Azərbaycanca

Məhəmməd Füzuli harada doğulub?

18.04.2014 | 16:17

1397823378_bezymyannyyDahi şairimiz Məhəmməd Füzulinin tərcümeyi-halını elmi şəkildə öyrənmək bu gün ədəbiyyatşünasların qarşısında duran başlıca məsələlərdən biridir. Deyilənə görə, şairin atası vaxtilə Azərbaycandan köç edərək İraqda məskunlaşıb. Lakin onun Azərbaycanın hansı hissəsindən köç etməsi haqda hələ də dəqiq məlumat yoxdu.

Hazırda Ağcabədi rayonunun Boyat kəndində də Füzulinin özü və atası haqqında çoxlu rəvayətlər deyilir.

Tarixi mənbələrdə bir sıra görkəmli ədəbiyyatşünaslar–Sadiqi bəy Əfşar(Məcməül-Xəvas), Məhəmmədəli Tərbiyət (Danışmandan-e Azərbaycan), professor Körpülüzadə və başqaları Füzulinin Boyatdan olduğunu söyləyir.

Boyatlar Azərbaycan xalqının tərkibində olan qədim tayfalardan biridi. Əvvəllər köçəri olan bu tayfa orta əsrlərdə oturaq həyata keçmişdilər. Hazırda Azərbaycanda 5 yerdə Boyat kəndi var. Ağcabədi rayonundakı Boyat kəndi isə bunların ən qədimi və ən böyüyüdü. Bunu sübut etmək üçün bir sıra faktlar göstərmək olar. Bu faktlardan biri Ağcabədinin Boyat kəndinin orta əsr Azərbaycan şəhərlərindən olan Beyləqanın adı ilə bağlı olmasıdı. Boyatlılar söyləyirlər ki,onların ulu babaları Örənqalalı(Beyləqan) imişlər.

Hazırda Boyat kəndinin bir hissəsi Beyləqanlı və yaxud Boyat Beyləqanlı adlanır. Bəzi tədqiqatçılar Dədə Qorqudun adını da məhz bu Boyat kəndi ilə əlaqələndirir. Həmin Boyat kəndinin Kitabi-Dədə Qorqudda cərəyan edən hadisələrin təsir dairəsində olan Bərdə,Qaraçuq və s. yerlərə yaxın olması bu ehtimala qüvvət verir.

 

Kəndin camaatı Füzulini, xüsusən onun atasını yerliləri hesab edirlər. Hətta vaxtilə kənddə mövcud olan Lenin adına kolxozun kolxozçuları rəsmi məktubla Azərbaycan SSR Elmlər Akademiyasına, Nizami adına Ədəbiyyat və Dil İnstitutuna və Azərbaycan Sovet yazıçıları ittifaqına müraciət edərək bu məsələni dərindən öyrənib rəsmiləşdirməyi təklif ediblər.

Rəvayətlərdə yerli camaat Füzulinin atasını Süleyman kişi deyə yad edirlər. Kəndin Aşıqvəlilər tirəsində—Boyat qalası yanındakı Kərpicli təpəni onun yurd yeri kimi göstərirlər.

Ağsaqqallar və ziyalılarının sözlərinə görə,Süleyman kişi Boyat kəndindən olub. Onun ata-babası isə bura Örənqaladan gəliblər. Süleyman kişinin burada ,Kərpicli təpədə evi olub. O vaxt burada Hindistandan gələn bir hindli mühəndis Boyat kəndinin yanından keçən və Qarqar çayının bir qolu olan Qaraqovudan bir arx ayıraraq, Boyatın cənub şərqindəki düzə su çıxarmışdı. Camaat arxın qabağına əkin əkib,bağ salmışdı. Sonra həmin arxın üstündə bir kənd əmələ gəlir ki, onu həmin hindli mühəndisin şərəfinə Hindarx adlandırırlar. Mühəndis Süleyman kişinin qızı ilə ailə həyatı qurur. Bir müddət sonra ölkədə qarışıqlıq qopur və Süleyman kişi ilə qonşuları arasında böyük çaxnaşma ayarnır. Buna görə də, Süleyman kişi öz yeznəsi hindli mühəndisin bələdçiliyi ölkədən çıxaraq Kərbəlaya gedir. Atası Boyatdan köç edəndə Füzuli təzəcə dünyaya gəlmişdi.

Süleyman kişi və oğlu Məhəmməd sonralar Boyata öz qohumlarını görmək üçün gələrmişlər. Onların qohumları Boyat kəndi ilə bitişik olan Beyləqanlı–Aşıq vəlilər tirəsindən olub.Süleyman kişinin yurd yeri olan Kərpicli təpə də elə burada yerləşir.

                                 

Məhəmməd Füzulinin Ata Yurdu haqqında məlumat, Azərnəşr, 1958

 

Tural Həmid

“KarabakhİNFO.com” 

 

18.04.2014 16:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*