Azərbaycanca

Mərmi əsgərin kürəyindən girib, düz ortamıza düşdü

19.03.2013 | 14:07

  1363687322_firudin-mmmdovla3logo  Qarabağ müharibəsi Azərbaycanımızın tarixində çox dərin izlər buraxdı. Həmin döyüşlərdə ordumuz olmasa da, vətənimizin müdafiəsinə qalxan könüllü oğullarımız çox oldu. Bu el üçün kimi canından keçdi, kimi müxtəlif dərəcəli xəsarətlər aldı. Onlardan biri də “Vətən müharibəsi ictimai birliyinin” sədri Firudin Məmmədovdu. Firudin müəllim 1970-ci ildə Ağdam rayon Seyidli kəndində anadan olub.

 

– Firudin müəllim, 1988-ci ildən başlayaraq ermənilərin Azərbaycan xalqına qarşı təcavüzü başlamışdı. Həmin təcavüzün nəticəsidir ki, bu gün bizim torpaqlarımızın 20 %-i işğal altındadı. O illəri necə xatırlayırsınız? 

 

      – Mən 1988-ci ilin may ayında Almaniyada hərbi xidmətə başlamışam. Orada tank qoşunlarında xidmət edirdim. Sovet hökumətinin bizə qarşı törətdiyi faciələrdən biri olan “20 yanvar” hadisəsini də mən hərbi xidmətdə olarkən bildim. O vaxtı bizə “Səhər” adlı qəzet gəlirdi və bir gün o qəzeti açanda gördüm ki, şəhidlərin şəkli, adları, soyadları həmin qəzetdə yer alıb. Təbii ki, bir Azərbaycanlı kimi mən və digər yoldaşlarım bu faciəyə etiraz əlaməti olaraq aclıq aksiyasına başladıq. Həmin vaxtı Bakıdan bizə millət vəkilləri yolladılar və bizi bu aksiyadan daşındıra bildilər. Biz hətta sovet ordusunda xidmət etməkdən belə imtina etmişdik. 1990-cı ilin may ayında hərbi xidmətimi başa vurub, Bakıya qayıtdım. Bakıya çatanda mənim birinci ziyarət yerim “Şəhidlər Xiyabanı” oldu.

– Gələk müharibəyə və sizin döyüş yolunuza.

     – Azərbaycanda müharibə tədricən başladı. 1988-ci ildən ermənilər aksiyalara başladılar. 1988-ci ilin fevral ayında Ağdamdan ermənilərin üstünə bir yürüş oldu və həmin yürüşdə mən də iştirak elədim. 1991-ci ilin avqust ayında Milli Qəhrəman Polkovnik-leytenant Şirin Mirzəyev Ağdama və oradan da bizim Seyidli kəndində yerləşən kluba gəldi. Orada millət vəkili Eldar Bağırov Şirin Mirzəyevi bizə təqdim elədi və dedi ki, Şirin Mirzəyev Azərbaycanda ordu quruculuğu ilə məşğul olacaq. Seyidli kəndindən xeyli sayda cavanlar toplaşmışdıq. Onlar hamısı könüllü olaraq, döyüşmək istəyirdilər. Seyidli kəndinən 50 nəfərdən çox könüllü döyüşə yazıldı, amma onların içindən 25 nəfəri seçildi. Ondan sonra biz artıq Ağdam istiqamətində döyüşlərə başladıq. Batalyonumuzun adı beləydi; “Ağdam könüllü birinci özünümüdafiə batalyonu”. İlk vaxtlar çox çətin idi, nə silah var idi, nə geyim.

 

– Sizə həmin döyüşlərdə hansı işlər tapşırılırdı?

 

     – Bir il Ağdamda döyüşdükdən sonra, məni Ağdərəyə yolladılar. Həmin döyüşlərdə mən “Minamyot” atırdım, bu silah üzrə təlimçi idim.  Mart ayında Sürət Hüseynov Ağdərədən qoşunlarını çıxardı və ermənilər döyüşsüz olaraq, Ağdərənin bütün kəndlərini aldı. Təkcə şəhərin özü qalmışdı və biz gedib şəhərin 7 km-də 703-cü

briqadayla böyük bir müdafiə zolağı yaratdıq. Biz yaxşı silahlanaraq müdafiə zolağı ilə uzun müddət Ağdərəni işğaldan qoruya bildik. Ermənilərin generalları, hətta prezidentinə kimi Ağdərəyə gəlmişdilər. Planlaşdırırdılar ki, bu gün Ağdərəni alacaqlar, amma hər dəfə biz onların bu arzusunu ürəklərində qoyurduq. Birinci dəfə hücuma 15- texnika ilə keçdilər, amma buna baxmayaraq, biz o texnikaların 8-ni məhv etdik və onlar ağır itki verərək geri çəkildilər. Onlar hər gün bizə hücum edirdilər və hər dəfə gücləri artırdı. Martın 28-i səhər saat 5-radələrində ermənilər yenidən hücuma keçdilər. Bizi artilleriyalardan, tanklardan atəşə tutdular. Həmin döyüşdə təkcə bizim batalyondan 57-nəfər şəhid, 33-nəfər isə yaralandı. Səhər saat 5-dən başlayan döyüş axşamüstü saat 4-ə kimi davam etdi. Sonra döyüş dayandı, ermənilər yenə Ağdərəni ala bilmədilər. Bizim içimizdə bir qələbə hissi var idi.

