Azərbaycanca

Mən müharibəyə nifrət edirəm

25.04.2013 | 16:30

1366881143_fuad1Müsahibimiz  okeanın o tayında – Kaliforniyada nəşr olunan “Azərbaycan qadınlarının səsi” dərgisinin rəhbəri, Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin sədri, 7 il müharibə jurnalisti olmuş Gülbəniz Arifqızıdır

 

–      Gülbəniz xanım, ilk öncə özünüz haqqında məlumat vermənizi istərdik.

–      Əvvəla, bizi okeanın o tayında tapıb müsahibə aldığınız üçün sizə təşəkkür edirəm.  Özüm haqqında nə deyə bilərəm. 1961-ci ildə Füzuli rayonunda ziyalı ailəsində doğulmuşam. 1982-1987-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsinin sənaye və mülki tikinti ixtisasına yiyələnmişəm. Ali məktəbi bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Baş layihə İnstitutunda mühəndis işləmişəm. Müharibə başlayanda mühəndislik sənətimdən uzaqlaşıb hərbi müxbir kimi fəaliyyətə başladım. Düzdür münaqişə bölgələrinə 1988-ci ildən gedirdim.  Həmin vaxtlarda yazılar gətirib mətbuatda çap etdirirdim. Lakin, 1991-1997-ci illər rəsmi olaraq “Ədalət”, “Ordu”, “Azad söz”, “Azərbaycan İşıqları” qəzetlərində çalışmışam. 1997-ci ilin fevral ayından Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatına Azərbaycan dilində televiziya proqramı yaratmaq üçün dəvət olunmuşam. Demək olar ki, Şimali Azərbaycandan Amerikada ilk dəfə Azərbaycan haqqında proqramı mən təşkil etmişəm. O zamandan bu günə kimi ABŞ-da  yaşayıram.

 

–      Neçənci illərdə və hansı bölgələrdəki döyüşlərdən reportajlar hazırlayıbsınız?

 

–      Bu illər ərzində ən çox Füzuli, Beyləqan, Xocavənd, Cəbrayıl, Qubadlı, Ağdam bölgələrində olmuşam. Bu bölgələrdən çoxlu həm qəzetdə məqalələrim və həm də Azərbaycan Dövlət Radiosunda əsgərlərlə canlı müsahibələrim gedib. O zaman Respublika radiosundakı  “Ana”,  “Ön cəbhəyə doğru” verlişləri vardı və demək olar ki, hər həftə mən əsgərləri radio vasitəsilə ailələrinə qovuşdururdum. Bilmirəm radionun arxivində bu verlişlər qalıb ya yox. O vaxtlar radio mənim üçün heç bir problem yaratmırdı. Amma  məni televiziyaya buraxmırdılar. Deyirdilər ki, sənin çəklişlərini versək, gərək hamı ayağa qalxa. Amma kaş  elə əvvəldən xalqa həqiqəti deyəydilər.

 

–      Məlumdur ki, ermənilər əksər vaxtlarda müharibə qanunlarını pozublar. Bu “qanun pozuntu”larını siz o vaxt yaza bilirdinizmi?


