Azərbaycanca

İranda ermənilər, Ermənistan-İran münasibətləri və Dağlıq Qarabağ

12.06.2013 | 11:46

1371023016_images“İran İslam Pespublikası ermənilərin Qarabağda məscidlərdə inək və donuz saxlamasına göz yumaraq, onlara öz yardımlarını gücləndirir”.

 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədri  Səfər Sadiqi

“İranın Ermənistana gedən qida yüklərinin qabağını kəsəcəyinə, buna imkan verməyəcəyinə dair heç bir gözlənti olmamalıdır. Heç kim bunu gözləməsin”.

İran İslam Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin

70 milyondan artıq əhalisi olan İranda, qeyri-rəsmi məlumata əsasən 30 milyon azərbaycanlı, 8 milyon kürd, 5 milyon bəluç, 1.2 milyon ərəb və 100 (200 )min erməni var. İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur.

Tehran ermənilərinin parlamentdəki nümayəndəsi Georg Vartan bildirib ki, İranda ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır və universitetdə «erməni dili» fakültəsində oxumaqlarını davam etdirə bilərlər.

İranda bütün dünya ermənilərinin 0,4 faizi qədər, yəni təxminən 200 min nəfərə qədər erməni (bəzi mənbələrə görə 70 və ya 100 min) yaşadığı ehtimal olunur. İranda ermənilərin olması faktları qədim dövrlərə, təxminən eramızdan əvvəl 5-6cı əsrlərə təsadüf edir. İran erməniləri əsasən böyük şəhərlərdə – Tehran, İsfahan, Kirmanşah, Təbriz, Qəzvin, Həmədan, Xoy, Urmiya, Marağa və s. həmçinin qismən qəsəbə və kəndlərdə, eləcə də Culfa və Urmiyanın bir sıra ərazilərində yayılıblar. Hazırda İranda 12-si Culfada olmaqla ümumilikdə 120-dən artıq erməni kilsəsi mövcuddur. Bundan başqa 29 erməni orta məktəbi və eləcə də Tehran və İsfahan universitetlərində erməni dili və ədəbiyyatı fakültələri mövcuddur. Erməni məktəblərində həftədə bir dəfə erməni dilində dərslər keçirilir.

Tehranda bundan əlavə, 30 assosiasiya, təşkilat və digər ictimai birlikləri var.

Bundan başqa Tehranda ermənilərin klubları, ictimai qurumları və təşkilatları mövcuddur. İranda ən böyük xristian azlıq hesab olunan ermənilər,digər azlıqlarla nisbətdə ən yaxşı durumdadırlar. Avropada, xüsusən də Amerikada yerləşən erməni disaporu ilə İran erməniləri arasında ciddi əlaqələr mövcuddur. Bundan başqa İranda erməni icmasının “Alik” (dalğa), “Araks” (bayraq) adlı qəzetləri və “Louys” (işıq) adlı jurnalları mövcuddur. Bəzi məlumatlara əsasən İranda hökumət dini inanc ərqliliyini əsas gətirərək ermənilərin qapalı məkanlarda kütləvi məclislərinə, açıq geyimlərinə müdaxilə etmir, hətta bir sıra bölgələrdə ermənilərə məxsus klubların olduğu bildirilir. İranda yerli erməniləri özündə birləşdirən Ararat İdman və Mədəniyyət Mərkəzi, Tasnak Təşkilatı, Kilsə Gənclik Təşkilatı, Erməni Tələbə və Gənclər Birliyi, Erməni Vəqfləri, Erməni Mədəniyyəti Dərnəyi kimi humanitar təşkilatlar mövcuddur. 2004-cü il mayın 14-də Amerikanın Los Anceles şəhərində İran ermənilərinin konqresi keçirilib. (Mənbə: “Yeni Müsavat” 19.09.2012)

Etnik azlıq kimi İranda yaşayan ermənilərin haqlarının hərtərəfli qorunması barədə ölkəmizin mətubatında dəfələrlə yazılar çap olunub. İslam Respublikasının müsəlman əhalisi spirtli içkini belə, bir çox hallarda ermənilərdən alır. Çünki, onlara alkoqoldan istifadəyə icazə verilib. Ermənilər onu həm hazırlayır, həm də müsəlmanlara satırlar. Bu baxımdan ermənilər İslam Respublikasının rəhbərliyinə qarşı hər hansı ittiham irəli sürə bilməzlər. Çünki başqa dini azlıqlar, zərdüştilər, bəhailərlə müqayisədə onların vəziyyəti Parisdəki kimidir. Bunu “Alik” jurnalının baş redaktorunun arxayın çıxışından da hiss etmək olar.

