Azərbaycanca

Mart soyqırımı: bəşəriyyət sussa da faktlar susmur (I hissə)

27.03.2013 | 17:04

1364387480_anar-2XX əsrin əvvəllərində Azərbaycan türklərinə və bütövlükdə azərbaycanlılara qarşı baş vermiş dəhşətli mart qırğınları barədə bir məqalə ilə çıxış etmək bəlkə də çox azdır. Çünki qırğınların miqyası o qədər böyük olmuşdur ki, bu hadisələr toplusu barədə kitablar yazılsa belə, filmlər çəkilsə belə yenə də azdır.  Bu baxımdan konkret faktlara əsaslanıb mart soyqırımı barədə bəzi nüanslara aydınlıq gətirməyi özümüzə borc bildik.

        Ermənilərin uzun zamanlardan bəri xalqımıza düşmən münasibət göstərməsi, qeyri-məhdud nifrətin və ədavətin olması ötən əsrdə bütün çılpaqlıqları ilə üzə çıxdı. Biz son Qarabağ hadisələrindəki erməni vəhşiliyini bir kənara qoyaraq 93 il əvvələ–1918-ci ilə ekskurs etməklə bunu bir daha aydın, qabarıq şəkildə görə bilərik.

        1917-ci il oktyabr çevrilişindən sonra Romanovlar sülaləsinin devrilməsi və bolşeviklərin hakimiyyətə gəlməsi həm Rusiyada həm də onun müstəmləkələrində bir sıra dəyişikliklərlə yadda qaldı. Artıq bir neçə il idi ki, xalqlar öz azadlıq və  suverenliyini bərpa etmək üçün gizli və açıq şəkildə mücadilələr aparır və çarizmə müxtəlif formada dirəniş göstərirdilər. Rusiyada hakimiyyət böhranı və vətəndaş müharibəsinin yaşanması xalqların bir növ azadlıq arzularının məşəlinə çevrildi. Azərbaycan xalqı da öz ziyalılarının arxasınca gedərək bu müstəqilliyin əldə olunması üçün səy göstərdi. Lakin bu arzuları boğmağa çalışan yeni qüvvələr meydana çıxdı. Onlar bolşeviklər və ermənilər idilər. Əgər birincilər sadəcə siyasi quruluşu dəyişməklə, milli dövlətçiliyə son qoymağa çalışırdılarsa, ikincilər bütövlükdə yerli türk əhalisini məhv edib, yerinə erməniləri köçürtmək və “böyük Ermənistan” yaratmağa cəhd edirdilər.

Mart soyqırımı: bəşəriyyət sussa da faktlar susmur (I hissə)        O zaman Bakıda hakimiyyətdə Şaumyanın başçılıq etdiyi Xalq Komissarları Soveti dururdu və bu qondarma qurum bolşeviklərin və daşnakların arzularının icraçısına çevrilmişdi. Sual oluna bilər ki, axı bolşevik və daşnak ideologiyası bir-birinə ziddir. Necə ola bilər ki, Şaumyan sosialist düşərgəyə başçılıq edənlərdən biri ola-ola bu qırğınlarda iştirak etsin.? Əvvəla onu qeyd edək ki, bəli bu ideologiyalar fərqlidir. Biri qatı erməniçilik xəstəliyinə tutulmuş ağlasığmaz iddialardan ibarət olan qurum və onun siyasi xətti, digəri isə sosialist-kommunist düşüncə daşıyıcısı olan yəni insanlar arasında etnik və dini mənsubiyyət fərqi qoymadan “bərabərlik” anlayışını sözdə təbliğ edən idarəetmə sistemi. Fərqi olmayan bir nüans var idi ki, o zaman bunu aşkar etmək çox çətin və xüsusilə sağlam əqidəli sosialistlər tərəfindən mükünsüz idi. Bu Stepan Şaumyan varlığı idi. Bu şəxs əqidəcə möhkəm sosialist təsiri bağışlasa da əslində ən qatı daşnak liderlərdən biri idi. Sadəcə sosialist pərdəsində gizlənmiş və mənfur əməllərinə haqq qazandırmaq üçün fəaliyyətə keçmiş Şaumyanın türk düşməni Andronikdən heç bir fərqi yox idi. Mart soyqırımlarına başçılıq etməsi onun bir daha  mübaliğəsiz bir daşnak olduğunu üzə çıxarır. Bu  onu göstərir ki, Şaumyan sadəcə sosialistlərin düşərgəsinə “Daşnaksütyun” tərəfindən “sızdırılmış” kadr idi. AMEA-nın müxbir üzvü, tarixçi Yaqub Mahmudov daşnaklara haqlı xarakteristika verərək yazır: “Daşnaksütyun” partiyası, faktiki olaraq, hər biri 10 nəfər “döyüşçüdən”  –  terrorçudan  təşkil  olunmuş silahlı dəstələrdən ibarət idi. Başqa sözlə, “Daşnaksütyun” siyasi partiya deyil, silahlı terror təşkilatı idi. “Hnçaq” və “Daşnaksütyun” terrorçuları Şərqi Anadolu və Azərbaycan kəndlərini çapıb-talamaqda bir-biri  ilə rəqabət aparır, “yarışırdılar”. Rəsmi proqramlarında  terroru qarşılarına vəzifə qoyan bu partiya və cəmiyyətlər “türkə ölüm” çağırışı ilə tarixin ən qanlı cinayətlərinə başladılar.” (1)