–      Təşəkkürlər, qəribə sualdır, xoşum gəldi bu sualdan. Bəli, belə hadisələr çox olurdu. Amma o zaman bir çox qəzetlər mənim gətirdiyim bu məlumatı verməkdən qorxurdular. Bu sahədə mən deyərdim ki, ən ürəkli qəzet çalışdığım qəzetlər arasında “Ordu” qəzeti olub.  Baş redaktor Yunis Oğuz və redaktor Fatma xanım Abbasquliyeva demək olar ki, yazılarımın 80-90 faizini olduğu kimi verirdilər. Ona görə də onlara bu gün də böyük hörmətim var. Çünki, yazdığım hər yazı o günlərin sənədi kimi tək mənim deyil, deyərdim ki, onların da xidmətidir. Əgər onlar çap etməsəydi indi bunları kim bilərdi? Yadımdadır, o dövrdə “Ədalət” qəzetində bir şöbə müdiri var idi. Səhv etmirəmsə, adı Nazim Ağamirov idi. O insanı heç vaxt xoşlamazdım. Bilirsiniz  nədən? Çünki, mənim müharibədən gətirdiyim yazılar bəzən onun masasının üzərində qalıb köhnələrdi. Mən o insana həmişə deyərdim ki, müharibə yazısı gecikməməlidir. Cavabı bu olardı “O qalsın gələn həftəyə”. Müharibədə isə vəziyyət hər gün, hər saat dəyişirdi. Odur ki, məcbur olub yazıları ondan alıb digər qəzetlərdə verərdim. Elə olurdu bir həftədə 3-4 qəzetdə müxtəlif yazılarım gedərdi. Bu gün də bəlkə dünyasını dəyişmiş neçə vətən övladlarının səsi yazılan diktafon kasetlərim qalmaqdadır. Bəlkə də bəzi şəhidlərimizin yeganə müsahibələridir ki məndə var. Çox istərdim bir zaman bu səsləri bir yerə yığıb onların səsi ilə bir proqram hazırlayam. Bəzən  müharibədə döyüşənləri qınayan yazılara, çıxışlara rast gələndə əsəbləşirəm. Çünki o zaman müharibədə bir-iki nəfərin fərariliyi o demək deyildi ki,  müharibə getmir. Bizim döyüşçülərə aylarla silah, sursat, ərzaq verilmirdi. Onlar ac qarına, arxada ailələri min zülüm çəkdikləri vaxt  öz canlarını ətdən çəpər edib düşmən qarşısında dayanmışlar. Bunları itirmək günahdır.

–      Bir jurnalist kimi ermənilərin müharibə zamanı əsgərlərimizə qarşı etdikləri hansı vəhşiliklərin şahidi olubsunuz?

–      Bilirsiniz, döyüş gedə-gedə mən çox bölgələrdə olmuşam. Gecələr minalı sahələri keçmişəm. Ön xəttdə dəfələrlə gülləyə tutulmuşam, hətta snayperlə. Bunu o vaxt təsadüfən bir operator lentə alıb və məndə var o çəkiliş. Səhəri erməni ilə üzbə-üz soyuq səngərlərdə açmışam. Bunu Füzulidə, Beyləqanın Harami istiqamətindəki döyüşçülər təsdiq edə bilər. Həmin vaxt yaralıları, ölüləri görmək dəhşət idi. Amma mən alışmışdım. Sanki daşa dönmüşdüm. İndi o video çəkilişlərinə  baxa bilmirəm. Çünki, ürəyim daha dözmür. Çalışıram müharibə xatirələrimdən bir az uzaq olum. O zaman mənim üçün ən dəhşətlisi əsirlərin gözünə baxmaq idi. Bəlkə də o qorxu ölüm qorxusundanda dəhşətli idi. O zaman mən General Əlibəy ləqəbli Əlövsət bəylə müsahibə aparanda dəhşətə gəlirdim. Onda erməni əsirliyində olarkən işgəncəyə məruz qalan oğullarımızın şəkilləri və onlar haqqında çoxlu xatirələr var.  Mən ordan gələn əsirləri, tanınmaz hala salınan yaralıları hər gün görürdüm. Əllər yox,  ayaq bədəndən üzülmüş, al qana bulaşmış, onların qorxunc səsləri, ağrıdan, əzabdan solan simaları, dəhşətli çığırtıları… Bunlar unudulası bir şey deyil. O yaralar indi də ürəyimdədir. Odur ki, zaman keçdikcə indi mənə o illər daha dəhşətli gəlir. Bilmirəm necə izah edim, bəlkə də o zamanlar dəhşətdən donmuşduq.

1366881044_beniz-1–      Nəzəriyyəçilərin fikrincə, jurnalist qələmini yerə qoyub silaha əl atırsa, onun jurnalist kimi vəzifəsi bitmiş olur. Siz belə bir situasiyaya düşübsünüzmü və ya döyüş bölgələrində olarkən ürəyinizdən belə bir hiss keçirdimi ki, silah götürüb döyüşəsiniz? 