D.Məlikyan İrandakı erməni icmasına hörmət edildiyini və hüquqlarının qorunduğunu bildirərək deyib ki, buradakı icma dünyanın ən qədim icmalarından olub, 500 ildən artıqdır bu ölkədə mövcuddur: “Son 20-30 ildə İslam Respublikasında müsəlmanların sayı artıb ermənilərin sayı azalsa da, hakimiyyət bizə əvvəlki tək sayğı və xoş münasibət bəsləyir. Ölkənin Anayasasına əsasən, biz milli və dini azlıq sayılırıq, eləcə də müəyyən edilmiş haqqımız var. İran parlamentində iki deputatla təmsil olunuruq”.

Ermənilərə aid edildiyi iddia olunan tarixi abidələrin qorunması, onlar üçün tikilən məktəblərin tikintisi, etnik mədəniyyətin inkişafı, erməni dilində təhsildən ötrü İslam Respublikası maliyyə vəsaiti ayırır.

“Hazırda İranda 120-dən çox erməni kilsəsi fəaliyyət göstərir. Bizim dini xidmətimizə heç bir problem yaradılmır” deyən erməni qəzetçi İslam Respublikasını “demokratik” adlandırmaqdan utanmayıb.

Bu günlərdə Ermənistanın Energetika və Təbii Ehtiyatlar Nazirliyi mətbuat xidmətinin katibi Lüsine Arutunyan bildirib ki, İrandan “mavi yanacaq”ın ölkəsinə ötürülməsi tərəflər arasında aparılan danışıqların nəticəsindən asılıdır: “Hazırda danışıqlar aparılır. Çox böyük ehtimalla, bu həftənin sonunda qazın verilməsi vaxtı dəqiqləşdiriləcək”.

Qeyd edək ki, İran Milli Qaz Şirkətinin direktoru Rəsul Salmani bu günlərdə bəyan etmişdi ki, oktyabrın 13-dən etibarən yanacağı ixrac etməyə başlayacaqlar. Onun sözlərinə görə, başlanğıcda az həcmdə qaz ötürüləcək, ancaq 2009-cu ildən başlayaraq onun həcmi 2,3 milyard kubmetrə çatdırılacaq. Ermənistan isə İslam Respublikasına 3,3 milyard kvt/saat elektrik enerjisi verəcək.

“Fars” xəbər agentliyi şirkət rəsmilərinə istinadən bildirib ki, qarşıdan gələn qışda İran adıçəkilən ölkəyə 3 milyon kubmetr qaz ötürəcək.

Xatırladaq ki, iki ölkə arasında kəmər ötən ilin martında İran prezidenti Mahmud Əhmədinijat və onun keçmiş həmkarı Robert Köçəryanın iştirakı ilə açılıb. Uzunluğu 100 km-dən artıq olan bu kəmər Təbrizdən başlayır, Mehridə başa çatır. Qurğunun İslam Respublikası ərazisindəki hissəsi 28,2 milyon dollara başa gəlib.

İran prezidenti Mahmud Əhmədinijat Qərbi Azərbaycanın Maku rayonu ətrafında yerləşən Qara kilsənin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi ilə bağlı dünya ermənilərini təbrik edib. Buna dair uzun-uzadı bəyanat verən Tehran təmisilçisi deyib ki, ermənilər həmişə olduğu kimi, indi də önəmlidir. “İran milləti və onun erməni soydaşlarına məxsus abidənin YUNESCO tərəfindən tanınması bizim üçün son dərəcə qürurverici bir hadisədir”, – deyə o söyləmişdi.

Xatırladaq ki, Tehran hakimiyyəti mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycandakı erməni kilsəsi sayılan Qara kilsə kompleksinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün müraciət etmişdi. Qurum həmin kilsə haqda məlumatları yetərsiz sayaraq onu siyahıya daxil etməmişdi.

 İran hakimiyyəti Qara kilsə barədə əlavə məlumatlar toplayaraq yenidən UNESCO-ya müraciət edib. Bu, İslam Respublikasının qeydiyyata aldırmaq istədiyi 9-cu tarixi abidədir.

