Azərbaycanca

İran səfiri: “Düşünürük ki, Azərbaycan ərazisindən İrana heç vaxt heç bir müdaxilə olmayacaq”

13.12.2012 | 16:14
1355400887_1346058700_2“Azərbaycanın haqqını, ərazi bütövlüyünü tanıyır və müdafiə edirik”

 

 

– İran-Azərbaycan münasibətlərinin mövcud durumunu necə qiymətləndirmək olar?

 

– İran və Azərbaycan arasında hazırkı münasibətləri çox yüksək səviyyədədir. İki ölkənin rəhbərliyinin iradəsi odur ki, münasibətləri bütün sahələrdə inkişaf etməli, əlaqələrin inkişafına hər hansı maneə varsa, aradan qaldırılmalıdır. Mən Azərbaycan rəsmiləri ilə mütəmadi əlaqə yaradıram, münasibətləri inkişaf etdirməyə çalışırıq. Rəsmi səviyyədə heç bir problem yoxdur. Ola bilər ki, qeyri-rəsmi səviyyədə, hansısa ekspertlərin açıqlamalarında hər hansı mövqe, söz-söhbət olsun ki, münasibətlər istənilən səviyyədə deyil. Bu münasibətlərin inkişafının tərəfdarı olmayan və münasibətlərə zərər yetirmək üçün müəyyən hərəkətlərə yol verən hər hansı üçüncü qüvvələr ola bilər. Lakin hər iki tərəf bu üçüncü tərəfləri, amilləri yaxşı tanıyır və həmişə onların istəklərinə çatmaması üçün çalışır. İndiyə qədər bizim bu istiqamətdəki səylərimiz uğurlu olub. Ona görə də mən münasibətlərin gələcəyini parlaq görürəm.

 

– Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandum ləğv edildi. Buna münasibətiniz necədir?

 

– İran həmişə iki ölkənin vətəndaşları üçün gediş-gəlişin asanlaşdırılmasının tərəfdarı olub. Elə buna görə də birtərəfli olaraq Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdik. Biz İranı dünya azərbaycanlılarının evi sayırıq və bu evin qapısı həmişə bütün dəyərli azərbaycanlıların üzünə açıqdır. Biz tərəfdən heç vaxt Azərbaycan vətəndaşları üçün heç bir məhdudiyyət yaranmayacaq.

 

– Azərbaycanın bu qərarından sonra İran viza rejimi tətbiq etməyi düşünmür ki?

 

– Xeyr, belə addımın atılmasını faydalı saymırıq. Düşünürük ki, iki millət, iki xalq bir-biri ilə daha sıx əlaqədə olmalı, gediş-gəlişləri asan olmalıdır. İran azərbaycanlıları ilə Azərbaycan Respublikasının vətəndaşları çox yaxın münasibətdədirlər. İranda, Azərbaycanda ailə quranlar var, Azərbaycanda olanların bəzilərinin İranda, İrandakıların burda qohum-əqrəbaları var. Adət-ənənələrimizdə, İslamda da var ki, qohum-əqrəbaya baş çəkməlisən, görüşməlisən. Biz niyə buna mane olmalıyıq?! Nəzərə alaq ki, Azərbaycan vətəndaşlarının bəziləri müalicə, bəziləri ziyarət, bəziləri qohum-əqrəbalarını görmək üçün İrana gedirlər. İranda da qardaşlarımız istəyirlər ki, Azərbaycana gəlsin, Azərbaycan xalqını görsünlər. Mən bu sahədə hər hansı maneə yaradılmasına səbəb görmürəm. Bəzən deyirlər ki, bu məhdudiyyət narkotik vasitələrin daşınmasının qarşısını almaq üçündür. Biz bunu ciddi səbəb saymırıq. Hətta bütün sərhədlər bağlı olsa belə, narkotik qaçaqmalçılığı ilə məşğul olan qruplar özlərinə yol tapacaqlar. Qaçaqmalçılıqla mübarizənin öz yolları, öz prinsipləri var. Qaçaqmalçılıqla mübarizə sahəsində İranla Azərbaycan arasında yaxşı əməkdaşlıq mövcuddur və bu sahədə yaxşı nəticələr də əldə olunub. İranın Əfqanıstanla 1000 kilometrdən çox müştərək sərhədi var, biz bu sərhədi bağlamışıq. Amma yenə də narkotik maddələr idxal olunur. Narkotik maddələrlə mübarizənin yolu viza rejimindən keçmir. Ancaq hər halda biz Azərbaycan parlamentinin qərarına hörmətlə yanaşırıq.

