Azərbaycanca

Konstitusiyamızın qəbul edilməsindən 17 il ötür

12.11.2012 | 18:08

1352729351_konstitusiya-kitabi“Konsititusiya” latınca “constitutio” ifadəsindən olub, quruluş (təsisat, qurma) mənasını bildirirBu ifadənin tarixi kökü qədim zamanlarla bağlıdır. Hələ neçə-neçə əsr bundan əvvəl antik dövrün mütəfəkkirləri “konstitusiya” terminindən istifadə edirdilər. Roma imperatorlarının verdikləri dekretlər və digər sərəncamlar məhz konstitusiya adlanırdı. Müasir mənada konstitusiya ilk dəfə olaraq ABŞ-da (1787), daha sonra isə Fransada və Polşada(1791) qəbul edilmişdi.

                                                             Sabir Allahverdiyev “Konstitusiya və Hüququn əsasları. Dərslik. “Digesta” nəşriyyatı Bakı-2007  (səh 10)

 

28 may 1918-ci il Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə xalqımızın çoxəsrlik dövlətçilik ənənələri bu dövlətin timsalında yenidən dirçəlmişdir. Şərqdə ilk demokratik Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində çoxsaylı qanunlar qəbul etsə də, ölkənin daxili və xarici vəziyyətinin gərgin olması vahid konstitusiyanın hazırlanması və qəbul edilməsi işinə maneçilik törətmişdir. Azərbaycan SSRİ-nin tərkibində olduğu 71 il ərzində üç, 1991-ci il 18 oktyabrda dövlət müstəqilliyinin bərpa olunmasından keçən müddət ərzində isə bir konstitusiya qəbul etmişdir. Bunlar aşağıdakılardır:

1. Azərbaycan SSR-nin ilk Konstitusiyası   1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdi. Bu Konstitusiyanın başlıca vəzifəsi Azərbaycanda sosializm cəmiyyəti qurmaq idi;

2. Azərbaycan SSR-nin sayca ikinci Konstitusiyası 1937-ci il martın 14-də IX  Fövqəladə Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Qəbul olunmuş bu konstitusiya 1936-cı il dekabrın 5-də SSRİ-nin qəbul edilmiş yeni Konstitusiyasına əsaslanırdı;

3. Azərbaycan SSR-nin üçüncü Konstitusiyası 1978-ci il aprelin 21-də 9-cu çağırış  Azərbaycan SSR Ali Sovetinin növbədənkənar 7-ci sessiyasında qəbul olunmuşdur. Bu da Azərbaycan SSR-nin 1937-ci ildə qəbul edilmiş Konstitusiyasını SSRİ-nin 1977-ci ildə qəbul edilmiş yeni Konstitusiyasına uyğunlaşdırmaq zərurətindən irəli gəlirdi.

4. 1991-ci ilin 18 oktyabrında Azərbaycan özünün dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra müstəqil Azərbaycan dövlətinin 1995-ci il 12 noyabr tarixində ümumxalq referendumu ilə qəbul olunmuş Konstitusiyası.

1991-ci il fevralın 9-da Azərbaycan Respublikasının Ali Soveti yeni Konstitusiya layihəsinin işlənib hazırlanması ilə bağlı qərar qəbul etdi, bu məqsədlə komissiya quruldu və onun üzvləri təsdiq olundu. 1993-cü ildə eyni məqsədlə yeni bir komissiya quruldu. Lakin hər iki komissiyanın fəaliyyəti səmərəsiz oldu. 1995-ci ildə qurulan növbəti komissiya Konstitusiya layihəsini hazırladı. Bu layihə 1995-ci il oktyabrın 15-də ümumxalq müzakirəsinə çıxarıldı. 1995-ci il 12 noyabr tarixində keçirilən referendumun nəticələrinə görə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası qəbul edildi.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ali hüquqi sənədi olub sonradan qəbul edilən digər qanunlar və qanun qüvvəsində olan sənədlər üçün əsas rolunu oynayır.      Azərbaycan Respublikasının Konstitusiyasının 147-ci maddəsinə görə, Konstitusiya ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Belə ki, heç bir akt Konstitusiya ilə ziddiyyət təşkil edə bilməz.

Azərbaycan Respublikasının Prezidenti Konstitusiyaya əməl olunmasının təminatçısıdır. Eyni zamanda Konstitusiya Məhkəməsi Konstitusiyaya əməl olunmasına nəzarət edir. Lakin Konstitusiyanın sabit qalması mütləq deyil. Çünki Konstitusiya xalqın və zamanın tələblərinə cavab verməlidir. Buna görə də müəyyən zaman keçdikdən sonra onun müəyyən müddəalarında dəyişiklik etmək və ya yeni Konstitusiya qəbul etmək zərurəti meydana çıxır. Bu zərurətdən irəli gələrək 2002-2009-cu illərdə referendum keçirilmiş, Konstitusiyaya bir sıra dəyişikliklər və əlavələr edilmişdir.

Azərbaycan Respublikası prezidentinin 1 noyabr 1996-cı il tarixli Fərmanına əsasən 12 noyabr Azərbaycan Respublikasında bayram günü kimi qeyd edilir.  Biz də bu bayram münasibətilə xalqımızı təbrik edir və hal-hazırda düşmən tapdağı altında və dövlətimizin yurisdiksiyasından kənarda olan torpaqlarımızı düşmən işğalından azad etməyi, düşmən üzərində qəti qələbəni arzu edirik. Bayramınız mübarək!

Söhrab İsmayılov.

 

“KarabakhİNFO.com”

 

 

12.11.2012 18:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*