Azərbaycanca

M.Ə.Rəsulzadənin kiçik vətənində bir gün

31.01.2014 | 10:46

1391150677_1496067_508402749278955_103983587_oMəhəmməd Əmin Rəsulzadə  Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biridir. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. 

Görkəmli şəxsiyyət 1955-ci il mart ayının 6-da Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində vəfat edib və elə həmin şəhərdə də dəfn edilib.    M.Rəsulzadənin bu həftə artıq 130 illiyi qeyd olunacaq. Bununla bağlı biz də M.Ə.Rəsulzadənin doğulub boya-başa çatdığı Novxanı kəndinə yollandıq. İlk işimiz ev muzeyinə baş çəkmək oldu. Muzeyə daxil olmaq istəyirik, amma qapı bağlı olduğundan kənd sakinlərinə yaxınlaşıb içəri necə daxil ola biləcəyimizi soruşuruq:

 – Ora uşaq bağçasıdır. Qapını döyün açacaqlar – deyir Elgün.  

 

1391252212_giri-qaps-muzeyElə də edirik, qapını döyürük və bizi bağçanın təsərrüfat müdiri Bəsti xanım Abbasi qarşılayır. Birlikdə M.Rəsulzadənin yaşadığı evə daxil oluruq. Bəsti xanım buranın 1937-ci ildən uşaq bağçası kimi fəaliyyət göstərdiyini deyir. Yataq otaqlarına daxil olub şəkillərini çəkirik və bağçaya gələn uşaqları görürük. Bağça müəllimələri ilə söhbətləşirik. Onlar da mətbuat işçiləri ilə tez-tez görüşdüklərini deyirlər.    

 

Siz Məscidə gedin  

 

Biz, Bəsti xanıma  M.Ə.Rəsulzadə haqqında söhbət etmək üçün ağsaqllarla görüşmək istədiyimizi bildirdik.  

– Siz Məscidə gedin, kəndin ağsaqalları günorta namazına gəlirlər. Onlarla görüşüb ətraflı məlumat ala bilərsiniz – deyir.

 

Çəkməçi Yusif dayının dedikləri:  

 

M.Rəsulzadənin ev muzeyindən ayrılıb kənd məscidinə yollanırıq. Məscidə yaxınlaşanda “Ayaqqabı təmiri” dükanı diqqətimizi çəkir. Pəncərədən baxırıq ki, yaşlı bir kişi ayaqqabı tikir. Qapını döyüb içəri daxil oluruq. Hardan gəldiyimizi deyirik və O da M.Ə.Rəsulzadəylə bağlı bildiyi məlumatları bizə danışır.   – Mən, Mirzəyev Yusif Şükür oğlu, 1944-cü ildə Novxanı kəndində anadan olmuşam. 1960-cı ildən çəkməçi işləyirəm. Bu sənətlə qız da köçürmüşəm, oğul da evləndirmişəm. M.Ə.Rəsulzadəylə bağlı bir neçə dəfə eşitdiklərimdən, bildiklərimdən jurnalistlərə danışmışam.

 

  Qayınatamı almanların əlindən alıb  

 

1391252141_evindki-uaqar– Qayınatam Ağadadaşov Balabəy Ağadadaş oğlu idi. İkinci Cahan müharibəsi iştirakçısı olub. Qayınatamın dediyinə görə, O, 1943-cü ildə müharibə zamanı bir neçə əsgərlə almanlara əsir düşür  və onları Fransaya gətirirlər. Günlərin bir günü bir nəfər gəlir ki, Fransada azərbaycanlılarla söhbət eləsin. Bunu görən azərbaycanlılar tanıyırlar ki, bəs bu M.Ə.Rəsulzadədir. O, əsir düşmüş soydaşlarımızın Novruz bayramı öncəsi vətənə qayıtmasını təmin edir. Onlardan biri də məhz mənim qayınatam Balabəy olub.

