Azərbaycanca

Laçın ilk insanların yaşadığı ərazilərdən biri kimi hesab oluna bilər

22.05.2014 | 06:43

1400753322_lacinAzərbaycan torpaqları qədim və orta əsrlərdə də səyyahların diqqət mərkəzində olub. Onları buraya gətirən səbəb ərazimizdə yerləşən böyük xəzinələr idi. Bu xəzinələr həm maddi, həm də mənəvi idi. Şərqlə qərbin qovuşduğu bu məkanda musiqi, ədəbiyyat, sənətkarlıq, memarlıq və.s ən yüksək həddə çatmışdı. Bunu sübut edən tarixi qaynaqlar bu gün də öz əsasını qorumaqdadır. Sənətşünaslıq baxımından diqqətimizi çəkən məqam budur ki, həmin səyyahların hər biri öz xatirələrində eyni fikri bildirirdi. “Azərbaycanda gördüyüm təbiəti, sənətkarlığı, qonaqpərvərliyi, incəsənəti heç yerdə görmədim” Təsadüfi deyil ki, Azərbaycanı möcüzələr diyarı adlandırırlar. Bu möcüzənin sirri nə idi? Laçın ilk insanların yaşadığı ərazilərdən biri hesab oluna bilər. Qazıntılar zamanı aşkar edilmiş bir sıra maddi nümunələr bunu deməyə əsas verir. Ümumi memarlıq prinsiplərinə uyğunlaşmış Laçın abidələri həm də öz fərdi cəhətləri ilə seçilən üslub xüsusiyyətlərinə malikdir. Bu mənada Laçının bir sıra türbə və abidələri diqqəti cəlb edir.

 

800px-Ağoğlan_monastrı_33Ağoğlan monastrı – inşası 5-6 cı əsrlərə təsadüf edir. Tikili xristianlığın göstəricisi olaraq bazelika formasında tərtib olunmuşdur. Kilsədə xristian dininə xas olan cəhətlər əks olunsa da, yerli üslub da duyulmaqdadır. Bu üslubu tikilinin həm quruluşunda, həm də etimologiyasında görmək olar. Belə rəvayət olunur ki, kilsəni həmin dövrdə Laçın ərazisindən keçən səyyah tikdirmişdir. İnşa zamanı yerli əhalinin də böyük köməyi olur. Qəsr kimi təqdim olunan monastr xalq tərəfindən onu tikdirən səyyaha görə Ağoğlan adlandırılıb. Digər rəvayət isə qaranquşun adıyla bağlıdır. Bir gün, yeməyə yığışan vaxt qaranquş aşpazın başına fırlanaraq onun camaata yemək paylamasına maneçilik törədir. Quşun bu hərəkətinə hamı maraqla tamaşa edir, amma heç kəs heç nə başa düşmür. Bu an qaranquş özünü qaynar qazanın içinə ataraq məhv edir. Təəccüblənən aşpaz yeməyi kənara boşaldan zaman qazanın içində bir ilan ölüsünün olduğunu görərək məsələnin mahiyyətini dərk edir. Bu xilaskar quşu öz qəsrinin yanında basdıran şəxs həmin tikiliyə Qaranquş adı verir. Bu rəvayətlər bir mənada əfsanə səciyyəsi daşısa da digər tərəfdən qədim Laçınlıların mədəni dünya görüşünün bariz nümunəsidir. Təhlil prizmasından yanaşsaq burada mədəni kateqoriyaların göstəricisi olan xeyirxahlıq, insanpərvərlik, incəsənət, birgə əmək kimi əsas estetik tələblər öz əksini tapmışdır. Bu isə Laçın mədəniyyətinin hələ qədim dövrdən ən yüksək həddə olduğunu təsdiq edir. Kilsə plan baxımından üç neflidir. Uzunluğu 25, eni isə 12,5 metrdir. Kvadrat formalı səkkiz dayaq pilonların iki cərgəsi binanın interyerini üç hissəyə bölür. Ağoğlan məbədi orta hissəsinin hündürlüyü 17 metr, yan hissələrin hündürlüyü isə 11,5 metr olan divardan ibarətdir. Daxili zaldakı bütün neflər silindrik formalı tağlarla birləşərək ecazkar gözəllik yaradır. Sözü gedən tağlar böyük məharətlə yonularaq bir-birinə uyğunlaşdırılmış daşlardan tərtib olunmuşdur. Qeyd etmək lazımdır ki, binada yerli material olan boz bazaltdan istifadə edilmişdir. Binanın ensiz pəncərə oyuqları işıq-kölgə illuziyası yaratdığından dini ayinlərin keçirilməsi üçün ideal aura yaranır. Zalın daxili məkanına bu oyuqlardan işıq düşür. Mərkəzi hissənin oyuqları isə qoşa formadadır. Həmin oyuqlardan biri zalın əsas, digəri isə yanlardakı nefləri işıqlandırır. Binanın üzərində yerləşən rotonda kilsənin ifadəli, ciddi həcmini daha da fərqli şəkildə canlandırır. Məbədin daxili divarları yonulmuş iri, qara daşlarla üzlənmişdir. Həmin daşlar hörgü yerinə geniş məhlul tikişləri ilə hörülmüşdür. Belə nəticəyə gəlmək olar ki, ilkin orta əsrlərdə kilsənin divarları malalanmış, həmin suvaq üzərində isə polixrom rəsmlər təsvir edilmişdir. Bunu günümüzə qədər qismən kilsənin divarlarında qalmış nümunələr sübut edir.

