Azərbaycanca

İranda və Suriyada erməni diasporunun formalaşması

12.01.2013 | 11:34

1357976045_18120Məlum olduğu kimi, münbit və məhsuldar torpaqlara malik Yaxın Şərq tarixin müxtəlif dönəmlərində etnosların, millətlərin ən çox miqrasiya etdiyi, məskunlaşdığı müxtəlif etnik tərkibə malik  regionlardan biridir. Ən qədim dövrdən başlayaraq müxtəlif dillərdə danışan tayfaların sığınacaq tapdığı Yaxın Şərq regionunda bu proses uzun müddət davam etmiş və davamlı xarakter almışdır.

Yaxın Şərq ərazilərinə miqrasiya etmiş etnoslardan biri də ermənilərdir. Ermənilərin bu ərazilərə nə vaxtdan etibarən gəlmələri haqqında mənbələrdə kifayət qədər məlumat yoxdur. Lakin bir çox erməni müəllifləri iddia edirlər ki, ermənilərin bu regiona ilk axınları XI əsrdən başlamışdır. Məhz 1061-ci ildə Ani şəhərinin  uzun sürən mühasirədən sonra səlcuq qoşunları tərəfindən təslim edilməsi burada sığınacaq tapmış ermənilərin bir qisminin ailələri ilə birlikdə Yaxın Şərq regionuna köçmələri ilə nəticələndi. Nəticədə çoxlu sayda erməni sənətkar və tacirlərdən ibarət dəstələr bu regiona üz tutmağa başladılar.

XIII-XIV əsrlərdə monqol yürüşləri nəticəsində Kiçik Asiyanın ermənilər yaşayan bir sıra vilayətlərindən ermənilərin Suriyaya, İordaniyaya, Misirə, İrana, İraqa və digər ərazilərə köçü başlandı. Monqol yürüşləri nəticəsində yaşadıqları əraziləri tərk etmək məcburiyyətində qalmış ermənilər daha çox İran ərazilərinə köç etməyə başladılar. Qısa müddət ərzində buraya gələn ermənilərə məxsus çoxlu sayda kilsə yaranmağa başladı. Məlumat üçün qeyd etmək lazımdır ki, buraya ilk gələn ermənilərin sosial tərkibi əsasən tacir və sənətkarlardan ibarət idi. Bunlarla yanaşı boyaqçılar və rəngsazlıqla məşğul olan ermənilər də buraya köçdüyü qeyd edilmişdir. Artıq XVII əsrdə Səfəvi hökmdarı I Şah Abbas Culfadan köçüb gəlmiş çoxlu sayda etnik erməniləri yerləşdirmək üçün İsfahan şəhərinin şərq hissəsində böyük bir ərazi ayırdı. Burada əhalisi tacirlərdən ibarət yeni bir şəhər saldırdı ki, buraya Yeni Culfa adı verildi.  I Şah Abbasın əmri ilə çoxlu sayda erməni ailəsi burada məskunlaşdırıldı. Buraya gəlmiş ermənilər ticarət kompaniyaları yaratdılar ki, bununla onlar Hindistanla, Çinlə, Rusiya ilə geniş ticarət əlaqələri saxlayırdılar.

XIX əsrin sonu-XX əsrin əvvəllərində İranda ermənilərin sayı nəzərəçarpacaq dərəcədə artmağa başladı. Xüsusilə, I dünya müharibəsinin ən şiddətli vaxtlarında, daha dəqiq desək, 1915-ci ildə erməni millətçi ekstremistlərinin rus silahli birləşmələri ilə birlikdə Osmanlı imperatorluğuna məlum xəyanəti sultan hökumətini bərk narahat etməyə başladı. Buna cavab olaraq hökumət 1915-ci il 27 may qanunu ilə  800 minə yaxın ermənini və digər qeyri-türk millətinə mənsub əhalini İraqa, Suriyaya, Livana və d. ərazilərə köçürdü. Dinc şəraitdə və 80 milyan türk quruşunu  xərcləməklə hökumət erməniləri yeni salınmış kənd və qəsəbələrdə yerləşdirdi. Adlarını çəkdiyimiz ölkələrlə yanaşı ermənilər qonşu İranda da məskunlaşmağa başladılar. Nəticədə, İrandakı ermənilərin sayında nəzərəçarpacaq dərəcədə ciddi artımlar qeydə alındı.