 

– Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü artıq bir neçə dəfədir ki, təxirə salınır. Səbəb nədir?

 

– Bu, xarici işlər nazirlərinin işinin çox olmasından irəli gəlir. Məsələn, sonuncu görüş Türkiyə xarici işlər naziri Nyu-Yorkda bir tədbirə getməli olduğu üçün təxirə salınmışdı. Yəni səbəb daha çox texniki məsələlərdir, siyasi məsələlər yox.

 

– Türkiyə tərəfi isə açıqlamasında daha çox İran xarici işlər nazirinin işinin çox olduğunu bildirir…

 

– Heyət mübadiləsi olmuşdu, bizim ekspertlər də getmişdilər. Hətta görüşdə qəbul olunacaq bəyanatın layihəsi də hazırlanmışdı. Türkiyə xarici işlər nazirinin Nyu-Yorka səfəri olduğu üçün bu görüş təxirə salındı. Xarici işlər nazirlərinin həqiqətən də işləri çoxdur.

 

– Bu yaxınlarda Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü gözlənilirmi?

 

– İki ölkənin müştərək İqtisadi Komissiyasının iclasının keçirilməsi nəzərdə tutulub. Hər iki tərəfdən xarici işlər nazirləri də bu tədbirə qatılacaqlar. Azərbaycan tərəfdən iclasın tarixini gözləyirik. İnşallah, gələn ilin ilk aylarında bu iclas keçiriləcək.

 

– İran mətbuatında İsrail pilotsuz təyyarələrinin Azərbaycan ərazisindən qalxaraq İranla bağlı kəşfiyyat işləri aparıldığı barədə məlumatlar dolaşır. Azərbaycan dəfələrlə rəsmən bəyan edib ki, öz ərazisindən üçüncü dövlətlərin İrana qarşı istifadə etməsinə yol verməyəcək. Azərbaycan bu mövqeyini dəfələrlə, çox açıq şəkildə bəyan etsə də, İran mətbuatı İsrailin pilotsuz təyyarələri ilə bağlı məsələni gündəmə gətirir, İran rəsmiləri isə bunu rəsmi səviyyədə təkzib etmirlər…

 

– Azərbaycanın öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə icazə verməyəcəyi ilə bağlı bəyanatına tam inanırıq. İki ölkə arasında dostluq münasibətlərini nəzərə alaraq düşünürük ki, Azərbaycan ərazisindən İrana heç vaxt heç bir müdaxilə olmayacaq. Amma onu da deyim ki, İran əleyhinə olan üçüncü ölkələrin hər bir hərəkətini tamamilə nəzarətdə saxlayırıq. İran ABŞ-ın iki pilotsuz təyyarəsini endirərək, nəzarəti altına alıb. İndiyə qədər İsrailin hər hansı pilotsuz təyyarəsinin Azərbaycan səmasından İran səmasına daxil olması, casusluq fəaliyyəti aparması barədə əlimizdə hər hansı sənəd yoxdur.

 

– Bunu təmsilçisi olduğunuz İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəstin də nəzərinə çatdırmanız mümkündürmü?

 

– Düşünürəm ki, Ramin Mehmanpərəstin cavabı tamamilə qaneedici idi. Sadəcə, siz o cavabın bir hissəsini dərc etmişdiniz, oxuyanda qane etmirdi. Amma Ramin Mehmanpərəstin cavabına bütünlüklə baxılsa, insan qane olur. Ramin Mehmanpərəstdən əlavə olaraq İranın müdafiə naziri, digər rəsmilərimiz açıqlamalarında bildiriblər ki, bununla bağlı hər hansı sənəd yoxdur. İki ölkənin münasibətlərinə mənfi təsir göstərməyə çalışan üçüncü qüvvələr, bir də üçüncü ölkələrin mediaları var. Məsələn, bir neçə həftə əvvəl də “Sunday Times” qəzeti yazmışdı ki, İsrail Azərbaycan vasitəsilə İrana hücum edəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bunu təkzib etdi. İran-Azərbaycan münasibətləri yaxşı məcrada inkişaf edən kimi belə xəbərlər yayırlar. Ona görə də biz diqqətli olmalıyıq. Bu xəbərlərə rəğmən, İran ətrafında olan bütün hərbi addımları tamam nəzarətdə saxlayır və tədbir də görəcək.

