Azərbaycanca

Laçının işğalı…

17.05.2013 | 15:49

1368791145_imagesLaçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 21 il ötür. Ermənistan ordusu Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək 1992-ci il, mayın 18-də Laçını işğal edib. Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi 1835 kvadrat kilometr, əhalisi işğala qədər 64 min nəfər olub.

İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib.

 

Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.Bəs görəsən, Laçının işğalında əsas rol oynayan faktorlar hansılardır? Nədən Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bu rayon asanlıqla işğal edildi? Bu suallara cavab tapmaq üçün ilk növbədə Laçın alayının sabiq komandiri Arif  Paşa ilə danışdıq.

O, “Karabakhinfo.com” e-jurnalına açıqlamasında bu məsələ ilə bağlı dəfələrlə öz fikrini bildirdiyini dedi: “ Bəzi hallarda mətbuat orqanları cəmiyyətə yanlış informasiya çatdırırlar. Əksər hallarda bildirilir ki, Laçında nizamsız döyüş qüvvələri olub və heç kimə tabe olmayıblar. Bu fikirlər kökündən yanlışdır. Laçında kifayət qədər nizamlı, hərbi qayda-qanunlara riayət edən və yerli əhalinin içərisindən təşkil edilən alay möcvud idi. Xüsusilə, hər gün səhər saat 8:00-da alayla bağlı Müdafiə Nazirliyinə zəng edib məruzə edilirdi. Tabeçiliyin bütün atributlarına əməl olunurdu. Amma təəssüf ki, torpaqlarımız işğal olundu”.

Bu savaşlar Azərbaycan xalqının qəhrəmanlıq dövrünün əsas səlnaməsidir. Həmin dövrdə az qüvvə ilə nə isə bir iş görmək mümkün ola bilərdi. Biz nəticə olaraq zəif duruma gəldik. Laçına Gorus tərəfdən hücum edən zirehli texnikanın sayı 55-ə, Şuşa tərəfdən isə canlı qüvvənin sayı 9 min 200-ə çatırdı. Həmin vaxt Şuşada olan şəxsi heyətin sayı 3 min nəfər idi. Ən fenomenal xalq belə bu qüvvə ilə 9 min 200 nəfərlik ordunun qarşısını ala bilməzdi. Bu, məsələnin görünən tərəfidir”.

 

Onu da qeyd edim ki, Şuşanın işğalı Laçının işğalına böyük təsir etdi və bundan sonra Laçını qoruyub saxlamaq çətinləşdi”. Sabiq komandir əlavə etdi ki, həmin ərəfədə Laçın və Şuşa istiqamətinə qüvvələr göndərildi: “Daxili qoşun hissələri, özünümüdafiə batalyonları, polislərimiz köməyə gəldilər. İstər döyüş sursatı, istərsə də insan resursu baxımından qüvvələr mövcud idi. Düzdür, Şuşanın işğalından sonra Laçını qoruyub saxlamaq çətinləşmişdi və bütün strateji yüksəkliklər ermənilərin əlində idi. Laçını Dağlıq Qarabağ istiqamətində əhatə edən bütün yüksəklik və mövqelər düşmən əlinə keçdi. Ermənilər bununla da bir necə yüz metrdən mövqelərini gücləndirdilər. Qüvvələrimizin bu yerləri tərk etməsi vəziyyəti ağırlaşırdı. Laçına iki qapı var idi: biri Ermənistan, digəri isə Dağlıq Qarabağ tərəfdən. Belə olan halda, qapının biri açıq qaldı. Buna baxmayaraq, mayın 17-nə qədər əsgərlərimiz rəşadətlə döyüşürdülər”.

 

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif  Nağı isə deyir ki, Laçını müdafiə etmək olardı: “Bildiyimə görə mayın 11-dən 12-nə keçən gecə Şuşaya gedən yolda böyük qüvvə toplanıb. Həmin qüvvə Şuşanı almalı və ermənilərin Laçına doğru hərəkətinin qarşısını almalı idi. Amma çox təəssüf ki, mayın 14-15-də Bakıda baş verən hadisələrlə əlaqədar oradakı silahlı dəstələr paytaxta gəldilər. Ona görə də əməliyyat həyata keçirilmədi. Laçın və Şuşa dalbadal işğal olundu”. A.Nağının sözlərinə görə, işğal tarixləri onu göstərir ki, həddindən artıq çox vaxt itirmişik: “Biz, bu tarixi gündə Şəhidlər Xiyabanını ziyarət etməyə hazırlaşırıq və müharibənin başlanmasını səbirsizliklə gözləyirik”.

 

 

Millət vəkili Zahid Oruc isə bildirdi ki, Laçının işğalı ilə Azərbaycan strateji yüksəkliyi ələ keçirildi. Millət vəkili əlavə etdi ki, bununla da həmin koordinat sistemindən sonrakı hədəfləri vurmaq daha da asanlaşdı: “Onun coğrafi olaraq önəmi elə idi ki, ermənilər bu əhəmiyyəti daha dəqilqiyi ilə anlamışdılar. Laçının işğalı Azərbaycanda bir siyasi hakimiyyətin dəyişməsi, yenilərinin gəlməsi, sonra təkrar xalq qiyamının baş qaldırması və demokratların iqtidara gəlməsi ilə əlamətdardır”. Z.Orucun sözlərinə görə, bu torpaqların qayıdışı üçün, iqtisadi, mədəni və mənəvi cəhətdən gücləndirməliyik: “Ən azı həm də ona görə ki, bu illər ərzində ermənilər orada möhləmlənə bilməyiblər. Faktiki olaraq Laçının çöx kiçik bir hissəsində məskunlaşma gedib. Əvəzində ermənilərin triumfal qələbə eyforiyaları dağılıb. Sadə erməni nə Şuşa, nə də Laçının işğalının ildönümlərini qələbə paradı ilıə keçirmir. Unutmayaq ki, emənilərin böyük hissəsi bu gün sosail çətinlik məngənəsində sıxılmaqdadır. Ona görə də biz, torpaqların qaytarılması üçün daha da toparlanmalı, ölkənin liderinin yürütdüyü siyasi xətti möhkəmlətməklə Laçına doğru getməliyik”.

 

 

Naibə Qurbanova

KarabakhİNFO.com

17.05.2013 15:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*