1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra İrana qaçan Daşnaqsütyun tör-töküntüləri burada da sakit oturmadılar. İranı erməni milli hərəkatının başlıca mərkəzlərindən birinə çevirdilər. İran hakim dairələrinin onlara qarşı müsbət münasibətindən istifadə edən mühacir daşnaqlar yerli ermənilərlə birlikdə İranda özlərinin iqtisadi mərkəzləri ilə yanaşı ictimai təşkilatlarını yaradır, məktəblər və teatrlar açır, qəzetlər nəşr etdirirdilər. Onlar İranın bir çox mülki və hərbi idarələrinə soxulur, Rza Pəhləvinin hakimiyyətə gəlməsindən istifadə edərək İran Azərbaycanında iqtisadi və ticarət imtiyazlarını, həmçinin bu sahədə mövcud hegemonluğu öz əllərinə keçirməyə çalışırdılar. Bir sözlə ermənilər İranda xüsusi iqtisadi, ticarət və mədəni imtiyazlar əldə edirdilər. Hər yerdə olduğu kimi burada da ermənilərin terrorçuluq fəaliyyəti ön plana çəkilir, ermənilərə xas olan təcavüzkarlıq siyasəti daha da şişirdilirdi. Mirzə bala Məmmədzadə yazırdı ki, təəssüflər olsun ki, İranın “Təbriz”, “Pərvəriş” kimi qəzetləri də erməni daşnaqlarının dəyirmanına su tökür, türklərə, o cümlədən azəri türklərinə qarşı təbliğatda onların əlində vasitəyə çevrilirlər. İran  daxilində bir çox mühüm vəzifələrdə, ordu və məclisdə yer tutan ermənilər vasitəsilə və İran üzərində az-çox nüfuzlu olan bir çox Qərbi və Şərqi Avropa dövlətlərinin təşəbbüsü ilə mühacir ermənilərin İranda mühüm təşkilatları, milli-mədəni müəssisələri, iqtisadi və ictimai təşkilatları, məktəb, teatr və qəzetləri sərbəst surətdə öz fəaliyyətini davam etdirməkdədir. Qeyd edək ki, Daşnaqsütyun partiyasının Təbrizdə hər il müntəzəm konqresləri keçirilir və bu zaman Avropa və Qafqazda çalışan erməni millətçiləri yaxından iştirak edirlər.

XX əsrin II yarısında İrana köç edən ermənilərin sayı nisbətən azalmağa başladı. Bunun əsas səbəbi bəhs olunan dövrdə ermənilərin xüsusilə qərb ölkələrinə artan maraqları ilə bağlı idi. Bu ölkələrdəki  yüksək yaşam tərzi və sərbəstlik ermənilərin bu ölkələrə miqrasiyasına gətirib çıxardı. Qeyd etmək lazımdır ki, hal-hazırda İranda bütün dünya ermənilərinin 0,4%-i, təxminən 200 min nəfərə yaxın etnik erməninin(bəzi mənbələrə görə 70 və ya 100 min) yaşadığı ehtimal olunur.  Bunların təxminən 60-70%-i İranın paytaxtı Tehran şəhərində yaşayırlar. Tehrandan sonra ermənilərin kompakt şəkildə məskunlaşdıqları iri şəhərlər içərisində İsfahan və Yeni Culfa xüsusilə fərqlənir. Hələ orta əsrlər dövründə burada şəhərin ən görməli yerlərində ermənilərə məxsus kilsələr inşa olunmağa başlandı. Kilsələrin sayı durmadan artmağa başladı. Hazırda İranda 12-si Culfada olmaqla ümumilikdə, 120-dən artıq erməni kilsəsi mövcuddur. İrandakı erməni diasporuna məxsus erməni apostol (qriqoryan) kilsəsi Tehran şəhərində yerləşir və rəhbəri arxiyepiskop Artak Manukyandır. Digər bir erməni kilsəsi Cənubi İranda, İsfahan şəhərində yerləşir və kilsəyə arxiyepiskop Kornand Papayan rəhbərlik edir. Kilsə ilə yanaşı 29 erməni orta məktəbi və eləcə də Tehran və İsfahan universitetlərində erməni dili və ədəbiyyatı fakultələri mövcuddur. Məktəblərində həftədə bir dəfə erməni dilində dərslər keçirilir. Bundan başqa Tehranda ermənilərin klubları, ictimai qurumları və təşkilatları mövcuddur. İranda ən böyük xtistian azlıq hesab olunan ermənilər digər azlıqlarla nisbətdə ən yaxşı durumdadırlar. Avropada, xüsusən də Amerikada yerləşən erməni diasporu ilə İran erməniləri arasında ciddi əlaqələr mövcuddur. Bundan başqa İranda erməni icmasının “Alik”(Dalğa), “Araks”(Bayraq) adlı qəzetləri və “Louys”(İşıq) adlı jurnalları mövcuddur. Bəzi məlumatlara əsasən İranda hökumət dini inanc fərqliliyini əsas gətirərək ermənilərin qapalı məkanlarda kütləvi məclislərinə, açıq geyimlərinə müdaxilə etmir. Hətta bir sıra bölgələrdə ermənilərə məxsus klubların olduğu bildirilir. Iranda yerli erməniləri özündə birləşdirən Ararat İdaman və Mədəniyyət Mərkəzi, Daşnaq təşkilatı, Kilsə Gənclik Təşkilatı, Erməni Tələbə və Gənclər Birliyi, Erməni Vəqfləri, Erməni Mədəniyyəti Dərnəyi kimi humanitar təşkilatlar mövcuddur.

