Azərbaycanca

Livanda erməni diasporu

05.01.2013 | 11:08

1357369467_flag_of_lebanonXX Əsrin əvvəllərindən başlayaraq qərbin bir sıra inkişaf etmiş ölkələri tərəfindən ermənilər içərisində qızışdırılan məzhəbçilik, dini ayrı-seçkilik meyilləri daha dərin kök salmağa başladı. Bu dövrdən başlayaraq katoliklərlə provaslav ermənilər arasında yaranmış gərginlik nəticə etibarilə birincilərin bu regiona gəlişini daha da sürətləndirdi. Qeyd edək ki, köç etmiş  ermənilərin ən çox   üz tutduğu ölkələr içərisində Livanı seçənlər üstünlük təşkil edirdilər. Livan Aralıq dənizi sahillərində yerləşən və mühüm geostrateji mövqeyə malik Yaxın Şərq ölkələrindən biridir. Ölkənin qərb ərazilərinin dənizlə əhatə olunması, isti iqlimi və mühüm ticarət yolları üzərində yerləşməsi tarixin müxtəlif dövrlərində bir sıra xalqların burada yerləşməsinə şərait yaratmışdı. Müxtəlif yerlərdən buraya köçüb gələn və buranı özlərinə daimi məskən seçən xalqlardan biri də ermənilər idi. Məlumat üçün qeyd edək ki, XIX əsrin I yarısına qədər Livanda çox cüzi sayda erməninin yaşadığı haqqında  məlumatlara rast gəlmək mümkündür. Ermənilərin Livana axını çoxmərhələli bir proses olub, bir neçə əsr ərzində davam etmişdir. Ermənilərin kütləvi şəkildə miqrasiyaları XIX əsrin I yarısından başlayaraq XX əsrin ortalarına qədər davam etmişdir. Qeyd etmək lazımdır ki, köç prosesi IV mərhələdə həyata keçirilmişdir. Müəyyən fasilələrlə həyata keçən miqrasiya prosesi davamlı xarakter  almış və ölkənin bütün ərazilərini əhatə etmiş, ümumilikdə ölkənin demoqrafiq vəziyyətinə mühüm təsir göstərmişdir.

Qeyd edək ki, XIX əsrin əvvəllərində Livan ərazilərinə ermənilərin miqrasiyasının I mərhələsi başlandı. Digər Yaxın Şərq ölkələrində olduğu kimi buraya köçüb gələn ermənilərin əksər hissəsi katoliklərdən ibarət idi. Katolik ermənilərin kütləvi köçünün əsas səbəbi bəhs olunan dövrdə onların apostol erməniləri tərəfindən sıxışdırılması idi. Daha çox şəhər və qəsəbələrdə məskunlaşan ermənilərin sosial tərkibi əsasən tacir və sənətkarlardan ibarət idi. Artıq məskunlaşma prosesinin I mərhələsi başa çatdıqdan sonra miqrant ermənilər getdikcə erməni dilində danışmağı unudaraq daha çox ərəb və fransız dillərində ünsiyyətə üstünlük verirdilər. Həmçinin gəlmə ermənilər digər etnik qruplarla, xüsusilə də xristian maronitlərlə nigah münasibətlərinə girməyə başladılar. Suriyadan qaçaraq  Livanın dağlıq ərazilərində məskunlaşan maronitlərin ermənilər üzərində təpkisi daha da gücləndi. Beləliklə, erməni etnik ünsürü artıq yavaş-yavaş yerli etnik qruplar tərəfindən getdikcə sıxışdırmağa başlandı.

XIX əsrin sonlarından etibarən ermənilərin köç prosesinin II mərhələsi başlandı. Bu mərhələdə gələn ermənilərin əksəriyyəti apostol erməniləri idi. Yeni gələn ermənilər artıq burada məskunlaşmış katolik ermənilərlə bir yerdə yaşamağın mümkünsüz olduğunu yəqin edərək digər ərazilərdə məskunlaşmağı daha məqsədəuyğun hesab etdilər. Daha çox aşağı və orta təbəqəni təmsil edən gəlmə ermənilər xüsusilə, kənd və qəsəbələrdə məskunlaşmaqda idilər. Bu mərhələdə gələn ermənilərdə milliyətçilik duyğuları daha güclü olduğu üçün onlar ilk dəfə olaraq 1904-cü ildə Beyrutda ilk siyasi təşkilat yaratmağa müvəffəq oldular.

