Azərbaycanca

“Kimliklərini kürd kimi yazdıran, adını, familiyasını dəyişən türk vətəndaşı olan ermənilər Türkiyədə . . .”                                 

24.01.2015 | 12:34

sas

 

“Rusiya isə heç vaxt ermənilərin “Allahdan buyruq, ağzıma quyruq” prinsipini dəstəkləməz”

 

 

 

 

 

KarabakhİNFO.com” beynəlxalq jurnalı Türkiyədə Azərbaycan həqiqətlərinin təbliğini aparan jurnalist Kəbutər Haqverdi ilə müsahibəni təqdim edir.

 

 

Qeyd edək ki, Kəbutər xanım əsasən Qarabağ həqiqətləri, Xocalı soyqırımının Türkiyə ictimaiyyətinə tanıdılması istiqamətində fəaliyyət göstərir.

 

 

 Türkiyədə Qarabağla bağlı hansı işlər görürsüz?
– Türkiyədə daha çox Xocalı soyqırımının tanınması istiqamətində fəaliyyət göstərirəm. 2012-ci ildə Xocalı hadisəsində sağlamlığını itirən əsir düşmüş 6 qadını İstanbula dəvət etdim. İstanbul, Adana, Ankara və İzmirdə təşkil olunmuş toplantılarda bu qadınların çıxışlarını təşkil etdim. Bundan başqa,  Xocalı arxivini yaratmışam. Qarabağ hadisələrində zərər çəkən sıravi vətəndaşlar haqqında məlumatlar, əsir və girovlarımızın yaxınları və ailə üzvlərinin sənədləri, Xocalı faciəsində baş verənlər, eləcə də canlı şahidlərin videoya köçürülmüş söhbətləri toplanır.

 

 

Eyni zamanda Azərbaycan ədəbiyyatından seçmələrlə Türkiyə oxucularını tanış etmək istəyirəm. Ötən il aprelin 18-i İstanbul Böyük Şəhər bələdiyyəsinin və Azərbaycanın İstanbuldakı Konsulluğunun təşkilatçılığı ilə Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş tədbir təşkil etdik. Bu işdə Azərbaycanın İstabul baş konsulu Həsən Zeynlovun və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlunun əməyi çox oldu. Tədbir qısa vaxtda hazırlansa da, çox bəyənildi və biz İstanbul Böyük Şəhər bələdiyyəsindən müxtəlif təkliflər aldıq.

 

 


 Xocalı arxivini hansı təşkilatda yaratmısız?

– Mən İSTAD sədri Səfər Karakoyunlu ilə çalışıram. Ona Xocalı arxivi yaratmaq istədiyimi, amma otaq tutmaq imkanında olmadığımı deyən kimi dərnəyin yerləşdiyi binanın zirzəmi qatını bütünlüklə mənim ixtiyarıma verdi. İndi ən azından, əlimizin altında Qarabağla olmasa da, Xocalı ilə bağlı bir xeyli sənədlər var və bizə bir TV və ya qəzet müraciət edəndə, müxtəlif tədbirlərdə ortaya sənədlər, filmlər və kitablar qoya bilirik.

 

 

 Bu vaxta kimi hansı kitablarınız nəşr olunub?
– Türkiyədə 2 kitabım nəşr olunub. 2012-ci ildə “Qar qan rəngi idi o gecə” kitabını yazdım. Bu sənədli roman yuxarıda qeyd etdiyim qadınların ifadələri əsasında qələmə alınıb. 2-ci kitab redaktoru olduğum “Hocalı 92”-dir. Ötən il “Cənnətdən sürgün” adlı daha bir romanım işıq üzü görüb. Bu, bir az avtobioqrafik romandır. Söhbət Qarabağ hadisələrindən, Azərbaycandakı kənd həyatından gedir. 90-cı illərin dəhşətini yaşayan bir azərbaycanlı qadının xoşbəxtlik axtarışları və İstanbula gəlişi, orada qarşılaşdığı çətinliklər və sair.

 

 


 Qarabağ məsələsində Türkiyədəki milli dərnəklərimiz əlaqəli şəkildə fəaliyyət göstərə bilirlərmi?