 Bu baxımdan proqramında silahlı mübarizəyə nisbətən yer ayırsa da ümumilikdə irqçilik baxışlarından uzaq bir firqə təsiri bağışlayan sosialistlər daşnaklarla heç cürə yaxın ola bilməzdi. Ümumiyyətlə sosialistlərlə daşnakların yaxınlaşmasını Yelizavetpol qubernatoru A. Kaçalov Qafqaz canişininə etdiyi məruzələrində belə  səciyyələndirirdi: “Millətçilik  ruhu  ermənilərə məxsus elə başlıca xasiyyətdir ki, ən qısa bir vaxt üçün belə ermənilərin ondan imtina edə biləcəyini təsəvvürə belə gətirmək mümkün deyil. Sosialistlər partiyasına qoşulmaqla “Daşnaksütyun” şübhəsiz ki, möhkəm əqidəli sosialistlər qarşısında vicdansızlıq etmişlər. Çünki erməni xalqı heç vaxt sosializm ideyalarını dərindən dərk edə bilməz. Ermənini inandırmaq olmaz ki, tatar (azərbaycanlı) millətindən olan proletar sənə  erməni millətindən olan  istismarçı burjua nümayəndəsindən daha yaxındır, sadəcə olaraq ağlasığmazdır”.  (2) Sadəcə daşnaklar həmişə olduğu kimi belə məqamda da özlərini yaxşıca komufülyaj etməyi bacarmışdı.

        1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində amansız qarət və qırğınlara start verildi. Tarix elmləri doktoru Həcər Verdiyeva yazır ki, “1918-ci ilin fevralında Türkiyənin Ərzurum vilayətində Andronikin quldur dəstələri ağlasığmaz cinayətlər törədir. Həmin dövrdə erməni millətçilərinə himayədarlığı Rusiya bolşevikləri edir və V.Lenin hökuməti ―təmənnasız olaraq 6.194.784 rubl vəsait ayırır. Türkiyə ermənilərinə muxtariyyət dekretini həyata keçirmək məqsədi ilə bolşevizmi ―süngü ucunda yaymaq prinsipinə əsaslanan V.Lenin və onun kampaniyası S.Şaumyana Şərqi Anadoluda sovet hakimiyyətini qurmağı tapşırır və Qafqazın fövqəladə komissar mandatını ona verir. Lakin Kiçik Asiyaya  tələsməyən və bu  tapşırığın reallıqdan uzaq olduğunu başa düşən S.Şaumyan Bakıda mart qırğınlarının ―ilhamvericisi olur”.(3)

