Azərbaycanca

K. Məmmədov : “Bu baş versəydi Şəhidlər Xiyabanı olmazdı”

20.01.2014 | 17:25

1390224243_1012382_423071547822989_718777203_n“40 let VLKSM” gəmisinin kapitanı olmuş, 20 Yanvar hadisələri zamanı 4 gün rus gəmilərini mühasirədə saxlamış Kərəm Məmmədovun “KarabakhİNFO.com” beynəlxalq  e-jurnalına müsahibəsini təqdim edirik.

Kərəm müəllim, 20 Yanvar hadislərini necə xatırlayırsınız?

 

Verilən tapşırığa uyğun olaraq yanvarın 19-da biz Bakıya dönürdük. Gecə qırğın başlandı. İndiyə qədər yadımdadı. 19-u saat təxminən 16:00 radələrində Nargin adasına çatmışdıq. Mərkəzi Komitənin qarşısına xeyli insan toplaşmışdı. Göyərtədən izdihamı izləyirdik. Şimal-şərq və qərb istiqamətlərində şəhərə ordu yeridildi. Gecə şəhərin üzərinə endirilən güllələr sanki gur yağışı xatırladırdı. Sovet ordusunun əhalini necə qırdığını gəmidən aydın müşahidə etmək olurdu. Telestudiyanın binası vurulduğundan rabitə əlaqəsi saxlamaq mümkün deyildi. Biz o zaman 5 müddəadan ibarət tələbnamə qəbul etdik. Tələbnaməni M.S.Qorbaçova, Ali Sovetin sədri Elmira Qafarovaya göndərdik. Lakin səsimizi dünyaya çatdırmaq lazım idi. Qərara gəldik ki, “SOS” verib səsimizi, Bakıda törədilən qırğınları bu yolla dünyaya çatdıraq. Yanvar ayının 20-si saat 11:30-dan başlayaraq  4 dəfə “SOS” verdik. Axşam cavablar almağa başladıq. Qara və Baltik dənizlərindən radioqramlar alırdıq. Ayın 21-i Sakit və Atlantik okeanlarında üzən 50-dən artıq ölkənin gəmilərindən cavablar almağa başladıq. Əsas məqsədimiz Bakıda baş verənlərin dünyaya çatdırmaq idi. Cavab radioqramlarında həmkarlarımız bizimlə həmrəy olduqlarını, baş verən faciədən üzüldüklərini və olanları öz dövlətlərinin rəhbərliyinə bildirəcəklərini vurğulayırdılar.

 

Bu vaxt dənizdə nələr baş verirdi? Hər hansı təzyiqlər olurdu sizə?

 

Artıq 20 Yanvar günü biz özümüzə dəniz vağzalı tərəfdən daha rahat mövqe seçmişdik. Quruya müdaxilə edə bilmirdik. Bizə çox vaxt yanlış məlumatlar verirdilər. Əsas məqsədimiz dəniz qüvvələrinin qarşısını almaq idi. “Sabit Orucov” gəmisində qərərgah yaradıldı. Kremldən bizə ard-arda təhdidlər gəlirdi. Qısa bir zamanda Bakı buxtasını tərk etməyi tələb edirdilər. “Vosxod” gəmisindən “Sabit Orucov” gəmisinə bir hərbi katerin bazaya girməsi üçün icazə istənildi. Kapitan Mövlud Əliyev icazə verdi. Buxtaya doğru gələn kater birdən “Çilləkən-1” gəmisini atəşə tutmağa başladı. Xoşbəxtlikdən yaralanan olmadı. Bizim sərt münasibətimizi görüb münasibəti kəskinləşdirdilər.

 

Dənizdə gülləbaranın baş vermə səbəbi nə idi?

 

Hərbi dəniz qərərgahından 73-cü kanala verilən xəbərdə deyilirdi ki, meyidləri dənizə tökmək üçün hərbi gəmilərə yığırdılar. Gürcüstanda belə bir şeyi etmişdilər. Öldürülənləri Kür çayına tökmüşdülər. Hətta Azərbaycan tərəfdə əsgərləri çayın kənarına yığıb çıxanları elə həmin yerdə də basdırırdılar. Bakıda cinayətlər daha geniş olmuşdu. Etdiklərini bu yolla ört-basdır etməyi düşünürdülər. Bu acı xəbəri eşidib dəniz döyüşünə hazırlaşdıq. Buna imkan vermək olmaz idi. Əgər bu baş versəydi indiki Şəhidlər Xiyabanı olmazdı. Bir neçə gəmi lövbərlərini qaldıraraq döyüşə hazırlaşdılar. Onların hərbi gəmilərini dənizə çıxmağa qoymadıq. Rus generallarının təhdidi isə davam edirdi. Müqavimətimizi görüb onlar hiyləyə əl atdılar. Guya iki gəmi gecə növbəsinə getməlidir. Biz buna etiraz etdik və gəmiləri buraxmadıq. Bizim geri çəkilməyəcəyimizi görəndən sonra kontr-admiral Sidirov cinayətə əl atdı. “Aktau” yedək gəmimizi gülləbaran etdilər. Gəminin sualtı hissəsi zədələndi. Lakin gəmi heyətinin fədakarlığı nəticəsində gəmi batmadı. Daha sonra Bakı limanına bir hərbi gəmi göndərildi. Atışma oldu. Müqavimətin güclü olduğunu görüb ruslar taktikanı dəyişməyə məcbur oldular. Bizimlə danışmağa çalışdılar.

 

Sovet rəhbərliyi ilə görüşünüz necə oldu?

 

Rus kontr-admiralı Sidirovla görüşümüz məhkəməyə oxşayırdı. O, mənimlə dəfələrlə əlaqə saxlamışdı. Təhdidlərinin ardı-arası kəsilmirdi.  Admiral ilk gündən bizim etdiklərimizi cinayət adlandırırdı. Cinayət Məcəlləsinin bəndlərini sayaraq 15 ilə qədər həbsdə yatacağımızı bildirirdi. Mənə isə güllələnmə verdirəcəyinə söz verdi. Qəti bildirdi ki, gəmilərdə verilən siqnallar kəsilməlidir. Tabe olmayacağımız təqdirdə gəmilərimizi batıracaqdılar. Bakı buxtasında ayın 23-nə qədər fövqəladə vəziyyət elan olunmuşdu. Biz isə təklif etdik ki, fövqəladə vəziyyət ayın 24-nə kimi uzadılsın. Əsas məqsədimiz vaxt qazanmaq idi. Fövqəladə vəziyyət bitəndən sonra yenidən güllə atəşlərinə başlanıldı. Nəhayət biz təslim olmaq məcburiyyətində qaldıq.

 

Daha sonra sizə qarşı münasibət necə oldu?

 

Bizi həbs etdilər. Amansızcasına rəftar edirdilər bizə qarşı. Ulyanovska aparıldıq. Orada 40 günə qədər həbsdə olduq. Orada həmyerlimiz Fariz Məcidov bizə baş çəkdi. O, şəhər komendaturasının rəisi idi. Onun sayəsində həbsdə olduğumuz günlər yaxşı keçdi. Daha sonra biletimizi alıb bizi Bakıya yola saldı.

 

 

 

Mehman Həsən

 

“KarabakhİNFO.com”

 

20.01.2014 17:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*