Azərbaycanca

“Mən inanmıram ki, kimsə Şuşaya dönməsin”

05.08.2013 | 11:05

1375685883_bayram-1Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində fəaliyyət göstərən qurumlardan biri də “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyidir.

Qurum 1992-ci ildə yaradılıb. ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edir. Müsahibimiz birliyin rəhbəri Bayram Səfərovdu.

 

–  İşğal olunmuş əraziylə bağlı bir quruma rəhbərlik etmək çətindirmi?

 

–  Mənim üçün bir qarabağlı, şuşalı olub “Dağlıq Qarabağ Bölgəsinin İcması”na rəhbərlik etmək çox şərəflidi. Mənə etimad göstərib bu yerə layiq biliblər. Çox məsuliyyətlidi. Mən də çalışıram bu etimadı doğruldum. Bu həm də mənim  qarabağlılara, doğmalarıma olan münasibətimdi.

 

–  Ermənistanda da analoji qurum varmı və onlarla danışıqlar aparılmasının münaqişənin həllinə müsbət təsiri ola bilərmi?

 

–  Ermənistanada belə bir qurum ola bilməz. Çünki onların o qədər vəsaiti yoxdur ki, Azərbaycandakı kimi belə bir şəraitdə bina tikdirsinlər. Bizdə bütün məcburi köçkünlərə dövlət qayğısı var. Ölkə başçısının özünün ayrıca diqqəti var. Belə olmasaydı, İlham Əliyev özünün ən gözəl gününü – 50 illik yubileyini onlarla birgə qeyd etməzdi. İlham Əliyev hələ prezident seçiləndə demişdi ki, Azərbaycanda çadır şəhərciyi qalmayacaq. Cəmi 5 il kifayət etdi onun bu fikrinin reallaşmasına. Növbəti prezident seçkilərinə qədər  bir dənə də olsun çadır şəhərciyi qalmadı. Məcburi köçkünlər rahat, hər bir şəraiti olan evlərlə təmin olundular. Bu iş davam etdirilir, qəsəbələr tikilir, məcburi köçkünlər rahat evlərə köçürülürlər.

 

–  Siz həm də məcburi köçkünlərlə tez-tez görüşürsünüz. Necədi əhval-ruhiyyələri?

 

–  Təbii ki, onların hamısı öz torpaqlarına qayıtmaq istəyir. Xüsusən də gənclərlə olan görüşdə hətta onlar insanı çətin sual qarşısında qoyurlar ki, döyüşə nə vaxt gedəcəyik, nə vaxt müharibə olacaq ki, torpqalarımızı azad edək. Hazırda bizim böyük gücə sahib olan ordumuz var, müadfiə sənayemiz var və müharibəyə tam hazırıq. Amma biz sülh yolu ilə problemin həll olunmasını istəyirik. Ölkə başçısı İlham Əliyevin apardığı istər daxili, istərsə də xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin diqqətini çəkir. Prezident özü də bunu vurğulayır ki, sülh danışıqları son variant deyil, bu başqa müstəviyə də keçə bilər. Yəni ölkə başçısının çağırışı nə olacaqsa, biz də bir xalq, millət olaraq onun ardınca gedəcəyik.

 

–  Münaqişənin həll olunmamasının əsas səbəbini nədə görürsünüz?

 

–  Əslində Dağlıq Qarabağ münaqişəsi yalnız iki dövlət arasında gedən və o qədər də bəsit məsələ deyil. Burada qonşu dövlətlərin, Azərbaycana dost və o cümlədən, düşmən ölkələrin marağı var. Düzdür son illər bizə düşmən dövlətlərin münasibəti dəyişir ki, bu da aparılan uğurlu siyasətin nəticəsidr. Artıq dünya dövlətləri Azərbaycanın haqlı olduğunu qəbul edirlər.

 

–   Problemin həllində İran və Türkiyənin də vasitəçilik etməsi məsələsinə münasibətiniz və sizcə, onların həmsədr olması nəyisə dəyişə biləcəkmi?

 

–   Kimin necə vasitəçilik etməsindən asılı olmayaraq biz məsələnin ədalətli olmasının istəyirik. Bizim heç kəsin torpağında gözümüz yoxdu, biz öz tarixi torpaqlarımza dönmək istəyirik və kimin vasitəçilik etməsindən asılı olmayaraq biz məsələnin ədalətli yolla həll olunmasının tərəfdarıyıq. Düzdür, ermənilər zaman-zaman öz yalanlarını dünyaya sırımağı bacarıblar.  Biz də çalışmalıyıq ki, onların yalanlarını dünya ictimaiyyətinə çatdıra bilək. Sevindirici haldır ki, əksər dövlətlər indi məsələyə bir qədər açıq gözlə baxırlar. İndi Azərbaycan 20-25 il bundan əvvəlki Azərbaycan deyil, ordumuz  güclənir, iqtisadi cəhətdən güclüyük, ən əsası xalqımızın iradəsi güclüdür. Məcburi köçkünlər üçün müasir evlər tikilib verilməsinə baxmayaraq,onlar- biz öz yerimizi, öz torpaqlarımızı istəyirik – deyirlər.

