Azərbaycanca

“İrəvanda çoxlu azərbaycanlı var“ – FAKT

19.12.2013 | 14:26

1387448753_b116332ebe4f03ab7bd7150bd4286c1fAzərbaycan mətbuatı və cəmiyyəti düşmən Ermənistan, oradakı vəziyyət, yaranan ağır iqtisadi durum haqqında daha çox maraqlanır. Azərbaycan ərazilərinin yüzdə iyirmisini işğal edən bu dövlətin real durumu, potensialı, müharibə aparmaq imkanlarının hansı səviyyədə olması bizim üçün son dərəcə maraqlıdır.

Konfliktoloq Arif Yunus deyir ki, düşmən ölkənin iqtisadi vəziyyəti çox ağırdır. Onun sözlərinə görə, məhz bu faktor Ermənistanda siyasi böhranların yaranması üçün əsas rol oynaya bilər: “Azərbaycanda isə bu sarıdan vəziyyət yaxşıdır. Çünki bizdə enerji resursları var. Biz heç nə etməsək belə, neftdən qazana bilirik. Neft-qaz olmasaydı Azərbaycan çoxdan Gömrük Birliyinə üzv olardı. Amma bizdə enerji daşıyıcıları faktoru ciddi rol oynayır. Ermənistanda isə bu faktor mövcud deyil. Ermənistan əhalisinin 20 faizindən çoxu Rusiyada çalışır. Rusiyaya axın olmasaydı, bəlkə də, vəziyyət bir qədər fərqli olardı. Xaricdəki erməni diasporu isə Ermənistana yardım etmir. Əvvəl belə yardımlar olurdu. Odur ki, hazırda orada iqtisadi vəziyyət təsəvvür etdiyimizdən də ağırdır”.

Arif Yunusun sözlərinə görə, düşmən ölkədə sosial vəziyyət də yaxşı deyil: “Sosial vəziyyət daha çox iqtisadiyyatdan asılıdır. Siyasi baxımdan isə Ermənistanda qərbpərəst qüvvələr güclənir. Zənnimcə, orada ciddi proses gedir. Mən Ermənistanda NATO ilə bağlı konfranslarda daha çox iştirak edirəm. NATO ilə bağlı konfranslar təsadüfi deyil. Orada söhbət texnikadan və ya hərbdən getmir. NATO sözünü Ermənistanda daha çox Qərblə bağlayırlar. 

Ermənistanda yeni nəsil rus dilini deyil, ingilis dilini bilir. Əgər Qarabağ məsələsi olmasaydı, Ermənistan çoxdan Avropa Birliyi ilə bağlı sazişlərə imza atardı. Bütün hallarda orada vəziyyət ağırdır”.

Sonuncu dəfə İrəvanda bir neçə ay əvvəl olduğunu və gələcək aylarda yenidən düşmən ölkəyə səfər edəcəyini bildirən Arif Yunus deyir ki, İrəvanda olduğu zaman sadə ermənilərlə söhbət edir: “Mən heç vaxt aqressiv münasibətlə qarşılaşmamışam.Bu gün Qarabağ məsələsi ermənilər üçün bir nömrəli faktor deyil. İndi ermənilər üçün əsas faktor iqtisadiyyatdır. Sovet İttifaqında yaşayan, azərbaycanlılarla ünsiyyətdə olan nəslin bizə münasibəti normaldır. Yəni onlar daima keçmişi yada salır, deyirlər ki, nahaq bu cür oldu. Hesab edirlər ki, hər şeyin baiskarı Moskvadır. Ermənistanda Qarabağ erməniləri ilə qarşıdurma var. Ermənistanda hakimiyyətdə uzun illərdir ki, Qarabağ klanı oturur. Vəziyyət ağırdır, korrupsiya var, sosial ədalətsizlik hökm sürür. Bu isə o deməkdir ki, erməni cəmiyyətində Qarabağ klanına qarşı antipatiya var”.

Müsahibimiz onu da deyib ki, İrəvanda olduğu zaman küçədə Azərbaycan dilində danışanlarla rastlaşır: “Bildiyim qədər Rusiya vətəndaşları olan bəzi azərbaycanlılar Ermənistana gedib gəlirlər. İrəvanda Azərbaycan dilində danışan insanlara dəfələrlə rast gəlmişəm. Bunlar azərbaycanlılardır, lakin İran vətəndaşlarıdır. Səhv etmirəmsə orda səkkiz minə yaxın İran vətəndaşı var və əksəriyyəti azərbaycanlıdır. Onlar İrəvandakı məscidə gedib namaz qılır, küçələrdə Azərbaycan dilində danışırlar. Burada Qarabağ məsələsi rol oynamır, ermənilər artıq bunu unudub, çünki müharibə yoxdur”.

Arif Yunus sonda əlavə edib ki, Türkiyə-Ermənistan arasında diplomatik danışıqların heç bir nəticəsi olmayacaq. Onun fikrincə, bu danışıqlar nəticəsində düşmən ölkənin iki rayonumuzu işğaldan azad edəcəyi xam xəyaldır: “Bunların hamısı boş şeylərdir. Burada aktiv rolu Türkiyə oynayır. Rəsmi Ankaraya Vaşinqtondan təzyiqlər edilir və ondan Ermənistanla vəziyyəti yaxşılaşdırmaq istənilir. Qarşıdan “Erməni genosidi”nin yüz illiyi gəlir. Erməni diasporu ABŞ-da və Avropada öz ölkələrinə ciddi təzyiqlər edir. Bu ölkələr də öz növbəsində Türkiyəyə təzyiq edirlər. Ankara da prosesin getdiyini göstərmək üçün belə təmaslar həyata keçirir. Ancaq Qarabağ məsələsi həll edilməyənə qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. İndi baş verən hərəkətlilik diplomatiyadır. Türkiyə Qərbə göstərmək istəyir ki, prosesə başlayıb, hazırda danışıqlar gedir və bu mərhələdə Ankaraya təzyiq etmək lazım deyil. Bu danışıqlarda hansısa nəticənin olacağına inanmaq sadəlövhlük olardı”.

teleqraf.com 

19.12.2013 14:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*