 Mart soyqırımı: bəşəriyyət sussa da faktlar susmur (I hissə)       İlk olaraq Bakıda başlayan qırğınlar təqribən 12000 insanın həyatına son qoydu. Belə ki, Bakı Sovetində keçirilən seçkilərdə “Müsavat” Partiyasının qələbə qazanması daşnak-bolşevik qüvvələrin daha da radikallaşmasına səbəb oldu. İndi Azərbaycanda ən güclü siyasi partiya “Müsavat” hesab olunurdu. Bu partiyanın əsas hədəfləri Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyəti idi. S. Şaumyanın rəhbərlik etdiyi bolşevik qüvvələri, erməni milli şurası və “Daşnaksütyun” partiyasının rəhbərləri “Müsavat”a qarşı müharibəyə başladılar.Əslində bu partiyalararası mübarizə yox xalqlararası qarşıdurmaya və daha doğrusu yerli azərbaycanlı əhaliyə qarşı əsl genosidə çevrildi. Belə bir vaxtda Azərbaycan milli qüvvələri həm sayca az, həm də olduqca pis silahlanmış vəziyyətdə idi. Şaumyan yaxşı bilirdi ki, çarizm dövründə azərbaycanlı əhali əskərliyə aparılmırdı. Bunun nəticəsində isə bu xalq silahla necə davranmaq lazım olduğunu unutmuşdu. Buna görədə yerli əhaliyə “dərs verməyi” üçün ömrü boyu arzuladığı şərait yetişmişdi. Mart ayının 29-da müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin şəxsi heyyətinin Bakıda  bolşevik  qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu.  1918-ci il martın 17-də həlak  olmuş  H.  Z.  Tağıyevin  oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya  gətirən müsəlman  diviziyasının  48  nəfərdən ibarət  dəstəsi mərhumu dəfn etdikdən sonra “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Paroxodun körpüdən aralanmasına az qalmış bolşeviklər müsəlman dəstəsinə heç bir əsas olmadan silahı yerə qoymağı tələb etdi. Dəstənin rədd cavabı gəldikdən sonra onlara tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.  Mart soyqırımı ilə bağlı tədqiqatlar aparmış professor Anar İskəndərov yazır “Bakı Soveti qüvvələrinə rəhbərlik edən S. Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdir. Bolşevikləri müdafiə  etmək bəhanəsi ilə  erməni hərbi hissələri  türk-müsəlman əhalisinə qəddarcasına divan  tuturdular. Qeyd etmək  lazımdır ki, Bakı Soveti də, onun yaratdığı ordu da əsas etibarı ilə  ermənilərdən ibarət idi. Sovetdə  olan  daşnaklar  Sako  Saakyan,  Arakelyan  və  başqaları  bolşevik dəstələrinə müsəlman fəhlələrinin qəbul edilməsinə hər vasitə ilə əngəl törədirdilər. Daşnaklar azərbaycanlılara milli ordu yaratmaqda mane olur, Sovetin adından istifadə  edərək millətçi-şovinist  siyasətini canfəşanlıqla həyata keçirir, Bakı, Şamaxı və  Azərbaycanın digər  bölgələrində  türk-müsəlman  əhalisinə  qarşı  qırğınlar hazırlayırdılar. Bu baxımdan Erməni Milli Komitəsi  xüsusi  fəallıq  göstərirdi.  Müsəlmanlara  qarşı  talanlar Şamaxı, Göyçay, Gəncə, Nuxa, Qazax, Lənkəran, Salyan, bir sözlə Azərbaycanın bütün bölgələrini bürümüşdü.”(4) Şaumyanın başçılıq etdiyi ordunun bolşeviklərdən daha çox ermənilərdən təşkil edilməsini erməni alimi Q. Avetisyan da təsdiqləyir. O qeyd edir ki, “Bakıda 25 alay, 18 min döyüşçüdən ibarət Qızıl Ordunun dörd briqadası var idi. Qızıl Ordu döyüşçülərinin də 70 faizi erməni idi”. (5)

        Bu minvalla Bakı qəzasında baş verən qırğınlar öz dəhşətli mənzərəsini tez bir zamanda ortaya qoydu. Küçələr minlərlə günahsız insanların meyitləri ilə dolu idi. Ermənilər bu qırğınlarda heç kəsə hətta körpələrə də rəhm etmirdilər. Şaumyanın  rəhbərlik etdiyi Bakı Soveti anti-müsavat kampaniyası adı altında bütün qəza əhalisinə divan tutmuşdu. Bu barədə Fövqəladə  Təhqiqat  Komissiyasının  üzvü  A.  Y.  Kluge   bu  komissiyanın  sədrinə  “Bakı şəhərinin müsəlman  əhalisinə  qarşı törədilmiş  zorakılıqlara  dair  iş  haqqında”  məruzəsində  yazırdı:  “Yaxşı silahlanmış, təlim keçmiş erməni  əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə  hücum  edirdilər. Ermənilər müsəlmanların evlərinə  soxulur, bu evlərin sakinlərini  qırır,  onları  qılınc  və  xəncərlərlə  doğram -doğram və  süngülərlə  deşik-deşik edir, uşaqları yanan evin alovları  içərisinə  atır,  üç-dörd  günlük  çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin  südəmər  körpələrinə  rəhm  etmir,  hamısını  öldürürdülər”.(6)

