Azərbaycanca

Mən evə yox, Qubadlıya qayıtdım

08.10.2013 | 15:20

1381230941_qQarabağ savaşında igid və cəsur döyüşçülərimizlə görüşlərimiz davam edir. Bu gün elektron jurnalımızın “Danışır şahidlər”  bölməsində, sizi daha bir döyüşçümüz ilə tanış edəcəyik. O, Şirinov Niyazi Kamal oğludur. Niyazi Şirinov 1974-cü il sentyabrın 13-də Şəki şəhərində anadan olub. Orta təhsillidir. 

 

– Qarabağ savaşında sizin qəhrəmanlığınızdan döyüşçü yoldaşlarınız çox xatirələr danışır. Siz döyüşə nə vaxt başlamısınız?

 

– Mənim döyüş yolum hərbi xidmətə getməyimlə başladı. 1992-ci ildə mən hərbi xidmətə çağırıldım. Bizi Bakı şəhərinə gətirdilər. Uşaqlıqdan idmanla məşğul olduğumdan fiziki cəhətdən çox möhkəm idim. Ona görə də, Hərbi Dəniz Qüvvələrində 20 günlük təlim keçdik. Sonra bizi – 35 nəfərlik xüsusi təyinatlıları oradan Qubadlı rayonuna yolladılar. Qubadlıda 706 saylı batalyonun tərkibində döyüşlərə başladıq. İlk döyüşüm elə Qubadlıda döyüşçü yoldaşlarımızı mühasirədən çıxarmaq əmri alan da başladı. İstəyimizə nail olduq. Mühasirəyə düşmüş 20 nəfərdən çox döyüşçümüzü mühasirədən çıxara bildik. Amma bu əməliyyatda ağır yaralandım. Ermənilər “qrat” atdılar və dağa dəyən kimi zərbə məni çaya tulladı. Döyüşçü yoldaşlarım məni çaydan çıxarıb Zəngilan batalyonuna apardılar və oradan da Bakıya gətirdilər. Hərbi Dəniz Qüvvələrinin Bayıl qəsəbəsində yerləşən hospitalında ay yarım müalicə aldım. Başımdan ağır zərbə almışdım. Hospitaldan məni evə buraxarkən, 15 günlük məzuniyyət verdilər. Amma, mən evə yox, Qubadlıya qayıtdım. Qubadlıda dedilər ki, sizin batalyonu Zəngilan rayonuna köçürüblər.

Mən evə yox, Qubadlıya qayıtdım– Siz Zəngilana qayıtdıqdan sonra hansı döyüş tapşırıqlarını aldınız?

 

– Məni Zəngilan batalyonunda komandir qəbul etdi. Əlimdə məzuniyyət kağızını görüb təəccübləndi. Mənim evə yox, döyüşə qayıtmağıma qürurlanıb əlini çiynimə qoydu.  Oradan məni Zəngilan rayonunun Kolluqışlaq kəndində yerləşən posta yolladı. Burada yenidən döyüşlərə başladım.

– Hansı hərbi əməliyyatlarda iştirak etmisiniz?

 

– Mən ümumilikdə Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl rayonları istiqamətində gedən bütün döyüşlərdə iştirak etmişəm. Biz batalyon olaraq bir-birimizə köməyə gedirdik. Məsələn: ermənilərin Qubadlı istiqamətində döyüş zamanı üstünlüyü olan da, ora köməyə gedirdik. Oradan qayıdırdıq Cəbrayıla yola düşürdük. Biz, xüsusi təyinatlılar olduğumuz üçün batalyonda hamısı demək olar ki, seçmə idmançı döyüşçülər idi. Ona görə də,ermənilərə qan uddururduq.

– Siz adını sadaladığınız rayonların hamısının müdafiəsində döyüşmüsünüz. Elə deyilmi?

