Azərbaycanca

Laçınsız iyirmi bir il…

16.05.2013 | 12:36

1368692626_420baccff33cHələ nə qədər dözəcəyik?

      Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 21 il ötür. Ermənistan ordusu Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək 1992-ci il, mayın 18-də Laçını işğal edib. 

1992-ci ilin mayında Ermənistan Silahlı qüvvələri Qarabağın Dağlıq hissəsində Azərbaycanın qədim mədəniyyət və musiqi mərkəzi Şuşanı ələ keçirtməklə bütün yuxarı Qarabağ işğal etdi. Bundan sonra erməni hərbi birləşmələri qəsb etdikləri torpaqlarda möhkəmlənmək və Qarabağın Dağlıq hissəsi ilə Ermənistanı birləşdirmək üçün Laçın rayonuna aramsız hücumlara başladı. Şuşa kimi Laçın da mühüm hərbi –strateji əhəmiyyət kəsb edirdi. Məhz bunu nəzərə alan düşmən mayın 13–ü və 14–də zirehli texnikalar, Mi-24 vertolyotlarının müşaiyəti ilə Qayğı qəsəbəsi və Laçın şəhərini bombardman etdi. Laçının hədəf seçildiyi həmin günlərdə isə Bakıda hakimiyyət uğrunda Mütəllibovla AXC arasında gərgin mübarizə gedirdi və bu, mənfur düşmənin işğalçılıq planlarının reallaşmasına əlavə imkanlar yaradırdı. Xüsusilə, mayın əvvəllərində Laçında ön mövqelərdə olan hərbi texnika ,döyüş sursatı və canlı qüvvənin AXC rəhbərliyi tərəfindən Bakıya çağrılması hərbi–siyasi üstünlüyü bütünlüklə Ermənistanın xeyrinə dəyişdi və Laçını gözləyən süqutu daha da yaxınlaşdırdı. Vəziyyətin dramatik həddə çatdığı bir zamanda – mayın 14-də Milli Məclisin sessiyasında Ayaz Mütəllibov bir günlük hakimiyyətə gətirildi. Maraqlarının təhlükə ilə üzləşdiyini görən xalq cəbhəsinin İsa Qəmbər, Əli Kərimli, Rəhim Qazıyev kimi üzdəniraq liderləri elə həmin gün barrikadalar quraraq Ali Sovetin binasını mühasirəyə aldılar. Azərbaycan televiziyası ələ keçirildi və faktiki olaraq hakimiyyət AXC tərəfindən zəbt olundu. Əvvəlcədən hazırlanmış plan əsasında İsa Qəmbər Ali Sovetin sədri seçildi. AXC-nin yaratdığı xaos və siyasi çəkişmələr fonunda rayonun müdafiəsi tamamilə zəiflədi və erməni qəsbkarlarının işğalına zəmin yaratdı. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni silahlı birləşmələri mayın 18-də rayonu işğal etdi. Laçının düşmən əlinə keçməsi müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını, Ermənistanın işğalçılıq niyyətlərinin daha böyük olduğunu göstərdi. Sonralar Laçın dəhlizi ilə Qarabağa gətirilən silah, döyüş sursatı və hərbi qüvvələr erməni təcavüzünün miqyasını daha da genişləndirdi, ətraf rayonların taleyini təhlükə altında qoydu.
Şuşanı tərk edərək Turşsu və Laçına doğru geri çəkilən döyüşçülərin mənəvi-psixoloji vəziyyəti yaxşı deyildi. Texnikanın sayının az olmasını və Bakıda baş verən hakimiyyət çəkişmələrini də bura əlavə etsək, Laçını hansı faciələrin gözlədiyini təsəvvür etmək olar…

Artıq Laçın şəhərinin mərkəzi Turşsu və Gorus, Tex və Xınatsax istiqamətindən qrad və toplarla vurulurdu. Həmin ərəfədə döyüşçülərimizin Ermənistanla sərhəddə təlim silahları və çoxu işləməyən 28 BTR-lə dayanması və orduda yaranan hərc-mərclik, başıpozuqluq öz işini gördü. Ermənistan isə bütün qüvvəsini, demək olar, buraya cəmləşdirmişdi…
Mayın 16-17-si Laçında qalan digər hərbçilər də ərazini tərk etməyə başladılar. Yerli qüvvələr Laçının işğal ediləcəyini anlayaraq öz ailələrini şəhərdən çıxarırdı. Müdafiə Nazirliyinin bölmələri isə bölünərək Kəlbəcər və Qubadlı istiqamətinə çəkildi.

Ermənistan rəhbərliyi və Dağlıq Qarabağ separatçı rejiminin təşəbbüsü ilə 1993-cü ilin dekabrından Laçın şəhərinin yenidən qurulmasına başlanılıb. Hazırda bütün Dağlıq Qarabağa köçürülüb gətirilən ermənilərin ən sıx məskunlaşdığı yer Laçın şəhəri və onun kəndləridir. Burada 12 min erməni yerləşdirilib. Laçının adı dəyişdirilərək “Berdzor”, məşhur Minkənd “Xak”, Alıqulular “Alqumişen”, Sultankənd “Xaşatax” adlandırılıb. Laçındakı qədim ibadət yerlərimiz, məscid və digər tarixi abidələrimiz “erməniləşdirilib”. Bir sözlə, min illər boyu Laçında əsrlərin və qərinələrin yaşıdı olan abidələr, qalalar yadellilərin hücumlarından qorunsa da, Qarabağ savaşlarından aldığı zərbələr daha ağır oldu, daş-divarlardakı tariximiz silinərək “erməniləşdirildi” və dünyaya “qədim erməni xalqının yazılı abidələri” kimi təqdim edilməyə başlandı.

Laçınsız iyirmi bir il...
İyirmi bir ildir ki, 60 mindən artıq laçınlı respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub. Yerli sakinləri deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur. Rayonda ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min m3 olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatları 5125 min m3 olan və mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), ehtiyatları 998 min m3 olan və kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, ehtiyatları 2144 min m3 olan Quşçu pemza, ehtiyatları 15794 min m3 olan Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, ehtiyatları 10 ton əqiq və 0,9 ton jad olan 2 əlvan bəzək daşı, ümumi ehtiyatları 10449 min ton olan 3 vulkan külü, istismar ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su yataqları var.

1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü vardı.
Laçın Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) var. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılıb.
Laçın rayonu üzrə 33285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26647 hektar (80,05 %) idi. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi. Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə edilirdi.

Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi 1835 kvadrat kilometr, əhalisi işğala qədər 64 min nəfər olub.

İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib.
Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

Ülviyyə Bəylərqızı 


KarabakhİNFO.com

 

16.05.2013 12:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*