Azərbaycanca

Mahmut Koçak : “Ermənistan bir dövlət olaraq müstəqil deyil”

21.01.2014 | 13:45

1390297463_00038060Türkiyənin keçmiş millət vəkili və Xarici İşlər Komissiyasının üzvü, hazırda Türkiyə Alternativ Siyasi və Strateji Araşdırmalar Mərkəzinin başqanı, politoloq Dr. Mahmut Koçakın “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibəsini təqdim edirik

Mahmut bəy, Dağlıq Qarabağ məsələsinin həllində təəssüf ki,istənilən irəliləyiş yoxdur. Bir politoloq olaraq,hadisələri necə analiz edərdiniz?

 

-İlk öncə onu qeyd edim ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı və nizamlama prosesi bu çərçivədə getməlidir. Bunun başqa alternativi yoxdur. Bu gün Azərbaycan hakimiyyətinin bu məsələdə tutduğu prinsipial mövqeyi, dövlətin milli maraqlarına cavab verir. Beynəlxalq qurumlar bir məsələni dərk etməlidir ki, Dağlıq Qarabağ məsələsi həll olunmadıqca, bölgədə sülh və əmin-amanlığın yaranması qeyri-mümkündür.

 

Bu zamana qədər onların bölgədə olan iqtisadi-siyasi maraqları təhlükə altında qalacaq. Bunun yeganə çıxış yolu isə Azərbaycanın ərazilərinin geri qaytarılması və bir milyon insanın öz torpaqlarına qayıtmasıdır. Dünyanın gözü qarşısında Qarabağda ədalətsizlik hökm sürür. Gec-tez haqq ədalətsizlik üzərində qələbə qazanacaq.

 

Mərkəz rəhbəri olaraq, Ermənistanın mövcud siyasətini necə təhlil edirsiniz?

 

-Mənim Ermənistanla bağlı şəxsi analizlərim var; belə ki, Ermənistan hakimiyyəti yanlış yoldadır. Onsuz da Ermənistan tarixən türklərin qədim torpaqları olub. Onların Qafqazda yerləşdirilmələri və əlavə statuslara sahib olmaları elə də qədim dövrə söykənmir. XIX əsrdə məskunlaşan ermənilər Rusiyanın bölgədə siyasətini həyata keçirmək üçün vasitə rolunu oynayırdılar. Zaman-zaman azərbaycan türklərini öz dədə-baba torpaqlarından çıxarıblar.

 

Bunun nəticəsində də monoetnik dövlət yaradıblar. Bu hadisələr dünyanın gözü qarşısında baş verib. İndi ortaya belə sual çıxır ki, Ermənistan bundan nə qazanıb? Tarixi-siyasi və ictimai-sosial proseslərin gedişi təsdiqlədi ki, Ermənistan bir dövlət olaraq, müstəqil deyil və üstəlik çökmək üzrədir.

 

Sizcə, belə halda nədən erməni xalqı etirazını bildirmir?

 

-Ermənistanın bu hala düşməsində və vəziyyətin belə hal almasında erməni xalqının böyük səhvləri olub. Onlar zamanında elə düşünürdülər ki, “Böyük Ermənistan”ideologiyası onlara xoşbəxtlik bəxş edəcək. Amma əvəzində Ermənistan bədbəxtçiliyə düçar oldu və indi onlar səfil həyatı sürürlər.

İnsanlar dərk edirlər ki, monoetnik dövlət qurmaq və qonşularla problem yaşamalarından ən çox əziyyət çəkən özləridir.

 

Bölgədə müharibə riski gözləniləndirmi?

 

-Ermənistan rəhbərliyi dərk etməlidir ki, onların qarşısında güclü Azərbaycan dövləti var. Azərbaycan son illər ordusunu daha da gücləndirib. Ordunun maddi-texniki bazası artmaqdadır. Azərbaycanın bölgədə təhlükəsizliyini saxlamaq üçün bu siyasəti tam normaldır. Çünki Ermənistanın varlığı bölgənin təhlükəsizliyi üçün təhdiddir.

 

Belə olan halda Azərbaycan güclənməlidir. Türkiyə hər zaman olduğu kimi, qardaş Azərbaycanın yanındadır və bundan sonra tam gücü ilə öz dəstəyini əsirgəməyəcək. Bununla yanaşı, düşünürəm ki, müharibə heç kimə sərf etmir. İstərdim ki, məsələ sülh yoluyla həll olunsun. Amma Ermənistan rəhbərliyi bilməlidir ki, Azərbaycan torpaqlarının sona qədər belə şəraitdə qalması ilə razılaşmayacaq.

 

 

Elnur Eltürk

 

 “KarabakhİNFO.com”

21.01.2014 13:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*