Azərbaycanca

Məni ağladan film

16.10.2012 | 11:40

1349764771_1348743333_185413_416338698422687_578868788_nElnarə Ağaoğlu

 

Məni ağladan film.
6 – 12 oktyabr 2012-ci il tarixlərində Türkiyədə 49 – cu Beynəlxalq Antalya Altın Portağal film festivalı keçirilir. 
Mətbuatdan oxudum ki, “Xoca” filmi bu festivala qatılır. Buna görə də filmə baxmaq qərarına gəldim. Onu deyim ki, nədənsə həmişə belə düşünürdüm ki, bu film keyfiyyətsiz çəkilib. Bizdə bu var axı; “bizim kanallara baxmıram”, “bizim rejissorlar yaxşı film çəkmir” və sair. Bu fikirlər görünür mənə də təsir etmişdi. Bəli, filmə baxdım və dərhal bu yazını yazdım. Kinoşünas olmasam da çalışacam filmi hərtərəfli təhlil edim.
Film Xocalı facəsinin 20 illiyinə həsr olunub. Filmin janrı müharibə, tarixi dram, rejissoru və ssenari müəllifi Vahid Mustafayev, baş prodüsser Mir Şahin, prodüsser Eyyub Danişvər, səs rejissoru Məsud Behnam, operator Afşin Əlizadə, bəstəkar Yaşar Baxış, montaj Elşad Rəhimovundur. Rollarda İlqar Musayev, Nigar Bahadırqızı, Telman Əliyev, Nəcibə Hüseynova, Mina, Elmira Yaqubova və başqaları çəkilib.
Filmin qısa məzmunu belədir: İki gənc – Əliəkbər və Günel ərizə verib Bakıda nikah növbəsinə dayanırlar, bir ay sonraya tarix alınır. Bu tarix 1992 – ci il 25 fevrala düşür.
Əliəkbər toy günü Bakıya gəlmək məqsədilə yola çıxır. Lakin Xocalıdan çıxanda ermənilərin rayonu mühasirəyə aldıqlarını görür. Bu zaman onunla birgə döyüşçü dostları Yura və Arzu, həmçinin anası və şəhid düşmüş böyük qardaşının oğlu Mehdi və onun anası idilər. Əliəkbər erməniləri görür və tərəddüd etmədən geri qayıdır.
Günelin atası isə toya hazırlaşır və toyu Əliəkbərsiz başlayır. Həmin vaxt isə Xocalıda döyüşlər gedir. Əliəkbər dostları ilə birgə həlak olur, onun meyidini Bakıya gətirirlər.
Dram, sevgi filmlərinə baxıb ağlamağa öyrəşmişik. Onu deyim ki, bu filmə baxıb təsirlənməmək mümkün deyil. İlk dəfə müharibə mövzusunda bir film məni ağlatdı. 
Yuxarıda da qeyd etdiyim kimi film Xocalı soyqırımına həsr olunub. Həmin dövrdə baş verən siyasi hadisələr, kreslo davası edib Xocalıya yardım göndərməyən məmurlar, erməniyə işləyən vəzifəli şəxslər, boğazdan yuxarı vətənə sevgi hissləri, aristokrat həyat tərzi, o cümlədən, sözün əsl mənasında vətənə sevgi, vətəni qorumaq eşqi, ümid, yaşamaq uğrunda mübarizə, qorxu və bəlkə mənim hələ hiss etmədiyim bir neçə hiss bu filmdə çox açıq aşkar sərgilənib.
Film boyu Əliəkbərlə Günelin hər ikisinin gözü önündə keçirdikləri günlər, xoş xatirələr canlanır. Mebel, bəxt üzüklərini seçməkləri, gələcək haqda qurduqları xəyallar çox təəssüf ki, reallaşmır. Əliəkbər toy günü yolun yarısından geri qayıdır və rabitə qovşağından Günelə zəng vurur, ani ehtiyatsızlıq onların son dəfə danışmağına imkan vermir. 
Əliəkbər elə oradanca çıxıb birbaşa silaha sarılır. Camaat isə sadəlövcəsinə hələ də Ağdamdan kömək gözləyir, hətta qurban kəsmək istəyənlər də var. Rabitə qovşağında işləyən Mehriban adlı qız da Əliəkbər və onun dostlarıyla mühasirəyə düşənə kimi silahla vuruşur. Ermənilər dayanmadan tank, BTR – lərlə atəş açır, dinc əhalini qırırlar. Hamı canını qurtarmağa çalışır. Amma çox az adam bunu bacarır. 
Filmdə diqqətimi çəkən isə ermənilərin öz dillərində danışmaları idi. Bunu nə əcəb titirlarla verməyiblər, bilmirəm. 
Xocalıda qanlı döyüşlər gedən vaxt Bakıda toy-düyündü. Günelin atası çəkdiyi xərc batmasın deyə toyu bəysiz edir. Günel buna heç razı olmasa da atasının təkidi ilə şadlq evinə gəlir. Hamı danışır, gülür, oynayır. Heç kəsin Xocalıda baş verənlərdən xəbəri yox. Hətta toya film boyu üzü göstərilməyən, erməniylə əlbirliyində olan vəzifəli şəxs də gəlib. Günelin atası onunla birgə vətənin şərəfinə badə də qaldırır. 
Filmdə Əlif Hacıyev də canlandırılıb. Qeyd edim ki, Əlif Hacıyev Xocalı aeroportunu qoruyurdu və onun səyi nəticəsində səhərə kimi qeyri-bərabər şəkildə olsa da döyüş davam edir. Hətta bir qrup sakinin Ağdam Şelli istiqamətinə çıxmasına kömək edir. Elə buradaca o ürəyindən yaralanır. Əliəkbər də anasıyla birgə burda həlak olur, dostu Yura isə mühasirəyə düşür, Mehriban da özünü onun yanına çatdırır. Bir- birlərinə olan sevgiləri Yuranın əvvəl Mehribanı, sonra da özünü öldürməsiylə nəticələnir.
Diqqət çəkən nüanslardan biri də Günelin qardaşının adıdı. Onun adı Beyrəkdi. Bax bu süni vətənpərvərlik hissi bizim sonumuza çıxdı. Atası oğluna Beyrək adı qoymaqla nə sübut etdi? Vətəni sevdiyinimi?
Filmin sonunda Xocalıdan vertolyotla sağ qalanlar, meyidlər gətirilir. Ən birinci Əliəkbərin meyidini düşürürlər, amma Günel hələ də ümidlə onun sağ olduğuna inanır. Çünki, həmin vaxt “Xəbərlər” Xocalıda yalnız iki dinc sakinin həlak olduğunu qeyd etmişdi. 
Amma… Əliəkbərin tabutu önündə ağlayan Günel, rəfiqəsi və qardaşının yanına Mehdi gəlir. Əliəkbərdən qalan yeganə nişan Xoca üzüyünü onun barmağına taxır. Halbuki, bu üzüyü onun barmağına toyda taxacaqdı.
Altın Portağal festivalında “Xoca” filminin nümayişi anşlaqla keçib. İki gün nümayişi nəzərdə tutulan filmə olan biletlər hamısı satıldığından növbədənkənar nümayişə qərar verilib. Hətta Türkiyənin aparıcı mətbuat orqanları bunu işıqlandırır. Təbii ki, bu bizim xeyrimizədi. 
Filmin sloqanı belədir: ”Gəlin, dönək evə!”
Bəlkə doğurdan da evə dönməyin vaxtı çatıb?

 

 

16.10.2012 11:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*