Kanadanın Kvebek bölgəsində 8 gün davam edən 32-ci sessiyada 41 ölkədən daxil edilmiş ərizələrə baxılıb. Qərbi Azərbaycan əyalətinin Maku rayonu yaxınlığında yerləşən üç kilsə də UNESCO-nun mədəni irsi siyahısına daxil edilib. Bu kilsələrdən biri olan Qara kilsənin XIII əsrin sonuna aid olduğu haqda xəbərlər yayılıb. Ermənilər buranın onlara məxsus olduğunu iddia edərək bir sıra milli-mədəni tədbirlərini həmin kilsədə keçirirlər.

İran nümayəndə heyətinin başçısı Əbdülrəsul Vətəndustun sözlərinə görə, Mərakeş, Tunis, Keniya və başqa dövlətlərin təmsilçiləri də bu məsələnin həllində onlara yardım ediblər.

Tehran hakimiyyəti İranda yaşayan erməni musiqiçisi Zaven Yədiqarsiyanı mükafatlandırıb. Onun təltif olunması tədbiri Təbrizdə keçirilib. Güney Azərbaycan türkünün vergisi hesabına İslam Respublikası türkün mənəvi başkəndlərindən, birində, Təbrizdə bu mərasimi keçirməklə Azərbaycan türkünə sayğı göstərmədiyini bir daha nümayiş etdirdi. Ancaq Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək istəyən İran hakimiyyəti Azərbaycan musiqisinin təbliğatçısı, 65 yaşlı Həsən Azərbaycanı çeşidli bəhanələrlə bir il həbsxanada saxlayıb işgəncəyə məruz qoydu.

Xəbərə görə, erməninin təltif olunması mərasiminə hakimiyyət nümayəndələri ilə yanaşı, panfarsist və panirançı “ziyalı”lar da qatılıblar.

Bütün bunları nəzərə alaraq deyək ki, İranın təcavüzkar Ermənistanla hərtərəfli əməkdaşlığı, ermənilərə böyük sayğı ilə qucaq açması, azərbaycanlılara genişmiqyaslı basqıları hər iki taydakı azərbaycanlılara qarşı sayğısızlıqdır. Bu sayğısızlığın müəllifindən isə xoşməramlı vasitəçilik gözləmək sadəlövhlükdür.

İran parlamentinin erməni deputatu Karen Xanlari (Xanlaryan)  yazır:  “indiyə qədər “ İranda erməni soyqırımının” tanıma prosesi baxımından mühüm addımlar atılmışdır. İranın məsələ ilə bağlı mövqeyinin İslam Respublikasının banisi ayətullah Xomeyninin “erməni qırğınını” “böyük faciə” adlandırmasında əksini tapıb. Parlament sədrinin müavininə və bir neçə deputata “genosid günü” ilə bağlı ermənilərin təşkil etdiyi tədbirdə iştiraka görə minnətdarlığımı bildirmək istəyirəm”

İran Mədəniyyətşünasları Evində İran ermənilərinin heykəltəraşlıq sərgisində Azərbaycan milli mətbəxinin və milli geyimlərinin nümunələri erməni adi ilə təqdim olunub. Burada iştirak edən iran siyasiləri erməni xalqının qədimdən farslarla qardaş olmasın səsləndiriblər.

Paralel olaraq da İran İslam Respublikasının bir çox media orqanları bu təbliğatı açıq şəkildə aparırlar və belə fikir formalaşdırmağa çalışırlar ki, tarixən Azərbaycan dövləti olmayıb, bu dövləti yaradan Qərbin xristian təəssübkeşliyidir və onların əsas məqsədləri İran dövlətini parçalamaq və qədim İran dövlətini ortadan qaldırmaqdır. İran İslam Respublikası Ermənistan Respublikasına ona görə yardım edir ki, Azərbaycan Respublikası Qərblə və İsraillə əməkdaşlıq edir və bununla da İran xalqına, onun milli maraqlarına xəyanət edir.

Rusiyanın İranı dəstəkləməsi regionda onun Azərbaycana olan münasibəti və Ermənistanı dəstəkləməsi ilə uzlaşır. İran İslam Respublikası Azərbaycan Respublikasının daxili siyasətinə təzyiqlər göstərməklə yanaşı işğalçı ermənilərlə Dağlıq Qarabağda işbirliyi qurur. “News.am”-erməni saytının hesablamasına görə, son iki ildə İran İslam Respublikasından da Dağlıq Qarabağa gedən turistlərin sayında artım var.

