Azərbaycanca

Kremlin Ermənistanda müasir raketlər yerləşdirməsi Azərbaycana nə vəd edir?

17.05.2013 | 17:31

1368797348_natiq_miri32Natiq Miri: “Bu, yalnız Azərbaycanla bağlı olan məsələ deyil…”

 

Natiq Miri: “Bu, yalnız Azərbaycanla bağlı olan məsələ deyil…”

 

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazaya çağdaş dövrün ən müasir raketlərindən hesab edilən “İsgəndər M” və “Tornado” tipli reaktiv artilleriya sistemləri yerləşdirməsi Azərbaycanda ciddi narahatlığa səbəb olub. Son vaxtlar Rusiyanın hesabına sürətli silahlanma tempi götürən Ermənistanın raketdən müdafiə sistemlərinin belə zərərsizləşdirə bilmədiyi raketlərlə təmin edilməsi, Qarabağı azad etmək üçün hərbi müdaxilə variantından başqa yolu qalmayan Azərbaycan üçün ciddi təhlükə deməkdir. Bugünə qədər iki ölkənin hərbi resurslarının müqayisəli hesabatlarında bütün göstəricilər Azərbaycanın xeyrinə olsa da, son vaxtlar Rusiyanın hərbi yardımları sayəsində düşmən ölkənin öz hərbi qüdrətini əhəmiyyətli dərəcədə artırdığı danılmazdır. Bu gün Ermənistan Silahlı Qüvvələrinin sərəncamında Azərbaycan ordusunda olmayan xeyli növ müasir raket sistemləri mövcuddur ki, bu da düşmən ölkəyə işğaldakı torpaqlar üzərindəki nəzarətini möhkəmləndirməyə imkan verir. Bundan başqa, bu gün strateji əhəmiyyətli yüksəkliklərin demək olar ki, hamısının düşmən ordusunun əlində olduğunu da hesaba qatsaq, o zaman əlverişli mövqelərdə yerləşən və müasir silahlara malik Ermənistan Silahlı Qüvvələri ilə savaşın o qədər də asan olmayacağı məntiqi meydana çıxır.

 

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin prezidenti politoloq Natiq Miri hesab edir ki, Rusiyanın Ermənistana müasir raket kompleksləri göndərməsi haqda məlumatları yalnız Azərbaycan amili ilə izah etmək doğru deyil: “Rusiyanın Ermənistanı müasir silahlarla, xüsusilə də uzaqvuran silahlarla silahlandırması regionda vəziyyəti bir qədər də gərginləşdirəcək. Ilk baxışdan bu cür silahlandırmanı Azərbaycana qarşı bir addım kimi də qəbul etmək olar. Lakin hesab edirəm ki, bu məsələ daha uzağa gedən, strateji bir xətt olaraq düşünülüb. Bu, həm regionda hərbi balansı gözləmək, həm də Yaxın Şərqdə gedən proseslərlə bağlıdır. Rusiya Yaxın Şərqdə getdikcə sıxışdırılır. Rusiyanın son qalası olan Suriyadakı Əsəd rejimi də çökmək üzrədir. Bundan sonra baş verəcək proseslərin özündə qeyri-müəyyənliyi ehtiva etməsi Rusiyanı bəzi qabaqlayıcı addımlar atmağa vadar edir. Rusiyanın Ermənistanı silahlandırması yaxın Şərqdə gedən proseslərlə daha çox bağlıdır. Təbii ki, bu məsələnin içərisində Cənubi Qafqazı öz nəzarətində saxlamaq və Azərbaycana təzyiq göstərmək elementlərini də görmək olar. Çünki son zamanlar qlobal səviyyədə beynəlxalq ekspertlər, xüsusilə də rusiyalı ekspertlər Azərbaycanın hər an Ermənistana qarşı müharibəyə başlaya biləcəyi ilə bağlı bəyanatlar verirlər. Bu bəyanatlar heç də əbəs deyil. Bu baxımdan məlum addım caydırıcı element olaraq da ortalığa atıla bilər”.

