Azərbaycanca

Kür-Araz mədəniyyəti və erməni yalanları (II məqalə)

16.08.2013 | 11:47

1376637667_b1Mövzumuz baxımından Gəmiqayadakı yallı rəqsləri də xüsusi önəm daşımaqda və kökü ən azı Mezolit dövrünə qədər uzanan bu rəqsin Tunc dövründə də dəbdə olduğunu göstərməkdədir. Fəqət dövrün təsviri sənəti və musiqi mədəniyyətini öyrənmək baxımından Təbriz yaxınlığındakı Cığamış yaşayış məskənindən tapılan və eradan əvvəl  lll minilliyə aid edilən bir daşın önəmi heç bir ölçüyə sığmır. Bu daşın üzərindəki təsvir özünün realistliyi və yüksək sənət nümunəsi olması ilə seçilir.Lakin həmin təsviri əhəmiyyətli edən onun təkcə bu məziyyəti deyil, həm də  daşıdığı informasiya yüküdür. Təsvirdə Azərbaycanın qədim musiqi alətlərindən olan cəng, qara zurna, qoşanağara və saxsı qablarda ifa edən musiqiçilər qrupu, başqa sözlə dünyanın elmə məlum ən qədim orkestrı, eləcə də eynən bu günkü xanəndələr kimi əlini qulağının dibinə qoyub mahnı ifa edən müğənni təsvir edilmişdir. Bu tapıntı sayəsində qədim musiqi mədəniyyətimiz, alətlərimiz, ifaçılıq və vokal sənətimiz barədə müəyyən təsəvvür əldə etmiş oluruq. 

 Musiqişünas alim Rafiq İmrani deyir:

“Cığamış təsvirində biz dünyanın ən qədim orkestrini və qədim musiqi alətlərimizi görürük. O dövrdə musiqi mədəniyyəti çox yüksək səviyyədə olmuşdur və bunu amerikalı mütəxəssislərin üzə çıxararaq çözə bildikləri qədim şumer notları sübut edir. Sözügedən notlarda ifadə edilən musiqi özünün professionalizmi ilə seçilir və öz səs steminə görə Azərbaycan musiqisinə tam uyğun gəlir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Azərbaycan muğamının kökləri şumer mədəniyyətinə dayanır.”   

Məlumat üçün bildirək ki, bəzi tədqiqatçıların fikrincə, sözügedən təsvir Eneolit dövrünə, daha dəqiq desək, e. ə. Vl minilliyə, yəni 8000 min il öncəyə aiddir. Məsələn, Abbasqulu Nəcəfzadə tanınmış şərqşünas alim Əbülfəz Hüseyniyə istinadən yazır: 

“Azərbaycan ərazisində aerofonlu, xordofonlu, membranofonlu və idiofonlu alətlərdən ən azı 8 min il bundan əvvəl geniş istifadə edilib. İranda, Cənubi Azərbaycanın (Şuş dağının ətəyində, qədim Akbatan – Həmədanın cənub-şərqində  yerləşən) Cığamış şəhərində arxeoloji qazıntılar zamanı 8 minillik tarixə malik gildən hazırlanmış qab tapılıb. Qabın üzərində bir sıra çalğı alətlərinin ifaçılarının təsvirləri həkk edilmişdir: çəng (telli, arfayabənzər); qopuz (telli, tənburabənzər); qoşanağara, dəf (və ya qavalabənzər), təbil kimi zərb alətləri; buynuz formalı nəfəs aləti və eləcə də müxtəlif ölçülü, irilixırdalı kasalar. 

Bu faktlar fil. el. nam. Əbülfəzl Hüseyninin (1925-1987) “Orkestrin ulu babası” adlı məqaləsində əksini tapmışdır. O, qeyd edir ki, 1961-1966-cı illərdə Çikaqo Universitetinin (ABŞ) Şərq dilləri üzrə prf., arxeoloq Hilen Kantur və Cığamışda qazıntıya başçılıq edən Kaliforniya Universitetinin Orta Şərq dilləri üzrə mütəxəssisi, prf. Pinas Delokaz bu tapıntı ilə elm aləmində, bəşər tarixində əvəzsiz bir kəşf etmişlər. V.Əliyev də “Tarixin izləri ilə” adlı əsərində (“Boyalı qablar” məqaləsi) ulu babalarımızın həmin dövrdə gil qablar hazırlamağa nail olduqlarını bildirir”. 