Rusiya Ferarasiyasının İran İslam Respublikasını dəstəkləməsi regionda onun Azərbaycan Respublikasına olan münasibəti və Ermənistanı dəstəkləməsi ilə uzlaşır. İran İslam Respublikası Azərbaycan Respublikasının daxili siyasətinə təzyiqlər göstərməklə yanaşı, işğalçı ermənilərlə Dağlıq Qarabağda işbirliyi qurur. Fikrimizi təsdiqləmək üçün Ermənistanın “News.am”-erməni saytının hesablamalarına nəzər salaq: “Son iki ildə İran İslam Respublikasından Dağlıq Qarabağa gedən turistlərin sayında ikiqat artım var”.

Saytda digər bir maraqlı məqam İran İslam Respublikasının “Kiş Telekom” adlı şirkətinin  işgal altında olan torpağımız Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən erməni şirkəti “Karabakh Telekom”la rominq müqaviləsi imzalaması haqqında verilən məlumatdır. Araşdırmalarımız zamanı məlum olur ki, İran şirkətinin web-saytındakı xəritədə də Qarabağ Ermənistan ərazisi olaraq göstərilib.  Bu xəbər İran İslam Respublikasının Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarındakı ermənilərlə iş birliyi qurduğunu bir daha təsdiqləyir. Qeyd edək ki,  İran İslam Respublikasıyla Ermənistan arasında turizm sahəsində inkişafın olduğu barədə tərəflər əvvəllər də bəyanat veriblər.

Rusiyanın “Regnum” agentliyinin yaydığı xəbərə görə, Hərbi mənbələrin məlumatına görə, Ermənistan və Dağlıq Qarabağ separatçılarının Azərbaycanın işğal altındakı ərazilərində saxlanılan hərbi qüvvələrinin sayı 25 min nəfərdir. Məlumatlara görə, işğal olunmuş Azərbaycan ərazilərində ermənistanlı çağırışçılarla yanaşı, 3200 muzdlu da xidmət edir. Xaricdəki erməni diasporunun xətti ilə maliyyələşən muzdlu əsgərin hər birinə ayda 300 ABŞ dolları məvacib verilir. Yəni erməni diasporu birinci Qarabağ müharibəsi zamanı olduğu kimi atəşkəsdən sonra da işğal edilmiş əraziləri saxlaya bilmək üçün xaricdən muzdluların cəlb edilib göndərilməsini təşkil etməkdədir. Bütün bu muzdlular  İran ərazisindən keçərək Dağlıq Qarabağa gəlirlər. İran işğal edilmiş Azərbaycan əraziləri ilə 132 kilometrlik quru sərhədinə malikdir və muzdlu dəstələr təyyarə ilə bu ölkəyə daşındıqdan sonra oradan quru yoluyla Qarabağa keçə bilərlər. Çünki, Gürcüstan marşrutu ermənilər üçün o qədər də etibarlı deyil.

Məlumatlara görə Ermənistanın yüksək çinli məmurları, o cümlədən prezident Serj Sarkisyanın qardaşının birbaşa rəhbərliyi altında Qarabağdan və İrandan gətirilən narkotik maddələr Rusiya bazarlarına oradan isə Avropaya daşınır. Bu barədə Ermənistan mətbuatı belə məlumatlar yayıb. İranın iş adamları “Ermənistan və Dağlıq Qarabağ Ticarət Palatası” adlı qurum vasitəsilə Azərbaycanın işğal altında olan torpaqlarındakı erməni “məmurları”, erməni “iş adamları” ilə birlikdə əməkdaşlıq məsələlərini, bu ərazilərə investisiya qoyulması məsələsini müzakirəyə çıxarıblar. Hətta investisiya qoyulması üçün gəlirli sahələr müəyyənləşdiriblər. Ermənistanın işğalı altında olan və beynəlxalq səviyyədə “nəzarətsiz zona” hesab olunan Qarabağ ərazisi narkotrafik və narkotik bitkilərin becərilməsi və hazırlanması baxımından “çiçəklənən” ərazidir. Əgər İranın narkotrafikinq və narkotik bitkilərin becərilməsi üzrə “ixtisaslaşdığını” nəzərə alsaq, fars iş adamlarının nəzarətsiz, işğal altındakı ərazilərə belə marağının arxasında təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və dünya üçün təhlükəli məqamların gizləndiyini iddia etmək mümkündür.

Hal-hazırda İranda ermənilər haqqında çəkilməsi, Erməni Bankının yaradılması, erməni dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, çağdaş incəsənət əsərlərinin sərgisinin bütün İran şəhərlərində keçirilməsi və sairə planlar var.

Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

KarabakhİNFO.com

 

12.06.2013 11:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*