İranda erməni millətçiləri və daşnaqlarının siyasi təbliğatının əsas qayəsi türk dünyasına, ilk növbədə isə Türkiyəyə və Azərbaycana qarşı yönəldilmişdir. İrandakı daşnaqlar və mühacir ermənilər burada hakimiyyətə gəlmiş Pəhləvi xanədanının şovinist, paniranizm və ya panarmyanizm əhval-ruhiyyəsindən məharətlə istifadə etməyə çalışır, onu daha da qızışdırırdılar.

İranın bir çox hərbi və mülki müəsissələrini əllərinə almış və şah zamanında Pəhləviyə müraciətlə xüsusilə İran Azərbaycanında iqtisadiyyat və ticarətdə imtiyazlı mövqe tutmağa çalışan erməni millətçilərindən başqa İrandakı bir sıra xarici, xüsusən də sovet və sonralar Rusiya diplomatik idarələrində məqsədyönlü fəaliyyət göstərirlər. Təbrizdəki daşnaqların bir qismi Avropada olduğu kimi daşnaq partiyasından ayrılaraq erməni “Arur” təşkilatı qurmuşlar. Mühacir ermənilərdən ibarət bu təşkilat vaxtilə İran Azərbaycanında bütün sövet idarələrini əlinə almiş, Təbriz, Urmiya, Marağa, Xoy və sairə kimi yerlərdə isə ticarət və nəqliyyatla bağlı müəssələr yaratmışlar.

Ermənilərin İranda özlərinə sığınacaq tapması Səfəvilər və Qacarlar hakimiyyəti illərindən başlasa da, onların türklər əleyhinə fitnəkar fəaliyyəti, əsasən Pəhləvi hakimiyyəti dövründə (1925-1979) əl-qol aça bilmişdi. Lakin türkün qəddar düşməni olan Rza şah və onun oğlu Məhəmmədrza İranda yaşayan ermənilərin simasında Azərbaycan türklərinin kökünü kəsmək üçün İran məkanında özünə çox üzüyola “həmkar” tapa bilmişdi. Sarayda şərab hazırlamaqdan tutmuş, dərzi, dəllək, aşpaz, tərcüməçi və müəllimliyədək bütün peşələrdə özünə yer tapmış ermənilər ali dövlət vəzifələrini tutmağa qədər yüksələ bilmişdir. Hansı peşədə və hansı vəzifədə işləməyindən asılı olmayaraq onlar öz fəaliyyətlərini türklərə qarşı açıq və gizli mübarizəyə yönəltmişlər. Bununla əlaqədar olaraq çoxlu sayda erməni diaspor təşkilatları antitürk fəaliyyətlərini davam etdirməkdədirlər. Xüsusilə, İran Xəfiyyə İdarəsi  (SAVAK) ilə Daşnqsütyun partiyasının İran üzrə şöbəsi, “Erməni Gizli Ordusu”, “Erməni Tələbə və Gənclər İttifaqı”, “Erməni Cəmiyyəti”, “İrandakı ermənilərin Keşiş Şurası” və s. bu cür antitürk və terrorçu təşkilatlar arasında sıx əlaqə və əməkdaşlıq olmuşdur.