– Bu sual mənim yaralı yerimdir. Kənardan nə qədər böyük və təmtəraqlı görünsə də, bu dərnəklərin heç biri öz ətrafında 50-dən artıq adamı birləşdirmir. Türkiyədə 50-dən artıq Azərbaycan dərnəyi var. Amma baxın görün, hansının bir KİV orqanı var. Üstəlik, birinci yer uğrunda daim savaşdadırlar. Xocalı faciəsi kimi ağır bir problemimiz belə, bizi Türkiyədə vahid güc kimi birləşdirə bilmədi. Bununla belə, bir neçə dərnək var ki, böyük işlərə imza atmaqdadır. Bunlardan biri İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD), digəri Əskişəhir ƏSAZDƏR-dir. Amma erməni diasporunun çox güclü və gizli fəaliyyət göstərdiyi Türkiyədə bu, çox azdır. Necə deyərlər, bir güllə bahar olmaz.

 

 

 Ermənilər dünyanı qondarma erməni soyqırımının tanınmasına cəlb edir. Bəzən elə hiss olunur ki, Türkiyə buna susqun yanaşır. Sizcə, bunun səbəbi nədir?
– Əvvəla, onu deyim ki, Ermənistan dövlətinin yaranma tarixini həmişə nəzərimizdə saxlamalıyıq. Yanlış düşüncə var ki, Ermənistan, ermənilərin “dənizdən dənizə” arzusunu reallaşdırmaq üçün yaranıb. Elə deyil. Bu cırtdan dövləti böyük türk dövlətlərini parçalayıb bir-birindən ayrı salmaq üçün yaratdılar

 

 

 

90-cı illərdə əgər Azərbaycanın Ermənistan deyə bir dərdi olmasaydı belə, milli münaqişə yolu ilə müharibə ocaqları yaradacaqdılar. Amma ən yaxşı onlara sərf edən variant ermənilər olduğu üçün bu kartı ortaya atdılar.

 

 

ABŞ iqtisadiyyatının yavaş-yavaş gerilədiyi məlumdur. Rusiya isə heç vaxt ermənilərin “Allahdan buyruq, ağzıma quyruq” prinsipini dəstəkləməz. Bunu son vaxtlar rus siyasilərinin aqressiv açıqlamalarından da görmək mümkündür. O zaman yerdə qalır Türkiyə. O Türkiyə ki, ermənilər həmişə özlərini bu ölkədə suda balıq kimi hiss ediblər. İlk kilsələrini də bu ölkədə qurublar. Birinci Dünya müharibəsindəki durumdan istifadə edib yerli xalqa hücum edib və əsl soyqırımı törədiblər. Amma bu etdiklərinə baxmayaraq, Türkiyənin qurtuluş günəşi Atatürk belə, yaradılmış Türk Dil Qurumuna rəhbər kimi Akop Dilaçarı təyin edib. Bu Dilaçar türk dilinin başına bir oyun gətirib ki, yaranmış problemləri hələ həll edib qurtara bilməyiblər. Türkiyə – belə Türkiyədir. Və ağrılısı da odur ki, kimliklərini kürd kimi yazdıran, adını, familiyasını dəyişən türk vətəndaşı olan ermənilər ölkənin çox önəmli postlarında vəzifələr tuturlar. Apardıqları təbliğat nəticəsində də toplumu soyqırımını qəbul etməyə hazırlayırlar.

 

 

Avropa ölkələri, Amerika və Rusiya həmişəki kimi soyqırımı Türkiyəyə əl birliyi ilə tanıdıb təzminatı reallaşdıracaq və bir əsrdir bəslədiyi Ermənistanı Türkiyənin üstünə atacaq. Əsas məsələ budur. Türkiyə səssiz qalsa da, biz – Türkiyədəki Azərbaycan toplumu bu proseslərə seyrçi qalmırıq. Artıq ABŞ senatına ingilis və türk dillərində müraciət hazırlamışıq. Qapı-qapı gəzib imza toplayırıq. Məqsədimiz 5 milyon imzanı Xocalı soyqırımını əks etdirən sənədlərlə birlikdə ABŞ senatına göndərməkdir.

 

 

 

 



Fuad Hüseynzadə
“KarabakhİNFO.com

 

 

 

24.01.2015 12:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*