Azərbaycanca

Laçın rayonunun tarixi abidələri

21.10.2014 | 10:53

10743769_1537572726457099_1179691536_nAzərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğu kimi Laçın da Azərbaycanın ən dilbər guşələrindən biridir. Laçın həm də maddi-mədəniyyət nümunələri ilə zəngin bir bölgədir. Zəngəzurun yuxarı hissəsində yerləşən, onun, bir parçası olan Laçın istər öz təbiəti ilə, istər insanı ilə istərsə də mədəniyyət abidələri ilə hər zaman diqqəti cəlb edir. Laçın rayonu ərazisində olan memarlıq abidələrinin demək olar ki, əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Abidələrin forma və üsulu, üzərindəki yazıları, süjetli oymalar digər ərazilərin memarlıq abidələrindən tamamilə fərqlənir. Yaxşı olar ki, Laçın haqqında, Laçının maddi-mədəniyyət abidələri haqqında elə laçınlıların özlərindən soruşaq…

 

 

Birinci həmsöhbətimiz Laçın rayon Kamallı
kənd sakini 1936-cı il təvəllüdlü Həsənov
10723360_704685592938991_2010007380_nCəfərqulu Ağalar oğludur.

 

 

Cəfərqulu bəylə söhbətimizdən aydın olur ki, Laçın rayonunun memarlıq abidələri içərisində körpülərin xüsusi yeri olub. Rayonun mürəkkəb relyefi, sərt iqlimi, bir çox çay keçidlərində yolların keçilməz olması səbəbindən bir kənddən başqa kəndə getmək üçün körpülərdən istifadə edilib. Cəfərqulu bəy bildirdi ki, öz kəndləri olan- Kamallı kəndi ilə qonşu kənd olan- Minkənd kəndi arasında belə körpülər mövcud olub.
Həmsöhbətimiz əlavə olaraq qeyd etdi ki, Laçında körpüsalma mədəniyyəti çox qədim köklərə dayanır Hələ, qədimdə körpülər ağaclardan düzəldilirdi. Zaman keçdikcə ağaclar daşlarla əvəz olundu. Körpülər əsasən birtağlı və ikitağlı olurdu. Belə körpülərə Pircançay üzərindəki körpünü və Həkəri çayı üzərindəki körpünü misal göstərmək olar.

 

 

10726491_704685562938994_371207594_nDigər həmsöhbətimiz Laçın rayon Güləbird kənd sakini 1941-ci il təvəllüdlü Əhmədova Xanım İbrahim qızıdır.

 

 

Xanım nənə ilə söhbətimizdən bəlli oldu ki, Laçın rayon mədəniyyət abidələri içərisində qəbirüstü abidələrin, kurqanların, məbəd və məscidlərin özünəməxsus yeri var. Təbiətin füsunkar gözəlliyi ilə səsləşən çox nadir sənət nümunələrindən sayılan, incə zövqlə, cızma və qabartma üsulları ilə işlənmiş qəbirüstü abidələr, baş daşları, at və qoç fiqurları, habelə süjetli daşlar və s. bir çoxu hələ də öz forma və gözəlliyini saxlayıb. Laçın Atəşpərəstliyin- Zərdüştlüyün yaranma məkanı və mərkəzi olan Zəngəzura yaxın olduğundan burada Günəşə, Ulduza, Aya, ocağa sitayiş, onların müqəddəsliyi bu bölgədə yaranan bütün memarlıq abidələrində öz əksini tapmışdır. Beləki, həmin dövrə aid olan abidələrin üzərində Alban xristianlarına aid xaçlar olmuşdur. Çox təəssüf ki, ermənilər o xaçları qriqoryan xaçları ilə əvəz etmişlər.PicsArt_1413313114931
“Ağoğlan kilsə-məbədi”, Qarıqışlaq kəndində “Dəmirovlu pir-məbədi”, Zeyvə kəndində qəbirüstü abidə -qədim türk döyüşçüsünün abidəsi, Cicimlidə qədim türbə, Abdallar kəndində “Daş qutu-dəmir dövrü”, Zabux kənd ərazisində “Sümüklü qəbiristanlığı”, “Xallanlı qəbiristanlığı”, Malıbəy kənd ərazisində “Qədim qəbiristanlıq”, “ Soltan baba türbəsi”, “ Şeyx Əhməd türbəsi” -bu mədəniyyət nümunələri sırasındadır.

