Azərbaycanca

İşğal edilmiş ərazilər haqqında qanun layihəsi qəbul olunmalıdırmı?

23.05.2013 | 17:16

1369313937_052a5c74-8ccd-403a-b629-8be0086687bb_mw1024_n_s  Ekspertlər işğal faktını müxtəlif formalarda gündəmə gətirməyi vacib sayırlar. “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi gündəmə gələrkən bir sıra millət vəkilləri buna müsbət rəy bildirdilər.

Amma sonradan Milli Məclis belə bir qanun layihəsinin quruma təqdim edilmədiyini qeyd etdi. Bununla əlaqədar olaraq Milli Məclisin mətbuat xidməti xüsusi məlumat yayıb. Məlumatda bildirilir: “Son günlər ölkənin bir sıra mətbuat orqanlarında belə bir məlumat yayılıb ki,  Milli Məclisdə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi hazırlanır. Yayılan məlumatlara görə, həmin qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir. Milli Məclisin Mətbuat xidməti bildirir ki, parlamentdə belə bir qanun layihəsinin hazırlanması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

 

Parlamentin heç bir komitəsində belə bir qanun layihəsi müzakirə olunmayıb və müzakirə olunması da nəzərdə tutulmayıb. Buna görə də Milli Məclisin Mətbuat xidməti bütün Kütləvi İnformasiya Vasitələrinin diqqətinə çatdırır ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı yoxlasınlar”.

 

Bu arada İspaniyanın məşhur opera ifaçısı Monserrat Kabalyenin Ermənistan Gənclər Filarmoniya Orkestri ilə birgə İrəvanda və Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində konsert verəcəyi ilə bağlı yayılan xəbərlər “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi məsələsini gündəmə gətirir. Ermənistan mətbuatının yaydığı məlumata görə, M.Kabalye iyunun 4-də Xankəndində, 9-da isə İrəvanda çıxış edəcək və konsertin biletləri artıq satışa çıxarılıb.

 

Bununula da sözügedən qanun layihəsi yenidən gündəmə gəlib və qanunun qəbul edilməsinin zəruriliyini düşünənlər az deyil.

 

İşğal edilmiş ərazilər haqqında qanun layihəsi qəbul olunmalıdırmı?“Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin müəlliflərindən olan Azərbaycan Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev deyib ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qanun layihəsi hazırlanarkən Gürcüstan təcrübəsi əsas götürülüb. O qeyd edib ki, qanun Gürcüstandakı mövcud qanunun bazası üzərində hazırlanaraq yerli şəraitə uyğunlaşdırılıb: “Qanunda bir çox məhdudiyyətlər, sanksiyalar nəzərdə tutulur ki, gələcəkdə Dağlıq Qarabağda iş qurmuş şirkətlər konkret seçim etsinlər – ya Azərbaycan, ya da işğal olunmuş Dağlıq Qarabağ”. Q.Həsənquliyevin sözlərinə görə, layihə dünya ölkələrinin Xarici İşlər nazirliklərinə göndərilib və dünya mətbuatında müzakirəsi barədə çalışılır. Layihə müəllifi bildirir ki, qanun layihəsində işğal olunmuş ərazilərdə hüquqi rejim, hərəkətin məhdudlaşdırılması, işğal edilmiş ərazilərdəki daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları, işğalçı dövlətlə münasibətlərin tənzimlənməsi, işğal edilmiş ərazilərdə insan hüquqlarının və mədəni irsin qorunması və sair məsələlər konkret hüquqi formada təsbit olunub. 12 maddədən ibarət olan qanun layihəsinin yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

 

İşğal edilmiş ərazilər haqqında qanun layihəsi qəbul olunmalıdırmı?Millət vəkili Asim Mollazadə isə deyir ki, bu qanun layihəsi nə parlamentə təqdim olunmayıb, nə də muzakirəedilməyib: “Bu qanun layihəsini görmədiyimə görə, onu şərh etməyə çətinlik çəkirəm. Azərbaycan işğal edilmiş ərazilərinə qeryi qanuni səfər beynəlxalq hüqüq normalarına ziddir. Azərbaycan Xarici İşlər Nazirliyi də bu qanunsuz səfərlərlə bağlı müvafiq tədbirlər görür. Həmin şəxslərin Azərbaycana gəlişi yasaqlanır”.Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov isə Milli Məclisdə belə bir qanun layihəsinin müzakirə olunmasının gözlənilmədiyini bildirib. Onun sözlərinə görə, sözügedən layihə BAXCP-nin təşəbbüsüdür: “Əslində layihədə işğal olunmuş ərazilərin statusunu müəyyən etmək və həmin ərazilərdə xüsusi hüquqi rejim tətbiq etmək nəzərdə tutulur. Təbii ki, ərazilərimizin Ermənistan tərəfindən işğal olunduğunu hər hansı bir qanun layihəsi ilə yenidən gündəmə gətirmək və dünya ictimaiyyətinə çatdırmaq fikrini alqışlamağa dəyər. Qısa desək, sənəddə işğal olunmuş ərazilərimizə getmək üçün yerlərdəki diplomatik korpuslarımızdan müvafiq qaydada viza alınmasının, orda aparılacaq hər hansı bir hüquqi prosedurların Azərbaycan qanunlarına uyğun aparılmalı olmasına və.s.önəm verilir və bu qanunları pozanların cəzalandırılması təklif olunur. Hazırda Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş icazəsi olmayan bütün ölkələrin vətəndaşları təbii ki, bizim ölkəmizə gələndə viza almalıdırlar. Bu, Azərbaycanın bütün əraziləri üçün, eləcədə işğalda olan ərazilərimiz üçün keçərlidir.

