Azərbaycanca

“Mən də əlimə silah almağa hazıram”

08.05.2014 | 07:35

1399549548_20Azərbaycanın dilbər guşələrindən biri də Şuşadır. Şəhərin əsası hələ 18-ci əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Hələ o dövrdə Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi-siyasi, mədəni mərkəzi kimi yaranmış və inkişafı etmişdir. İlk çağlarda Şuşa adı ilə yanaşı, şəhəri xanın şərəfinə Pənahabad da adlandırırdılar. Pənahəli xan və oğlu İbrahimxəlil xanın dövründə şəhərdə müdafiə bəndləri və qalalar tikilmişdir. Məhz bu bəndlərin, qalaların sayəsində feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə müdafiə sınağından uğurla çıxmışdır.

 

“Şərqin konservatoriyası” adlanan şəhər Azərbaycanın bir sıra görkəmli xanəndələrinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır.  Böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu ecazkar torpaqda dünyaya göz açmışlar.

 

…Təəssüflər ki, hazırda Şuşaya gedə, bu torpağa ayaq basa, suyundan içə, barlı meyvələrindən dada, o gözəl havasından uda bilmirik. Mayın 8-i, 1992-ci ildə Azərbaycanın bütün sərvətlərinə göz dikən mənfur qonşularımız hücum edərək şəhəri işğal etdilər. Nəticədə  200 nəfər şəhid, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılmışdır. Şuşanın işğalından 22 il ötür…Şuşada doğulan bu günün gənclərinin bir qisminin xatirində Şuşa dumanlı olaraq qalıb, bir qismi isə hələ körpə olduğundan o yerləri, el-obasını xatırlaya bilmir. Əlbətdə ki, şuşalı olub Şuşada doğulmayan gənclərimiz də az deyil. Onlar yalnız qohum-əqrəbalardan, yaxınlarından eşitdikləri o gözəl xatirələrlə xəyallara dalıb bir anlıq da olsa Şuşanı təsvir etməyə, xəyalən ora səyahət etməyə çalışırlar.

 

1399549753_nezaket-teymurovaAğdamda doğulmasına baxmayaraq xanənədə Nəzakət Teymurova da Şuşada olmadığı üçün çox təəssüflənir. Bu gözəl torpağı Azərbaycanın göz bəbəyi adlandıran Nəzakət xanım Şuşanın ziyalılar, gözəl sənətkarlar yetişdirdiyini söyləyir:

 

-Şuşanın işğalından 22 il ötür. Şuşa haqda nə deyə bilərsiniz?

 

Şuşada olmamışam. Bu torpağda gəzmədiyim, havasını udmadığım üçün hamıdan daha çox təəssüflənirəm. Şuşa haqda danışmaq, onu sözlə tərənnüm etmək çox çətindi…Şuşa bizim göz bəbəyimiz idi. Əvəzolunmaz torpağı, ab-havası var idi. Hər dəfə gözümü yumanda Qarabağı xatırlayıram. Təəssüflər olsun ki, bu gözəllikləri təsvir edə bilmirəm. Çünki bu gözəlliyin qarşısında söz belə acizdir.

 

-“Şuşanın dağları başı dumanlı” gözəl yazılıb… Bu füsunkar torpaqda olmasaz da Ağdamdan görünən başı dumanlı Şuşa dağları yəqin ki, sizin də xatirinizdə izlər buraxıb?

 

-Dağları hər zaman ecazkar, əzəmətli görünərdi. Şuşa dağlarının başı çox zaman dumanlı olardı. Bu mahnı həmin o gözəllikdən, mənzərədən yaranıb…Füsunkar dağlardı…

 

Azərbaycan istedadlar diyarıdı. Amma etiraf edək ki, ən gözəl səslər, sənətkarlar, böyük mütəfəkkirlər məhz bu torpaqda-Qarabağda yetişib. Torpaqdakı bu sehrin qüdrəti nədir?

 

-Torpağın özündən asılıdı. Bu torpaqda yaranan səslər hər zaman fərqliliyi ilə seçilib. Əbəs yerə Qarabağ Konservatoriya adlandırmayıblar. Böyük ziyalılarımızın bir qismi məhz bu torpağın məhsuludu. Hər zaman deyirəm ki, torpaqdan əziz insana heç nə yoxdur. Torpaq qədər əvəzolunmaz bir şey yoxdur. O müqəddəsdir.

