Azərbaycanca

“Laçın öncədən hazırlanan təxribatın qurbanı oldu”

17.05.2014 | 05:49

1400321079_arif-paayevLaçın alayının sabiq komandiri Arif Paşanın “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibəsi:

-Sabiq Laçın alayının komandiri olaraq Laçın rayonun əsas işğal səbəblərini ilə əlaqələndirirsiniz?

– Bu haqda kifayət qədər müsahibələrim olub. Artıq Laçın və Qarabağı necə azad etmək uğrunda düşünməliyik və bu fikir aktual olmalıdır…Təəssüflər olsun ki, Laçın da siyasi oyunların qurbanı oldu. İşğalın səbəbləri məhkəmədə sübut olundu. Bu gün ictimaiyyətimizə məsələnin mahiyyəti bəllidir. Təəssüf ki, bəzi media orqanlarımız işğalın səbəbini cəmiyyətə təhrif olunmuş formada çatdırırlar. Guya Laçında nizamsız döyüş qüvvələri olub və onlar heç kimə tabe

olmayıblar. Bu günlərdə Şuşanın işğalı ilə bağlı çəkilən süjetdə də bunu göstərdilər. Bu yalandır. Laçında kifayət qədər nizamlı, hərbi qayda-qanunlara riayət edən və yerli əhalinin içərisindən təşkil edilən alay möcvud idi. Xüsusilə hər gün səhər saat 8:00-da alayla bağlı müdafiə nazirliyinə zəng edib məruzə edilirdi. Tabeçiliyin bütün atributlarına əməl olunurdu. Təəssüf ki, torpaq işğal olunandan sonra bizə qarşı ittihamlar, xoşagəlməz sözlər deyilməyə başlanıldı.

 

– Fikirlərinizdən belə aydın olur ki, Laçında nizamlı ordu hissələri mövcud olub. Bununla belə Laçın işğal olunub…

 

– Laçında ümumiləşdirilmiş hərbi hissələrimiz düşmənə qarşı layiqincə müqavimət göstərirdilər. Laçının işğalının əsas səbəbi siyasi proseslərə söykənir. Laçının müdafiəsi 126 əsgərə rəhbərlik edən, müstəqilliyə nifrətlə yanaşan birinə tapşırıldı. Bu komandir Laçının strateji əhəmiyyətini bilmirdi və orada hansı hadisələrin getməsindən xəbərsiz idi. Bizdə kəşfiyyat məlumatları var idi ki, ermənilər nə zaman hücum edəcəklər, bu haqda yuxarı dairələrə məlumat verirdik. Ermənilərin hücumu haqqında məlumatlar ola-ola Laçın və bütün sərhədboyu bölgələrdə hərbi hissələr ləğv edilirdi. O hərbi hissələr ki, Azərbaycanın müstəqilliyi uğrunda savaşan və canlarını vətənə fəda edən insanlardan ibarət idi. Onlar döyüşə məcburi gəlməmişdilər. Psixoloji cəhətdən hazırlıqlı və mənəvi ruhu yüksək hərbi hissələr idi. Ermənilərin itkiləri də çox olurdu, özləri də bunu etiraf edirdilər. Belə olan halda, orada döyüşlərin olmamasını demək yalan olar. Belə münasibəti dövrün tarixi hadisələrinə ədalətsiz yanaşma kimi qəbul edirəm. Bu savaşlar Azərbaycan xalqının qəhrəmanlıq dövrünün əsas səlnaməsidir.

 

– Laçının işğalında düşmən tərəfdən nə qədər canlı qüvvə, texnika iştirak edib?