–      Məndə isə əksinə. Mən o zamandan bu günə kimi mühəndislik sənətimdən tam uzaqlaşdım. Halbuki mən neçə illər əziyyət çəkib bu ali məktəbə qəbul oldum, oxudum. Çox təəsüf ki, hər şey yarımçıq qaldı.  Çox təəssüf ki, bu qədər ağır itkilərdən sonra torpaqlarımız  düşmən tapdağı altda qaldı.

       İndi də mən uzun illər öz sahəmdə çalışmadığıma görə, ABŞ-da təhsilimə uyğun iş tapa bilmirəm. Çünki keçdiyim mühəndis təcrübəmə baxıb mənə kiçik işlər  belə vermirlər. Oranın sistemi ilə buranın sistemi arasında fərq az deyil. Bu işi gərək daimi işlədəsən. Amma görün neçə illər keçib, artıq öz işimi də unutmuşam. Mənim o zaman  evimdə silah, qumbaram vardı. Anam onu evdə görəndə həmişə çox qorxardı. Mən onu ABŞ-a gələnə qədər saxladım. Sonra gəlməyə az qalmış hərbi hissəyə təhvil verdim. Bu mənim birdən əsir düşərəmsə son şansım üçün saxladığım silah idi.  Çünki Füzuli istiqamətində bir dəfə mənim əsir düşmək ehtimalım olub. İlk dəfə silah atmağım da yadımdadır. 1991-ci il hardasa noyabr – dekabr aylarında Füzulinin Cuvarlı kəndində XTPD-də Elxan adlı gənc bir polis vardı. O rotanın komandiri şəhid Milli Qəhrəmanımız Mehdi Abbasov idi. Elə Mehdi ilə də ilk tanışlığım o gün olmuşdu. Elxana, Mirpaşa deyirdilər. “Yeddi oğul istərəm” filmindəki Mirpaşaya həm əqidəsi uyğun gəlirdi, həm də fiziki görkəmi bənzəyirdi. Elə buna görə də ona bu ləqəbi vermişdilər. İlk atəş açmağı mənə o öyrətdi. O vaxt atəş açarkən qundaq necə sol çiynimi bərk vurmuşdusa çox incitmişdi. Çünki atəşin zərbəsini çiynimdə ilk dəfəydi hiss edirdim. Özümün də o vaxt hardasa 53 kq çəkim var idi. Arıq bir qız idim. Amma hər ehtimala qarşı bilməliydim. İndi də yadımdadır o günlər. Doğrusunu deyim, o vaxtlar dəhşətdən çox emosional olurduq. Deyirdim ki, ermənini görsəm tikə-tikə edərəm baxmayaraq ki, bir neçə dəfə belə bir məqam yaranıb, amma bacarmamışam və anlamışam ki, mən insan öldürə bilmərəm. Əlbəttə müharibənin qanunudur, sən öldürməsən o səni öldürər. Amma tanrının verdiyi canı bəndənin alması məncə düz deyil. Nəinki ermənini, heç pişiyi də öldürməyə ürəyim gəlməz. Ermənilər bu çirkin oyunu başlamaqda çox böyük haqsızlıq və vəhşilik etdilər. Bu heç insanlığa sığılası bir şey deyil. Geriyə yol yoxdur. İstəsələr də, istəməsələr də bizimlə qonşu yaşamağa məcburdular. Odur ki, mən müharibəyə nifrət edirəm.

      Kaliforniya ABŞ-da ermənilərin ən çox və aktiv olduğu yerlərdən biridir. Belə bir yerdə ermənilərlə mübarizə aparmaq sizə çətin deyil ki?