 

Politoloqun fikrincə, ola bilsin ki, məqsədli şəkildə dövriyyəyə buraxılan bu informasiyaların heç bir real əsası yoxdur və məqsəd bu məlumatlardan psixoloji təzyiq məqsədi ilə istifadə etməkdir: “Ola bilsin ki, yaxın gələcəkdə bu tip silahların Ermənistanda yerləşdirilməsi nəzərdə tutulmur. Sadəcə olaraq, Rusiya bir növ psixoloji olaraq bu cür dezinformasiyalardan istifadə etməklə müəyyən qüvvələrə mesaj verir. Eyni zamanda Azərbaycanı Ermənistana qarşı hərbi əməliyyatlardan çəkindirmək istəyir. Lakin baş verənlər yalnız Azərbaycana qarşı deyil, eyni zamanda regionda həlledici güclərdən biri olan Türkiyə və onun üzvü olduğu NATO-ya bir mesajdır. Hər bir halda informasiyanın doğru olub-olmamasından asılı olmayaraq, baş verənlər yeni bir gərginlik müstəvisi yarada bilər. Zənnimcə bundan daha çox caydırıcı informasiya olaraq istifadə olunur”.                                                                                                            Kremlin Ermənistanda müasir raketlər yerləşdirməsi Azərbaycana nə vəd edir?

 

N.Mirinin qənaətincə, Moskva Suriyaya yönəlik hərbi müdaxilənin baş verəcəyindən ehtiyat edir və hesab edir ki, belə bir müdaxilə Rusiyanın bu ölkədəki maraqlarına zərbə vura bilər: “Son zamanlar Rusiya prezidenti Putin Suriya ilə bağlı müəyyən anlaşmaların olmasına rəğmən bu ölkəyə hər hansı bir hərbi müdaxilənin mümkünsüzlüyü haqda yeni bir bəyanat verdi. Bu isə hesab edirəm ki, Türkiyədə olan son terror hadisələri ilə bağlıdır. Terror hadisələrinin altından Əsəd rejiminin çıxması vəziyyəti kritikləşdirib. Çünki Ərdoğan hakimiyyəti Türkiyə qırıcısının Suriya tərəfindən vurulması məsələsində səbrli davrana bilmişdisə, 50-dən çox insanın tələfatı ilə nəticələnən terror olayına səbr nümayiş etdirməsi mümkün deyil. Ən azından ona görə ki, baş verənləri ictimai rəy qəbul etmir. Ərdoğan baş verən olaylar qarşılığında ictimaiyyətə konkret söz deməlidir. Ərdoğanın 2014-cü ilin prezident seçkilərinə iddialı bir şəxs olduğunu nəzərə alsaq, o zaman məlum olar ki, hazırkı baş nazir ictimai-siyasi rəydə uduzmamaq üçün hansısa ciddi addımlar atmağa məcburdur. Bir sözlə, Rusiya bu cür çəkindirici informasiyalardan istifadə edə bilər. Məqsəd Suriyaya həbi müdaxilələri önləməkdir”.

 

Ekspertin qənaətincə, Rusiya prosesləri arzuladığı məcrada irəlilətməklə dünya gücləri ilə sərfəli bazarlığı təmin etməyə çalışır: “Hər hansı kənar hərbi müdaxilənin olması Rusiyanın maraqları çərçivəsində deyil. Rusiya hansısa siyasi bazarlıqlar nəticəsində Suriyada yeni hökumətin yaranmasında maraqlıdır və ümid edir ki, yeni hökumət dövründə Rusiyanın Suriyadakı geosiyasi maraqları təmin olunacaq. Rusiya bu səbəbdən Türkiyənin Suriyaya müdaxiləsini istəmir. Çünki bu müdaxilə NATO-nun da prosesə qoşulması ilə nəticələnə bilər ki, bu da Rusiyanı oyundankənar vəziyyətə salar. Bu səbəbdən də məsələyə daha geniş konteksdə baxmağın tərəfdarıyam. Ola bilsin ki, Rusiyanın dövriyyəyə buraxdığı bu informasiya həqiqətə ziddir. Lakin deyilənlər həqiqət olarsa, o zaman bu, yeni gərginlik müstəvisinin yaranması deməkdir. Bu isə o deməkdir ki, Rusiya dünya gücləri ilə bazarlığa girmək istəyir”.

 

 

Seymur Əliyev

Hurriyet.net

– See more at: http://karabakhinfo.com/musahibe/1436-kremlin-ermnistanda-masir-raketlr-yerldirmsi-azrbaycana-n-vd-edir.html#sthash.mEAkrzf0.dpuf

17.05.2013 17:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*