  Nizami Cəfərovun fikrincə, ən qədim Azərbaycan mədəniyyətinin tipologiyası arxeoloji tədqiqatlar əsasında müəyyən olunur: 

“Əlbəttə, həm maddi, həm də mənəvi mədəniyyətin öz arxeologiyası var; maddi arxeologiya göstərir ki, Azərbaycan xalqı ən qədim dövrlərdən bütün maddi – mənəvi varlığı ilə indiki Azərbaycan ərazisinə bağlıdır, mənəvi arxeologiya – folklorşünaslıq da eyni həqiqəti təsdiq edir. 

 “Milli mədəniyyət” dedikdə,   əsasən millətin formalaşması ilə bağlı olaraq müəyyənləşən mədəniyyət  başa  düşülür. Millət birdən – birə formalaşmadığı kimi,milli mədəniyyət də birdən – birə müəyyənləşmir. Hər iki proses tədricən, eyni zamanda dialektik vəhdətdə gedir.” Tunc dövrünün Azərbaycan türklərinin həyatına daxil etdiyi ən önəmli yeniliklərdən biri də əkinçilikdə kotandan, öküzdən və qoşqu alətlərindən istifadə edilməsi idi. Mövzu ilə bağlı Q. Cavadov yazır: 

“Apardığımz tədqiqatlar qara kotanın Qafqaz mənşəli şum aləti olduğunu təsdiq edir. Bu şum aləti Qafqaz xalqlarının çoxunda olub, azərbaycanlılarda “kotan”, ləzgilərdə və Şahdağ qrupu xalqlarında “kutan”, gürcülərdə “qutani”, çeçenlərdə “quton”, avarlarda “kutan”, balkarlarda “qotan”, darginlərdə “qutan”, udunlərdə “kotan”, osetinlərdə “quton // qoton”, farslarda “qutan” adlandırılır”. 1376638086_b2

Azərbaycanın əksər etnoqrafik zonalarında yayılan bu alət əhali arasında “qara kotan” ad ilə tanınmaqdadır. Bu sözbirləşməsi Azərbaycan folklorunda da özünə möhkəm yer eləmişdir:   

“Qara kotan ağırdır,

Öküzlərin yağırdır.

Qarmax tellim çəkməyir,

Xınalım da sağırdır”. 

 

Buradakı “qara” ifadəsi xüsusi diqqət çəkir. A. N. Kononovun yazdığına görə, bu söz” türk xalqlarında yer, torpaq və rəng mənalarında işlədilmişdir. Ayrca “kotan” kəlməsinə gəlincə, ona da folklorumuzda gen-bol rast gəlinir:

“Dağ döşündə yatana,

Gün gedər ay batana.

Qara kəlim qarğıyır,

Kotan macı tutana”.  

 

Başqa bir misal:    

 

“Öküzlər qoşa getdi

, İşlədi, çoşa getdi.

Kotan macı qırıldı,

Zəhmətim boşa getdi” (Bayatılar, 1960, s. 246).   

 

1376638146_b4“Kotan” və “saban” kimi əkinçilik alətləri xalqımızın məişəti ilə o qədər sıx bağlı olmuşdur ki, onların adları xalq təqvimindəki aylara belə keçmişdir. Xalq yaradıcılığının və milli folklorumuzun dərindən öyrənilməsi sayəsində məlum olmuşdur ki, Azərbaycanda kökü minilliklərin dərinliklərinə qədər uzanan zəngin bir təqvimçilik mədəniyyəti olmuş və bu mədəniyyət xalqımzın əkinçilik mədəniyyətinin bütün sonrakı təkamül mərhələlərini də özündə aydın şəkildə əks etdirmişdir. O da məlum olmuşdur ki, çox-çox qədim dövrlərdən başlayaraq ölkəmizin ərazisində təqvimlə bağlı zəngin bir terminoloji baza yaranmış, maldar və əkinçilər öz məşğuliyyətlərindən çıxış edərək, fərqli adlardan istifadə etmiş və həmin ad və terminlərdən yaxın zamanlara qədər istifadə edilmişdir. Məsələn, tərəkəmələr ayları aşağıdakı kimi adlandırmışlar:

1. Tikim Ay, 2. Saçım Ay, 3. Qırxım Ay, 4. Biçim Ay, 5. Dərim Ay, 6. Verim Ay, 7. Əkim Ay, 8. Söküm Ay, 9. Qatım Ay, 10. Sağım Ay, 11. Üsüm Ay, 12. Sürüm Ay.