  Beləliklə şəhərin qırğınlar nəticəsində Bakının Məhəmmədli və Zibillidərə məhəllələrinin əhalisi demək olar ki, son nəfərinə qədər qılıncdan keçirildi. Professor Xaqani Məmmədov yazır ki, “Ermənilər azərbaycanlılara məxsus bütün evləri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını dağıtdılar. “Kaspi” mətbəəsi, “Açıq söz” qəzeti redaksiyası, “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin yerləşdiyi “İsmailiyyə” binası vəhşicəsinə yandırılmışdı. “Təzə pir” məscidinin minarələri mərmilərlə dəlik-deşik edildi. Bir sıra yerlərdə döyüşən əsgərlərə erməni ziyalılarının rəhbərlik etməsi faciənin milli zəmin üzə-rində qurulduğunu qəti sübut edirdi. Ermənilərin törətdikləri vəhşiliklərin canlı şahidi olan görkəmli  siyasi  və  ictimai  xadim  S. C.  Pişəvəri yazırdı ki, 1918-ci  il martın  30,  31  və  aprelin  1-də  gecəli  –  gündüzlü  qırğınlarda  çoxlu müsəlman  öldürüldü. Ölənlərin sayı 10 mindən artıq idi. Pişəvəri yazırdı ki, 1918-ci  ildə  ermənilərin  vəhşiliklərini,  meyitlərin yandırılmasını öz gözləri ilə görüb.” (7)

        Bu kimi vəhşiliklər təbii ki, tək Bakıda deyil Azərbaycanın əksəriyyət bölgələrində həyata keçirilir və yerli müsəlman türk əhalisi vəhşicəsinə qətlə yetirilirdi. Təkcə Şamaxı hadisələri bir millətin soyqırımına məruz qalmasını sübut etmək üçün ən bariz nümunədir. Azərbaycanın tarixi antik dövrlərə gedən Şamaxı şəhərində mənfur Lalayevin başçılıq etdiyi bolşevik-daşnak qüvvələrin törətdiyi əməllər heç bir insanlıq müstəvisində müzakirə oluna bilməz. Ən yırtıcı vəhşi heyvanlar belə öz şikarlarına bu cür vəhşiliklə rəftar etmirlər ki, ermənilər dinc, silahsız Şamaxı əhalisinə belə divam tutmuşlar.

        Yelizavetpol (Gəncə) Müsəlman Milli Şurasının  sədri Xasməmmədov 1918-ci il martın  28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə  göndərdiyi teleqramında yazırdı ki, “martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaxşı silahlanmış top və pulemyota malik olan əsgər dəstəsi Şamaxı qəzası istiqamətində yola salınmışdır. Dəstə yol boyu 15-dən  çox müsəlman  kəndini məhv edərək, Şamaxı şəhərini darmadağın  etmişdir. Minlərlə  müsəlman,  o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdir. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdır. Təcili hökumətin köməyi lazımdır.” (8)

        Ermənilər Şamaxının 83 kəndinə hücumlar təşkil etmiş, 53 kənd yerlə-yeksan edilmiş minlərlə insan qətlə yetirilmişdir. Təkcə Şamaxının 2 kilometrliyində yerləşən Əngəxaran kəndində erməni quldurlar dəhşətli qırğınlar həyata keçirmişlər. Martın 18-də sübh çağı Şamaxının 3-4 verstliyində olan Əngəxaran kəndinə də qəfil hücum olur. Müdafiəsiz kəndə  soxulan  düşmən tərəfindən  Əngəxaranda ermənilərin  törətdikləri vəhşiliklərlə  əlaqədar təhqiqat materiallarında həmkəndlilərinin və  şahidlərin ifadələrinə  görə  tərtib  edilmiş  siyahılarda  bu  kənddən ermənilərin böyük işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı var. (Bax: ARDA. f. 1061, siy. 1, iş 100, vər. 19 -24). (9)

 Qaniçən Lalayevin türklərə nifrət hissi o qədər amansız idi ki, törədilən cinayətlər hətta onun ətrafında olanların da etirazına səbəb olmuşdu. Onun silahdaşı olan  İ. Boqomolov bu hadisələrdə göstərdiyi qəddarlıqlara görə Lalayevdən şikayət etmişdi.  İ. Boqomolovun  A.  Caparidzenin adına göndərdiyi müraciətdə deyilirdi:  “Bir daha sizdən xahiş edirəm ki, cəllad Lalayevi həbs edəsiniz. O, çoxlu sayda qadın  və uşaq öldürmüş, evləri qarət etmişdir. Əmirov onu, həbs etmək istədikdə, qaçıb gizlənmişdir. Hamı təsdiq edir ki, o, məscidi yandırmış və orada çoxlu qadın qətlə yetirmişdi.” (10) Lakin Lalayevin arxasında Şaumyanın və onun digər erməni əlaltılarınn necə durduğu hər kəsə bəlli idi. Ona görə də Lalayevi nəinki həbs etmirlər, üstəlik o qırğınları daha da şiddətləndirməklə ən qorxunc cinayətlərə imza atır.

