Azərbaycanca

Məhəbbət Kazımov: “Laçına doğru getməyə başlayıram”

08.01.2014 | 13:43

1389172886_hqdefaultMəhəbbət Kazımovun “Laçınım” harayı   “Qarabağın geri alınması üçün döyüş əmri gözləyirəm”   Qarabağın havasını udub, suyunu içib avazı şirinləşən, zənguləsi büllurlaşan müğənnilərdən biri də Məhəbbət Kazımovdur. Məhəbbət Kazımov əslən Azərbaycanın gözəl bölgələrindən biri olan Laçın rayonundadır. Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülən, “Laçın” instirumental ansambılının rəhbəri Məhəbbət Kazımov “KarabakhİNFO.com” beynəlxalq e – jurnalına müsahibə verdi.     –  Məhəbbət müəllim, Laçın sizin üçün nə idi?     Laçının işğalı mənim həyatımda hər şeyi dəyişdirdi. Bir insanın doğma torpağını itirməsi, yurd – yuvasından didərgin olması, o insanın faciəsidir. Bunu ancaq o insanlar başa düşə bilər ki, torpağını, hər şeyini itirib. İnsan hər şeydən əvvəl torpağının olması ilə qürürlanır, fəxr edir. Ancaq Laçın bu gün düşmən tapdağındadır. Laçının o dağlarını, ata yurdumu  görmürəm. Bizim üçün bundan böyük faciə yoxdur. Biz laçınlılar həmişə fikirləşirik ki, torpaqlar mütləq hərbi yolla azad olunmalıdı, başqa yolla mümkün deyil. Çünki biz qürurumuzu, mənliyimizi torpaqları əldə etməklə qaytara bilərik. Başqa yolla torpaq bizə lazım deyil. İşğal faktı həmişə bizim başımızı düşmənin qarşısında aşağı əyəcək bir hadisədir. Yəni biz istərdik ki, torpaqları müharibə yolu ilə, qanla, düşməni məğlub etməklə qaytaraq. O zaman o torpaqlarda xoşbəxt yaşaya biləcəyik. Bir laçınlı kimi mən onu deyirəm ki, biz başı aşağı o torpaqlara qayıtmaq istəmirik. Müharibə olmalıdır, başqa yolu yoxdur.      – Bir laçınlı olaraq Laçının işğalı sizin həyatınıza necə təsir etdi?     “Laçına doğru getməyə başlayıram”   Mənə  qəribə gələn də budur ki, yaşlaşdıqca, illər keçdikcə mənə elə gəlir ki, Laçına doğru getməyə başlayıram. Yəni, o Laçın həsrəti, Laçın nisgili zaman keçdikcə daha da böyüyür. Zaman keçdikcə insanın sanki, ağrısı da, acısı da, nisgili, həsrəti də böyüyür. Tam səmimi deyirəm; inanın yuxumda da kəndi başdan ayağa gəzirəm. Çox vaxt da bunu məşq olaraq edirəm ki, yaddımdan çıxmasın. Gördüyüm o mənzərələr yaddaşımdan itməsin. Tez – tez onu təzələyirəm.  Mənə hərdən elə gəlir ki, hər şeyi bir kənara qoyub, hər şeydən imtina edib savaşa başlamaq lazımdır. Yaşımın bu vaxtında belə, torpağımın geri qayıtması üçün hər şeyə hazıram. Ali baş komandan döyüş əmri versə, ilk olaraq mən əlimə silah alıb döyüş bölgəsinə yollanacam.       – İllər öncə sizin yaradıcılığınızda “Laçınım” bir haraya çevrilib. Demək olar ki, bu mahnı sizin yaradıcılığınızın simvoludur. Bu mahnı sizin Vətən həsrətinizi ovuda bilirmi?Onu ifa edərkən özünüzü ruhən harada hiss edirsiniz?   Olurmu ki, Laçın qartallarının səsinizə səs verdiyini hiss edəsiniz?   “Laçınım” mahnısını ifa edərkən, bir anlıq özümü o torpaqlarda – tək Laçında deyil, Qarabağın dilbər guşələri olan Şuşada, Kəlbəcərdə, Ağdamda hiss edirəm. Sanki o torpaqların havasını uduram.  Bəli, bu mahnı sanki mənim qəlbimdə olan vətən həsrətini az da olsa ovudur.   Uşaqlıq illərini, gənclik dövrünüzü necə xatırlayırsınız?     Uşaqlığım da elə dağda, bağda, çayların üstündə, dərələrdə, ovda keçib. Kənddə həmişə növbə ilə naxıra gedərdilər. Tay – tuşlarımla nobata getdiyim günləri heç cürə unuda bilmirəm.  Orta məktəbi Şamkənddə oxumuşam. Kəndimizlə məktəb arasındakı məsafə 11 km idi. Məktəbə piyada gedib – gələrdik. Məndən uzaqlarda qalan uşaqlığım indi xatirələrə çevrilib. Acılı – şirinli gəncliyimi də tez – tez xatırlayıram.     – Ümidiniz varmı ki, Qarabağ nə zamansa geri alınacaq və siz Laçına gedən köç karvanına bələdçilik edəcəksiniz?   “İşğal olunan torpağımın azad olunmasını görsəm rahat ölərəm”   Qarabağ bir əsr deyil ki, işğal altındadır. Mən Qarabağ torpaqlarının işğal olunmasına inanmıram. Ümid edirəm ki,  Allahın köməkliyilə Qarabağ geri alınacaq. Azərbaycanı Qarabağsız, Qarabağı da Azərbaycansız təsəvvür etmək mümkün deyil. Yaxın zamanlarda, “Laçınım” mahnısını doğulub boya – başa çatdığım torpağımda  ifa edəcəm.  Məni yaşamağa vadar edən səbəblərdən biri də  Qarabağa geri qayıtmaqdır.   İşğal olunan torpağımın azad olunmasını görsəm rahat ölərəm.   O zaman mən rahatlıq  taparam.   Məhəbbət müəllim müsahibənin sonunda, möhtəşəm səsi ilə Laçınım mahnısını bizim üçün zümzümə etdi.   Gecəni bitirib səhəri açım, Yuxusuzluq verib ağlıma acı. Göz yaşı gözümdə qaradı –  damcı, Necəsən orada, mənim Laçınım?! Evləri köndələn, küçələr bərbad, Küləklər eyləyir səni narahat. Səsin də boğunuq, çəkmə altında, Necəsən orada, mənim Laçınım?!         Günel Cəlil   “KarabakhİNFO.com” 

08.01.2014 13:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*