 

1399549793_aygun-bayramovvovXanəndə Aygün Bayramova ilə xəyalən də olsa bir anlıq Şuşaya səyahət etdik:

 

-Şuşa xatirinizdə  necə qalıb?

 

 Ağdamla Şuşa arasında 30-35 dəqiqə yol vardı. Hələ uşaq ikən Şuşanı başdan-başa gəzərdim. O ecazkar mənzərə indi də gözümün qarşısındadı. Hətta uşaq vaxtı Şuşada olarkən Oxuyan Torpaq adlı filmə də çəkilmişəm. Şuşa alınmaz qala idi. Amma…nə bilim. Bu günədək Şuşanın, eləcə də başqa rayonların alınmasına inana bilmirəm. Gün o gün gəlsin ki, yenidən öz torpaqlarımıza qayıdaq, o dağların, daşların üzərində gəzək.

 

İşğal altında olan torpaqlarımız ermənilər tərəfindən xarabalığa çevrilib. Nə qədər də ürəkağrıdıcı mənzərə yaranıb…

 

Düzdü, işğal altında olan torpaqlarda mövcud mənzərəni internet vasitəsi ilə seyr etdikdə adamın ürəyi ağrayır. Torpaqlarımız xarabalığa çevrilib. Yaranan belə mənzərəyə görə düşünmürəm ki, bu torpaqlarda nəsə bitər, bar verər. Danışdıqca kövrəlirəm..Bu cür gözəl torpaq hər zaman çörəyimizi yeyən mənfur qonşularımız tərəfindən tarımar olunub. Bilirsiz ki, tək bir ağacın böyüməsi üçün nə qədər zaman tələb olunur… Ermənilər çox murdar millətdi. Bizə arxadan zərbə vurdular. 1988-ci ildən başlayan müharibə sonda torpaqlarımızın işğalına səbəb oldu. İşğal altında olan torpaqlarımız barlı-bərəkətli, ruzili idi. Azərbaycan vətəndaşı, bir qarabağlı kimi hər dəfə torpaqlarımızın işğalı ildönümündə pis oluram, ürəyim qan ağlayır. O xoş günləri-Şuşalı, Qarabağlı günləri xatırlayıram.

 

-O əsrarəngiz dağları, bağı-bağçası, oylaqları necə xatirinizdə qalıb?

 

Şuşa hər zaman gözümün qarşısında idi. Ağdamdakı evimizdən buranın əsrarəngiz dağlarını seyr edərdim. Şuşada elə bulaqlar vardı ki, buz kimi idi. Suya əl uzatmaq da mümkün deyildi. Xüsusi ilə də yayda Şuşaya gələr, gözəl oylaqlarını gəzərdik. Bazarlıq etmək üçün də tez-tez Şuşaya gedərdik… Qarabağ Bülbüllərində oxuyanda Bakıdan film çəkmək üçün gəlmişdilər. Mən də balaca qızcığaz idim. O ecazkar dağlar, dumanın dağların üzərini necə bürüməsi, sıx meşələri kadra alındı.Uşaq olsam da həmin günləri yaxşı xatırlayıram. O günlər gözümün önündən kino lenti kimi keçir. Amma bugünki gündə çox təəssüf edirəm ki, füsunkar torpaqlar bizdə deyil. Düşünürəm ki, bu vəziyyət müvəqqəti olacaq. Görürsüz də, onların yaşayış tərzini. Sosial durumları, rifahları, iqtisadiyyatları aşağı səviyyədədir.

 

-Sonuncu dəfə təxminən nə vaxt Şuşada olmuşdunuz?

 

Sonuncu dəfə təxminən işğaldan iki il öncə Şuşada olmuşdum. İnanıram ki, güclü ordumuzun sayəsində bu torpaqları geri qaytaracağıq. İşğal altında olan torpaqların azad edilməsi üçün lazım gələrsə mən də əlimə silah alaram.

 

Nigar Məhərrəm

 “KarabakhİNFO.com”

 

08.05.2014 07:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*