Azərbaycanca

“İran-Ermənistan münasibətləri Azərbaycanda həddindən artıq şişirdilir” – FOTOLAR

20.06.2013 | 13:36

1371720674_1Müsahibimiz İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayindir.

–   Cənab səfir, son günlər İranda əsas müzakirə mövzusu Həsən Ruhaninin prezident seçilməsidir. Sizcə, Ruhaninin yaxın gələcəkdə qonşu İrandakı hakimiyyəti İran-Azərbaycan munasibətlərinə nə kimi təsir edəcək? Ümumiyyətlə, bu şəxsin Azərbaycanla əlaqələrdə mövqeyi necədir?

 

Cənab Həsən Ruhani ən əsası bilikli və dünyadakı mövcud vəziyyətdən məlumatlı bir diplomatdır. O, islam inqilabından əvvəl İranın diktator şah rejiminə qarşı mübarizə aparanlardan biri olub və inqilabdan sonra ayrı-ayrı vəzifələrdə, o cümlədən 5 dəfə İslam Şura Məclisinin üzvü seçilib, iki dəfə isə parlamentdə vitse-spiker olub. İyirmi ildən artıq ali dini liderin təhlükəsizlik şurasında nümayəndə kimi çalışıb. Dini təhsili də mükəmməldi, yəni fətva vermək səlahiyyətindədir. Həsən Ruhaninin dünyəvi bilikləri də qənaətbəxşdir, belə ki, o, hüquq elmləri doktorudu. Cənab Ruhani öz çıxışında da bildirdi ki,  xarici siyasətində qonşu dövlətlərlə münasibətlərə böyük önəm verir, o cümlədən Azərbaycanla da münasibətlər diqqət mərkəzində olacaq. Qeyd edim ki, cənab Ruhani Azərbaycanı çox yaxşı tanıyır və hər iki ölkə arasında mövcud olan çoxşaxəli – mədəni, dini münasibətlər onun hakimiyyəti dövründə də yüksək səviyyədə olacaq. İranla Azərbaycan arasında strateji münasibətlər mövcuddur. Bəzi enişli-yoxuşlu münasibətlərə rəğmən həmişə iki ölkə arasında olan strateji münasibətlərin mahiyyəti dəyişməyib və təbii ki, belə olan halda cənab Ruhaninin dövlətinin siyasəti Azərbaycanla münasibəti möhkəmləndirmək və gücləndirmək olacaq.

 

“İran-Ermənistan münasibətləri Azərbaycanda həddindən artıq şişirdilir” - FOTOLAR

–   Bilirsiniz ki, Qarabağ münaqişəsinin nizamlanması ilə Minsk Qrupu məşğuldur, bu baximdan müşahidəçi qismində olan İran münaqişənin həlli üçün nə kimi yardım edə bilər? Xatırladaq ki, bir müddət əvvəl İranin sabiq xarici işlər naziri Mənuçöhr Möttəki də Ermənistanın “Panarmenia” xəbər portalına verdiyi müsahibəsində bildirmişdi ki, rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik missiyasını öz üzərinə götürə bilər. Azərbaycan bu təklifə müsbət yanaşsa da, Ermənistan bu təklifə reaksiya vermədi. Sizcə, bu Ermənistanın münaqişənin həllində maraqlı olmadığının göstəricisi deyilmi?

 

 