 

 

Daha sonra Xanım nənə məlumat verdi ki, digər rayonların mədəniyyət abidələrindən fərqli olaraq, Laçın rayon tarixi abidələrinin sırasına çox nadir tapılan bulaqüstü abidələr də daxildir. Bu abidələr tağbənd formada olub, içinin eni 3-4 metr, uzunluğu isə 6-7 metr olur. Bunun da əhəmiyyəti odur ki, yayda günün istisindən payızda və qışda isə yağışdan insanları qoruyur. Xanım nənə ilə söhbətimizi tamamlayırdıq ki, birdən Xanım nənənin gözləri yaşardı və gözlənilmədən
Mən aşıq Güləbirdə,
Şeh düşüb gülə bir də
Qurban olum o yara
Ağlaya gülə bir də.
Kaş quş olub uçaydım,
Düşəydim Güləbirdə.

 

 

Sarı Aşığın bayatısı söyləyir.

 

 

10351141_657071847739635_4660788425996482993_nNövbəti həmsöhbətimiz Minkənd kənd sakini 1947-ci il təvəllüdlü Məhəmmədov Məhəmməd Mustafa oğludur. Düzünü desək, Məhəmməd bəylə söhbətimiz çox uzun çəkdi. Çünki, Məhəmməd bəy sanki hər “Laçın” deyilişində ağlayırdı. Məhəmməd müəllim Laçın rayon “Mühəndislər və memarlar birliyinin” üzvü olub. Ona görə onunla memarlıq mövzusunda danışmaq daha asandır. O, əsasən Laçın üçün xarakterik olan qəsrlərdən söhbət açdı. O, bildirdi ki, qəsrlərin tarixi XIII-XIV əsrlərə təsadüf edir. Maraqlısı odur ki, demək olar ki, hər bir qəsrlə bağlı bir rəvayət var. Bu cür qəsrlərdən biri də, “ Ağoğlan qəsridir”. “ Ağoğlan qəsri” albanların dövründə tikilib və Minkənd çayının kənarında hündür bir yerdə yerləşir. Qəsrin yeganə tağbənd giriş qapısı var. Giriş qapısı elə qurulub ki, oradan at və ulaqla keçmək mümkün deyil. Qəsrin mühafizə divarının sağ tərəfində karvansara tipli bina inşa edilib. Qəsrin daxilində qəbiristanlıq da yerləşir. Bundan əlavə Məhəmməd müəllim onu da qeyd etdi ki, Laçın rayonunda xeyli sayda yeraltı xəndəklər, kəhrizlər, yeraltı tunellər var. Elə kəhriz və tunellər var ki, alimlər hələ də onların sirrini aça bilməyiblər.

 

 

Laçın mədəniyyətindən, tarixi abidələrindən danışarkən rayonun mərkəzindəki “ Ana və uşaq” abidəsindən danışmamaq qeyri-mümkündür. Bu abidə nəinki Azərbaycanda, bütün dünyada nadir abidələrdəndir. Bu abidə Bakı şəhəri Xocalı prospektindəki “ Azad qadın” abidəsini xatırladır.

 

 

Laçınlı həmsöhbətlərimlə danışarkən onların nə qədər soykökə, vətənə, yurda bağlı olduqlarının bir daha şahidi oldum. Onların bir tək arzusu var : “YENİDƏN LAÇINA QAYITMAQ !!!”

 

 

Gülxar Həsənova

“KarabakhİNFO.com”

 

 

21.10.2014 10:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*