Azərbaycanca

İnternet məkanda erməni terrorizmi

10.10.2013 | 16:23

1381753049_rasim_aliquliyevErmənilər və ermənipərəst qüvvələr İnternet  məkanında Azərbaycana qarşı böhtanlar atmaqda və informasiya hücumlarını davam etməkdədirlər. Ermənilərin bu antiazərbaycan təbliğatına qarşı AMEA İnformasiya Texnologiyaları İnstitutunda da aktiv iş aparılır. İnstitutun direktoru, professor Rasim  Əliquliyev bu məsələlərlə bağlı “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibə verib.

 

-Rasim müəllim, ermənilər informasiya müharibəsində hansı antiazərbaycan təbliğatından istifadə edirlər?

 

– Ermənistanın Azərbaycana qarşı təcavüzü hərbi əməliyyatlardan xeyli öncə kitablarda, qəzet səhifələrində, teleradio efirlərində, erməni siyasətçilərinin, tarixçilərinin elmi məqalələrində, auditoriyalarda çıxışlarından başlayıb. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı ilə bu təcavüz İnternet mühitində davam etməkdədir. Heç kimə sirr deyil ki, virtual məkanda Azərbaycanın milli dəyərlərini özündə əks etdirən domen adlar altında Azərbaycanın əleyhinə yaradılmış və məqsədi Azərbaycan xalqını və dövlətini dünya ictimaiyyətinin gözündə nüfuzdan salmaq olan saytlar mövcuddur. Lakin əsas problem ondan ibarətdir ki, bu cür üzdəniraq saytların domen adlarında Azəri, Azərbaycan, Bakı, Şuşa və s. kimi Azərbaycanın milli, mədəni, tarixi və coğrafi adları yerləşdirilir. Məsələn, www.azerbaijan.com, www.azerbaijan.info, www.azerbaijan.biz, www.azerbaijan.org, www.baku.com, www.baku.tv, www.baku.su, www.azer.info, www.nakhchivan.com, www.karabakh.com, www.karabakh.net, www.karabakh.org, www.karabakh.biz, www.shusha.com, www.sumgait.info və daha onlarca antiazərbaycan təbliğatı ilə məşğul olan və ya ümumiyyətlə Azərbaycana dəxli olmayan saytlar mövcuddur. Aktiv informasiya müharibəsi aparan saytlarla yanaşı, bəzi saytlarda ümumiyyətlə heç bir informasiya verilmir və bu saytlar passiv informasiya müharibəsi aparan saytlar adlanırlar. Məsələn, www.azerbaijan.net  serveri ABŞ-da yerləşir və adında «azerbaijan» sözü olmasına baxmayaraq Azərbaycana  heç bir dəxli yoxdur.

İnternet  məkanda erməni terrorizmiQeyd edim ki, bu cür hallar tək Azərbaycanla bağlı deyil və son 3 ildə bütün dünyada çox geniş yayılıb. Ümumiyyətlə artıq “gözəl və məhşur adlar” üzrə İnternetdə nəhəng “qara bazar” formalaşıb. Bu bazarda satılan saytlarla bir çox serverlər vasitəsilə tanış olmaq və qeydiyyatdan keçirmək mümkündür. Onlardan biri də www.sedo.com serveridir. Sedonun məlumatına görə, 2007-ci ilin noyabr ayında baha qiymətə satılan domen adlar siyahısına greeting.com ($350 min), sochi.info ($773 min), sochi-life.com ($1 mln) daxildir. Dünyada domen adlarının satışı ilə məşğul ən iri korporasiyalardan birinin ENOM olduğunu və bu təşkilatın prezidentinin erməni mənşəli Movsess Karamanoukyan olduğunu nəzərə alsaq, virtual məkanda Azərbaycanı necə böyük təhlükə gözlədiyini təsəvvür etmək olar. Qeyd edək ki, ENOM 7,5 milyondan artıq domen ad qeydiyyatdan keçirib və GO DADDY (18 milyon) korporasiyasından sonra dünyada 2-ci yerdədir.