–    İran regionun nüfuzlu dövlətlərindən biri, həmçinin İslam Konfransı təşkilatının üzvlərindən biridir və təbii ki, regionda təhlükəsizlik və sabitliyin bərqərar olmasının tərəfdarıdır. Dövlət olaraq bölgədə olan hər hansı konfliktin, toqquşmanın mövcud olmasını həm regionun, həm özünün, həm də həmin ölkələrin təhlükəsizliyinə ziyanlı hal kimi görür. İran həm Azərbaycan, həm də Ermənistan ilə həmsərhəd olduğu üçün müştərək sərhdlərdə olan toqquşmalar, konfliktlər İran üçün də xoşagələn hal deyil. Çünki belə olan halda inkişaf planlarını da reallaşdırmaq çətin olur. Ona görə də İran çox maraqlıdr ki, Qarabağ münaqişəsi sülh  yolu ilə tezliklə həll olunsun. Bu həm Azərbaycanın, həm Ermənistanın, İranın eləcə də regiondakı digər dövlətlərin marağındadır. İran münaqişənin həlli üçün yardım etməkdə də maraqlıdır. Hərçənd ki, problemin həlli ilə Minsk Qrupu məşğul olur, amma onların fəaliyyətini də qənaətbəxş saymaq olmaz. Çünki, 20 ildən artıqdır ki, gözlənilən nəticə əldə olunmayıb. İran da öz növbəsində vasitəçilik üçün hər zaman hazırdı.

 

–   Belə olan halda İran hansısa təkliflə çıxış edə bilərmi?

 

–    Təbii ki, hər iki tərəf İranın vasitəçiliyini qəbul edərsə, onda hər hansı təkliflər də ortaya qoyula bilər.

 

–     İranın Ermənistanla dost əlaqələri və bu ölkəni gücləndirən ticarət münasibətlərinin mövcudluğu hər zaman Azərbaycan xalqını İran hakimiyyətindən küsdürür. Sizə elə gəlmirmi ki, İran da sərhədləri bağlasaydı, Ermənistan  Qarabağ məsələsinin həllində yola gəlməyə məcbur olardı?!

 

–     Düşünürəm ki, İran-Ermənistan münasibətləri Azərbaycanda həddindən artıq şişirdilir. Əlbəttə ki, Ermənistan bizim  qonşumuzdu və İranın bu ölkə ilə normal münasibətləri var. Amma Azərbaycana dost olan xeyli ölkələr var ki, o ölkələrin Ermənistanla münasibəti İranla olan əlaqələrindən qat-qat üstündür. Məsələn, Ermənistanın ehtiyaclarının cəmi 15 faizi İran vasitəsilə ödənilir, yerdə qalan 85 faizi Azərbaycana dost olan digər dövlətlər tərəfindən ödənilir. Baxın görün, Ermənistanın əsas ticarət tərəfdaşları hansı ölkələrdi? Əgər fikirləşirsinizsə ki, İranla Ermənistanın münasibət qurması həmin ölkədə iqtisadi inkişafın səviyyəsini aşağı salacaq və bu da Qarabağ münaqişəsinin həllinə hər hansı köməklik edəcək demək yanılırsınız. Biz əksinə düşünürük ki, Ermənistanla münasibəti yaxşılaşdırmaqla bir vasitəçi kimi lazım olan şəraitdə münaqişənin həllinə yardım etmiş olarıq. Bu İranın xarici siyasətinin üstünlüyüdür ki, hər iki tərəflə normal münasibətləri var və lazımi şəraitdə məsələnin həllində istifadə edə bilər. Məsələn, elə ölkələr var ki, Ermənistanla ümumiyyətlə əlaqəsi yoxdu. Belə olan halda münaqişənin həllinə necə yardım edə bilər, öz vasitəçilik missiyalarını sülh üçün necə istifadə edə bilərlər? Təəssüf ki, bəzi media nümayəndələri bəzən dostla düşmənin yerini səhv salırlar. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlər strateji və əhəmiyyətlidir. Amerika Azərbaycana ən yaxın dost ölkələrdən biri, enerji layihələrində yaxından iştirak edən ölkədir. Amma Amerika Ermənistana da yaxın ölkədir və bu ölkənin 4 əyaləti artıq Dağlıq Qarabağın müstəqilliyini tanıyır, amma sizin media nədənsə bu məsələyə o qədər də diqqət yetirmir, ancaq İranın mövqeyini qabardırlar. Düşünürəm ki, Azərbaycan bütün ölkələrin hərtərəfli himayəsini cəlb etməlidi. Bu artıq məlum faktdır ki, Dağlıq Qarabağ məsələsində İran həmişə Azərbaycanın yanında olub. Bizim Ermənistanla olan yaxşı münasibətimiz  Azərbaycanın haqq mövqeyini dəstəkləməyimizə mane olmayıb. Biz Azərbaycanla tam səmimiyik. Elə ölkələr var ki, Ermənistanla rəsmi münasibəti yoxdur, amma qeyri-rəsmi münasibəti İranla müqayisədə qat-qat çoxdur. Ona görə də ilk növbədə dost və düşmənləri seçmək üçün düzgün ölçülər ayırd etmək lazımdır. Biz Ermənistanla olan münasibətlərimizi Azərbaycanın xeyrinə bilirik. Məsələn, Ermənistanla olan münasibətimiz səbəb olub ki, Qarabağ münaqişəsi dini münaqişəyə çevrilməsin və əgər dini münaqişəyə çevrilsəydi, bütün xristian dünyası Azərbaycan əleyhinə qalxa bilərdi. Bizim Ermənistanla olan münasibətimiz göstərir ki, Dağlıq Qarabağ münaqişəsi dini münaqişə deyil.