 

–       Bəli inanılmaz dərəcədə ermənilər ABŞ-ın Kaliforniya Ştatında güclüdürlər hər sahədə. Həm saylarına, aktivliklərinə, həm də təbliğatlarına görə bizdən qat-qat güclüdürlər. Bu həqiqəti danmaq olmaz. Tomris xanımın 10 nəfər yığıb əlində bayraq tutmağı ilə diaspora olmaz.  Mənim ilk televiziya proqramım 1997-ci ilin mart ayının 21-də Los-Ancelesin 18-ci Beynəlxalq  kanalında yayımlandı. Onu da deyim ki, bu kanalın 6 milyona qədər tamaşaçısı var. O, bütün Los-Angeles, San-Diego, San-Fransisko ərazilərində göstərilir. Proqram gedə-gedə titrda telefon nömrələri qoymuşduq. Elə onu görən kimi ermənilər zəng edib hədə-qorxu gəldilər. Sonra  2001-ci ildə azəri ilə bir farsın şəriki olduğu “LA carpet” adlı  ev dizayn şirkətində işə başladım. O zaman şirkətdə cəmi 1 erməni işləyirdi. 2008-ci ilə qədər ora hardasa 17 Ermənistan, İran, Qarabağ, Suriya  ermənisi gəldi.  Hamısı bir-birini çəkib gətirdi. İnanın ki, 2008-ci ilə qədər onlarla böyük mübahisələr yaşandı. Hədələr, maşınımı əzdilər, amerikalı müştərini işə qatdılar, amma mənə bata bilmədilər. Hətta məsələ şirkətin səviyyəsinə qədər qalxdı. O zaman insafən azarbaycanlı rəis mənə çox kömək etdi. Amma o, İranda yaşayan azərbaycanlı olduğundan bu faciənin dərinliyini bilmirdi. Ona olunan təzyiqlər dayanmırdı. 2008-ci ildə mən Bakıya gəlib qayıtdıqdan sonra məni öz işimə bərpa etmədilər. Ayrı iş təklif etdilər, ona da mən razı olmadım. Təəssüf ki, rəislərdən biri azərbaycanlı olduğu üçün şirkətdən şikayət edə bilmədim.  Çünki orda neçə illər çalışmağımın səbəbkarı o idi. İşdən getsəm də 2 il şirkətin sənədləri əsasında mənə pul ödənildi. İndi artıq çalışıram, belə şeylərdən uzaqlaşım. Çünki ürəyimdə problemlər yaranıb. bəzi şeylərə səti yanaşmağa çalışıram. Axı bu işlə məşğul olanların misiyasını nə zamana kimi bizlər aparacağıq? İndi 52 yaşındayam, 8 yaşlı oğlum var. Bəs ona kim həyan olsun?

–      Olubmu ki, ermənilər sizə təhlükəli vəziyyət yaratsın və ya təxribatlar törətsin?

 

–      Bilirsiniz, gərək həmişə ehtiyatlı olasan. Əgər “LA”-dakı Türk konsulluğuna getsəniz orada görərsiniz ki, nə qədər insanlara ermənilər Amerikada sui-qəsd ediblər. Düzdür, o ölkədə sənin təhlükəsizliyinin təminatı var. Amma yenə də olsun. Bəli, olub hədə- qorxular, ən çox da proqramım gedən zamanlar.

–      Erməni terrorizminin ifşa olunması istiqamətində sizcə hansı addımlar atılmaldır?

 

–      Ancaq güclü təbliğat. Bu gün ideologiya müharibəsidir. Baş verən hadisələr  bütün dünyaya olduğu kimi çatdırılmalıdir ki, dünya  həqiqəti bilsin, kimin haqlı, kimin haqsız olduğu aşkarlansın və sübuta yetirilərək, cinayətkar cəzasına çatsın. Bütün bu həqiqətlər  dünyaya olduğu kimi çatdırılmasa, tək bizi , türk xalqını deyil, bütün millətləri “erməni” adlı bir terror öz murdar, çirkin  planları ilə məhv etməyə  çalışmaqda davam edəcək.

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

 

 

25.04.2013 16:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*