Azərbaycanca

“Məhkəmə qərar çıxarıb ki, artıq o ölüb, amma mən buna inanmıram”

28.08.2014 | 11:53

Pawa1975-ci ilin payızında ikinci oğlu dünyaya gələndə İbrahim kişi çox sevinmişdi. Çünki birinci oğlu İsrail dünyaya gələndə ona atasının adını verməyə tərəddüd etmişdi. Bu tərəddüd əsassız deyildi. Özündən böyük qardaşı olan Fərrux kişi iki oğluna ataları Paşanın adını qoymuşdu, lakin uşaqlardan hər ikisi cəmi 10-15 yaşa qədər böyüyüb, sonra müxtəlif xəstəlikdən dünyalarını dəyişmişdilər. Lakin Allah İbrahim kişiyə ikinci oğlu əta etdikdə o, həm də qardaşı uşaqlarının nakam ömrü şərəfinə oğluna Paşa adını verdi. Nəslin bütün nümayəndələrinin soyadı Nəsirov olsa da, İbrahim kişi uşağa fərqli bir soyad götürdü – Paşayev Paşa İbrahim oğlu.

 

 

Beləliklə, bu gün oxucularımıza təqdim edəcəyimiz Qarabağ igidi Paşayev Paşa İbrahim oğlu Beyləqan rayonunun Orta Əlinəzərli kəndində, 26 noyabr 1975-si ildə dünyaya göz açıb.

 

 

Atası İbrahim kişinin dediyinə görə, Paşa lap kiçik yaşlarından iddialı, özünütanıyan, ötkəm və comərdliyi ilə seçilməyə başladı: “Kiçik yaşlarından özü üçün idman qurğuları hazırlayır və bu kustar üsullarla hazırladığı qurğularda hər gün məşq edirdi. O vaxt idmana o qədər diqqət olmasa da, Paşa öz fiziki hazırlığını daima diqqətdə saxlayırdı. Orta məktəb illəri SSRİ-nin dağılması dövrünə düşdüyündənmi, ya bizim diqqətsizliyimizdənmi, yuxarı siniflərdə dərslərə hazırlığı zəiflədi. Qardaşı İsrail əsgərliyə yollananda 8-ci sinifdə oxuyurdu. O zaman israr etdi ki, mən də gedirəm, qardaşımı cəbhəyə tək buraxmaq istəmirəm. Komissarlığa qədər birlikdə getdilər. Komissar qohumumuz idi, o, uşağı dilə tutdu ki, İsrail hələ cəbhəyə getmir, nə vaxt cəbhəyə getsə, xəbər edəcəm, sən də gəl, qardaşınla birlikdə get cəbhəyə, o, hələ hazırlaşmalıdır, sən isə Foto-0390Maşallah, döyüşə tam hazırsan. Beləcə, onu rayon komissarlığından dilə tutub, geri qaytardıq (doluxsunaraq dəsmalla gözündən gilələnən damcıları silir). Bir neçə aydan sonra xəbər tutduq ki, İsrail sinif yoldaşı Arzumanla xidmət etdikləri batalyonun tərkibində Murovda döyüşə aparılıb. Bir neçə dəfə mən və əmisi İsrailin yanına da getdik. Uşaqların döyüş ruhu yüksək idi, hər biri əsl qəhrəman kimi görünürdü, orada hamı yalnız döyüşlərdə şücaət göstərmək arzusu ilə yaşayırdı. Uşaqların Qorxmaz adlı bir komandiri var idi. O, batalyonda döyüş ruhunu çox yüksək səviyyədə saxlayırdı. Ruh yüksəkliyi elə səviyyədə idi ki, ölən və yaralanan olanda hər bir döyüşçü qisas hissi ilə yaşayırdı. Amma bütün bunlardan Paşanın xəbəri yox idi, o bilmirdi ki, qardaşı döyüşür…”

 

 

Nəhayət, 1993-cü ilin qışında İsrayilgil Murovda gedən döyüşlər zamanı mühasirəyə düşərək 2 gün düşmənin tam əhatəsində döyüşürlər, lakin sonradan bizimkilər mühasirəni yararaq onları xilas etmişdilər. Həmin döyüşdə İsrail yaralanmış və ayağını don vurmuşdu. Yalnız onda Paşa bilmişdir ki, qardaşı artıq 2 ildir döyüşür. Buna görə Paşa atasından və anasında küsüb, hərbi komissarlığa ərizə ilə müraciət etmişdir ki, onu vaxtından tez əsgər aparsınlar. Təbii ki, komissarlıq bu ərizəyə müsbət cavab verməmişdir.

 

 

1994-cü ilin payızında İsrail sağalaraq yenidən cəbhəyə qayıtmalı olur, lakin bu dəfə artıq Paşanı heç kim saxlaya bilmir. O, hərbi komissarlığa yenidən ərizə ilə müraciət edir və yaşı düşdüyü üçün ordu sıralarına qəbul edilərək, həqiqi hərbi xidmətə başlayır. Qısa müddət Bakıda hərbi təlim keçdikdən sonra (hərbi xibmətə çağrılandan 20 gün sonra), yanvar ayının 5-də Paşa Paşayev könüllü olaraq Ağdam ətrafında gedən döyüşlərə qatılır.