 

Hər bir halda ərazilərimizin işğalda olmasını bu və yaxud digər formada vaxtaşırı gündəmə gətrilməsinin tərəfdarıyam və bunun dünya ictimaiyyətinə də belə çatdırılmasını istərdim. Qeyd edim ki, dünya ölkələrinin çoxu Dağlıq Qarabağı mübahisəli ərazilər kimi tanıyırlar. “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deməklərinə rəğmən, işğal altında olan ərazilər, mübahisəli ərazilər kimi təqdim olunur. Bu, əlbəttə ki, bizim xeyrimizə deyil. Odur ki, işğal faktını müxtəlif formalarda gündəmə gətirməmiz lazımdır”.

 

İsveçdə fəaliyyət göstərən Bütöv Azərbaycan Təşkilatının sədri Teymur Eminbəyli isə vurğuladı ki, bu qanun layihəsini müsbət qarşılamaq lazımdır: “Azərbaycan Qarabağa qanunsuz səfər edənləri öz ərazilərinə buraxmaya, viza veməyə bilər.Xarici vətəndaşlarla diplomatik hərəkətlər, konsulluq xidmətlərndən imtina edilməsi normaldır”.

 

Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini Mirhəşim Seyidli  “Azərbaycanın işğal olunmuş əraziləri haqqında” qanun layihəsinin nə zaman müzakirəyə çıxarılacağına aydınlıq gətirib. O, deyib ki, layihənin yaxın zamanlarda müzakirəyə çıxarılacağı gözlənilmir: “Bunun ciddi müzakirə olunmasına ehtiyac var. Çünki sadə məsələ deyil. Ayrı-ayrı qurumların, QHT-lərin rəyləri alınmalıdır. Biz istəyirik ki, mükəmməl sənəd ortaya qoyaq. Ona görə də layihənin bu ay müzakirə olunması nəzərdə tutulmur. Gündəlikdə belə bir məsələ yoxdur”.

 

Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev 2011-ci ildə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib. Amma indiyədək layihə müzakirəyə çıxarılmayıb. Qanun layihəsinə əsasən, xarici ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə işğal edilmiş ərazilərə getməyə bu hallarda icazə verilir:

 Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olmayan dövlətlərin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərindən müvafiq qaydada viza almaqla və Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə Azərbaycan Respublikasının ərazisindən keçməklə;

– Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətlərin vətəndaşları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin razılığı əsasında Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə Azərbaycan Respublikasının ərazisindən keçməklə gedə bilərlər.

Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə bu hüquqi proseduralardan kənar daxil olan bütün xarici ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılırlar.

 

İşğal edilmiş ərazilərdə iqtisadi fəaliyyətin məhdudlaşdırılması da layihədə yeralır.

 

Layihə müəlliflərinin fikrincə, bu fəaliyyət növləri qadağan edilməlidir:

– gəlir, qazanc əldə etmə və kompensasiya məqsədi daşımasından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən lisenziyalaşdırılması, razılaşdırılması və qeydiyyatı tələb olunan istənilən iqtisadi (sahibkarlıq və qeyri-sahibkarlıq) fəaliyyəti;

– hərbi və təkrar istifadə məhsullarının gətirilməsi və çıxarılması;

– beynəlxalq hava və dəmir yolu əlaqələri, eləcə də bütün nəqliyyat növləri vasitəsilə beynəlxalq yükdaşınmaları;

-dövlət resurslarından istifadə olunması;

-pul köçürmələrinin təşkili.

 

Layihənin “İşğalçı dövlətlə münasibətlərin tənzimlənməsi”  bölümündə deyilir: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan sülh danışıqlarında iştirak edən Azərbaycan Respublikasının mərkəzi icra strukturlarının, diplomatik nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müvafiq səlahiyyət verilmiş şəxslər istisna olmaqla təcavüzkar dövlətin dövlət və qeyri-dövlət qurumları, məhkəmə və qanunverici orqanları, siyasi partiyaları, ictimai birlikləri, kütləvi informasiya vasitələri, dövlət və özəl sahibkarlıq və qeyri-sahibkarlıq subyektləri və onların təmsilçiləri ilə əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə cinayət məsuliyyəti daşıyırlar”.

 

Naibə Qurbanova

KarabakhİNFO.com

23.05.2013 17:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*