Əkinçilər isə başqa adlardan istifadə etmişlər: 

1Köten (Kotan) Ay, 2. Saban (Sapan) Ay, 3. Qosaq Ay, 4. Oraq Ay, 5. Dirən Ay, 6. Döyən (Dövən, Döğən) Ay, 7. Tapan Ay, 8. Dibək Ay, 9. Qazan Ay, 10. Ocaq Ay, 11. Kirmən (Əyirmən) Ay, 12. Külək Ay. 

Heç şübhəsiz ki, bunlardan birincisi daha qədimdir. Çünki ikincidə “kotan” və “saban” kimi terminlərlə üzləşirik ki, bu terminlərin ifadə etdikləri əmək alətləri, yəni kotan və saban, arxeoloqlarımızın müəyyən etdiyi kimi, məişətimizə erkən Tunc dövründən daxil olmuşlar. Deməli, maldarların istifadə etdikləri adlar Eneolit, əkinçilərin istifadə etdikləri terminologiya isə Tunc dövrünün məhsuludur.

 “Kotan” termininin mənşəyinin  dəqiqləşdirilməsi əkinçilik mədəniyyətinin cütçülüklə bağlı mərhələsinin, eləcə də bu mərhələyə start vermiş Kür-Araz mədəniyyətinin əsasının bilavasitə hansı etnos tərəfindən qoyulduğuna aydınlıq gətirə bilər. Yəni bu kəlmə hansı xalqa mənsubdursa, sözügedən mədəniyyətin əsasını da məhz bu xalq qoymuşdur və digər etnoslar bu mədəniyyəti ondan əxz edərkən, bu kəlməni də həmin xalqadan əxz etmişlər. 

Qeyd edək ki, terminin mənşəyi barədə çox fikirlər söylənmiş, onu ayrı-ayrı xalqlara şamil etmək cəhdləri olmuşdur.  Məsələn, akademik B. A. Cavaxişvili iddia edir ki, guya bu kəlmə gürcü sözüdür və gürcü dilindən də digər dillərə keçmişdir. Şübhəsiz ki, bu kimi iddiaların heç bir faktoloji əsası yoxdur. Çünki bu, gerçəkdən də belə olsa idi, qonşu xalqlar da termini eynən gürcülər kimi axırına gürcü dilinə “-i” şəkilçisi artırmaqla, yəni “qutani” formasında işlədərdilər. Məsələn gürcü mətbəxinin şah yeməklərindən hesab edilən xaçapurinin (pendir-çörək mənası verir) adı bütün qonşuların dilinə məhz “xaçapuri” şəklində keçib və heç kəs də həmin kəlmənin sonundakı “-i” şəkilçisini atmağı ağlına belə gətirməyib. Gürcülər isə, əksinə, kənardan aldıqları bütün sözlərin arxasına öz dillərinin qanunauyğunluqlarına müvafiq olaraq sözügedən şəkilçini əlavə edirlər. Məsələn, Azərbaycan türkcəsindən bu dilə keçən “cib” kəlməsi həmin dildə “cibi”, “şalvar” sözü “şalvari”, pəncərə “pancari”, salam “salami” və s. formasını alıb. Eyni qayda ilə Azərbaycanın qədim şəhərlərindən olan Tiflis şəhəri də Gürcüstan dövlətinin paytaxtına çevrildikdən sonra bütün dünyaya “Tbilisi” kimi təqdim olunur və sovet dövründən sonra biz də həmin şəhəri o cür adlandırmağa başlamışıq və bu zaman toponimin sonundakı “-i” şəkilçisini bir kənara atmaq ağlımıza belə gəlməyib.

