Azərbaycanca

Jan Klod Frekon: “Dialoqsuz heç vaxt sülhə nail olmaq olmaz – nə Krım, nə də ki Dağlıq Qarabağ məsələsində”

17.10.2014 | 11:02

4867fcc1a19f3348efa3b33065967c2fAvropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin yeni seçilmiş sədri Jan-Klod Frekonun APA-ya müsahibəsi. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı həmin müsahibəni təqdim edir:

 

 

– Cənab Frekon, siz uzun müddət AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanın üzrə həmməruzəçi olmusunuz və ölkəni kifayət qədər yaxşı tanıyırsınız. Azərbaycanda yerli və regional demokratiyanın inkişafını necə qiymətləndirirsiniz?

 

 

– Düzdür, mən 1999-cu ildən 2011-ci ilədək 4 dəfə Azərbaycanda olmuşam və burada keçirilmiş bələdiyyə seçkilərində müşahidəçi qismində də fəaliyyət göstərmişəm. Sonuncu dəfə 2011-ci ilin dekabr ayında, bələdiyyə seçkiləri zamanı Azərbaycanda olmuşam. Hazırda deməzdim ki, vəziyyət arzuladığım kimi qənaətbəxşdir. Azərbaycan hakimiyyəti uzun zamandır Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyasının bütün prinsiplərini ölkə qanunvericiliyinə, Konstitusiyasına daxil etməyi qəbul edib. Əlbəttə ki, bu, çox yaxşıdır. Lakin qanunvericiliyi yazmaq, hazırlamaq kifayət etmir, əsas olan onun müddəalarının həyata keçirilməsidir. Bu, Avropa Şurasının da, demokratiyanın da dəyəri və mütləq tələbidir. 2011-ci ildə Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərindən dərhal sonra rəsmlərlə, ölkənin həm Strasburqda, həm də Parisdəki səfirləri ilə görüşümdə vəziyyətin daha da yaxşılaşdırılmasını arzuladım. Dediyim kimi, ilk olaraq seçkilərin daha demokratik keçirilməsinə nail olmaq lazımdır. Demirəm ki, heç bir nailiyyət yoxdur, sadəcə, bundan daha da artığına nail olmaq lazımdır. Başqa məsələ isə, Yerli Özünüidarəetmə Xartiyasına əməl olunması sahəsində vəziyyətlə bağlıdır. Yenə də yerli hakimiyyət orqanlarının mövcud səlahiyyətləri qalır.

 

 

– Konqres Azərbaycan üzrə növbəti hesabatını nə vaxt hazırlamağı düşünür?

 

 

– Bildiyiniz kimi, qarşıdan bələdiyyə seçkiləri gəlir və biz seçki kampaniyası zamanı hesabat hazırlamaq istəməzdik. Konqres seçki kampaniyası ərəfəsində ölkədəki siyasi qüvvələr arasındakı müzakirələrə müdaxilə etməməlidir. Əlbəttə ki, Azərbaycanda bu seçki kampaniyası zamanı bütün siyasi partiyalar, qüvvələr özlərini sərbəst şəkildə ifadə edə bilərlərsə, bu, çox yaxşı olardı.

 

 

– Siz Konqresə sədr seçildiyiniz gün ilk çıxışınızda bir mәqama toxunaraq separatçılığın, hansısa regionun birtәrәfli qaydada özünü müstәqil elan etmәsinin, referendum keçirmәsinin qәbuledilmәz və bunun Avropa demokratiyasına, mәsuliyyәtli davranışa zidd olduğunu bildirdiniz. Bu kontekstdə Azərbaycanın da separatçılıqdan əziyyət çəkdiyini, ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu bilirsiniz. Bu məsələdə Konqresin və sizin mövqeyinizi bilmək maraqlı olardı.

 

 

– Dağlıq Qarabağ münaqişəsi 20 ildən çoxdur davam edir və bu məsələdə ümumilikdə Avropa Şurasının mövqeyi var. Avropa Şurası həmişə deyib ki, bu münaqişənin həlli məsələsində ATƏT-in Minsk Qrupunun fəaliyyətinə etimad göstərmək lazımdır. Biz bu vəziyyətin üzərində belə qeyri-müəyyən şəkildə həmişəlik dayana bilmərik və bunun əlbəttə ki, həllinə çalışmaq lazımdır. Bir ölkə ordusu digər ölkənin ordusuna qalib gəlib və əvvəlcədən ona aid olmayan əraziləri işğal edib. İstər Krım olsun, istər Dağlıq Qarabağ və digər oxşar məsələlər, burada eyni prinsiplər var. Biz arzu edirik ki, danışıqlarda irəliləyişlər əldə olunsun. Mən hər ölkəyə əzmkarlıq nümayiş etdirməyi arzulayıram. Təbii ki, bu, heç vaxt asan bir iş olmayıb. Mən Ermənistanda da, Azərbaycanda da olduğumda hər dəfə “onlar bizim düşmənimizdir” kəlməsini eşidirdim. Amma iki dost arasında sülhə nə ehtiyac var ki, onlar onsuz da elə dostdurlar. Sülh məhz elə iki düşmən arasında, münaqişə edən tərəflər arasında bağlanmalıdır. Bunun üçün bir yerə yığışmaq, birgə danışmaq, dialoq aparmaq lazımdır və xüsusilə də birgə hansı işlər görə biləcəkləri haqda fikirləşmək lazımdır. Dialoqsuz heç vaxt sülhə nail olmaq olmaz – nə Krım, nə də ki Dağlıq Qarabağ məsələsində.