 

“İran-Ermənistan münasibətləri Azərbaycanda həddindən artıq şişirdilir” - FOTOLAR

– Yəqin ki, kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş ərazilərindəki dini ibadətgahlarda, məscidlərdə ermənilərin heyvan saxladıqlarını sübut edən görüntüləri görməmiş deyilsiz… Sizcə bu müsəlmanlığın təhqiri deyilmi?

 

–    Biz hər bir halda bu cür hərəkətləri qəbul etmirik. Bu mövzuda olan bütün əməlləri pisləyirik.

 

–    İran rəsmiləri dəfələrlə Azərbaycanın İsraillə əməkdaşlığının əleyhinə olduqlarını bəyan ediblər. Rəsmi Tehran Azərbaycan-İsrail münasibətləri barədə nə düşünür və bunu özü üçün təhlükəmi sayır?

 

–    İranın Azərbaycan-İsrail münasibətlərinə ola bilər ki, tənqidi fikirləri olsun, amma öz əleyhimizə hər hansı təhdid görmürük. Düşünürük ki, İsrail bizim qonşularımızdan əleyhimizə istifadə edəcək səviyyədə deyil və inanmırıq ki, qonşu dövlətlər İsrailin hansısa xülyalarına inansınlar.

 

–     Məlumdur ki, 1993-cü ildə Araz çayı ətrafındakı rayonlar işğal olunan zaman İran tərəfi humanist addım ataraq Araz çayı vasitəsilə insanların İrana keçməsinə yardım etdi. Yenidən müharibə olarsa İran hansı mövqedə olcaq?

 

–     Ümid edirik ki, münaqişənin həllində hərb yolu seçilməyəcək və problemin həlli sülh yolu ilə nəticələnəcək. Əgər müharibə qaçılmaz olarsa, təbii ki, biz Azərbaycandan olan müsəlmanlara hər mənada yardım etməyə hazırıq.

 

–     Ümumiyyətlə, Qarabağda olmusunuzmu və yaxud torpaqlar işğaldan azad olunduqdan sonra ora getmək istərdinizmi?

 

–     Düzünü deyim ki, bu barədə heç vaxt düşünməmişəm. Amma arzu edərdim ki, inşallah işğal olunmuş ərazilər işğaldan azad olunsun və mən oranı Azərbaycan torpağı kimi ziyarət edim.

 

 

Zaur Qəriboğlu

Naibə Qurbanova

Foto : Hidayət Qəriboğlu

 

KarabakhİNFO.com

 

 

“İran-Ermənistan münasibətləri Azərbaycanda həddindən artıq şişirdilir” - FOTOLAR“İran-Ermənistan münasibətləri Azərbaycanda həddindən artıq şişirdilir” - FOTOLAR

“İran-Ermənistan münasibətləri Azərbaycanda həddindən artıq şişirdilir” - FOTOLAR“İran-Ermənistan münasibətləri Azərbaycanda həddindən artıq şişirdilir” - FOTOLAR

 

 

20.06.2013 13:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*