Azərbaycanca

Mənəviyyatsız ikili standartlar və Qarabağ

22.12.2014 | 14:38

world-hands_00278818Bu gün mediada tez-tez “ikili standartlar” termininə rast gəlirik. İkili standart termini Kollinsin “İngilis lüğətin”-də aşağıdakı kimi izah edilir:

 


“İkili standart siyasətdə ölkələrin davranışlarının qiymətləndirilməsinə disrkriminasyon yanaşmaları ifadə edən termindir”. Josef Butler «Mənəviyyatın ikili Standartı» adlı əsərində yazır: “İnsanlara, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan toplumlarına eyni gözlə baxmamaq, onları fərqli qiymətləndirmək, tərəfkeşlik etmək. Haqqı, ədaləti birinin xeyrinə və digərinin ziyanına şərh etmək və pozmaq”.

 
Böyük dövlətlərin kiçik dövlətlərə qarşı və ümumiyyətlə bir dövlətin digər iki dövlətə qarşı fərqli, qərəzli yanaşması ikili standartların ən çox müzakirə edilən və ən ağrılı tərəfidir. Bu hala ikiüzlü siyasət də deyilir. Məhz həmin bu ikili standartların nəticəsidir ki, bəzi dövlətlər hansısa bir dövlətə siyasi-iqtisadi təsir edə bilmirsə, həmin dövlətdə seçki zamanı baş verən hansısa bir naqisliyə görəsə beynəlxalq səviyyədə hay-küy qaldırıb, onu sanksiyalara məruz qoyduğu halda, digər tərəfdə Səudiyyə Ərəbistanı, Küveyt, İordaniya və digər bu kimi, ümumiyyətlə, heç bir seçki sistemi olmayan dövlətlərlə hərtərəfli əlaqələr qurur, onlardakı insan hüquqları və demokratik dəyərlərin pozulmasına göz yumur.

 
Bu termin ilk dəfə XIX əsrin ortalarında ingilis dilində işlənib. Beynəlxalq siyasətdə ikili standartların tipik nümunəsi – «demokratiya», «insan haqları» və s. kimi dəyərlərlə edilən spekulyasiyalardır. Hansısa bir problemə münasibətdə güclü dövlətlər, özünə sərfəlilik məqamından asılı olaraq, gah «demokratiya», gah «insan haqları» (yaxud «azlıqların hüququnu dəstəkləmək»), gah «daxili işlərinə qarışmamaq» və s. prinsiplərindən hansısa birini əsas götürərək (və ya müdafiə edərək) özlərini və ya öz müttəfiqlərini daim haqlı çıxarır, bəraətləndirir, hansısa münasibətdə, müzakirədə və s. özlərinə sərf edən qərar qəbul olunmasına nail olur. Son günlər Avropada Azərbaycanla bağlı «demokratiya”və «insan haqları» məsələlərinin gündəmə gəlməsi və bu konkteksdə Azərbaycanın ərazisinin 20% işğal olunan hissəsinin kölgəyə salınmasını müşahidə edirik.

 
Qərb insan hüquqlarının müdafiəsi pərdəsi altında Türkiyə ərazisində kürd, Azərbaycan ərazisində isə erməni separatçılığı və terrorçuluğunu faktiki şəkildə himayə edir. Qərbin ikili standartlı mövqeyi daha bir dünyəvi müsəlman dövləti olan Türkiyəyə münasibətdə özünü sərgiləyir. PKK-nın 30 mindən artıq türkü öldürməsi, onları dəstəkləyən qüvvələrin nəinki Yaxın Şərq ölkələrində, həmçinin Avropa və Rusiyada törəyib artması, daha sonra ermənilərin qondarma genosid məsələsinin bəzi Qərb dövlətləri tərəfindən dəstəklənməsi, Türkiyənin Avropa Birliyinə daxil olmasının əngəllənməsi demokratik və dünyəvi inkişaf yolunu seçmiş Türkiyəyə tendensiyalı münasibətin bariz təzahürüdür.
Həmçinin Qərb dövlətləri dini zəmində ikili standartlı siyasətdən əl çəkmir. Məsələn, ABŞ-ın Azərbaycan siyasəti barədə yeritdiyi xətt təhlil və tənqid edildikdə, deyirlər ki, erməni diasporu ABŞ-da güclüdür. Məgər buna inanmaq olarmı? ABŞ-da yaşayan 800 min erməni 300 milyon əhalisi olan bir dövlətin siyasətinə bu qədər ciddi təsir göstərir? Əgər təsir göstərirsə, bəs ABŞ Konstitusiyası hara baxır? ABŞ Konstitusiyasına görə, prezident Senatın və Konqresin qeyri-humanist qərarına veto qoyub, onu xalqın müzakirəsinə verə bilər.