 

 

– Konqres separatçılıqdan danışır, amma Krım, Cənubi Osetiya, Abxaziya, Dnestryani kimi problemlərə toxunduğu halda, Dağlıq Qarabağ haqda danışmaq istəmir. Hətta Konqresin son sessiyasında Ukraynada və qonşu regionlarda separatçılığa dair hesabata məruzəçilər yuxarıda adını çəkdiyim münaqişəli ərazilərdən fərqli olaraq, Dağlıq Qarabağın adını salmaq istəmir. Sizcə buna səbəb nədir? Avropa Şurası Parlament Assambleyasında, onun sənədlərində və komitələrində Dağlıq Qarabağ artıq açıq şəkildə işğal edilmiş ərazi kimi göstərilir. Bəs Konqres nəyə görə bu məsələdə hələ də ikili standartlardan yaxa qurtarmaq istəmir ?

 

 

– Hər şeydən əvvəl onu deməliyəm ki, AŞ-nın Parlament Assambleyası ümumi siyasi rola malikdir və o hansısa ölkələr arasında baş verən münaqişəli problemlər olduqda, öz siyasi rolundan istifadə edə bilir. Assambleya, misal üçün, Krım məsələsi ilə də bağlı mövqeyini çox aydın şəkildə bildirib və hətta Rusiyanın assambleyadakı nümayəndə heyətinə qarşı sanksiya tətbiq etməklə, onların səlahiyyətlərini yanvar ayına qədər dondurub. Dediyim odur ki, buna AŞPA-nın səlahiyyəti çatır. Bizim isə Konqresdə belə səlahiyyətlərimiz yoxdur.

 

 

– Amma hər halda separatçılıqdan danışırsınız…

 

 

– Bəli, danışırıq, amma biz indi bu məsələni Rusiyanın Krımı ilhaq etməsi fonunda müzakirə edirik. Biz ilk növbədə yerli özünüidarəetmə və regional orqanların assambleyasıyıq. Krım da bir region kimi mövcud idi, amma qurama referendum vasitəsilə bu, Rusiyanın xeyrinə rəsmiləşdirildi. Yəni Krım region olub və biz bunu sırf region olaraq qəbul edib, bu məsələdə iştirak edirik. Amma mənim yadıma gəlmir ki, 1992-ci ilə qədər Dağlıq Qarabağın region statusu olsun. Bundan başqa, Dağlıq Qarabağ məsələsində işğal olunmuş əraziyə yalnız Dağlıq Qarabağ deyil, onun ətrafındakı digər ərazilər də daxildir. Yəni burada eyni xüsusiyyətlər yoxdur, bir də ki, bu münaqişənin başlanmasından 20 ildən çox vaxt keçib. İndi tərəflərdə ruhdan düşmə də var, bu da Minsk Qrupunun bu qədər vaxt ərzində nəyəsə nail ola bilməməsi ilə bağlıdır. Mən bir neçə dəfə Minsk Qrupunun fransalı həmsədri ilə də görüşmüşəm və onun da məyusluğunu görmüşəm, vəziyyətin irəliyə doğru getməməsindən, bu ərazilərin dağılmış vəziyyətdə qalmasından təəssüflənirdi. Bu, siyasi məsələdən çox artıq humanitar bir məsələyə çevrilib. Konqres də məhz bu humanitar tərəf haqda danışa bilər. Bunun siyasi aspekti isə bizim ifadə formamız deyil.

 

 

– Cənab Frekon, siz eyni zamanda Fransada senator olmusunuz və şəhər meri vəzifəsində çalışmısınız. Növbəti sualımız sizin bəzi senator və mer həmkarlarınızın qeyri-qanuni olaraq Dağlıq Qarabağa səfər etmələri ilə bağlıdır. Bu yaxınlarda Fransanın Burq-le-Valans şəhərinin meri Dağlıq Qarabağa qanunsuz səfər edib və burada öz şəhəri ilə Şuşa şəhəri arasında dostluq əlaqələri haqda bəyanat imzalayıb. Bildiyiniz kimi, Fransa da daxil olmaqla, heç bir ölkə və heç bir təşkilat Dağlıq Qarabağı müstəqil subyekt kimi qəbul etmir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan vəziyyətdə, həmkarlarınızın bu cür səfərlərinin Fransa ilə Azərbaycan arasındakı münasibətlərə xələl gətirdiyini düşünürsünüzmü?

 

 

– Mənim bu məsələ ilə bağlı hər hansı bir məlumatım yoxdur. Amma ola bilsin ki, kimlərsə belə səfərlər etsinlər. Mən onu deyə bilərəm ki, biz Konqres olaraq bu kimi hərəkətləri qəbul edə bilmərik. Amma hansısa balaca bir şəhər və ya bölgə belə bir hərəkət edirsə, bu, onların öz işdir və biz nəinki Fransa, digər ölkələrdəki şəhərlərin də merlərinin fəaliyyətlərinə qarışa bilmərik. Şəxsən mənim Luara departamentimdə həm ermənilər, həm də azərbaycanlılar yaşayır, təbii ki, ermənilər daha çox idi. Və mən heç vaxt boynuma belə risk götürməzdim ki, münaqişə predmeti olan əraziyə gedim. Ona görə yox ki, mən şəxsi təhlükəsizliyimi fikirləşirəm, bu, məni narahat etmir, məni narahat edən bunun siyasi nəticələri olardı.

 

 

Qeyd: Müsahibə AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanı separatçılıqdan əziyyət çəkən ölkələr sırasına daxil etməsindən əvvəl götürülüb.

 

“KarabakhİNFO.com”

 

 

17.10.2014 11:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*