanlılar tərəfindən işğal edilmişdi. Bu azmış kimi, Ərəb İraqı da, Güney Azərbaycanın əksər əraziləri də Osmanlıların əlinə keçmişdi. Xorasanda özbək və əfqanlar ağalıq edirdilər. Səltənətin cənub bölgələri, o cümlədən Fars və İsfahan əyalətlərini isə əfqanlar zəbt etmişdi. Əfqanlarla yaxın qohum olan farslar əfqanların əlində olan torpaqlarda müstəqil İran dövlətinin yaradılmasına çalışır, bu istiqamətdə güclü təbliğat işi aparırdılar. Fəqət farsların şiə – cəfəri olmaları və əfqanların bütün şiələrə olduğu kimi farslara da ikrah hissi ilə yanaşması üzündən bu ideya özlərini İslam mücahidi sayan əfqanlara zərrə qədər də cəlbedici görünmürdü. Onlar da, özbəklər də formal da olsa, xəlifənin, yəni Osmanlı sultanının hakimiyyətini tanıyır, fəqət müstəqil siyasət aparırdılar. Azərbaycan səltənətinin varlığı de-fakto şübhə altına düşmüşdü.

Səfəvi hökmdarı Şah ll Təhmasib səltənətin taleyi barədə ciddi düşünmək məcburiyyətində idi. İşğalçılara qarşı bütün sadiq qüvvələri yumruq kimi birləşdirmək lazım idi. Belə bir vaxtda Xorasanda əfşar tayfasından Nadirqulu adlı bir müflisləşmiş bəy oğlunun başçılığı ilə özbək və əfqanlara qarşı xalq üsyanı başladı və üsyançılar tez bir zamanda  Xorasanın bir qismini işğalçılardan azad etdilər.

Şah üsyançıların başçısına xan titulu verdi və onu Azərbaycan ordusunun əmiri, yəni baş komandanı  təyin etdi. Bundan sonra Nadirqulu xan Əfşar kimi tanınmağa başlayan bu millət qəhrəmanı qısa bir zamanda nəinki bütün Xorasanı əfqanlardan azad etdi, hətta Heratı da ələ keçirməyi bacardı və Hind-Moğol imperatorluğu ilə ticarətin bərpasına imkan yaratdı. Bu möhtəşəm zəfər onun nüfuzunun artmasına səbəb oldu. O, bundan sonra işğal altında olan  torpaqlarımızı azad etmək üçün qanlı müharibələrə başladı, əfqanları fars və İsfahandan qovdu, rusların Xəzəryanı sahillərin bir qismindən çıxmasını təmin etdi və Osmanlılarla döyüşlərdə bir çox qələbələrə imza atdı, fəqət Xorasanda çıxan üsyanı yatırmaq üçün üzünü Xorasana çevirməli oldu. O, Xorasanda ikən özbaşına qərarlar qəbul edib məğlubiyyətə uğrayan II Təhmasibin xəyanətkar müqavilələr imzaladığını eşitdi. Odur ki, geri dönüb 1732-ci ildə şahı taxtdan salıb onun 8 aylıq oğlu lll Abbası şah elan etdi və onun qəyyumu kimi onun adından səltənəti faktiki olaraq, özü idarə etməyə başladı. O, II Təhmasibin imzaladığı bütün müqavilələri ləğv edib Osmanlılardan işğal etdiyi bütün torpaqları azad etməyi tələb etdi. Qarşı tərəfin rədd cavabı yeni müharibəyə səbəb oldu.

Müharibənin ilk ayları Nadirqulu xan üçün uğursuz olsa da, 1733-cü ildə O, Osmanlıları Bağdad yaxınlığında böyük bir məğlubiyyətə uğratdı. Osmanlı komandanı Əhməd Paşa ilə Nadirqulu xan arasında sülh müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən, Osmanlılar bir neçə il öncə imzalanmış Qəsri-Şirin müqaviləsində göstərilən sərhədlərə çəkilməli, Azərbaycanın işğal edilmiş ərazilərini azad etməli idilər. Fəqət sultan bu müqaviləni təsdiq etmək istəmədi. Buna baxmayaraq, Azərbaycan ordusunun Şirvanda və Quzey Azərbaycanın digər bölgələrində uğurlu əməliyyatlarından sonra həm Osmanlılar, həm də ruslar Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. Rusiya və Azərbaycan imperatorluqları arasındakı sərhəd kimi Sulak çayı qəbul edildi.