 
Məlumdur ki, dünya dövlətlərinin Azərbaycana olan rəğbətinin artmasına və bir çox dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq bəzi təşkilatlar və dövlətlər ikili standartlardan çıxış etməkdə davam edirlər. Avropa İttifaqının son sənədlərinin birində bunun şahidi olduq. Azərbaycanda “siyasi məhbus” məsələsini gündəmə gətirən bu qurum 1992-ci ildən bəri Azərbaycan vətəndaşlarını əsirlikdə saxlayan Ermənistana qarşı heç bir münasibət sərgiləmədi.

 
Yaxud hazırda Ermənistan ordusu tərəfindən həbs edilib beynəlxalq sənədlərdə Azərbaycan ərazisi sayılan Dağlıq Qarabağda əsir düşən Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma məhkəməsinə Qərb dövlətləri niyə reaksiya vermədi? ABŞ Dövlət Departamentinin rəsmisi bütün media və TV-lərin yazması, sosial şəbəkələrdə ciddi müzakirələrin getməsinə baxmayaraq bu haqda məlumatlarının olmadığını deyir. Niyə onda ABŞ səfirliyi Azərbaycanda fəaliyyət göstərir? Niyə onların mətbuat xidməti bu məlumatları Dövlət Departamentinə göndərmir?
Yaxud Rusiya Federasiyası öz vətəndaşı olan Dilqəm Əsgərovun müdafiəsinə qalxmadı. Məgər Rusiya Federasiyasının Konstitusiyasında maddə 63-də yazmır ki, hər bir vətəndaş törətdiyi cinayət yaxud əmələ görə xarici ölkələrdə mühakimə olunan zaman onların müdafiəsini dövlət öz boynuna götürür? Bu, ikili standartlar, ayrı-seçkilik və erməni təəssübkeşliyi deyilmi?”
Yaxud Fransa özü Azərbaycanda səfirliyi vasitəsilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, lakin ermənilərin işğal etdikləri Dağlıq Qarabağın qondarma nümayəndəliyini öz ölkəsində açılmasına göz yumur.

 
Dövlət Departamentinin adından çıxış edən C.Psakinin qərəzli, riyakar, heç bir reallığa söykənməyən fikirləri, əslində, öz ölkəsində və onların cani-dillə müdafiə etdikləri işğalçı Ermənistanda insan haqlarının kobudcasına pozulması, fundamental hüquq və azadlıqlara məhəl qoyulmaması faktlarını ört-basdır etməyə hesablanıb. Son günlər “A1pous” televiziyasının, sonra “Haykakan jamanak” (Ermənistan zamanı) qəzetinin müxbirləri, “Parlamentə qədər” vətəndaş birliyinin aktivistləri, veteranlar döyülür, amma ABŞ, Rusiya, Avropa, İnsan hüquqları deyə-deyə bəyanatlar yayan qurumlar və şəxslər susurlar.

 
ABŞ, həm də digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına maraq göstərmir. Əksinə, ABŞ Ermənistana və Dağlıq Qarabağ separatçılarına milyonlarla, hətta, milyardlarla ölçülən maliyyə yardımı göstərir. Son olaraq deyək ki, Ermənistan kimi dövlətlər məhz bu kimi əclaflıqların törəmələri və övladlarıdırlar. Dünyada ədalət və ədalətli qanunlar mövcud olmuş olsaydı, o zaman alman faşizmini və ya ərəb terrorunu görən gözlər çoxdan erməni faşizmi və terrorizmini də öz-özünə görərdi, daha zorla göstərəndə də üzünü yan çevirməzdi…

 
Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru
“KarabakhİNFO.com”

 

 

 

 

22.12.2014 14:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*