Azərbaycanca

Laçına səyahət mümkün olacaq – virtual

01.05.2015 | 16:46

KONICA MINOLTA DIGITAL CAMERA

Bu gün “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın – virtual səyahət” 3D qrafik təsvirli filmlərin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi filmin təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev bildirib ki, orijinal variantda ingilis dilində, həmçinin Azərbaycan və rus dillərində subtitrlərlə istehsal olunan “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filminin çəkilişində məqsəd Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası haqqında Ermənistan elmi dairələrinin və erməni diasporunun dünya ictimaiyyətini aldatmaq yönündə fəaliyyətlərinə qarşı mübarizəyə töhfə vermək, Qafqaz Albaniyasına məxsus tarixin, mədəni-maddi irsin, məbəd və kilsələrin, epiqrafik yazıların ermənilər tərəfindən saxtalaşdırılmasına dair elmi faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.

Filmin hazırlanmasında Azərbaycan ərazisində olan, bir hissəsi Azərbaycanın işğal olunan Qarabağ ərazisində və Ermənistan ərazisində qalan qədim dövlətlərimizdən olan Qafqaz Albaniyasına məxsus maddi-mədəni irsimiz – alban məbədlərinə aid orijinal kadrlardan istifadə olunub. Film ABŞ-dan olan Ceyson Breyk (Jason Vande Brake) və Meqi Uolş (Maggie Walsh) tərəfindən səsləndirilib.

N.Mehdiyev qeyd edib ki, “Virtual Qarabağ” İKT Mərkəzinin növbəti məhsulu Azərbaycan və ingilis dillərində hazırlanan “Laçın – virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin Laçın rayonunun abidələri, küçələri qrafik təsvirlə sanki canlandırılır, tamaşaçı Laçın rayonuna bir növ virtual səyahətə çıxır.

Tədbirdə çıxış edən millət vəkili Fəttah Heydərov isə bildirib ki, Azərbaycan qədim bir tarixə malik diyardır. O bildirib ki, erməni yalanlarını, saxtakarlıqlarını işfa etmək, üzə çıxarmaq üçün bu cür filmlərə böyük ehtiyac var və belə filmlər bundan sonra da hazırlanmalıdır.

F.Heydərov deyib ki, Azərbaycan müstəqilliyinin 20 ildən artıq dövründə inkişafı sayəsində dünyada uğurlu bir dövlət kimi tanınır: “Azərbaycan dünya dövlətləri arasında sülhün təbliğ olunması ilə fərqlənir. Lakin Azərbaycan tolerant bir dövlət olaraq, ərazisində bütün millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşadığı bir dövlət kimi, hələ də Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir, hələ də torpaqlarımız işğal altındadır”.

Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, hər iki filmin yüksək dəyəri var: “İstər dünya ictimaiyyəti, istərsə də gənclər arasında Azərbaycanın real tarixi təbliğ edilməlidir. Bu baxımdan bu gün təqdim olunan filmlər böyük əhəmiyyətə malikdir. Çünki bu filmlər faktlarla erməni “alimlər”inin dünyaya yaydığı saxtakarlığa qarşı tutarlı bir sübutdur. Bu filmlər beynəlxalq, obyektiv prinsiplər əsasında hazırlanıb”.

Daha sonra Prezident Administrasiyasnın İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bu filmləri Azərbaycan tarixinin təbliği baxımdan yüksək qiymətləndirib: “Artıq uzun müddət aparılan çəkilişlərdən sonra filmlər üzərində iş uğurla başa çatdırıldı. Bu filmlər Azəraycanın tarixinin, mədəniyyətinin, mədəniyyət abidələrinin, o cümlədən erməni işğalı altında olan Azərbaycan ərazilərindəki abidələrin təbliğinə öz mühüm töhfəsini verəcək”.

T.Süleymanov vurğulayıb ki, dünyada dövlətlərin sayı xalqların sayından dəfələrlə azdır. O bildirib ki, dünya dövlətlərinin böyük əksəriyyəti müstəqilliklərini son 70 ildə əldə edib: “Azərbaycan öz müstəqilliyini 24 il əvvəl qazansa da, Azərbaycanın müstəqillik tarixi min il əvvələ, hətta ondan da sonraya gedib çıxır”.

O, filmdə zəhməti olan hər kəsə minnətdarlığını bildirib və bu işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib.

Trend.az

 

01.05.2015 16:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*