Azərbaycanca

M.Ə.Rəsulzadə və onun 1917-ci ildən sonrakı siyasi fəaliyyəti

30.01.2014 | 18:05

1391090575_resulzade_1254878468Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur.   1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatını yaratmışdır (“Azərbaycan türk kultur dərgisi”, Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. O dövrdən siyasi fəaliyyətini gücləndirən M.Ə.Rəsulzadə sonralar müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına nail olmuşdur…   1917-ci ildə fevral burjua inqilabı baş verdi. Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib, dünyanın altıda bir hissəsinə çevrilmiş Böyük Rusiya imperiyası dağılmağa üz qoydu. Həmin ilin martında açıq fəaliyyətə başlamış “Müsavat” partiyasının orqanı “Açıq söz” qəzeti yazırdı: “Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağı, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişlər”.   M.Ə.Rəsulzadə burjua xadimi kimi onu damğalamağa çalışanlara cavab olaraq yazırdı ki, mən kasıbçılıq üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar?   Bu dövr xalqımızın tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Fətəli xan İsgəndər oğlu Xoyskinin (1875-1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün İslam aləmində ilk dəfə olaraq, respublika üsul-idarəsinə qədəm qoydu.   1920-ci ildə aprel hadisələrindən sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə alındı. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi.   M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin (1898-1976) xatirə yazısında öz əksini tapmışdır. O yazır: “Müsavat” partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu (1897-1937) və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni (1898-1926) bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. Məhəmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir.    Sonralar SSRİ-də baş vermiş faciəli hadisələr göstərdi ki, bu, yeganə düzgün yol idi. Heç şübhəsiz, M.Ə.Rəsulzadə 1925-ci ildən sonra sağ qalmayacaqdı. Beləliklə, M.Ə.Rəsulzadənin mühacirət dövrü başlanır.   1923-cü ildən onun redaktorluğu ilə İstanbulda “Yeni Qafqaziya” jurnalı nəşrə başlayır. 1928-ci ildə M.Ə.Rəsulzadənin “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, “Əsrimizin səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları, “İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi”, “Millət və Bolşevizm” və “Qafqasya türkləri” kimi əsərləri çap edilmişdir. Həmin ildə onun redaktorluğu ilə “Azəri türkü” (1928-1931), sonra isə “Odlu yurd” (1929-1930) jurnalları və həftəlik “Bildiriş” (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində “Azərbaycan və istiqlaliyyəti” və rus dilində “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir.   M.Ə.Rəsulzadənin 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan “Məhəmməd Əmin Rəsulzadə”, “Yalvac oğlu”, “Məhəmməd Əmin”, “M.Əlif Rəsulzadə”, “MAR”, “MAR-zadə”, “M.R-zadə” “Haman”, “Sosialist” və s. qeyd etmək olar.   Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olan, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmiş Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.   Ankara Universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat 22:45-də üç dəfə “Azərbaycan… Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22:45 dəqiqədə təəssüflə sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini bildirdi.   O, Ankara Əsri qəbirstanlığında dəfn edilib. Vəfatı münasibətilə Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlardan ən maraqlısı S.H.Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə “Sühən” jurnalında yazırdı: “Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir”.    “…Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar.” (M.Ə.Rəsulzadə)   Bəli  Məhəmməd Əmin əfəndi heç bir zaman şübhə  etmirdi ki, Azərbaycan öz istiqlaliyyəti günəşinə qovuşacaq. Şükürlər olsun ki, Azərbaycan günümüzdə müstəqil bir cümhuriyyətdir. Ruhun şad olsun, əfəndim. Sənin qurduğun Cümhuriyyət yaşayır və yaşayacaq…    

 

  Aqşin Məsimzadə

 

 

  “KarabakhİNFO.com”  

30.01.2014 18:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*