Qeyd etmək lazımdır ki, 1915-ci ildə Şərqi Anadolu ərazilərində yaşayan terrorçu ermənilərin və onların ailə üzvlərinin imperiyanın ucqar cənub ərazilərinə köçürülməsi ilə əlaqədər hökumətin çıxardığı qərar nəticəsində 100 minlərlə erməni Livan, Suriya və İordaniya ərazilərinə köçürüldü. Bu ermənilərin Livan ərazilərinə miqrasiyasının III mərhələsini təşkil edirdi. Bu dəfəki köç prosesi birbaşa Osmanlı dövlətinin nəzarəti altında aparıldığı üçün məcburi məskunlaşdırma metodlarından daha çox istifadə olunurdu. Həmçinin onlar hökumət tərəfindən bir sıra sosial güzəştlərlə də təmin edilmişdilər. Daha çox yeni salınmış kənd və qəsəbələrdə məskunlaşdırılan ermənilərin şəxsi əmlakları dövlət tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən qeydiyyata alınmış və hissə-hissə yerlərdə sahiblərinə çatdırılmaqda idi.

Suriyada olduğu kimi, Livana üz tutan köçkün ermənilərlə yerli ərəblər arasındakı münasibətlər də olduqca gərgin idi. Xüsusilə, yolxucu xəstəliklərin ermənilər tərəfindən ölkə ərazisinə yayılmasından narahat olan ərəblər ölkəni idarə edən fransızlara qarşı mübarizəni daha da gücləndirdilər. Lazımı tibbi yardımları vaxtında catdıra bilməyən fransız idarəcilər problemin aradan qaldırımasında acizlik nümayiş etdirdilər. Nəticədə, Hələbdə 1916-cı ilin avqustundan 1917-ci ilin avqust ayınadək 35 mindən çox erməni yolxucu xəstəliklərdən öz həyatlarını itirdilər. Bununla yanaşı Hələb və Mosul kəndlərinin əhalisinin 50%-i yolxucu xəstəliklərdən tələf olmuşdu. Daha cox əhali isə Rasul-Eyn adlanan ərazidə qeydə alınmışdı. Burada əhalinin 88%-i yolxucu xəstəliklərdən məhv olmuşdu.      Ərəblərlə ermənilər arasında yaranmış gərginliyə səbəb olan əsas amillərdən biri də fransız idarəçilərin işsizliyin yüksək həddə çatdığı bir dövrdə ölkədə ən mühüm vəzifələri emənilərə həvalə etməsi idi. Erməniləri özlərinə daha yaxın hiss edən fransızlar burada  hakimiyyətlərini möhkəmləndirmək üçün onlardan bir alət kimi istifadə edirdilər. Beləliklə, rəhbər vəzifələrdə getdikcə ermənilərin mövqeyi daha da möhkəmlənməyə başladı. Ərəblər isə öz ölkələrində ikinci və yaxud da ən yaxşı halda üçüncü dərəcəli əhali hesab olunurdu. Ermənilərə hər sahədə imkanlar yaradan fransızlar əlverişli, məhsuldar torpaq sahələrini də onlara həvalə etdilər. Kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan ermənilərə burada hər cürə imkanlar yaradılmışdı. İlk illərdə iqtisadi durumu o qədər də yaxşı olmayan ermənilər qısa müddət ərzində ölkədə sosial vəziyyəti yaxşı olan zümrələrdən birinə çevrildilər. Siyasət meydanında olduqca zəif olan ermənilərə 1915-ci ildən sonra seckilərdə iştirak etmək hüququ verildi. Ermənilərlə yanaşı kürdlər və çərkəzlər də bu imtiyazlardan yararlanmaqda idilər. Ən əsası ermənilərə əlverişli imkanların yaradılmasından hiddətlənən ərəblər arasında fransızlara qarşı ciddi narazılıqlar başlandı. Ən ciddi qarşıdurma 1925-ci ilə 13 oktyabrda Gütahda baş verdi və ən azı 24 nəfər öldürüldü, 100-dən artıq insan isə əsir alındı. Öldürülənlərin hamısı ərəb milliyyətçiləri idi. Baş verən qanlı olaydan beş gün sonra 18 oktyabrda 20 nəfər erməni qətlə yetirildi. Bu dövrdə öldürülən ərəblərin ümumi sayı 1000 nəfəri ötmüşdü. 19 noyabr 1925-ci ildə fransızların ərəb qəbilələrinə basqını nəticəsində 130 nəfər ərəb öldürülmüş, 14 fransız əsgəri ilə birlikdə 50 erməni də məhv edilmişdir. Eyni ilə bu cür qarşıdurma 1926-cı ildə Şam şəhərində də baş vermişdir. Üç gün davam edən qarşıdurmada ərəblər hədəfə alınmış, bu işdə ermənilərdən və çərkəzlərdən istifadə edilmişdi. Bundan hiddətlənən ərəblər ermənilərin yaşadığı məhəllələrə silahlı basqınlar etməyə başladılar. Qorxuya düşən ermənilər Şamı tərk etməyə başladılar. Xatırladaq ki, Hələb, Şam və digər şəhərlərdə yaşayan ermənilər bəhs olunan dövrdə ən varlı, zəngin ermənilər hesab olunurdular və daha çox ticarətlə məşğul olurdular.