 

– Məhz üçüncü mənbədən məlumatın götürülməməsi üçün biz Tehranda büromuzun açılması üçün dəfələrlə müraciət etsək də, hələ nəticə yoxdu. Üçüncü ölkələrin medialarının zaman-zaman Azərbaycan-İran münasibətləri ilə bağlı mənfi xəbərlər yayması mümkündür, İran və Azərbaycan buna müdaxilə etmək imkanında deyil. Amma İranda fəaliyyət göstərən “Səhər” telekanalı və daha bir neçə media qurumu var ki, faktiki Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü tanımırlar…

 

– İndiyə qədər eşitməmişəm və görməmişəm ki, məsələn, “Səhər” kanalı Azərbaycanın suverenliyini şübhə altına alsın. Amma bunu qəbul edirəm ki, “Səhər” kanalının bəzi xəbərləri və süjetləri Azərbaycan tərəfindən razılıqla qarşılanmır. Mən görməmişəm və eşitməmişəm ki, “Səhər” kanalı Azərbaycanın ərazi bütövlüyü haqqında hər hansı mövqe ortaya qoysun, belə məsələ olsa, biz etiraz edərik. Onu da nəzərə alaq ki, Azərbaycan Respublikasında bəzilərinin İranın suverenliyinə tərəddüdlə yanaşması adi hala çevrilib. DAK adlı qurum rəsmi tədbir keçirir və orada da bəyan edilir ki, biz Cənubi Azərbaycan tanıyırıq, İran adlı ölkə tanımırıq. Bu sözü deyən şəxs həm də Milli Məclisin üzvü, bir partiyanın rəhbəridir. Bununla bağlı rəsmi bəyanat yayırlar. Yaxud inqilab əleyhinə olan bir əks-inqilabçı… İran təhlükəsizlik orqanlarında onun “dosye”si var. Onu gətirirlər bura, ağzını açır, nə cür istəyir, İran əleyhinə danışır. Münasibətlərdə problem yaradan amillərdən biri elə belə şeylərdir. İranın suverenliyi, ərazi bütövlüyü bir qırmızı xətt kimidir. Biz 8 il müharibə etdik ki, torpaqlarımızın bir qarışı da işğal altında qalmasın. Səddam Hüseyn İrana ərəblərin yaşadığı cənub və kürdlərin yaşadığı qərb istiqamətlərindən girdi. O zaman bütün İran milləti, o cümlədən azərilər (İrandakı Azərbaycan türklərini nəzərdə tutur-red.) bu müharibədə iştirak etdilər, vuruşdular, şəhid verdilər və imkan vermədilər ki, bir qarış torpağımız işğal altında qalsın. Təəssüflər olsun ki, Azərbaycandakı bəzi qurum və partiyalarda belə bir fikir var ki, İranda ayrı-ayrı xalqlar yaşayır. Halbuki İranda müxtəlif xalqların birləşdiyi bir millət yaşayır. Ayrı-ayrı xalqlar – azərilər, bəlluclar, ərəblər, kürdlər hamısı bir millət yaradıb.

 

– Nədir o millətin adı?

 

– İran milləti. Bizdə xalqları ayırmaq məsələsi yoxdur. Onlar İranın ərazi bütövlüyü ilə bağlı təhdidlərə qarşı birgə vuruşacaqlar. Bəzən görürsən ki, mediada Fars körfəzinin adını başqa cür, qondarma sözlə əvəz edirlər. İran buna etiraz edir, biz özümüzü bir millət sayırıq.

 

– İran milləti ilə bağlı dedikləriniz Sovet dövrünü xatırlatdı. O vaxt da “sovet xalqı” anlayışı vardı. Eyni aqibətlə üzləşməkdən narahat deyilsiniz ki?

 

– Biz vahid millətik. İranda farslar, azərilər, digərləri elə yaxındırlar ki, heç bir ayrılıq yoxdur. Bu ayrılığı bəziləri burada fikirlərdə yaradıblar. Burada bəzi mediada, bəzi ekspertlər səviyyəsində hər şeyi ayırırlar, İranda bunun heç bir mənası yoxdur. Sərhədləri də açıq qoymuşuq hamı gəlib görsün ki, İranda belə söz-söhbətlər, ümumiyyətlə, mövcud deyil. Tehranın özündə nə qədər azərilər, Azərbaycanda Tehrandan nə qədər adam yaşayır. Mən Şiraz şəhərindənəm, amma ən yaxın dostlarım azərilərdir. İranda elə şey yoxdur. Burada bəziləri xalqları ayırırlar ki, ayrı cür baxsınlar, bunun bizim üçün bunun mənası yoxdur.