1736-cı ildə Səfəvilərin sonuncu nümayəndəsi şah III Abbasın qəflətən vəfat etməsi Azərbaycan səltənətində hakimiyyət boşluğuna səbəb oldu. Vəziyyəti belə görən Nadirqulu xan bütün xanları Muğanda qədim türk adətincə Böyük Xalq Qurultayına çağırdı. Qurultay böyük səs çoxluğu ilə Nadirqulu xan Əfşarı Azərbaycan səltənətinin hökmdarı seçdi. O, Nadir şah adı altında Azərbaycanın imperatorluq taxtına oturdu. Qurultayda Nadirin əleyhinə çıxış edən xan ailələri, o cümlədən Ziyadoğlu-Qacar sülaləsindən olan Gəncə xan sülaləsi, 32 Kəbirli və Cavanşir tayfalarının başçıları ailələri ilə birlikdə Xorasana sürgün edildilər. Qazax və Borçalı əraziləri Gəncə xanlığından alınıb Azərbaycan səltənətinə və şəxsən Nadirə sədaqətlə xidmət edən Tiflis xanı İrakliyə verildi.

Azərbaycanı vahid inzibati ərazi halında birləşdirən və qardaşı İbrahim xanı Azərbaycan hakimi təyin edən, bununla da Azərbaycanı yenidən səltənətin siyasi mərkəzi halına gətirən Nadir şah qısa bir müddətdə bütün Orta Asiya və Hindistanı fəth edərək, böyük fateh kimi şöhrət qazandı. Onun dövründə Azərbaycan sələnətinin ərazisi tarixinin maksimum səviyyəsinə yetişdi. Fəqət bu hal uzun sürmədi. Nadirin ölümündən (1747-ci il) sonra feodal çəkişmələri nəticəsində nəinki səltənətin ərazisi, eləcə də Azərbaycanın özü çoxsaylı kiçik xanlıqlara parçalandı.

Bu xanlıqlar sırasında Qarabağ xanlığının təşəkkül tapması digər Azərbaycan xanlıqlarından fərqlənir. Əgər Azərbaycan xanlıqlarının demək olar ki, hamısı bu və ya digər qədim şəhərlər ətrafında yaransa da, Qarabağ xanlığının ilkin mərhələdə sabit siyasi və iqtisadi mərkəzi olmamışdır.

Qarabağ xanlığı 1747-1805-ci illərdə Azərbaycan səltənətində hakimiyyət uğrunda bir-biri ilə amansız mübarizə aparan Əfşarlara, Zəndilərə, Qacarlara  və eləcə də Osmanlılara tabe olmadan separatist siyasət aparmış, müstəqilliyə can  atmışdır. Bu xanlığın qurucusu Pənahəli xan Çingiz xanın nəslindən olduğunu iddia edərək, Azərbaycan səltənətinə özünün başçılıq etməli olduğunu iddia edir və əslində onun siyasətini separatizmdən daha çox Azərbaycan səltənəti uğrunda Əfşarlar, Zəndilər və Qacarlarla rəqabət adlandırmaq daha doğru olar. Onun oğlu İbrahim Xəlil xanın dövründə Azərbaycanın bir çox xanları, o cümlədən Tiflis xanı İrakli xan ona – Qarabağ xanlığından asılı vəziyyətə düşmüşdülər, Təbriz də ona boyun əymişdi.