 

Hacı Zeynalabdin Tağıyevdən toxumluq taxıl alıb…  

 

– Mən sizə M.Ə.Rəsulzadəylə bağlı bir neçə məlumat da verə bilərəm. Bunu da mənə məndən öncəki ağsaqallar danışıb. Onlar deyirdilər ki, kənddə quraqlıq olduğundan, əkin sahələrimiz  susuzluqdan məhv olub. O, bir neçə ağsaqqalı da özü ilə götürərək,  Hacı Zeynalabdin Tağıyevdən toxumluq taxıl alıb camaata verib ki, əksinlər. Həmin ili kənd camaatı vəziyyətdən çıxa bilib.  O vaxt “töycü” deyərmişlər, kəndimiz kasıb olduğuna görə,  “töycü” verə bilmədiyindən kəndin bütün “töycü”sünü özü ödəyib.

 

Stalini minbərdə gizlədib  

 

1391252236_dkandak-kil-Sovet hökuməti qurulana yaxın Stalini Bakıda həbs etmək istəyirlər. M.Ə.Rəsulzadə Stalini minbərdə gizlədir. M.Ə.Rəsulzadəni Sovet hökuməti həbs edəndə isə Stalin onun yaxşılığının əvəzini çıxaraq, onu Moskvaya aparır və oradan da Finlaniyaya yola salır.   Yusif dayıyla söhbətimizi yekunlaşdırıb, çoxunun Əli müəllim kimi çağırdığı Məmmədəli müəllimgilə yollanırıq. Məmmədəli müəllim dükan işlədir. Dükana daxil olub satıcı xanımdan Məmmədəli müəllimi soruşuruq. Zəng vurub çağırır. Dükanda ilk diqqətimizi çəkən isə məhz elə M.Ə.Rəsulzadənin divardan asılmış şəkilidir. Şəkilini çəkirik. Məmmədəli müəllim gəlir: “O şəkildən məndə bir dənə qalıb” – deyir.  Bizi evinə dəvət edir. Söhbətimizə evdə davam edirik. Məmmədəli Əliyev 1944-cü ildə Novxanı kəndində anadan olub. İxtisasca radio-mühəndisdir. 1970-1992-ci illərdə Azərbaycan translasiya qovşağında çalışıb.

 

Həmin vaxtı M.Ə.Rəsulzadə Qazax rayonundan Gürcüstana keçərək…  

 

– 1918-ci ildə ermənilər ingilislərlə birləşib general Tomsonun başçılığı altında Bakıya hücum edəndə, Azərbaycanı yer üzündən silmək niyyətində olublar. Həmin vaxtı M.Ə.Rəsulzadə Qazax rayonundan Gürcüstana keçərək, Tiflisdən özünü yetirib Türkiyənin paytaxtı Ankara şəhərinə. Türk qoşunlarından kömək istəyib. Onlar da deyiblər ki, Yunanıstanla müharibədən çıxdıqları üçün ordudakı vəziyyət o qədər də ürək açan deyil. Amma buna baxmayaraq,  türk qoşunları Nuru paşanın başçılığı ilə Azərbaycana gəlir və erməni-ingilis birləşmələrini şəhərdən qova bilir.

 

1992-ci ildə kənddə M.Ə.Rəsulzadənin abidəsini qoyduq  

 

1391252265_heykli– Kənddə M.Ə.Rəsulzadənin abidəsinin qoyulmasında iştirak edənlərdən biri də mən olmuşam. Abidənin heykəltaraşı Cavanşir Dadaşovdu. 1989-cu ildə heykəl hazırlanmağa başladı və 1992-ci ildə yekunlaşdı. Elə həmin il də abidəni qoyduq.   Biz, Məmmədəli müəllimlə birlikdə kənddəki abidəni ziyarət etdik. Sonra isə kənd qəbiristanlığına yollandıq, M.Ə.Rəsulzadənin atası Axund Ələkbər Rəsulzadənin və oğlu Azər Rəsulzadənin məzarlarını ziyarət etdik.

 

     

Vasif Əlihüseyn  

“KarabakhİNFO.com”  

31.01.2014 10:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*