Azərbaycanca

Kəlbəcərin işğalı ilə Azərbaycan nələri itirdi?

02.04.2014 | 16:31

1396441722_kelbecer2 aprel tarixi Azərbaycanın tarix səhnəsinə yazılmış qanlı səhifələrdən biridir. 2 aprel 1993-cü ildə erməni qəsbkarları Kəlbəcər rayonunu işğal ediblər. Bu gün Kəlbəcərin işğalından 21 il ötür. Kəlbəcərin işğalı ilə Azərbaycan nələri itirdi?

Millət vəkili, professor Musa Qasımlı “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının sualına cavab verərkən bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğalı Azərbaycan üçün böyük itkidir. Azərbaycan ərazisinin bir hissəsi işğal altına düşdü. Bundan əlavə, Kəlbəcərin zəngin təbii sərvətləri, zond-qızıl mədənləri, mineral suları, tikinti materialları Ermənistan tərəfindən talan olundu. Millət vəkilinin sözlərinə görə, əhalinin köçkün vəziyyətinə düşməsi Azərbaycanda müəyyən sosial problemlər yaratdı.

 

Fəlsəfə üzrə fəlsəfə doktoru, millət vəkili Fazil Mustafa isə e-jurnalımıza açıqlamasında qeyd edib ki, Kəlbəcər Azərbaycanın Şuşadan, Laçından sonra ən ağır itkisidir və bu, Azərbaycan üçün böyük bir faciənin başlanğıcını qoydu. Millətin müqavimət duyğusunu xeyli aşağı saldı. Buna görə də Kəlbəcərin itkisi bəlkə də daha ağır bir itkidir, çünki ona qədər dövlətimiz yox idi, formalaşmamışdı, tam oturuşmamışdı, yaxşı-pis Azərbaycanda beynəlxalq subyekti olan bir hakimiyyət vardı və bu ərəfədə hadisənin baş verməsi dövlətin də acizliyini ortaya qoydu, ona görə də, bu, Azərbaycan cəmiyyətində daha böyük bir ruh düşkünlüyü yaratdı və sonra da dirçələ bilmədik.

Kəlbəcərin işğalı ilə Azərbaycan nələri itirdi?

“Sonrakı rayonların da işğalı məhz Kəlbəcərin işğalının doğurduğu amillər idi, çünki müqavimət olmayanda digər rayonlarda da insanlar lazımi səviyyədə dirəniş göstərə bilmədilər. Bu, çox ağır bir sonluqdur, mən hesab edirəm ki, bu tariximizin ən ciddi qara səhifələrindən biridir” deyə Fazil Mustafa öz fikirlərini ifadə edib.

 

Millət vəkili Zahid Oruc  da digər həmkarları kimi Kəlbəcərin işğalını Azərbaycan üçün böyük itki kimi qiymətləndirib: “Kəlbəcərin itirilməsi Azərbaycanın sonrakı 20% ərazisinin itirilməsində çox mühüm rol oynadı və bir strateji hərbi yüksəklik kimi  strateji coğrafi zəmini hazırladı. Çox təəssüf ki, əslində Xalq Cəbhəsinin o dövrdə hakimiyyəti ələ aldıqdan sonra gərəkən hərbi tədbirlər reallaşmadı və sonda bu cür mühüm məkanı biz itirdik. Ondan sonra ermənilər həmin strateji yüksəkliklərdən ayaqlarının altında qalan digər ərazilərimizə həmlə etdilər və Azərbaycanın başqa bölgələrinin itirilməsi məhz Kəlbəcərin zəminində reallaşdı”.

Millət vəkili məsələyə hərbi cəhətdən yanaşıb: “Məsələyə hərbi cəhətdən yanaşsaq, bu, sanki birinci Qarabağ savaşının əsas taleyini həll elədi. Ondan sonra da Azərbaycanın toparlanmağı mümkün olmadı”.

Kəlbəcərin işğalı ilə Azərbaycan nələri itirdi?

“Başqa bir mənada Kəlbəcərin itkisi maddi-mədəniyyət nümunələri, uca dağlar, yaylaq zonaları, təsərrüfat həyatı və ümumilikdə Azərbaycanın qiymətə gəlməz ərazisi düşmənin əlinə keçdi. Həmçinin də oradakı əhalinin qaçqın, köçkün düşməyi ilə faktiki olaraq, həm də başqa bir məkanlar özlərinin müdafiəsizliyini hiss etdilər. Yəni Kəlbəcər 2 apreldə ermənilər tərəfindən işğal olunandan sonra ona qədər də bilirsiniz ki, Şuşa və Laçın itirilmişdi, Zəngilanın, Qubadlının “fəthi” çox asanlıqla baş verdi, çünki əsas hərbi istehkamlarda əhali yox idi. Ona görə də biz bu gün dünya miqyasında haqlı olaraq ermnilər əleyhinə kampaniya apararkən çox dəqiqliklə ortaya qoyuruq ki, bu məsələdə yəni onların Qarabağın kənarına çıxması və bunu “bufer zona” adı ilə öz təhlükəsizlik zonası kimi elan etməsinin heç bir əsası yoxdur, çünki Kəlbəcərin tarixi Azərbaycan torpağı olduğuna heç bir şübhə yoxdur. Hətta ermənilər kimi avantürist təfəkkür daşıyıcıları belə bunun əksini iddia edə bilmirlər. Ona görə də elə hesab edirəm ki, bizim üçün bundan sonrakı dövrdə Azərbaycanın bütün ərazilərinin o cümlədən Kəlbəcərin qaytarılması bir millət olaraq ən ümdə vəzifəmizdir” deyə Zahid Oruc öz fikirlərini bildirib.

 

Səma Mustafayeva

 

“KarabakhİNFO.com”

02.04.2014 16:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*