 

– Bəli. Adını sadaladığım dörd rayonun müdafiəsində sona kimi döyüşdüm. Amma təəssüflər olsun ki, bu dəfə qarşı tərəf istəyinə nail oldu. 1993-cü il avqustun 25-də mən ikinci dəfə ağır yaralandım. Güllə sağ tərəfdən döşümün üstündən girib, kürəyimdən çıxmışdı. Məni Bakıya hospitala gətirdilər. Bundan sonra mən döyüşə bilmədim. Doğulduğum Şəki şəhərinə qayıtdım.

– Ümumilikdə neçə il döyüşdünüz?Mən evə yox, Qubadlıya qayıtdım

 

– İki il döyüşmüşəm.

 Bu iki illik döyüşünüz zamanı erməni döyüşçülərini sağ ələ keçirmisinizmi?

 

– Döyüş vaxtı əlbətdə, erməni döyüşçülərini əsir götürürdük. Amma biz onları yanımızda çox saxlamırdıq. Bununla məşğul olan qurum var idi, biz əsirləri onlara təhvil verirdik. Onlar da əsirləri danışdırır və bizim əsirlərlə dəyişdirirdilər. Onların arasında nəinki ermənilər, hətta “neqr”lar da var idi. Zəngilanda “Qotursu” deyilən yer var idi və biz döyüşçü yoldaşlarımızla oradan səhənglə su gətirirdik. Bir dəfə su gətirəndə baxdıq ki, qayaların arasından bir “neqr” və arxasınca da bir saqqallı erməni çıxaraq bizə atəş açmağa başladılar. Biz də cavab atəşi açdıq. Erməni qaçsa da, “neqır”ı vurub yerə sərdik və yaxınlaşıb üstündəki sənədlərini götürüb komandirimizə təhvil verdik. Bunların hamısı sübutdur ki, ermənilər öz gücləriylə, heç vaxt, heç nəyə nail olmayıblar.

– Sizin haqqınızda bir çox məlumatlar əldə etmişik. Biz o mövzular barədə suallarımızı bir-bir sizə ünvanlayacağıq. Onlardan biri də sizin qardaşınızın da şəhid olması ilə bağlıdır.

– Qardaşım Zaur 1995-ci ildə hərbi xidmətdə olarkən şəhid oldu. “Atəşkəs”  elan edilməsinə baxmayaraq, qarşı tərəf buna əməl etməyib və bu gün də əməl etmir. “Atəşkəs”in pozulması  nəticəsində qardaşım da, vətən uğurunda şəhid oldu.

Mən evə yox, Qubadlıya qayıtdım– Sizinlə bağlı daha bir məlumat dövlət tərəfindən verilən veteranlıq vəsiqəsi və təqaüt kartı ilə bağlıdır.

 

 Məni heç vaxt elə şeylər maraqlandırmayıb. Doğrusunu deyim ki, veteranlıq vəsiqəsi yoxumdur və buna görə də heç kimi qınamıram. Sadəcə özüm istəməmişəm. İkincisi də ki, dövlətimiz tərəfindən verilən təqaüt kartımı, otuz illik “etibarnamə”ylə Şəki uşaq evinə vermişəm. Çünki mənim bunlara ehtiyacım yoxdur.  Bu saat dolanışığım da, aylıq gəlirim də mənim bütün ehtiyaclarımı ödəyir.

– Mən bütün müsahiblərimə bu sualı ünvanlayıram və bu gün həmin sualı sizə də ünvanlayıram. Sonda demək istədiyiniz nəsə varmı?

 

– Mən ilk öncə üzümü gənclərimizə tutub onu demək istəyirəm ki, mərd olsunlar, heç nədən qorxmasınlar, vətənpərvər olsunlar. Qarabağ uğurunda döyüşmüşük və bu gün də döyüşlər başlayarsa, yenidən torpaqlarımızın müdafiəsinə qalxmağa hazırıq.

 

 

 

Vasif Əlihüseyn

 

“KarabakhİNFO.com”

 

08.10.2013 15:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*