B. A. Cavaxişvilidən fərqli olaraq, XVlll əsrin tanınmış gürcü maarifçisi və leksikoqrafı S. Orbeliаnin tərtib etdiyi izahlı lüğətdə sözügedən kəlmə türk mənşəli termin kimi qeyd edilib. Onun bu fikrini türk  dilləri üzrə mütəxəssis olan  İ. A. Abuladze də təsdiq etməkdədir.
R. Açaryanın “kotan” sözünün dil baxımından guya Qafqaz mənşəli olduğu və Qafqaz dillərindən türk, fars və suryani dillərinə keçdiyi barədə fərziyyəsini tənqid edən, onun bu fikrinin doğru olmadığını əsaslandıran A. N. Genko bildirir ki, “kotan” istilahı Qafqaz dillərində önlü şum aləti kimi başa düşülsə də onu Qafqazdilli xalqların, o cümlədən gürcülərin köklü sözü saymaq mümkün deyildir.

Kəlmənin linqvistik baxımdan bir də ona görə Qafqaz mənşəli hesab etmək olmaz ki, kotanın insanların mənşəyinə daxil olduğu erkən Tunc dövründə (e.ə. lV minillik) Qafqaz ərazisində qafqazdillilərin yaşadığını təsdiqləyəcək bircə dənə də olsun fakt yoxdur. Məsələ burasındadır ki, qafqazdilli etnosların mənsub olduqları kafkasion antropoloji tipinin Qafqaz ərazisində ilk dəfə peyda olma vaxtı son Tunc – erkən dəmir dövrünə (e.ə. ll minilliyin ortaları) təsadüf edir. Halbuki, Azərbaycan türklərinin mənsub olduqları kaspi (oğuz) tipi ən azı Mezolit dövründən (e. ə. Xll-Vlll minilliklər) müşahidə edilir. Odur ki, sözün türk mənşəli olduğu heç bir şübhə doğurmur və bunu həmin terminin eyni anlamda digər türk dillərində də (qırğız, uyğur, cığatay və s.) ümumişlək söz olması faktı da təsdiq edir. 

“Kotan” kəlməsi linqvistik baxımdan Qafqaz mənşəli olmasa da, coğrafi areal baxımından, şübhəsiz ki, Qafqaz mənşəlidir və bilavasitə Azərbaycan türklərinə məxsusdur. Təsadüfi deyil ki, V. V. Radlov və L. Z. Budaqov kimi görkəmli türkoloqların lüğətlərində həmin termin məhz Azərbaycan dili materialı kimi təqdim olunmaqdadır.

Bütün bu deyilənlərə Firidun Ağasıoğlunun aşağıdakı sözlərini də əlavə etmək lazımdır:

“Əkinçilik mədəniyyətindən xəbər verən kotan sözü erməni, gürcü dillərində qutan, Dağıstan dillərində kutan şəklində işlənir. Q. A. Klimov bu sözün bəzi İran dillərində və suriya dilində də olduğunu nəzərə alıb, onun türk dilləri vasitəsi ilə Qafqaz arealına yayıldığını ehtimal edir”. Leksik bazasında (müxtəlif fonetik variantlarda) “kotan” kəlməsi olan xalqların əhatə etdikləri coğrafi arealı gözdən keçirsək, onun Şimali Qafqazda Çeçenistan və İnquşetiyadan tutmuş Dağıstana, Güney Qafqazda Azərbaycandan Gürcüstan və Ermənistana (Qərbi Azərbaycana), ümumilikdə isə Qafqazdan İran və Anadoluya qədər uzandığını görə bilərik. Maraqlıdır ki, Kür-Araz mədəniyyəti məhz həmin arealı əhatə etmişdir. Tanınmış arxeoloq alim Rəşid Göyüşov sözügedən mədəniyyət barədə yazır:

“İlk Tunc dövrü tuncun kəşfi ilə başlanır. Bu dövr üçün başlıca xarakterik xüsusiyyətlərindən biri həmin dövr mədəniyyətinin ümumi Qafqaz miqyasında eyniliyidir. Azərbaycanda ilk Tunc dövrü abidələri elmi ədəbiyyatda “Kür – Araz mədəniyyəti” adı ilə məşhurdur. Hazırda müəyyən olunmuşdur ki, ilk Tunc dövrünə aid Kür – Araz mdəniyyəti üçün xarakterik olan abidələrin yayılmaərazisi olduqca genişdir. Tədqiqatçılar Kür – Araz mədəniyyətinin izlərinə bütün Zaqafqaziyada (Güney Qafqazda), İranın şimal – qərbində (Güney Azərbaycanda və bugünkü İranın ona bitişik ərazilərində), Şərqi Anadoluda, Dağıstanda, Çeçen – İnquşetiyada və b. yerlərdə təsadüf etmişlər”.