-Adı Azərbaycanla bağlı olan bu saytların geri alınması nə dərəcədə mümkündür?

 

-Yuxarıda sadaladığım domen adların ermənilərin və digər əcnəbi qeydiyyatçıların əlindən istər məhkəmə, istərsə də alqı-satqı yolu ilə alınması Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, digər rəsmi təşkilatların və ümumiyyətlə dövlətimizin, eləcə də hər bir Azərbaycan vətəndaşının qarşısında duran əsas vəzifədir. Bəzən, artıq qeydiyyatdan keçmiş domen adların əldə edilməsinin mümkünsüzlüyü kimi fikirlər də mətbuatda səslənir. Lakin dünya təcrübəsi göstərir ki, əgər domen ad hər hansı ölkənin və ya şəhərin adını özündə əks etdirirsə və ya hər hansı təşkilatın əmtəə nişanını daşıyırsa, digər tərəfdən bu zaman kiberskvotter (domen adlar vasitəsilə gəlir əldə etmək) və antitəbliğat fəaliyyəti sübut olunarsa, domen adın qeydiyyatçının əlindən alınaraq əsil sahibinə qaytarılması mümkündür. Dünyada domenlərlə bağlı mübahisələri araşdıran  bir neçə mərkəz akkreditə edilib. Baxılan mübahisələrin 90%-i Ümumdünya İntelektual Mülkiyyət Təşkilatının (World Intelectual Property Organitation, WIPO) Arbitraj-vasitəçi mərkəzi və Milli Arbitraj Form (National Arbitration Forum, NAF) kimi təşkilatların payına düşür. Bu təşkilatlar ildə minlərlə domen mübahisələrini araşdırırlar. WIPO-nun Arbitraj-vasitəçi mərkəzi fəaliyyət göstərdiyi 7 il ərzində 25 mindən artıq işə baxılıbdır.

– Azərbaycanın Ermənistana qarşı apardığı informasiya müharibəsində hansı addımları daha effektiv olar?

 

– Azərbaycan həqiqətlərinin dünyaya çatdırmasının, tarixi düşmənlərlə informasiya müharibəsi aparılmasının müxtəlif yolları vardır. Vətənimizin təhlükəsizliyi, iqtisadi inkişafı və beynəlxalq aləmdə uğurları ilk növbədə ona qarşı yönəlmiş informasiya təcavüzünün qarşısının alınmasından asılıdır. Bu isə yalnız özünü Azərbaycan vətəndaşı sayan hər kəsin müasir İKT vasitələrindən istifadə etməklə uzun illər Azərbaycana qarşı  yönəlmiş informasiya müharibəsinin qarşısının alınmasında iştirakı ilə mümkündür.