İranla yanaşı ermənilərin daha çox miqrasiya etdiyi ərazilər içərisində Suriya mühüm əhəmiyyətə malikdir. Orta əsrlər dövründən başlayaraq buraya qonşu ərazilərdə yaşayan ermənilərin köçü başlandı. Bu proses müəyyən fasilərlə davam etmişdir. Qeyd etmək lazımdır ki, 1375-ci ildə Məmlüklər Kilikiyanı tamamilə Məmlüklər dövlətinə birləşdirdilər və nəticədə, buradan 40 min nəfər ermənini Sisdən Aleppoya köçürdülər. Onlar Suriya və Fələstində yaşayan müasir erməni əhalisinin əcdadlarıdırlar. Xüsusilə, I Dünya müharibəsinin ən şiddətli vaxtlarında Osmanlı hökumətinin imperiyanın şərq ərazilərində yaşayan və terrorçu fəaliyyəti ilə məşğul olan dəstələri Suriyaya, İordaniyaya, İraqa və digər qonşu ərazilərə köçürdü. Bununla da Suriyada ermənilərin sayında kəskin artım baş verdi. Daha çox ermənilər Suriyanın iri şəhərlərinə üz tutmağa başladı. Aleppo, Dəməşq və Kasab şəhərlərində məskunlaşan ermənilər burada qısa müddət ərzində iri ticarət  və sənaye məntəqələri yaratmağa müvəfəq oldular. Ticarət kompaniyaları vasitəsilə miqrant ermənilər Şərqlə, eləcə də, Hindistanla, Çinlə ticarət əlaqələri saxlayırdılar.

XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin ortalarına kimi regionun nisbətən inkişaf etmiş ölkələrinə (Livan, Misir, Fələstin, İsrail, İraq, Kipr, Suriya, İordaniya) üz tutmuş ermənilər burada əhalinin demoqrafiq vəziyyətinə nəzərəçarpacaq dərəcədə təsir gəstərdilər. Həmçinin, qeyd etdiyimiz ərazilərin ilk növbədə əlverişli-coğrafi mövqeyə malik olması, eyni zamanda burada onların şərbəst şəkildə yaşaması, toplaşması və fəaliyyət göstərməsi üçün hər cürə imkanların yaradılması qısa müddət ərzində  ermənilərin burada  mütəşəkkil şəkildə formalaşmasına gətirib çıxardı. Ermənilərin ən çox üz tutduğu ölkələr içərisində  ilk yerləri  Livan, Kipr, Suriya təşkil edir.

Ermənilərin Anadoludan Suriyaya davamlı köçü 1945-ci ilə qədər davam etmişdir. Xüsusilə, ermənilər fransız mandatında olan Suriyanı önəmli bir köç mərkəzi olaraq qəbul edirdilər. Türkiyəyə olan dərin nifrət hissləri və Fransanın xüsusi rəğbəti sayəsində ermənilər bu ölkədə assimlyasiyaya uğramamış ən böyük etnik qrup sayılmaqdadır. 1990-ci illərdə Suriyada erməni toplumunun ümumi sayı 150 min nəfərə yaxın idi. Ümumi əhalinin 75%-i Hələbdə, 20%-ə qədəri Hayy Al Amanda (Şamda) yaşamaqdadır. 1930-cu illərlə müqayisədə Suriya ermənilərinin bu ölkədən digər ölkələrə köçündə artım qeydə alınmışdır.

XX əsrin 90-ci illərindən başlayaraq buradakı diaspor erməniləri daha da fəallaşdılar. Belə ki, qısa müddət ərzində burada onlarla iqtisadi, siyasi və mədəni təşkilatlar yaranmağa başladı. Onların içərisində daha geniş areala və gücə malik olanı Suriya Erməniləri İttifaqıdır. Burada təxminən çoxlu sayda təşkilat, cəmiyyət, ictimai birliklər toplaşmışdır. Təşkilatın əsas məqsədi Suriya ərazisindəki ermənilərin sosial, iqtisadi və mədəni həyatındakı yaranmış problemlərin qısa zamanda aradan qaldırılmasıdır. Məlumat üçün qeyd etmək lazımdır ki, Yaxın Şərq ölkələrində ermənilər daha çox Suriya ərazisində yaşayırlar və onların təxmini sayı 200 minə yaxındır.

 

Taleh Cəfərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi

 

“KarabakhİNFO.com”

 

 

12.01.2013 11:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*