 

– Axı hər xalqın öz adı, dili var, necə ola bilər ki…

 

– Biz xalqların mövcudluğunun əleyhinə deyilik ki?! Amma bütün bu xalqlar bir çətirin altında – İslam və İran milləti adı birləşdirir. Ümid edirəm ki, bu dediklərimin hamısını yazacaqsınız.

 

– ABŞ-ın Azərbaycandakı səfiri APA-ya müsahibəsində demişdi ki, Azərbaycanın ABŞ və İran münasibətlərində vasitəçi olmasını istəyirlər. Bu məsələyə münasibətiniz necədir?

 

– Məncə, İran-ABŞ münasibətlərində vasitəçiyə ehtiyac yoxdur. Amerikalılar yanaşmalarını dəyişsinlər, danışıq və müzakirələr üçün yol açılacaq. Nə qədər ki, ABŞ hamıya yuxarıdan aşağı baxır, istəyir ki, hamı ilə belə münasibət qursun. İranla ABŞ münasibətləri bu halda heç vaxt düzəlməyəcək. ABŞ yanaşmasını dəyişsin, iki bərabərhüquqlu dövlət və xalq kimi müzakirələr getsin, problemlər həll olunacaq. Nə qədər ki, ABŞ düşmənçilik siyasəti yürüdür, biz də onun qarşısında dayanacağıq.

 

– Siz işğala, işğalçılığa qarşı olduğunuzu deyirsiniz. Amma bu regionda daha bir işğalçı var – Ermənistan! Və reallıq budur ki, İran həmişə Ermənistanla yaxşı münasibətlər qurub, dost olub…

 

– Ermənistan bizim qonşumuzdur. Regionun təhlükəsizliyi çox əhəmiyyətlidir və ayrı-ayrı vaxtlarda regionda sülhün bərqərar olması üçün çox çalışmışıq. İstər Azərbaycan- Ermənistan, Dağlıq Qarabağ məsələsi, istər İraq məsələsi olsun. Əgər hər iki ölkə ilə münasibətimiz olsa, regionda sülhün bərqərar edilməsi üçün daha rahat çalışa bilərik. Bizim Ermənistanla münasibətlərimiz normal qonşuluq münasibətlərdir və bu bizə Azərbaycanın haqlı olduğunu deməyə mane olmur. İstər BMT səviyyəsində, istər xarici işlər naziri, istərsə də digər rəsmilərimiz səviyyəsində Azərbaycanın haqqını, ərazi bütövlüyünü tanıdığımızı və müdafiə etdiyimizi dəfələrlə vurğulamışıq.

 

– İranın dini lideri Seyyid Əli Xameneyi fətva vermişdi ki, Qarabağ kafirlər tərəfindən işğal olunub və hər bir müsəlmanın Qarabağ uğrunda cihada qalxması vacibdir. Amma Siz “qonşumuzdu” deyirisiz…

 

– Ayrı-ayrı ölkələrlə münasibət qeyri-qanuni hərəkət deyil ki?! Biz bütün dünya ölkələri ilə münasibət qurmaq istəyirik. Ola bilər ki, ölkələrin içərisində çoxlarının bir-biri ilə problemləri olsun, amma biz onların hamısı ilə münasibət qururuq. Məsələn, Hindistanla Pakistan arasında Kəşmir problemi var, bir-birini günahkar, işğalçı sayırlar. Onların hər ikisi ilə münasibətimiz var. İstəyirik ki, bu ölkələr arasında ixtilafı dostluğa çevirək, onları əməkdaşlığa dəvət edək. Türkiyənin Suriya ilə problemləri var, onların hər ikisi ilə normal münasibətimiz var. İstəyirik ki, onlar arasında problemləri, ixtilafları azaldaq, həll edək. Fələstində FƏTH və HƏMAS arasında problemlər var, bizim isə onların hər ikisi ilə münasibətlərimiz var. İstəyirik ki, aralarındakı problem həll olunsun.

 

– Azərbaycanla Ermənistan arasında necə, vasitəçi olmaq mümkündürmü? 