Rəşid Göyüşovun yazdığına görə, həmin dövrü səciyyələndirən abidələrin yayılma arealı və onların sıxlığı haqlı olaraq belə nəticəyə gəlməyə imkan vermişdir ki, ilk Tunc dövründə Azərbaycan ərazisində əhalinin sayı xeyli artmışdı. Bu dövr, başlıca olaraq, məişət abidələri – yaşayış məskənləri vasitəsilə izlənmişdir. Naxçıvanda l Kültəpənin ll təbəqəsi, ll Kültəpənin alt təbəqəsi, Babadərviş yaşayış yerinin üst qatı, Mingəçevir abidələri kompleksinin ilk dövrü, Kültəpə, Meynətəpə, Uzuntəpə və digr abidələr Kür – Araz mədəniyyətini səciyyələndirən maddi – mədəniyyət qalıqları ilə olduqca zəngindir. Bu mədəniyyətin izlərinə Qobustan abidələri kompleksində də təsadüf olunmuşdur.  Göstərilən abidələrdə aparılmış arxeoloji qazıntılar, həmin dövrdə məhsuldar qüvvələrin inkişaf səviyyəsini, yaşayış məskənlərinin xarakterik cəhətlərini, İlk Tunc dövrü üçün səciyyəvi olan bir sıra adət – ənənələri, həmçinin Kür – Araz  mədəniyyəti sakinlərinin həyatında baş vermiş digər iqtisadi, ictimai və ideoloji dəyişiklikləri üzə çıxarmışdır: 

“1949 – cu ildən başlayaraq, Mingəçevirdə Kür çayının sol sahilində ilk Tunc dövrünə aid iri ölçülü dörd yaşayış binasının qalıqları öyrənilmişdir. Bu binaların ümumi uzunluğu 8 m – dən 14 m – ə qədər, eni isə 4 – 8 m – dir. Uzunsov, yarımqazma halında olan bu binalar saman qarışıqlı palçıqdan (möhrədən) tikilmişdir. Onların döşəməsində çoxlu ocaq yerləri vardır. Otaqların divarlar boyu dirək yerləri üzə çıxarılıb. Görünür, bu binaların tavanı sütunlar üzərində qurulmuşdur.”

Maraqlıdır ki, bu ənənə Orta və Son Tunc, eləcə də Dəmir dövrlərində də davam etmişdir. İndiyə qədər üzə çıxarılan və alimlər tərəfindən Manna şəhərləri kimi xarakterizə edilən şəhərlərin binalarının böyük əksəriyyətində sütunlardan istifadə edildiyi aşkar edilmişdir. Yəni bu, Manna (Mahan) memarlığının ayrılmaz elementlərindən biri idi. Mingəçevirdən tapılan və ilk Tunc dövrünə aid edilən tikililər sübut edir ki, bu elementdən istifadə edilməsi Kür – Araz mdəniyyətinin tarix səhnəsinə çıxdığı dövrdən başlamışdır. Deməli, bu mədəniyyət və incəsənət hadisəsi Kür – Araz mədəniyyəti ilə birbaşa bağlıdır. Eyni hala e.ə. l minilliyin əvvəllərinə, başqa sözlə, “Manna” adının Aşşur və Urartu mənbələrində peyda olduğu dövrə,  yəni Dəmir dövrünə aid edilən arxeoloji abidələrdə rast gəlinmişdir. Yeri gəlmişkən qeyd edilməlidir ki, bu dövr Manna abidələri arxeoloqlar tərəfindən daha yaxşı öyrənilmiş və təsvir edilmişdir.  

 

Bəxtiyar TUNCAY

 

“KarabakhINFO.com”  

16.08.2013 11:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*