 

-Məsələnin kökündə başqa amillər dayanır. Həmin dövrdə az qüvvə ilə də müəyyən iş görmək mümkün olardı. Laçına Gorus tərəfdən 55 zirehli texnika yeridildi. Həmin vaxt Şuşada olan şəxsi heyətin sayı 3 min idi. Onların çoxunun məzuniyyətə buraxılması və 300 nəfərlik şəxsi heyətin qalması hazırlanan təxribatın tərkib hissəsi idi. Laçın öncədən hazırlanan təxribatın qurbanı oldu. Ən fenomenal xalq belə bu qüvvə ilə 9 min 200 nəfərlik ordunun qarşısını ala bilməzdi. Bu məsələnin görünən nəticəsidir. Azərbaycanı müstəqil görmək istəməyən qüvvələr bilərəkdən bu durumu yaratdılar. Şuşada olan əsgərlərə qarşı təxribatlar oldu. Onlar güllənin səsinə oyanmışdılar. Yuxudan ayılan əsgərlər görürlər ki, avtomatların nişangahları çıxardılıb və yollar minalardan təmizlənib. Onlara hücum haqqında da heç bir məlumat verilmirdi. Onu da qeyd edim ki, Şuşanın işğalı Laçının işğalına böyük təsir etdi və bundan sonra Laçını mühafizə etmək çətinləşdi.

 

– Həmin ərəfədə Laçında nə qədər canlı qüvvə var idi?

 

– Həmin ərəfədə Laçın və Şuşa istiqamətinə qüvvələr göndərildi. 54-56 nömrəli daxili qoşun hissələri, özünümüdafiə batalyonlar, polislərimiz köməyə gəldilər. İstər döyüş sursatı, istərsə də insan resursu baxımından qüvvələr mövcud idi. Düzdür, Şuşanın işğalından sonra Laçını qoruyub saxlamaq çətinləşmişdi və bütün strateji yüksəkliklər ermənilərin əlində idi. Düşmənə zərbə vurmaqla Laçını bir müddət qorumaq mümkün olardı…Ermənistanla sərhədə 5 min 500 mina düzmüşdük. O zaman Ermənistan tərəfdən hücumun olacağına inanmırdıq, əsas hücumun Dağlıq Qarabağ tərəfdən olacağını bilirdik. Ehtiyat tədbirlərini görürdük. Amma qüvvələrin Dağlıq Qarabağ istiqamətindən çıxarılıb, başqa istiqamətlərə göndərilməsi xəyanət idi. Mayn 15-də Laçını Turş istiqamətində qoruyan müdafiə nazirliyinin hissələri heç kimə xəbər etmədən oranı tərk etdilər. Laçını Dağlıq Qarabağ istiqamətində əhatə edən bütün yüksəklik və mövqeləri düşmən əlinə keçdi. Ermənilər bununla da bir neçə yüz metrdən mövqelərini gücləndirdilər. Artıq Təzəkənd, Qala və Laçına bitişik kəndlər ermənilərin əlində idi. Qüvvələrimizin bu yerləri tərk etməsi vəziyyəti ağırlaşdırırdı. Laçına iki qapı var idi: biri Ermənistan, digəri isə Dağlıq Qarabağ tərəfdən. Belə olan təqdirdə qapının biri açıq qaldı. Buna baxmayaraq, mayın 17-nə qədər əsgərlərimiz rəşadətlə döyüşürdülər. Bu döyüşlərdə qohumlarım, əqidə dostlarım şəhid oldular. Bəzən deyəndə ki, Laçında döyüş olmayıb, deyirəm ki, orada şəhid olanları yəqin insan saymırsınız.

 

– Hazırda Qarabağ məsələsinin həll edilməsi istiqamətində danışıqlar gedir. Sabiq hərbçi olaraq ordumuzun müharibə əhvali-ruhiyyəsini necə dəyərləndirirsiniz?

 

-Ordumuz müharibənin çətin sınaqlarından yaranıb. Orduya qürur mənbəyi kimi baxıram. Bu gün çox güclü ordumuz var. Ordu hər zaman müqəddəsdir. Azərbaycan ordusu Ermənistanı məhv etməyə qadirdir və bütün mövqelərini darmadağın edə biləcək səviyyədədir. Milli zabit kadrlarımız hazırlanır. Əsgər, zabitlərlə söhbət edərkən bir daha əmin oluram ki, ordumuz düşmənin mövqeylərini darmadağın etməyə qadirdir.

 

Elnur Eltürk

“KarabakhİNFO.com” 

17.05.2014 05:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*