        Hadisələr zamanı Şamaхıda gecə qaça bilməyənlərin hamısı öldürülmüş, qaçıb canını qurtaranların böyük bir hissəsi isə  aclıqdan və soyuqdan ölmüşdür. Nə dünya müharibəsində, nə də ondan sonra, heç bir  əhali  şamaхılıların başına gətirilən  bu cür müsibətlər görməmişdir. Bu faciə özlərini müsəlmanların dostu kimi göstərən bolşeviklərin bayrağı altında ermənilər tərəfindən törədilmişdi (11)

        “Şamaxı soyqırımı” kitabının müəllifi, tarixçi Məhərrəm Zülfüqarlı öz əsərində qeyd edir ki, “Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8-12, bəzilərində  isə 40 minə qədər olduğu göstərilir. 1920-ci  ildə mühacir ədəbiyyatında öldürülənlərin  sayı bir mənbədə 12 minə qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir.”(12)

        Bütövlükdə Şamaxı qırğınlarına nəzər salsaq görərik ki, cəllad Lalayevin başçılıq etdiyi qoşun tərəfindən  qəzanın 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını  qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın  və 1277 nəfəri uşaq olmuşdur. Ermənilər Şamaxı  şəhərində  azərbaycanlılara  məxsus 1 milyard manatdan yuxarı dəyəri olan əmlakı qarət etmiş, şəhərin bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə  13 məscid, o cümlədən  böyük  tarixi  abidə sayılan və 800 yaşı olan “Cümə  məscidi”  yandırılmışdır. Bu faktları Fövqəladə  təhqiqat komissiyasının tərtib etdiyi aktlar da təsdiqləyir.(13)

        Şamaхı hadisələri ilə bağlı «Azərbaycan» qəzetində gedən bir yazıda qeyd

olunmuşdu ki, S.Lalayevin Şamaхı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur. (14)

        Fövqəladə İstintaq Komissiyası Şamaxı ilə yanaşı Kürdəmir və Göyçay qəzasının  Cəngi, Qaravəlli, Qarabucaq, Musafalı, Xəlil-Qasımbəy, Ərəb-mehdibəyli kəndlərində, Sultanov və Sadalı malikanələrində ermənilərin törətdikləri vəhşilikləri də tədqiq etmişdir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ermənilər Kürdəmirdə 56 evi, 127 ayrıca malikanəni, 2 məscidi, “Quran”ın təfsirinə dair zəngin kitabxananı yandırmışlar. (15)

Ardı var…

      Anar TURAN,

      AMEA-Tarix İnstitutunun dissertantı,

      “OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupunun təsisçisi və İH üzvü

      KarabakhİNFO.com

 

Mənbələr:

 

  1.          Y. Mahmudov  “Böyük Ermənistan” uydurması: terror, soyqırımları və özgə torpaqlarına yiyələnmək «ideologiyası».   Dövlət və din.-2009.-№4.-S.83-90
  2.          Paşayev Ataxan. Açılmamış səhifələrin izi ilə. Bakı, 2001, səh. 207-225
  3.          H. Verdiyeva «Elm və həyat».-2009.-№2.-S.8-11.
  4.          A. İskəndərov. “Azərbaycan” qəzeti, 01-02. 2005
  5.         “Коммунист” (Ереван), 26 августа 1989, №199.
  6.          ARDSPŞHA, f. 277, siy. 2, iş 16, vər. 20)
  7.          X. Məmmədov, N. Məmmədov, 1918 mart soyqırımı “Respublika”.2010.-30 mart.-N 64.-S.4.
  8.          Abışov V.Ş. Azərbaycanlıların soyqırımı. 1918-1920-ci illər. Bakı: Qartal, 2001, s. 106.
  9.          ARDA. f. 1061, siy. 1, iş 100, vər. 19 -24).
  10.        “Azərbaycan” qəzeti, 1918-ci il, 21 oktyabr.
  11.          Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi (ARDSPİHA) – f.1, siy.85, iş 462, v.518-522.
  12.          M. Zülfüqarlı. “Şamaxı soyqırımı –1918” – Bakı-2011, səh,16
  13.          ARDA, f. 1061, siy. 2, iş 85, 87, 100 və  s.
  14.        “Azərbaycan” qəzeti,  1918-ci il, N:19
  15.          Абдулбагиева С. Мартовский геноцид 1918 г. Бакинский рабочий газ. 30 марта 2010.

 

27.03.2013 17:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*