Fransızların Livanı xristianlaşdirmaq istəyini anlayan ermənilərin ölkənin müxtəlif kənd və qəsəbələrinə yerləşdirilməsilə xristian əhali müsəlman əhalisini üstələmiş ümumi ölkə əhalisinin 55%-ni təşkil etmişdir. Bəzi bölgələrdə isə bu rəqəm 30%-dən 63%-ə qədər  yüksəlmişdir.

 

Bəhs olunan dövrdə Livanda məskunlaşan ermənilərdə Türkiyəyə və türk millətinə qarşı kin, nifrət hissləri yerli ermənilər tərəfindən coşqu ilə qarşılanmış və bütövlükdə erməni miyyətçiliyi yeni bir mərhələyə qədəm qoymuşdur.

Məlum olduğu kimi, 1926-cı ildə qonşu Suriyada Dürzi hadisələrinin alovlandığı bir zamanda erməni məhəllələrində qarşıdurmalar baş verdiyi üçün yerli ermənilər qonşu Livan ərazilərinə miqrasiya etməyə başladılar. Bu Livan ərazilərinə ermənilərin IV miqrasiya mərhələsini təşkil edir. Bu mərhələdə gələn ermənilər sosial, dini və linqvistik baxımdan daha öncə gələn ermənilərdən tamamilə fərqlənirdilər. Yeni gələn ermənilərin əksəriyəti katoliklərdən ibarət olsa da, eyni zamanda burada az miqdarda protestant və digər məzhəblərdən olan ermənilər də var idi. Miqrant ermənilərin əksəriyyəti Şərqi Anadolunun kənd yerlərindən gəldikləri üçün daha çox türk, ərəb, fransız, erməni və kürd dillərində danışan müxtəlif qruplara ayrılmışdılar. Sosial baxımdan daha çox aşağı və orta təbəqədən olan ermənilərin ticarət və sənətkarlıq sahələri ilə məşğul olmaları nəticəsində kənd və qəsəbələrdə məskunlaşan ermənilər yavaş-yavaş dəniz sahili şəhərlərə üz tutmağa başladılar. Bu onların müvafiq sənət sahələri ilə sərbəst şəkildə məşğul olmaları ilə əlaqədar idi.

