Azərbaycanca

İraq səfiri: “ Azərbaycan-İraq münasibətləri böyük tarixə malikdir”-VİDEO

10.03.2014 | 11:41

 1394437078_iraq1

 

 

 

İraqın Azərbaycandakı  səfiri  Heydər Şiya Qubeyşi əl-Barrak  “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının əməkdaşları ilə görüşüb.  Səfir “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına geniş müsahibə verib. Bu müsahibəni oxucularımıza təqdim edirik:

 

“Azərbaycan-İraq  münasibətləri üç mərhələdə inkişaf etmişdir”

 

-Cənab səfir, siz Azərbaycan-İraq arasındakı dostluq əməkdaşlıq münasibətini necə dəyərləndirirsiniz?

 

-Azərbaycan-İraq münasibətləri böyük tarixə malikdir. Siyasi əlaqələrimiz 1974-cü ildə fəaliyyətə başlayıb. İraq baş konsulluğu həmin il avqustun 17-də Bakıda  açılıb. Azərbaycan heç də bizim üçün yad ölkə deyil. Azərbaycan-İraq  münasibətləri üç mərhələ ərzində inkişaf etmişdir. Birinci mərhələ Azərbaycanda İraq konsulluğunun açılması hesab olunur. Birinci mərhələ İraq dövləti üçün çox səmərəli olub. Çünki həmin dövr ərzində bizim çoxlu tələbələrimiz olub. İkinci mərhələ isə Azərbaycan müstəqillik əldə etdikdən sonra olub. Bu dövr 2003-cü ilə qədər davam edib. Bizim diplomatik  missiyamız baş konsulluqdan səfirliyə qədər yüksəlib. Azərbaycanın ilk müstəqilliyini tanıyan ölkələrdən biri də məhz İraq Respublikasıdır. Amma onu da qeyd etmək istərdim ki, ikinci dövr iqtisadiyyat sahəsi üçün elə də səmərəli olmayıb. İkinci dövr ərzində iqtisadiyyatın uğurlu olmamasının səbəbi hər iki ölkənin iqtisadiyyat sahəsində müəyyən problemlərin olması ilə bağlıdır. Həmin dövr ərzində yeni qurulmuş Azərbaycan sütunlarını möhkəmləndirməklə məşğul idi. Üçüncü mərhələ 2003-cü ildən bu günə kimi davam edir. Bu mərhələ Azərbaycan-İraq əməkdaşlıq sahəsində yüksək zirvəyə çatıb, siyasi, iqtisadi, mədəni sahələrdə xeyli naliyyətlər əldə olunub. Hər iki ölkə arasında iqtisadi mübadilə artıb. 2009-cu ildə ticarət mübadiləsinin həcmi bir neçə milyon idisə, 2012-ci ildə 418 milyon dollara qalxdı. 2013-cü ilin rəsmi statistikasını indiyə kimi almamışıq, amma əminəm ki, artım davam edib. Azərbaycan şirkətlərinin də İraqda çalışmağa maraqları artmaqdadır. Onlar tək energetika deyil, inşaat və başqa sahələrdə də çalışmaq istəyirlər.  Ötən il 100-dən çox azərbaycanlıya investisiya vizası verilib. Bu rəqəmlər bizi məmnun edir və əməkdaşlığımızı inkişaf etdirmək üçün daha çox işləməyə təşviq edir. İraq Azərbaycanla ticarətdə ərəb dövlətləri arasında birinci yerdədir. Ümid edirik ki, iqtisadi əməkdaşlıq sahəsində uğur bu il də davam edəcək. İraq respublikasının 14-ə yaxın rəsmi nümayəndəsi Azərbayacana səfər edib. 200-ə yaxın İraq respublikasının vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alır. Bu hər iki tərəfin əməkdaşlığının yüksək zirvəyə çatmasına böyük amildir.

 

Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi İraq rəsmiləri, İraq cəmiyyəti tərəfindən necə qəbul olunur?

 

-Azərbaycanla-Ermənistan arasında belə bir problemin olması üçün təəssüf hissi keçiririk. İraq Respublikasının bu məsələyə baxışı hər zamankı kimi sabiq bir mövqedən olub. Qarabağ məsələsi başlanan zamandan etibarən, İraq rəsmiləri BMT-nin qətnaməsi qəbul olunmasına dair çağırışlar edib.  Biz, bunu da görürük ki, hər iki tərəf problemi sülh yolu ilə həll etməyə çalışır. Müharibə zamanı öz torpağından didərgin düşən məcburi köçkünlərin öz torpağına qayıtmağını dəstəkləyirik.

 

İraq millət vəkilləri, rəsmi şəxsləri tərəfindən ermənilərin Azərbaycana qarşı təcavüzünü pisləyən hər hansısa sənədə imza atılıbmı?

 

-Biz İslam Əməkdaşlıq konfransında və  BMT-də öz fikrimizi bildirmişik. Azərbaycan tərəfi ilə bu işdə sıx əməkdaşlığımız var.

 

Məlumdur ki, ərəb ölkələrində erməni icmaları çox güclüdür. Digər ərəb ölkələrindən fərqli olaraq, İraqda çox az gücə malikdirlər. Maraqlıdır, həmin ölkədə fəaliyyət göstərən erməni lobbisi İraq hökumətinin Azərbaycana qarşı münasibətinə təsir edə bilirmi?

