Azərbaycanca

Macarıstanlı deputat AŞPA-da Ermənistanı işğalçılıqda ittiham etdi

27.01.2016 | 17:32

145389449429485214_1000x669

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində Azərbaycanla bağlı məruzələrin müzakirəsi zamanı Macarıstanı AŞPA-da təmsil edən Daha Yaxşı Macarıstan Uğrunda – Yobbik partiyasının sədr müavini Marton Cöncöşi ölkəmizin haqlı mövqeyini dəstəkləyən bəyanatla çıxış edib.

M.Cöncöşi Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda və ətraf rayonlarda həyata keçirilən işğalçılıq siyasətindən, dinc əhaliyə qarşı vəhşiliklərdən danışıb, münaqişə nəticəsində Azərbaycanın böyük ərazi itkisinə məruz qaldığını və humanitar fəlakətlə üzləşdiyini bildirib. O, Azərbaycanın 30 minə yaxın vətəndaşını itirdiyini, on minlərlə insanın yaralandığını və 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu qeyd edib. Macarıstanlı deputat münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun fəaliyyətini, BMT və AŞPA-nın qətnamələrini xatırladaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bütün sənədlərin kağız üzərində qaldığını, beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən münaqişədən hələ də ən çox əziyyət çəkən tərəfin Azərbaycan olduğunu bildirib.

AŞPA-nın münaqişənin həlli məsələsinə müdaxiləsini məqsədəuyğun saymayan həmkarlarını qınadığını və onları başa düşməkdə çətinlik çəkdiyini deyən M.Cöncöşi insan hüquqlarının kütləvi şəkildə pozulması, qanlı münaqişələr və humanitar fəlakətlərlə bağlı Assambleyanın mövqe nümayiş etdirməsinin təşkilatın əsas hədəfi olduğunu bildirib və sadaladığı halların hər birinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində müşahidə edildiyini diqqətə çatdırıb.

Daha sonra BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini, AŞPA-nın 1416 və 1614 saylı qətnamələrini, həmçinin 2010-cu ildə NATO və Avropa Parlamenti tərəfindən qəbul edilmiş sənədləri xatırladan M.Cöncöşi bütün bu sənədlərdə Azərbaycan torpaqlarının işğalı faktının öz təsdiqini tapdığını qeyd edib. Çıxışının sonunda deputat belə qətnamələrin qəbulu ilə bir sırada onların icra mexanizminin işlənib hazırlanmasının zəruriliyini vurğulayıb və bu məqsədlə sanksiyaların tətbiqi məsələsinin də nəzərdən keçirilməsini təklif edib.

azertag.az

27.01.2016 17:32

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*