Türkiyənin müxtəlif şəhər və qəsəbələrindən buraya köç edən ermənilər qısa müddət ərzində bölgənin demoqrafik durumunu da öz xeyirlərinə dəyişməyə müvəffəq oldular. Bu işdə bölgənin yerli xristian xalqları da ermənilərə maddi və mənəvi cəhətdən dəstək nümayiş etdirdilər. Günü-gündən güclənən erməni icmaları arasında qurulan sıx əməkdaşlıq əlaqələri burada antitürk əhval-ruhiyəsinin daha da güclənməsinə səbəb oldu. Daha çox daşnaqlar tərəfindən sadə ermənilərə mütəmadi şəkildə aşılanan antitürk təbliğatı burada ermənilərin vahid diaspora şəklində formalaşmasına güclü təkan verdi.        Qeyd etmək lazımdır ki, 1516-cı ildə Mərcidəbik və Ribaniyyə döyüşlərində Sultan Səlimin Məmlüklər dövlətinin mövcudluğuna son qoyması nəticəsində digər ərazilər kimi Livan da Osmanlı hakimiyyəti altına keçmiş və I Dünya müharibəsinə qədər dörd əsr müddətində Osmanlı sultanları tərəfindən idarə olunmuşdur. Lakin müharibənin sonuna yaxın ingilislərin əlinə keçmiş Livan yalnız 24 aprel 1920-ci ildə keçirilmiş San-Remo konfransında əldə olunmuş razılığa əsasən Suriya ilə birlikdə Fransanın mandatına verilmişdir. Ölkənin yaxşı satış bazarlarına və xammal mənbələrinə malik olması, eyni zamanda bir sıra şəhərlərin Aralıq dənizi ticarətində mühüm strateji mövqedə yerləşməsi Fransanın burada daha da möhkəmlənməsinə şərait yaradırdı. Məhz burada maraqları genişlənən Fransa hakim dairələri dini və etnik baxımdan rəngarəng olan ölkənin dənizsahili ərazilərinə ermənilərin köçürülməsi işini heç bir maneəyə rast gəlmədən həyata keçirməkdə idi. Miqrant ermənilərin əksəriyyəti Anadolu ilə yanaşı Adana, Maraş və Antep bölgələrindən köçüb gələnlər idi. 1924-cü ilin 31 avqustunda fransız hakim dairələri erməni din xadimlərinə geniş səlahiyyət imkanları verməklə yanaşı, həmçinin köçüb gələn yeni erməni miqrantları da daxil olmaqla bütün ermənilərə Livan vətəndaşlığı statusu verildi. 1928-ci ildə isə fransızlar erməniləri ölkənin ana ünsürlərindən biri olaraq qəbul etmişdir. Eyni zamanda həmin ildə patriarx Sahak Qüdsdən çağırılaraq Apostol erməni toplumunun başına kiatalikos təyin edilməsi üçün dəvət edilmişdir. 1929-cu ildə Hələb, Şam və Kipr patriarxlıqları da bu katolikosluq altında birləşdirilmişdir. Bununla da İstanbul, Qüds və Eçmiədzin kimi Livan da Yaxın Şərqdə erməni xristianlığının ən önəmli mərkəzlərindən birinə çevrilmişdir. (Sedat laçıner, səh.188)