Maraqlıdır ki, Azərbaycan səltənətini bərpa etməyə nail olan Azərbaycan şahı Ağa Məhəmməd Şah Qacar da həmlələri zamanı Qarabağ xanlığını və onun paytaxtı Şuşanı tuta bilməmiş, bir il sonra isə Şuşada öldürülmüşdü. Yalnız sonrakı Qacarlar dövründə Qarabağı ram etmək mümkün oldu. Bundan sonra Quba, Şəki və Tiflis  xanlıqları kimi separatist siyasət yeridən və faktiki olaraq xəyanətkar mövqe tutan Qarabağ xanı 1805-ci ildən etibarən Rusiya dövlətinin tabeliyinə keçmiş və Azərbaycanın faciələr dolu yeni tarixinin əsasını qoyanlardan biri olmuşdur. 1822-ci ilə kimi daxili muxtariyyatı qalmaqla, digər xanlıqlarından fərqli olaraq, Qarabağ xanlığının  tarixinə yeddi əsər-səlnamə həsr olunmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi tarixi  sənədlərin heç birində nə Qarabağda ermənilərin yaşaması haqqında, nə də ki, onların Rusiyanın tabeliyinə keçməsi haqqında heç nə deyilmir və sənədlərdə öz əksini tapmamışdır…

Beləliklə, Rusiyanın özünü Qafqazda möhkəmləndirmək siyasəti nəticəsində ermənilər Azərbaycan torpaqlarında yerləşdirilməklə onun daimi sakinlərinə çevrildilər. Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Şamaxı, Bakı mahallarında məskunlaşdırılmış ermənilər Azərbaycan torpaqlarında ev-eşik qurdular, Çar Rusiyasının yerli dövlət idarələrində işlə təmin olundular. Zaman-zaman cürbəcür əyri yollarla və rusların dəstəyi ilə Azərbaycan torpaqlarında çoxlu var-dövlət əldə edən ermənilər tədricən Bakının neftlə zəngin olan topaqlarına da sahib çıxdılar. Nəticədə, Azərbaycanın neft sənayesində erməni milyonçuları – Lianozov, Mantaşev, Qukasov, Tumayev və başqaları böyük nüfuz sahibi kimi formalaşdılar. Onlar əldə etdikləri var-dövlətin böyük bir hissəsini ermənilərin millətçi-şovinist partiyası olan “Daşnaksütun”un sıralarının möhkəmlənməsinə və fəaliyyətinin genişlənməsinə  sərf edirdilər.

Bakı milyonerləri hesabına varlanmış daşnaklarla erməni sosial-demokratları birləşərək, Azərbaycan türklərinə qarşı ağlasığılmaz vəhşiliklər törətməyə başladılar.

Azərbaycanın bütün ərazisi boyunca, xüsusən Bakıda və Şamaxıda ermənilər millətimizə qan uddurdular və bizə  qarşı əsil soyqırımı həyata keçirdilər.

1917-ci ilin oktyabrında baş vermiş Sosialist İnqilabı nəticəsində Rusiyada hakimiyyət, Lenin başda olmaqla, bolşeviklərin əlinə keçdi. Bakıda isə hakimiyyəti daşnak Şaumyanın rəhbərliyi altında “Bakı kommunası” zəbt etdi.

Birinci Dünya savaşı, daxildə gedən milli azadlıq mübarizəsi və vətəndaş müharibələri nəticəsində zəifləyən Rusiya İmperiyasının ərazisində milli dövlətlər yaranmağa başlandı. Belə dövlət qurumlarından biri, mərkəzi Tiflis şəhəri olan Qafqaz Respublikası Seymi idi. Lakin bu respublikanın ömrü uzun sürmədi. Belə ki, 1918-ci ilin may ayının  26-da həmin Seymin varlığına son qoyuldu. Elə həmin gün gürcü menşevikləri tərəfindən Gürcüstan Respublikası elan olundu.

İki gün sonra, 1918-ci il mayın 28-də isə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması elan edildi. Ərazisi 114 min kv. km olan bu yeni dövlətin ilk müvəqqəti paytaxtı Gəncə şəhəri oldu və Azərbaycan Hökuməti burada yerləşdirildi.

 Bəxtiyar Adiloğlu

 

“KarabakhİNFO.com”

 

06.02.2014 13:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*