Son illər Azərbaycanda informasiyalaşdırma siyasətinin aparılması və İKT-nin inkişafı ilə əlaqədar dünyadakı erməni təbliğat maşınına qarşı azərbaycanlıların informasiya qarşıdurması kütləvi hal almaqdadır. Belə ki, əgər 20 il bundan öncə Azərbaycana qarşı erməni təbliğat maşını tam gücü ilə işləyirdisə, bu gün İnternetdə Azərbaycan həqiqətləri  daha geniş işıqlanmaqdadır. Bununla əlaqədar az qala bütün Avropanın erməni diasporunun ideoloji təsir monopoliyasında olduğu və informasiya müharibəsi anlamında Azərbaycanın ciddi həmlələrə məruz qaldığı bir dövrdə, qısa bir müddət ərzində Azərbaycan cəmiyyətində intensiv informasiya əkshücumlarının sayı artıb. Hər iki cəmiyyətdə həm azərbaycanlılar, həm də ermənilər arasında İnternet istifadəçilərinin sayının son zamanlar artması, İnternetdə, əsasən də “Vikipediya” virtual ensiklopediyasında informasiya qarşıdurmalarını gücləndirib. Tədqiqatlar göstərir ki, İnternetin müxtəlif açıq ensiklopediyalarında ermənilərin antiazərbaycan təbliğatının qarşısını yalnız azərbaycanlı mütəxəssislərin mütəşəkkil və planlı fəaliyyəti nəticəsində almaq mümkündür. Qeyd edim ki, Azərbaycan tarixini saxtalaşdıran, Azərbaycan mədəniyyətini özününküləşdirməyə çalışan ermənilərə qarşı virtual şəkildə mübarizə aparmaq üçün Azərbaycan haqqında informasiyalar “Vikipediya”da Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman və s. dillərdə dərc edilməli, artıq mövcud olan düzgün informasiyalar qorunmalı, ermənilərin və ermənipərəst qüvvələrin virtual ensiklopediyaya daxil etdiyi dezinformasiyaların qarşısı alınmalıdır. Azərbaycan dilində informasiya resurslarının virtual məkanda geniş yayılmasına xidmət edərək, Azərbaycan dilində fəaliyyət göstərən “Vikipediya” azad ensiklopediyasının inkişafı vacib məsələlərdəndir. Vətənimizin Qarabağ uğrunda müharibəyə cəlb edildiyi bir vaxtda, informasiya müharibəsi daha da genişlənib və bu şəraitdə “Vikipediyada”kı informasiya müharibəsinə azərbaycanlı alimlərin, mütəxəssislərin, media işçilərinin, hansı ölkədə yaşamalarından asılı olmayaraq, yeni İnternet texnologiyalarından istifadə etməyi bacaran azərbaycanlı gənclərin  cəlb edilməsi vacibdir.

İnternet  məkanda erməni terrorizmiAzərbaycan xalqının nümayəndələri bu gün dünyanın müxtəlif ölkələrində yaşayırlar. Onların sayı hazırda 50 milyondan artıqdır. Bu rəqəm heç də kiçik rəqəm deyildir. Əgər bu 50 milyonun yarısı “Vikipediya” ensiklopediyasına bir məqalə daxil etsə, Azərbaycanın elmi-mədəni dəyərlərinin, azərbaycançılığın qorunub saxlanılmasında müəyyən bir iş görmüş olarlar.

-Konkret olaraq erməni terrorizminin ifşa olunması istiqamətində İTİ-də hansı fəaliyyətlər göstərilir?

 

– İTİ-də İnternet  mühitində erməni terrorizmi ilə bağlı elmi araşdırmalar aparılır, o cümlədən müxtəlif kitabların, məqalələrin, video və audiofaylların internetə yerləşdirilməsi həyata keçirilir. QHT-lər, AMEA-nın müxtəlif institutları və digər dövlət qurumları üçün bu istiqamətdə saytlar hazırlanır. Bundan başqa fərdi şəxslərin müraciəti əsasında da saytlar İTİ tərəfindən hazırlanır. Eyni zamanda elm adamarının əsərlərini və dövlət qurumlarının çap etdiyi kitabları açıq ensiklopediyalarda yerləşdiririk. İnstitutun “Tədris və innovasiya mərkəzi”ndə aspirant və dissertantlara, eləcə də sosial şəbəklərdə iştirak edən gənclərə erməni terrorizminə qarşı mübarizə istiqamətində təbliğat yolları göstərilir. Onlara virtual ensiklopediyalar haqqında, ilk növbədə isə “Vikipediya” haqqında məlumatların verilməsi və azad ensiklopediyalarda məqalələrin yaradılma qaydalarının öyrədilməsi həyata keçirilir.

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

– See more at: http://karabakhinfo.com/musahibe/2055-nternet-mkanda-ermni-terrorizmi.html#sthash.mLKDnJgL.dpuf

10.10.2013 16:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*