 

– İran bir dəfə vasitəçilik təşəbbüsünü irəli sürmüşdü, yaxşı müzakirələr oldu. Nəticəyə də çox yaxın idik. Azərbaycan və Ermənistan dövlətləri ATƏT-in Minsk Qrupu formatını bəyəndilər. Biz də onların seçiminə hörmətlə yanaşdıq və kənara çəkildik. Hərçənd o zaman da inanırdıq ki, Minsk Qrupu bu məsələni həll edə bilməz. İndi də hamı bu nəticəyə gəlib. Minsk Qrupunun həmsədri olan ölkələrdən ikisi bölgədən kənar ölkələrdir, onlar üçün regionun təhlükəsizliyi heç bir əhəmiyyət daşımır. Maraqları da yoxdur ki, çalışsınlar, həqiqətən bu problem həll olunsun. Onların özləri İraqda, Əfqanıstanda problemlərə ilişiblər. Ona görə də bu əqidədəyik ki, Qarabağ məsələsi elə region ölkələri vasitəsilə həll olunmalıdır. Bu, regional münaqişədir və region ölkələri bu münaqişənin həlli üçün daha çox çalışmalıdırlar. Əgər hər iki tərəf razılıq versə, İran vasitəçilik etməyə hazırdır.

 

– Axı bir dəfə İranın vasitəçiliyi oldu, həmin vaxt da Şuşa işğal edildi…

 

– Bu, tarixin təhrifidir, elə olmayıb. İran vasitəçilik edəndə münaqişə başlamışdı. Münaqişə başlanandan, Şuşa şəhəri işğal ediləndən sonra biz müzakirələrə başlamışdıq ki, vasitəçilik edək. Bir təklifim var və fikirləşirəm ki, bu, insanların məlumatlandırılması üçün yaxşı olar. Təklif edirəm ki, hər iki ölkənin tarixçi ekspertləri səviyyəsində toplantı keçirək. Bu toplantıda media vasitəsilə yayılan bəzi tarixi şübhələrlə bağlı ekspertlər səviyyəsində müzakirə aparılsın. Yoxsa üçüncü qüvvələrin əlində bəhanələr çox olur ki, xalqları bir-birindən ayırsınlar.

 

– Azərbaycan xalqının Türkiyəyə sevgisinin kökündə həm də o durur ki, torpaqlarımız işğal ediləndə Türkiyə Ermənistanla sərhədləri bağladı və indiyə qədər də bu siyasətinə sadiqdir. Bəzən İran rəsmiləri deyirlər ki, Türkiyədən Ermənistana təyyarə, başqa yollarla yüklər daşınır, amma fakt budur ki, hələ də sərhədlər bağlıdır. Ancaq İranın o dövrdə də Ermənistanla sərhədləri açıq idi, hətta Ermənistanın sabiq prezidenti İran yolunun Ermənistan üçün o dövrdə “həyat yolu” olduğunu bəyan etmişdi. O yolla gətirilən yanacaqdan yəqin ki, Qarabağda erməni tankları, İrandan gətirilən ərzaqdan Qarabağı işğal etmək üçün gələn erməni əsgərləri də istifadə edirdilər. Siz indi Bakıdan İran-Ermənistan münasibətlərinə baxanda da Azərbaycan xalqının incikliyini görür və anlayırsınızmı?

 

– Sizin dediyiniz sözlərin heç birini düzgün saymıram. Ona görə də dedim ki, ekspertlər səviyyəsində otursunlar, tarixi məsələləri müzakirə edib ortaya qoysunlar. Mən bir diplomat kimi indi onları ortaya qoya bilmərəm. Bunları tarix üzrə ekspertlər araşdırmalıdırlar. Amma mən sizin sualınızla bağlı deyə bilərəm ki, qeyd etdikləriniz elə olmayıb, tam tərsinə olub. Ekspertlər, tarixçilər otursunlar, bu məsələlər barədə müzakirə aparıb hər şeyi şəffaf ortaya qoysunlar.

 

– Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair məsələ nə yerdədir?

 

– Xəzərin statusu çox mürəkkəb məsələdir. Hər bir Xəzəryanı ölkə öz marağını bu statusda tam əks etdirməyə çalışır. İranın bu məsələdə prinsipial mövqeyi ondan ibarətdir ki, Xəzər qeyri-hərbi, sülh və dostluq dənizi olsun, kənar ölkələrin bu dənizə heç bir dəxli olmasın. Hər bir Xəzəryanı ölkə də maraqlarını təmin etsin. Bu istiqamətdə müzakirələr davam edir və indiyə qədər bir çox məsələlərdə fikir ayrılıqları aradan götürülüb.

 

– Bununla bağlı növbəti görüş nə vaxt gözlənilir?

 

– Tərəflər çalışırlar ki, növbəti görüşün vaxtını təyin etsinlər.

 

APA

13.12.2012 16:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*