Etnik mənzərəsi rəngarəng olan Livanda erməni dini mərkəzləri formalaşdıqca yerli müsəlmanlarla ermənilər arasındakı münasibətlər daha da gərginləşməyə başladı. Xüsusilə, 1920-ci ildə Ermənistan Respublikası XI Qırmızı Ordu tərəfindən işğal edildikdən sonra ölkəni idarə edən daşnaqlar Livan və Suriya kimi Yaxın Şərqin ən aparıcı ölkələrinə üz tutmağa başladılar. Kommunist rejiminin olduqca sərt qayda-qanunlarla ölkəni idarə etməsi yerli sadə ermənilərdə dərin nifrət hislərini alovlandırmışdı. Məhz buna görə də əhali ölkəni tərk etmək məcburiyyətində qaldı. Məskunlaşmaq üçün Yaxın Şərq ölkələri daha məqsədə uygun idi. Çünki I Dünya müharibəsi zamanı ermənilərin Anadoluda yaşayan əksər hissəsi Suriya və Livana köçürülmüşdü. Xatırladaq ki, bu ermənilər Osmanlı imperiyasına qarsı digər cəbhələrdə vuruşan terrorcular və onların ailə üzvləri idi. Livana gələn daşnaqlar burada Mərkəzi Komitə yaradaraq, bütün erməniləri vahid mərkəzdə birləşdirməyə çalışırdılar. Hətta daşnaqlar burada qurumun qəzetini də təsis etməyə nail oldular. “Yeni Pünik” adlanan qəzetin müxtəlif nömrələrində mütəmadi olaraq daşnaqlar ümumtürk düşmənçiliyi ilə bağlı yazılar dərc etdirdilər. Bəhs olunan dövrdə daşnaqlar Livan ermənilərini müəyyən istiqamətdə təşkilatlandırmağa müvəffəq də oldular. Daşnaqar elə düşünürdülər ki, sovet hökuməti qısa müddətdə dağılacaq və onlar yenidən Ermənistana qayıtmış olacaqlar. Lakin bu baş vermədikdə daşnaqlar taktikanı dəyişməyi qərara aldılar. Əsas məqsəd Livanda güclü bir erməni disporunun yaradılmasına nail olmaq idi. İlk olaraq erməni dilli məktəblərin açılması, daha sonra uzun müddət türk və ərəb mədəniyyətlərinin təsiri altında olan ermənilərdə əsl erməni milli keyfiyyətlərinin  aşılanması prosesi aparılmalı idi. Bu işin ağırlığını hiss edən daşnaqlar bütün mümkün vasitələrdən istifadə edərək sadə erməniləri öz keçmiş köklərinə bağlı olmağa çağırırdılar. Bu istiqamətdə sürətli iş aparan daşnaqların əlində geniş mətbəə sistemi, qəzet və jurnallar var idi. Daşnaqlar tərəfindən getdikcə sayları artırılan yardım fondlarının bu işə dəstək verməsi də biləvasitə onların erməni icmaları daxilində mövqelərini daha da gücləndirmişdir. Belə ki, mövqelərini gücləndirən daşnaqlar ölkənin siyasi həyatında daha aktiv rol oynamağa başladılar. 1926-cı ildən başlayaraq, ermənilərin kompakt şəkildə yaşadığı ərazilərdə təşkil edilmiş seçkilərdə daşnaqların dəstəklədiyi namizədlər qələbə qazanmışdır. 1954-cü ildə Daşnaqsütyun partiyası Antilyasdakı Kilikiya Katalikosluğu üzərində hakimiyyətini bərqərar etmiş və beləliklə ölkə daxilində siyasətlə din arasında müəyyən bağlılıq yaradılmışdır. Əslində o vaxta qədər də kilsənin erməni milli kimliyinin qorunması istiqamətində daşnaqlarla birlikdə fəaliyyəti sıx surətdə bağlı olmuşdur. Bu bağlılığı yaradan əsas amil türk düşmənçiliyi idi və erməniləri vahid mərkəzdə birləşməyə kömək edirdi. Ümumtürk düşmənçiliyi ermənilərdə assimilyasiya prosesinin qarşısını nisbətən almaqda idi. Bu işdə kilsə mühüm siyasi mərkəzə çevrilmişdi. Tədricən daşnaqlar idarəetmə sistemində də bir sıra üstünlüklər qazanmağa nail oldular. Görkəmli türk tarixçisi Sedat Laçıner bu haqda yazır, “…erməni məhəllələri və onları idarə edən yerli özünüidarəetmə orqanlarına seçkilərdə ermənilər qələbə qazanmış, qanunverici orqana öz təmsilçilərini göndərə bilmişdilər. Erməni gəncləri lap körpə yaşlarından etibarən yalan, uydurma, əsassız iddialarla yetişdirilmiş və onlarda daha çox ümumtürk düşmənçilik duyğuları alovlandırılmışdır. Nəticədə, burada yetişən erməni gəncliyi dünyanın müxtəlif yerlərinə səpələnmiş erməni gəncliyindən daha radikal və daha sərt olmuşdur. Ən radikal ermənilərin və erməni terror dəstələrinin çıxdığı yerlərdən biri də Livan olmuşdur.

 

Taleh CƏFƏROV

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi

 

“KarabakhINFO.com”

 

05.01.2013 11:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*