Azərbaycanca

“KarabakhİNFO.TV”: Xocalı soyqırımı anılıb – VİDEO

25.02.2014 | 15:28

Fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiasiyasının Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə müxtəlif QHT-lər və media nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Nadir Abdullayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixində görülməyən dəhşətli faciədən söhbət açıb. O qeyd edib ki, Qarabağdakı siravi dəstələr Sovet hökumətinin 366-cı alayının və xaricdən gətirilmiş muzdlu dəstənin köməyi ilə günahsız xalq amansızcasına qətlə yetirilib. Xocalı faciəsi Qarabağın işğalının kuliminasiya nöqtəsini təşkil edirdi. “Düşmən tərəfindən döyüşən dəstələrdə Suriyadan, Livandan, İrəvandan olan şəxslər və bir nəfər də “Həmas” terror təşkilatından qovulmuş ərəb əsilli Zahid Əlməhəmməd adlı şəxs döyüşürdü. Gec-tez Xocalı faciəsini törədənlər öz cəzalarına çatmalıdırlar” deyə QHT sədri öz fikirlərini ifadə edib.

Daha sonra çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı Xocalı faciəsi zamanı baş verən hadisələri Ukraynada baş verən hadisələrlə müqayisə edib: “Bu gün Ukraynada gedən proseslərə fikir versək görərik ki, həmin proseslər 1988-1992-ci illərdə Azərbaycanda baş verib. O dövrdə Azərbaycanın beynəlxalq aləmdə dəstəyi olmadığına görə və Rusiyanın verdiyi irticaçı qüvvələr Sumqayıt hadisəsini, Qaradağlı hadisəsini, Xocalı faciəsini törətməklə Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda gedən mübarizənin qarşısını almaq istəyirdilər.
Biz hər zaman deyirik ki, dünya bizim sözümüzü eşitmir, dünya bizə dəstək vermir, amma indiki dövrdə biz bunu deyə bilmərik. Artıq Xocalı faciəsinin tanınması ilə bağlı kompaniyaya yeni şəhərlər, yeni ştatlar qoşulur. Bundan başqa həm ABŞ konqresində, həm də Avropa parlamentində Azərbaycanın mövqeyini dəstəkləyənlər artmaqdadır. Mən ötən il Belçikanın paytaxtında keçirilən “Qarabağ dinləmələri”ndə iştirak etmişdim. Orada mən böyük qürur hissi duydum ki, Belçika parlamentinin deputatlarının böyük əksəriyyəti Qarabağ problemində Azərbaycana dəstək verir”.
Məhərrəm Zülfüqarlı öz sözlərinə bu cür davam edib: “Biz əgər tarixə müraciət etsək, belə bir sual yarana bilər ki, Xocalı faciəsi yaxud 20 Yanvar faciəsi baş verməyə bilərdimi? Azadlıq verilmir, azadlıq alınır. Azərbaycan xalqı şəhid verərək, öz azadlığını qazandı. Biz qürur hissi duymalıyıq ki, belə bir xalqın övladlarıyıq”.
“Qolos Karabaxa”- “Voice of Karabakh” qəzetinin baş redaktoru Qədir Nəsirov isə öz çıxışı zamanı əsl faciənin həmin hadisələri törədənlərin hələ də cəzasız qalması olduğunu bildirib: “1992-ci ildə baş verən faciəni törədənlər hələ də cəzasız qalıblar. Əsl faciə bundan ibarətdir. Onlar tezliklə öz cəzalarını almalıdırlar. Xocalı faciəsində həlak olanların statistikasında baxdıqda orada ölənlərin sayı 613 nəfər göstərilir. Bu statistika qətiyyən düzgün deyil. Lakin erməni yazıçısı özü etiraf edib ki, o, 1200 nəfər meyidin üzərindən keçib. Biz əlimizdən gələni etməliyik ki, Xocalı soyqırımını törədənlər lazımi cəzanı alsınlar”.
Son söz “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının baş redaktoru Zaur Qəriboğluna verilib. Gənc yazar Xocalı faciəsi haqqında danışmağın onun üçün son dərəcə ağır olduğunu qeyd edib: “Nə qədər ağır olsa da qeyd etməliyik ki, doğurdan da Xocalı soyqırımı Azərbaycan kişisinin qürurunun ayaqlar altına atılması deməkdir. Bizim üzərimizə isə o düşür ki, Xocalı faciəsini sübut edən əyani vasitələr var ki, biz onları dünyaya yaymaqda daha aktiv olmalıyıq. Bu gün AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun ideya müəllifliyi və vitse-prezident Vəli Əlibəyovun rəhbərliyi ilə yaradılmış “KarabakhİNFO.com” beynəlxalq elektorn jurnalı vasitəsi ilə 10 dildə bu istiqamətdə fəaliyyət göstəririk. Bizə əsas lazım olan odur ki, gənclərimiz də bu işdə aktiv olsunlar.Qarabağ hamımıza aiddir. Əgər evin bir küncü uçubsa əmin olun ki, qalan üç künc də uçacaq. Biz gərək hamımız bir olaq ki, bir küncü bərpa edək”.
Tədbirin sonunda “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Müharibə mənim gözümlə” müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.
Arzu Səyyad, Sevda Qurbanqızı, “KarabakhİNFO.com”

25.02.2014 15:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*