– Firudin müəllim, necə oldu ki, siz gözünüzdən belə ağır yaralandınız?

 

 Mərmi əsgərin kürəyindən girib, düz ortamıza düşdü    – Ermənilər tərəfdə iki mərtəbəli bir ev var idi. Onun arxasında isə bir tank dayanmışdı və döyüşün dayanmasına baxmayaraq, bu tank hələ də biz tərəfə mərmilər atırdı. “Minamyot”u tuşladım tanka tərəf planlaşdırdım ki, onu vurum. Bir neçə atış etdim və axır ki, tankı vurdum. Mənim mərmim tankın üstünə düşdü və tank yerə yatdı. Bununla da atəş dayandı və biz yenə də yaralılarımıza köməyə başladıq. Təxminən 45-dəqiqədən sonra gördüm ki, əsgərlərimiz çəmənlikdə oturub istirahət edirlər. Onları da qınamaq olmazdı çünki, o cür ağır döyüşdən çıxmışdılar. Amma onların istirahət etdikləri yer ermənilər tərəfində görünürdü. Əsgərlərə yaxınlaşdım və dedim ki; “buradan erməni sizi vura bilər düşün səngərə”.  Elə bunu demişdim ki, arxası ermənilərə tərəf oturan əsgərin kürəyindən tank mərmisi girib düz ortamıza düşdü. Əynimdə zireh olduğundan bircə üzüm açıq idi və mərmi də üzümü tutdu. Bu mənim vurub yatırdığım tankın atdığı mərmi idi. Tank yenidən özünü bərpa edib və bizə tərəf bu mərmini atmışdı. Gözümə altı, başıma isə dörd qəlpə girdi.

– Sizi o vəziyyətdə hara gətirdilər?

 

      – Məni Tərtər qospitalına gətirdilər. Elə bilirdim ki, heç nəyim yoxdu, bir-iki günə sağalıb döyüşə qayıdaram . Həkimlər valideynlərimlə əlaqə yaratmamı istəyəndə etiraz etdim. Dedim ki; “onsuzda bir-iki günə qayıdacam valideynlərimə heç nə demək lazım deyil”. Çox pis vəziyyətdə olduğumu sonradan anladım. Ayağa qalxa bilmirdim, əlimi üzümə vuranda hiss eləmirdim. Ağzımın içi, dilim belə yanmışdı. Qospitalda bir xanım var idi, qardaşı oğlu yaralanmışdı, ona qulluq edirdi. O, mənə çox köməklik göstərirdi. Dodağımı isladırdı, dərmanlarımı verirdi. Mənə dedi ki; “Firudin, ver ev nömrənizi”, mən də verdim.

– Həkimlər ev ünvanınızı niyə istəyirdilər?

      – Həkimlər elə bilirmiş ki, mən öləcəm, mənim vəziyyətim yaxşı deyil. Ona görə də, onlar ev ünvanımı bilmək istəyirlərmiş. Zəng vurdular qardaşım və digər qohumlarım gəldi. Məni vertalyotla Bakıya qospitala gətirdilər. Qospitalda çox sağ olsunlar, həkimlər məni çox yaxşı qarşıladılar və əməliyyata başladılar. Üç ay qospitalda yatdım, başımdan və gözümdən ümumilikdə 8-cərahiyyə əməliyyatı keçirdim. Bir ilə qədər

müalicəm davam elədi. Sonradan mən yenə Ağdama qayıtdım, onda Ağdamın çox ağır günləri idi. İki il mənim gözlərim görmədi, sonradan sol gözüm görməsə də sağ gözüm 4% görür.  Təsüflər olsun ki, 1993-cü ilin iyul ayının 7-də Ağdərə, iyulun 23-də isə Ağdam işğal olundu. Həmin vaxtdan mən artıq ictimai fəaliyyətə başladım və “Vətən müharibəsi ictimai birliyi” olaraq əlillərimizə qayğı göstərməyə çalışırıq.

1363687549_firudin-mmmdov-2logo – Firudin müəllim, bir Qarabağ əlili olaraq, dövlətimizin göstərdiyi diqqət və qayğıdan razısınızmı?

 

– Dövlətimiz bu gün Qarabağ əlilləri üçün az iş görməyib. Əlillər avtomobillərlə təmin olunur,evlə təmin olunur. Amma buna baxmayaraq, onu da demək istəyərdim ki, təqaüdümüz azdı. Mən dövlətimizdən xahiş edərdim biz Qarabağ əlillərinin təqaüd azlığını da aradan qaldırsın.

 

 

Vasif Əlihüseyn

KarabakhİNFO.com

 

 

 

19.03.2013 14:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*