Azərbaycanca

Kəlbəcər rayonunun tarixi haqqında

02.04.2014 | 12:50

???????????????????????????????Qərbdə Ermənistan  şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəd, 30 mindən çox bulaq, yüzlərlə isti və mineral suyun çıxdığı, 4 mindən çox bitkinin yetişdiyi, müxtəlif faydalı minerallarla zəngin bu torpağın, təbiət muzeyi olan Kəlbəcər rayonunun işğal olunmasının 21 ili tamam olur. Rayon ərazisində 4 mindən artıq bitki növü var ki, bunlardan da 200-ü dərman bitkisidir. Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti, sinəsindən qarı-qırovu, zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murovun şıltaqlığı, hər il yamacları qonaq-qaralı olan Dəlidağın saysız-hesabsız gülü-çiçəyi aləmə bəllidir.    Məhz bu səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən V.Avix Kəlbəcər haqqında demişdir: “Kim Tərtərçay dərəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”.   Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə – balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 kub.m/gün) işğal ərazisində yerləşir. Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı sağaldaraq həyata qaytaran dirlik suyu – İstisudur.   2012-ci ilin məlumatlarına görə Kəlbəcər rayonunun əhalisinin sayı 84,9 min nəfərdir. Kəlbəcər əhalisinin 98 faizini Azərbaycanlılar, 2 faizini isə ruslar, İrandan gəlmə kürdlər və başqa millətlər təşkil edir.    Bu gün ermənilərin işğalı altında olan Kəlbəcər kimi, digər rayonların da adları erməniləşdirilmiş, orada olan tarixi abidələr və memarlıq nümunələri məhv edilmişdir. Laçın rayonunu “Kaşataq”, Laçın şəhərini “Berdzor”, Cəbrayıl rayonunu “Djrakan”, Zəngilan rayonunu “Kovsakan”, Qubadlı rayonunu “Sanasar”,  Ağdərə bölgəsini “Mardakert”, Şuşanı “Şuşi”, Xankəndini “Stepanakert”,Füzuli rayonunu “Varanda”, Xocavənd rayonunu “Martuni”, Ağdam rayonunu “Akna” və  Xocalını “İvanyan” kimi qeyd ediblər.    “Karvaçar” (“Kar”-ermənicə daş, “vacar” isə satmaq deməkdir) adı ilə dəyişdirilən Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.   Rayonun adı ilə bağlı müxtəlif fikirlər var. Adın yaranması haqqında dəqiq məlumat yoxdur. Yaşlıların dediyinə görə, Kəlbəcər Kərbəlayı Həcər adlı şəxslə bağlıdır. Onun məzarı üzərində tikilən günbəz rayon qəbiristanlığında 1993-cü ilə qədər dururdu. Digər mənbələrə görə “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Başqa bir mənbədə yazılır: “Bu məkanda əkib-becərmək çox faydalı və məhsuldar olduğundan, onun adının da toponimi el arasında “gəl becər” kimi məhşurdur.”   Kəlbəcərə antik dövr abidəsi deyirlər. Tarixi olduqca qədimlərə gedib çıxır. Qaya­üstü rəsmlər, eləcə də e.ə. III minilliyə aid yaşayış məskənlərində tapılan gil qab­lar və digər tapıntılar, eləcə də yüzlərlə qədim mağaralar buradakı antik həyatı gözlər önünə sərir. 1980-ci illərdə Böyük Güney deyilən ərazidə tapılmış eni 1 km-ə qədər uzanan mağara arxeoloqların marağına səbəb olub. Kəlbəcər dağlarında Lok, Comərd, Uluxan, Qalaboynu, Xotavəng məbədi və sair kimi qalalar buranın qədim tarixinin digər xəbərçiləridir.   Kəlbəcəri “Azərbaycanın ikinci Qobustanı” adlandıran rəhmətlik Xudu Məmmədov, Mirəli Qaşqay, Niyazi İbrahimov, Qüdrət İsmayılov, Ziya Bünyadov, Budaq Budaqov və digər neçə-neçə vətənpərvər alimlərimiz hələ o zamanlar Kəlbəcərin ciddi nəzarətə alınaraq qorunmasını tələb edirdilər. Ona görə ki, türkün tarixi yaşayan qala və abidələr, albanların hələ islamlaşmamış əcdadlarının yaşayış məskəni olmuş Kəlbəcər hələ Sovet dövründə  xain qonşular tərəfindən mədəni surətdə işğal edilir və erməniləşdirilirdi.   Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bu abidə kompleksi Kəlbəcər rayonunun şərqində – rayonunun 29 kilometrliyində yerləşir. “Xudadəng” də adlandırılan abidə kompleksi VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilib. Həsən Cəlalın arvadı Minə Xatun bu qalada dəfn olunub. Dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Üstü gümbəz kimi tikilmiş bu kompleksin tikintisində ağac materialından da istifadə edilib. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilində – bir dərədə yığılaraq suxurlaşmış və kiristallaşmış gildən əmələ gəlmişdir. Kəlbəcər rayonunun Vəng kəndi ərazisində də digər bir alban məbədi yerləşir.   Kəlbəcədəki digər qədim Alban abidələri bunlardır: “Laçınqaya”, “Lev”, “Uluxan”, “Qalaboynu”, “Comərd”. Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. “Alban” adının Ağuan, Aluan, Ağvan, Andan kimi təhrif olunmuş adlarından birinin də Ağban olması istisna deyil.   Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi, Çərəkdar kəndində alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən dağıdılıb.   Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı -“əkiz”lərdir. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Kustar şəkildə, bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini əks etdirir. Bu təsvirlərdən biri belədir: Bir insan fiquru ayağının birini bir dairənin, o birini isə digər bir dairənin üzərinə qoyaraq, yuxarıdakı kürəyə baxır. Güman olunan budur ki, insan bir planetdən digərinə uçmaq arzusundadır. İnsan fiqurunun ayağı altındakı dairənin biri Yer, o biri isə Ay güman olunur.   Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də ermənilər tərəfindən işğal olunub. Kəlbəcər rayonunun ərazisi 1936 kvadrat kilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Rayon sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb.   Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-ə yaxın kəndi, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.   Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan BMT Təhlükəsizlik Şurasının Ağdam rayonunun azad edilməsi ilə bağlı 854-cü, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874-cü və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü qətnamələri qəbul edilib, lakin həmin qətnamələr yerinə yetirilməyib.   Hal-hazırda Qarabağda suriyalı ermənilərə dəstək üçün xüsusi qrup formalaşdırılıb; köçməyə tərəddüd edən erməni ailələrə Kəlbəcərin qızıl yatağının gəlirlərindən pay vəd edilir. Son olaraq qeyd edək ki, Ermənilərin Kəlbəcərin adını dəyişib Karvaçar adlandırmasının heç bir hüquqi əsası yoxdur. Çünki,  Kəlbəcər rayonu BMT tərəfindən Azərbaycanın ərazisi kimi qəbul edilib. İkincisi, Kəlbəcər rayonunun Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olduğu və burada heç vaxt erməni millətinin yaşamadığını sübuta yetirən kifayət qədər fakt var. Bu ərazidə ermənilərin hansısa dövrdə yaşadığını təsdiqləyəcək bir dənə də olsun tarixi fakt, maddi dəlil, sənəd yoxdur.           Zaur Əliyev, AMEA-nın əməkdaşı, Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri, Siyasi elmlər üzrə fəlsəfə doktoru.

 

 

   “KarabakhİNFO.com” 

02.04.2014 12:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*