Azərbaycanca

Kosmopolitlik və biz

25.04.2013 | 12:03

 1366874387_tmpumqrzi  Əslində gənclərimiz seçim qarşısındadır — ya kosmopolit olub, hər şeyə göz yummaq, ya da milliyyətçi olub vətənpərvər kimi düşünmək və yaşamaq. Müharibə şəraitində yaşayan Azərbaycan üçün biz kim olmalıyıq?  Gəlin bu suala birgə cavab tapaq.

Öncə görək nədir axı bu kosmopolitlik?     

 

        Kosmopolitlər,  insanlığı,  humanistliyi vətən, milliyyət, dindən üstün tuturlar. Gəlin elə ondan başlayaq ki, biz Azərbaycanlılar (türklər) öz-özlüyümüzdə kosmopolit bir millətik. Digər millətlərə qarşı çox tolerant və səbrliyik. Buna görə də tarix boyu əziyyət çəkmişik. Müasir qloballaşan dünyada ümumilikdə kosmopolitizm yaxşı xüsusiyyətdir, amma baxır nə ilə müqayisədə. Əgər bizə münasibətdə digərləri  şovinistlik göstərir və konkret olaraq düşmən mövqeyi nümayiş etdirirsə, onda biz kosmopolitliklə yalnız uduzmuş oluruq.  Biz bundan yalnız ziyan çəkirik — ya kosmopolitliyin  banisi sayılan Dioqen kimi pofiqist olmalıyıq, ya vətənə tüpürüb buradan getməliyik, ya da ki mübarizə aparmalıyıq.

Milliyyətçi  kosmopolitdən fərqli olaraq öz millətini, milli dəyərlərini hər şeydən üstün tutur. Azərbaycanda hər cür milliyyətçiyə rast gəlmək olar.                                    Amma bizə təbii ki, sağlam düşüncəli, savadlı, əsl milliyyətçi gənclər lazımdır. Və biz belə bir nəsil yetişdiririkmi?  Ya da biz kosmopolitliyi niyə daha üstün tuturuq? Sualı cəmiyyətdə aydın, ziyalı kimi tanınan insanlara ünvanladıq və aşağıdakı fikirlər səsləndi:

 

Əli Həsənov – Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri

 

 Fikirlərinizi paylaşıram! Amma dünyada nə qədər insan varsa, bir o qədər də fikir var.  Biz insanları zorla başqa cür düşünməyə məcbur edə bilərik?…

 

 

 

Elçin Mirzəbəyli – politoloq

 

Kosmopolitlik bəzən Azərbaycan kimi yeni formalaşan cəmiyyətlərə müasirlik, yenilik, modernləşmə adı altında kənardan gətirilən, yaxud sırınan kosmopolit dəyərlər daha cazibədar olduqları üçün daha çox tərəfdar qazanırlar. Amma bir millətin qan yaddaşının, milli özünəməxsusluğunun qorunmasına xidmət edən mühafizəkar milliyyətçilik adətən geniş auditoriya qazana bilmir. Bu təbii bir prosesdir. Milli dünyagörüşünün daşıyıcısı olan insanlar dünyanın heç bir ölkəsində yüksək populyarlıq qazana bilmirlər. Amma onlar cəmiyyəti mənəvi cəhətdən qidalandırmaqla bir millətin var olması, assimilyasiyaya uğramaması, başqa millətlərin içərisində əriməməsi üçün çox mühüm bir missiyanı həyata keçirirlər.


Firidun Cəlilov – müstəqil ekspert 

 

Aydını  kosmopolit olan millət elə bizim günə düşməli idi, necə ki düşdü. İçində gerçək kimliyini bilməyən bir “ziyalı” sürüsü olan xalq belə olmalıdır…

 

 

 

 

Qabil Hüseynli – politoloq

 

Müstəmləkə sistemindən azad olmuş, dövlət quruculuğu yoluna qədəm qoymuş ölkələr üçün millətçilik ideyası belə deyək, liberal düşüncə daha sərfəlidi.  Çünki milli dövlət quruculuğunda milli idealogiyanın vacibliyi müstəqillik dövrünə qədəm qoymuş  bütün dövlətlər tərəfindən isbatlanıb. Əgər dövlət milli dəyərlər yaratmaq, milli mədəniyyətin özünəməxsusluğunu təbliğ etmək yoluyla  ən yaxşı nailiyyətləri  öz milli dövlət quruculuğunun praktikasına təbliğ etmək yolu ilə inkişaf etmək istəyirsə, bu yaxşı nəticələr verir. Yox əgər millət kosmopolitizmə yuvarlanırsa bu çox ciddi fəsadlara gətirir.  Yəni milli qürur hissi, vətənpərvərlik, milli şüur, fərdin özünün milli dünya görüşü ciddi eroziyaya uğrayan azı pofigizmə gətirib çıxarır.  Milli insan fikrini ayrıca yaratmaq mümkün olmur, milli dövlət qurmaq mümkün olmur. Cəmiyyətdə isə  yayqın və şəxsiyyəti deqrodasiya edən, onun dünya görüşünü  deformasiyaya uğradan mühit hökm sürür. Bunun nəticəsində də milli dövlət quruculuğunun hədəflərinə çatmaq olmur.  Yaranan dövlətsə köhnə metropoliyanın təsiri altında qalır, vətəndaşlar da belə bir təsirin altından yəni total şüurun təsiri altından çıxa bilmir.  Nəticədə müstəqil dövlət  azad düşüncəli insan fikri yetişdirmək mümkün olmur. Ona görə kosmopalitzm istənilən variantda istər dövlət quruculuğunda istər milli mədəniyyət yaradıcılığında, istərsə də milli şüurun inkişafında çox təhlükəlidir. Bu xüsusən mədəniyyətdə özünü göstərir. Televiziyadan tutmuş toylara gədər müxtəlif sahələrdə,  mədəniyyətin kosmopol təbliği  milli aşınmaya gətirib çıxarır. Bununla mübarizə aparılmaması mənə elə gəlir ki, milli dövlət quruculuğu yolunda buraxılan ciddi səhvlərdən biridir.

 

 

Beləcə demək olar ki, fikrini aldığımız hər kəs əslində kosmopol təbliğata qarşıdır. Bəs bunun üçün bizlər nələr edirik, hansı işlər görülür? Bax bu sual elə hamımızı, xüsusən də aydınlar dediyimiz milləti aydınlada bilən, vətəndaşların təfəkkürünə təsir edə bilən şəxsləri – ziyalıları  daha çox düşündürməlidir…

 

 

Ülviyyə Bəylərqızı

KarabakhİNFO.com

25.04.2013 12:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*