 

 

Əsgər yPawaoldaşı Elbrus Əliyev deyir ki, o, cəbhəyə çatan kimi xüsusi qaydalarla döyüşməyə başladı: “Onu dərhal kəşfiyyat bölüyünə qəbul etdilər. Paşa gecələr kəşfiyyata gedir, gündüz isə bizimlə bərabər döyüşürdü. Hansı istiqamətdə daha çox qüvvə yığmaq lazım olduğunu komandir, yalnız Paşadan soruşurdu. O, qeyri-adi insan, qeyri-adi döyüşçü idi. Qorxu nə olduğunu bilmirdi, onun tərkibində olan kəşfiyyat dəstəsinin heç bir üzvü sağ-salamat geri dönəcəyinədən qəti narahat olmurdular. O komandir olmasa da, tərkibində olduğu dəstənin komandiri mütləq onu köməkçi götürərdi. Son döyüşə qədər Paşa bir dəfə də olsun döyüş tapşırığını natamam yerinə yetirmədi. Ən təhlükəli ərazilərə kəşfiyyat dəstəsi yığılanda komandirimiz adətən könüllülük prinsipinə arxalanırdı. Həmişə də Paşa birinci qabağa çıxırdı. Onun sadəcə canlı əfsanə olduğunu mən yalnız cəbhədə hiss elədim, baxmayaraq ki, uşaqlığımız bir yerdə keçib, bir sinifdə oxumuşuq. Lakin 18 aprel 1994-cü il tarixdə sonuncu dəfə görüşüb, Ağdamın Suma və Güllücə kəndi uğrunda döyüşə atıldıq. Həmin döyüşdə batalyonun bir qrup dəstəsi mühasirəyə düşmüşdü. Səhərə yaxın mühasirəni yara bildik. Xeyli sayda itki vermişdik, yaralılar da var idi, lakin Paşa nə yaralıların, nə də ölənlərin arasında yox idi. Hamımız Paşanı axtarırdıq, çünki o, bizim üçün daha çox əhəmiyyət kəsb edirdi. Mühasirə yarılan kimi komandir ilk növbədə onu axtarmağı əmr verdi: “Çox güman ki, o, yaralıdır, yoxsa birinci onu görərdik, onu tez tapıb geri göndərmək lazımdır!” Lakin çox təəssüf ki, biz həmin vaxt Paşanı və bir neçə digər döyüşçü yoldaşlarımızı tapa bilmədik. Belə güman edildi ki, yəqin onlar əsir düşüb, lakin bir neçə gün ərzində düşmən tərəfdən bizim əsgərlərin əsir götürülməsi də təsdiqlənmədi”.

 

 

Paşanın anası Nigar xanım onun uşaq vaxtı taxtadan yonub düzəltdiyi qartal büstünü və qədim döyüş alətlərini bizə göstərir: “Belə əl işləri çox idi, Ağcabədi rayonunda muzey təşkil ediləndə verdik muzeyə. Bunları isə özüm üçün saxlamışam, bunlardan Paşanın iyini alıram (ağlayır). Çox axtardıq, amma heç bir yerdə tapa bilmədik. Məhkəmə qərar çıxarıb ki, artıq o ölüb, amma mən buna inanmıram. Mən inanıram ki, o, bir gün gəlib çıxacaq, çünki o, elə oğuldu ki, onu heç kim saxlaya bilməz, gec-tez gələcək, mən bir ana kimi bunu hiss edirəm…”

 

 

Israil

Artıq o vaxtdan 20 il ötür, amma hələ də Paşadan bir xəbər yoxdu. Yalnız bir istisnadan başqa. 1996-cı ildə o zaman nəşr edilən “Avrasiya” qəzetində Afaq Quliyevanın “İtkinlər itkin düşüb” adlı bir məqaləsi dərc edilib. Həmin məqalədə müəllif qeyd edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan xidməti dörd nəfər azərbaycanlı əsirin, o cümlədən də Beyləqan rayonunda anadan olmuş Paşayev Paşa İbrahim oğlunun yerini müəyyənləşdirib. Lakin ikinci dəfə missiya üzvləri həmin əsirləri müəyyənləşdirdikləri yerdə tapa bilməyiblər. Yazının müəllifi ilə İbrahim kişinin söhbəti zamanı bəlli olub ki, Afaq xanım həmin faktı komitənin sənədlərinə baxarkən aşkarlayıb. Lakin BQXK sonradan təkzib edib ki, bizdə belə bir fakt yoxdur. Lakin jurnalist bunu özündən də uydura bilməzdi, çünki yazıda adı keçən hər bir döyüşçü həqiqətən itkin düşüb və bu günə qədər də onlardan xəbər-ətər yoxdur.

 

 

Akif Nəsirli

 

 

“KarabakhİNFO.com”

 

 

28.08.2014 11:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*