 

–   Əgər münaqişə hər iki millətin birgə yaşaması prinsipilə həll olunarsa necə?“Mən inanmıram ki, kimsə Şuşaya dönməsin”

 

–   Allah kimə yaxşı qonşu, kimə də pis qonşu qismət edir. Nə təfavütü var ki, biz ermənilərlə ya sərhəd qonşusu olduq ya da bir yerdə yaşadıq. Amma bu o halda mümkündür ki, birgə yaşayış Azərbaycan qanunlarına, konstitusiyasına uyğun olsun. Məndə olan məlumata görə, hazırda Ermənistanda yaşayan Qarabağ erməniləri də bunu istəyirlər və yenidən Qarabada yaşamaq istədiklərini açıqlayıblar. Bu gün dünyada elə bir dövlət yoxdur ki, Azərbaycanla əməkdaşlıq etməkdən çəkinsin. Odur ki, Ermənistan bizim üçün o qədər qüdrətli dövlət deyil ki, onların istəyi bizim üçün maraqlı olsun.

 

–  Hazırda müharibə gedən ölkələrdə yaşayan ermənilərin Qarabağa köçürülməsi münaqişənin həllini çətinləşdirən səbəb sayıla bilərmi?

 

–  Mən Qarabağı coğrafi baxımdan çox yaxşı tanıyıram. Oranın həm də təbiətinə bələd olan bir qarabağlı kimi deyirəm ki, hər adam Qarabağda yaşaya bilməz. Bu gün Qarabağda erməni çox azdı. Məlumatlara görə, əsasən yay aylarında gedirlər, o da cəmi bir-neçə gün çəkir. Qışda orada yaşamaq çətindi, enerji sərfiyyatı digər yerlərə nisbətən dəfələrlə artıqdı. Hazırda isə orada infrastruktur iflic vəziyyətində olduğundan yaşayış üçün əlverişli deyil. Digər tərəfdən isə məgər Ermənistanın nə qədər əhalisi var ki, onları Qarabağda da yerləşdirsinlər. Onların Qarabağda məktəb tikmələri, abadlıq-quruculuq işləri aparmaları barədə yaydıqları məlumat görüntü xarakteri daşıyır. Onlar özləri də bilirlər ki, Qarbağda müvəqqətidilər və nə vaxtsa oranı tərk edəcəklər. Suriya vətəndaşı olan erməni mənim torpağımda yaşamaq istəməz. Erməni bilir ki, sonra buna görə o cavab verəcək. Heç Ermənistanın özü dövlət olaraq Dağlıq Qarabağı müstəqil  dövlət kimi dəstəkləyə bilmir.

 

–   Müharibə münaqişənin həll yolu ola bilərmi?

 

–   Əlbəttə. Ermənilər nə vaxta qədər danışıqlardan qaçacaq. Hər şeyin bir həddi və sonu var. Əgər belə davam edərsə, təbii ki, Azərbaycan tərəfi müharibə yolu ilə torpaqları azad edəcək. Çünki indi bizim müasir tələblər səviyyəsində hazırlıqlı ordumuz, silah-sursatımız və lazımı imkanlarımız var.

 

–   Sonuncu dəfə Şuşada nə vaxt olmusunuz?

 

–  1992-ci il may ayının 6-da. Bərdəyə hüzr yerinə gedirdim. Şuşada elə vəziyyət yaranmışdı ki, orada yığıncaq eləmək mümkün deyildi. Xeyir-şərimiz olanda onu ətraf rayonlarda verirdik. Elə sonuncu gedişim oldu. Sonra dönə bilmədim.

 

–   Xalq diplomatiyası çərçivəsində Şuşaya səfər etmək istərdinizmi?

 

–   Özü də necə. Böyük məmnuniyyətlə nə yolla olursa olsun getmək istərdim. Təbii ki, ən böyük arzum Şuşanı işğaldan azad onunandan sonra gedib görməkdi. Amma hər bir halda getmək istəyirəm. Şuşa mənim doğmalarımın – anamın, atamın, qardaşımın əbədi uyuduğu bir məkandı. Şuşa haqqında danışmağa həmişə çətinlik çəkmişəm. Bimirəm ki, haradan başlayım, harada bitirim. Şuşalıların özlərinin də ayrı bir özəlliyi var ki, insanları ilə birgə sevirəm Şuşanı. Mənim boynumda haqqı var şuşalıların. Əzizlərimi itirəndə şuşalıları hər zaman yanımda görmüşəm. İndi hansısa məclisə gedəndə bir saat elə onlarla görüşməyə ayırıram.

 

–   Şuşaya döndüyünüzdə ilk gedəcəyiniz yer hara olacaq?

 

–   Yəqin ki, əzizlərimin məzarını ziyarət edəcəm. Sonra təhsil aldığım məktəbə gedərəm. Ailəmlə birgə birdəfəlik köçüb gedəcəm ora. Mən inanmıram ki, kimsə Şuşaya dönməsin. Hamı gedəcək, hökmən gedəcək.

 

Naibə Qurbanova

 

“KarabakhİNFO.com”

05.08.2013 11:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*