Azərbaycanca

Laçın – qeyrət yükü

17.05.2014 | 07:05

1400319591_lLaçını olduğu kimi xatırlayıram, necə idisə eləcə. 1000 il keçsə də Laçın dəyişməyəcək. Gəncliyimdə necə görmüşəmsə elə də xatırlayıram. Allah qoysa o təsəvvürlə də Laçına qayıdacağıq. Sonuncu dəfə 1992-ci ilin aprel ayının axırlarında Laçında olmuşam. Laçın may ayında işğal olunmasına baxmayaraq biz Kəlbəcər rayonundan keçərək şimaldan Laçına daxil olmuşuq, Laçın rayonu ərazisində döyüşlər aparmışıq. 1992-ci ilin aprel ayına qədər Laçın rayonunun ərazisi bizim döyüşçülərin nəzarətində idi. Kəlbəcər mühasirəyə düşdükdən sonra biz Laçını tərk etmək məcburiyyətində qaldıq. Mən Laçını tərk edəndə 42 yaşım vardı. Necə görmüşəmsə gözlərim önündə də o cür canlanır. O cığırlar, o dağlar, o daşlar hər şey olduğu kimidir. Laçında çatışmayan bircə bizik. Kişiliyimiz çatsa Laçına qayıdacağıq, başqa yol yoxdur. Onda Laçın Laçın olacaq. Bu gün laçınlıların birinci istəyi Vətənə qayıtmaqdır. Burada ikinci bir söhbət ola bilməz. Qalan ikindərəcəli istəklər sosial-məişət problemləri ilə bağlıdır. Məcburi köçkünlüyün doğurduyu real problemlər var . Təbii ki bünövrəsi ulu öndərimiz tərəfindən qoyulmuş məcburi köçkünlərə dövlət qayğısı ilə bağlı dövlət proqramları qəbul olunub. Cənab prezidentimiz də bu siyasəti uğurla davam etdirir. Məcburi köçkünlərin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün son 10 ildə 82 qəsəbə salınıb. Son 10 ildə 1500-ə yaxın laçınlı ailəsi evlə təmin edilib. Amma bütün bunlara baxmayaraq əsas məsələ Laçına qayıtmaqdır. 1992-ci ildə Laçının müdafiəsi üçün dövlət çatışmırdı. Mən döyüşən bir şəxs kimi bunu tam əminliklə deyə bilərəm. 1992-ci ilin may ayında Azərbaycanın dövləti yox idi, ordu yox idi. Ordunun adı var idi, Müdafiə Nazirliyinin adı var idi. Ən əsası da 1992-ci ilin may ayında müharibəyə hazırlıqlı Azərbaycan ictimaiyyəti yox idi. Ermənilər 1992-ci ilin may ayına xalq olaraq, bütövlükdə millət olaraq hazır idilər. Mənəvi-psixoloji istənilən səpkidə onlar müharibəyə hazır idilər. Bizim o zamankı rəhbərlərimizin belə bir psixologiyası vardı. Onlar düşünürdülər postsovet dövlətləri bir-birinə qarşı ərazi iddiasında ola bilməzlər. Bizim millət bunu gözləmirdi. Erməni xalqı da bundan istifadə etdi və biz məğlub olduq. Amma indi insanların müharibəyə münasibəti başqa cürdür. Bizim üzərimizdə qeyrət yükü var, mütləq itirilmiş torpaqlarımıza qayıtmalıyıq. Xalqımız hər zaman müharibəyə hazırlıqlı olmalıdır. Müharibə adam öldürmək meydanıdır. Müharibə humanizm meydanı deyil. Bizdə laçınlılar arasında belə bir şüar yaranıb: “Hər laçınlı ailəsindən orduya bir zabit”… Azərbaycanlı zabiti ən müasir biliklərə sahib olmalıdır. Tələbəlik illərimi yaxşı xatırlayıram. SSRİ dövründə universitetdə bizə hərbi dərslər keçirdilər. 4 il hərbi dərslər tədris olunur və SSRİ ordusu üçün zabit hazırlayırdılar. Əla qiymətlərlə oxuyanları 2 illik zabit kimi hərbi xidmətə göndərirdilər. Mən də həmin zabitlərdən biri olmuşam. Əmək fəaliyyətimə sovet ordusunda zabit olaraq başlamışam. 1988-ci ildə məlum hadisələr əvvəlcə dinc şəkildə başladı. Sonra hadisələr ciddi xarakter almağa başladı. Sərhəd bölgələrdə dinc əhaliyə qarşı silah işlədilirdi. Artıq müharibənin konturları görünməkdə idi. Sərhədyanı rayonlara xüsusi polis dəstələri verdilər və yüngül silahlarla silahlandırdılar. Məqsəd də sərhədlərdə baş verən atışmaların qarşısını almaq idi. O zaman mən də batalyonun formalaşmasında bilavasitə iştirak edirdim. Mütəşəkkil bir batalyon yarada bilmişdik. O zaman sərhədyanı döyüşlərdə Laçın əhalisi xüsusi fədakarlıq göstərirdi. Amma ümumilikdə əhali hiss etmirdi ki, erməni tərəfi ərazi iddiaları apara bilər. Artıq müharibənin getdiyi bir vaxtda 1992-ci ilin may ayında hakimiyyət vakumu yarandı. Mayın 8-də Şuşa işğal olunduqdan sonra Laçın Ermənistanla Dağlıq Qarabağın arasında qaldı. O zaman Şuşa ilə Laçın arasında silahlı könüllülər vardı. Mayın 14-15-də bütün könüllülər silah-sursatları ilə birlikdə Bakıya çağırıldı. Bununla da Laçınla Şuşanın arası tamamilə boşaldı. Nəticədə də Laşının müdafiəsini təşkil etmək mümkün olmadı və Laçını tərk etmək məcburiyyətində qaldıq. Bu gün də Qarabağ uğrunda heç düşünmədən yenidən döyüşməyə hazıram. Mən xalqımızın potensialına, mübarizə əzminə əminəm. Müharibə olsa biz mütləq qalib olacağıq. Doğma torpaqlarımıza qayıtmağımıza çox az qalıb. Tam əminliklə deyə bilərəm ki, əgər müharibə başlasa minimum 10 min laçınlı könüllü olaraq döyüşəcək. Laçınsızlıq, Kəlbəcərsizlik ümumilikdə Qarabağsızlıq millətimizə dərs oldu. Xalqımızda yüsək əhval-ruhiyyə var. Olum və ya ölüm, biz Laçına qayıdacağıq…

 

“KarabakhİNFO.com” 

17.05.2014 07:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*