 

-İlk olaraq  qeyd etmək istəyirəm ki, İraq respublikasında ermənilərin yaşaması və Azərbaycanla Ermənistan arasında yaşanan  məsələ ayrı-ayrı mövzulardır. İraq Respublikasında ərəblərdən savayı digər millətlər də var. Orada ərəb, türkmən, kürd, xristian, hətta ermənilər də yaşayırlar. İraqda yaşayan ermənilərin Azərbaycanla heç bir bağlılığı yoxdur. Biz, bu məsələnin ədalət prinsipi əsasında həll olunmasının tərəfdarıyıq. Biz, Azərbaycan və Ermənistan arasında yaşanan gərginliyin uzun müddət davam etməməsini istəyirik.

 

“İslamı təhqir edən simvolları  xoşlamırıq”

 

Ermənilərin Azərbaycana qarşı apardığı siyasət sırf ərazi məsələsi deyil. Burada dini və etnik məsələ əsas rol daşıyır. Qarabağda azərbaycanlılarla yanaşı,  çoxsaylı kürdlər və  digər millətin nümayəndələri də öldürülüb. Beynəlxalq təşkilatların sənədi sübut edir ki, ermənilər bu vəhşiliyi sırf dini nöqteyi-nəzərdən həyata keçiriblər. Bu məsələyə münasibətiniz necədir?

 

-İlk olaraq qeyd etmək istəyirəm ki, dünyanın heç bir yerində islamı təhqir edən simvolları  xoşlamırıq. Məscid, ziyarətgah, kilsə belə Allahın evi sayılır. Onlara qarşı yanlış  münasibət düzgün deyil. Kədər hissi ilə hər il 26 fevral Xocalı faciəsini azərbaycanlı qardaşlarımızla birgə yad edirik. İraq Respublikası Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının geri alınmasını istəyir. İslam dövlətləri əməkdaşlığı təşkilatının nəzdində və BMT-də bizim çalışdığımız məsələlərdən biri budur.

 

Cənab səfir, tarixə nəzər salanda görünür ki, Qarabağdan Kərkükə çoxsaylı azərbaycanlı köçüb. Sizin bu barədə məlumatınız varmı?

 

-Bu barədə heç bir məlumata malik deyiləm. Heç bir şey eşitməmişəm.  Əgər bu xəbər öz doğruluğunu taparsa belə problem yoxdur. Çünki onlar ikinci vətənindədirlər.

 

İraq səfiri: “ Azərbaycan-İraq münasibətləri böyük tarixə malikdir”-VİDEOHal-hazırda Avropa məkanında fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən Qarabağ məsələsinin həlli yolu axtarılır. Bir çox dövlətlər vasitəçilik xidmətini təklif edir. İraq respublikası  Azərbaycan-Ermənistan arasında vasitəçilik missiyası icra edibmi?

 

-Belə bir təklif bizə bildirilsə, böyük məmnuniyyətlə icra edərik. Bizim hər iki tərəflə münasibətimiz var. Bu məsələ üzrə köməkçi qismində qatılsaq, problemin  müsbət və ədalətli yolla həll olunmasına nail ola bilərik. Əgər Azərbaycan tərəfi bizdən bu missiyanı tələb etsə, biz bunu böyük məmnuniyyətlə icra edərik.  Bizə təklif olunmasa isə  qarışa bilmərik.

 

Cənab səfir, ədalətli yolla həll deyəndə nəyi nəzərdə tutursunuz?

Ədalətli həll deyəndə, birincisi, öz torpağından didərgin düşən azərbaycanlıların doğma yurdlarına qayıtmasını nəzərdə tuturam. İkincisi, BMT-nin 4 qətnamələrinin tətbiq olunması, üçüncüsü isə bu məsələnin sülh yolu ilə həll olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasıdır.

 

Beynəlxalq təşkilatlar nüvə məsələsini bəhanə gətirərək, İraqda  bir çox ərazilərə qarşı hücumlar ediblər və bu öz təsdiqini tapmayıb. Ermənistanda da Metamosfor Atom Elektrik Stansiyasının gücləndirilməsi, eyni zamanda Dağlıq Qarabağda nüvə tullantılarının yerləşdirilməsi, region üçün böyük təhlükə sayılır. Partlayış törədilsə, nəinki Azərbaycan, Türkiyə, İraqın özü belə, bu təhlükədən yaxa qurtara bilməyəcək. Rusiya ekspertlərinin gəldiyi qənaətə görə, Metsamorda çat var və partlaya bilər. Bu gün İraq hökumətinin bu faktdan məlumatı varmı? Əgər məlumatı varsa, yürütdüyü siyasət necədir?

 

-Bu haqda heç bir məlumatım yoxdur. Amma onu da demək istəyirəm ki, İrəvanda olan səfirimiz bu barədə məlumatlı olmalıdır.  Təkcə İraq Respublikası deyil, bütün ölkələr kütləvi qırğın silahlarının olmamasını istəyir.  Orada partlayış olarsa, tək Azərbaycan deyil, bütün  regionu böyük fəlakət gözləyir.

 

“Qarabağın paytaxtı isə Şuşa şəhəri olmalıdır”

 

Cənab səfir, Qarabağ barədə məlumatınız varmı? Qarabağda  hansı şəhərləri tanıyırsınız?

 

-Ora getmək problemdir. Kitablardan əldə etdiyim məlumata görə, çox gözəl dağlıq ərazidir. Qarabağın paytaxtı isə Şuşa şəhəri olmalıdır.

 

Zaur Qəriboğlu

Günel Cəlil

 

“KarabakhİNFO.com”

10.03.2014 11:41

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*