 

Melikejder_turbesiCicimli kəndidəki Məlikəjdər türbəsi olduqca təqdirəlayiq nümunədir. Türbə planda səkkizbucaqlı quruluşa malik olsa da xaricdən tamamilə başqa təəssürat yaradır. Bu özünəməxsusluq türbəni o dövrə aid olan digər tikintilərdən fərqləndirir. Fərqli həcm quruluşuna malik olan Cicimli türbəsinin divarları əyri xətlə işlənmiş və maraqlı bir kompozisiya halında təqdim olunmuşdur. Türbə ümumi şəkildə parabolanı xatırladır. Səthlər arasnda olan tillər oyma çıxıntılarla tərtib olunmuşdur. Nəticə etibarilə tikilinin görünüşü türk xalqlarına mənsub yurd formasını əks etdirir. Cicimli türbəsinin giriş qapısının yuxarı, sağ və sol tərəflərində böyük ustalıqla yonulmuş daş oymalar da diqqət çəkicidir. Həmin oymalar öküz şəklində təsvir edilmişdir. Olduqca hərəkətli vəziyyətdə oyulmuş təsvirlər abidənin bədii xüsusiyyətlərini daha da zənginləşdirir. Həmçinin, bu nümunələr Azərbaycanda heyvan təsvirlərinin o dövrdə olduqca geniş yayıldığını sübut edir. Cicimli abidəsinin üzərində yazılı kitabə olmadığından onun nə zaman inşa edildiyini dəqiq deyə bilmirik. Bu möhtəşəm tikintini ilk dəfə görmüş və ictimaiyyətə çatdırmış İ.Şeblikin abidənin Səlcuqilər dövrünə mənsub olduğu fikrini irəli sürür. Bu amilə əsaslansaq tikilinin tarixi XII əsrə, və ya XIII əsrin əvvəllərinə aid edilməlidir. Ümumilikdə Laçın mədəniyyətinin müxtəlif növlərinə nəzər salsaq ayrı-ayrı inkişafın, dinamikanın, rəngarəngliyin şahidi olarıq. Həmin amil xalqın dünyagörüşünün, zəngin bədii fikrinin göstəricisidir. Bu incəsənət nümunələri təkcə qədim dövr və orta əsrlərdə deyil, sonrakı zamanlarda da inkişafda idi. Misal olaraq 18-19 cu əsrdə inşa edilmiş bir sıra məscid, mədrəsə, kanvasara tipli tikililəri qeyd etmək olar. Həmin tikililərin möhtəşəm olmasının əsas səbəbi xalq, sənətkarların daxili dünyasından, ruhundan coşan istedadla əməyin birgə vəhdəti idi. Bu, bəlkə də Laçın incəsənətindəki möcüzələrin ən böyük sirri idi…

 

İstifadə olunmuş ədəbiyyat:

1 . Abbasov V. Ünsiyyətdən Başlanan Ucalmaq yolu.Bakı, 2008

2 . Bünyadaov Z. Azərbaycan Tarixi .Bakı, 1994

3. M.Manafova, N.Əfəndiyeva, S. Əliyeva, S.Şahhüseynova, T.Əhmədova, Y.Eyvazova, L.Atakişiyeva, Y.Əliyeva. Sosial Kulturalogiya. Bakı, 2010

 

 

Fəxri Məmmədli

Sənətşünas ekspert,Azərbaycan Rəssamlar İttifaqınının üzvü

“KarabakhİNFO.com” 

22.05.2014 06:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*