Azərbaycanca

“Meydanda ilk çadırın qurulmasının təşəbbüskarı mən olmuşam” – EKSKLÜZİV MÜSAHİBƏ

22.01.2015 | 12:55

ddd

 

 

 

“Naxçıvanlı olduğum üçün mənə iş kəsdilər”

 

 

 

 

 

 

– Məmməd müəllim, çoxları bilir ki, Azərbaycanın azadlığı uğrunda aparılan mübarizəyə görə bir neçə fədakar SSRİ-nin ən məşhur Lefortova türməsinə atılmışdı. Bu zindana Xəlil Rzanın, Məhəmməd Hatəminin atılmasını çoxları bilir. Amma, onlarla yanaşı, orada siz də əziyyət çəkmisiniz, bundan isə geniş xalq kütlələri bixəbərdir. Necə oldu ki, siz Lefortovaya düşdünüz?

 

 

Mən də 1990-cı ilin 20 yanvar hadisələrindən sonra həbs edildim. Bunun başlıca səbəbi isə, mənim 1988-ci ildə Milli Müdafiə Komitəsini yaratmağım oldu. Bu qurum azadlıq hərəkatında mühüm rol oynayırdı və Moskva tərəfindən yanvar qırğınından sonra təhlükə amil kimi qiymətləndirilirdi. Mənim və digər mübarizlərin həbsi barədə qərar, 1989-cu ilin dekabrında verilmişdi.

 

 

– O vaxtlar Milli Müdafiə Şurası adında bir qurum da fəaliyyət göstərirdi…

 

 

Bu qurum 1990-ci ilin yanvarın 13-dən sonra yaranıb, mənim həbsimə qədər fəaliyyət göstərib. Milli Müdafiə Komitəsi onun tərkibinə qatılmırdı. Bizim komitənin vəzifəsi Qarabağda, sərhəd bölgədlərində özünümüdafiə dəstələrinin yaradılması idi. Milli Müdafiə Şurası isə konkret ölçü götürmək və torpaqların azad edilməsi ideyasını ortaya qoymuşdu. Fəaliyyətimiz nəticəsində Qarabağın ucqar kəndlərində də, özünümüdafiə dəstələri yaradılmışdı. Bakıda keçən mitinqlərin mühafizəsini də bizim komitə həyata keçirirdi. Komitə ciddi addımlar atmağa hazırlaşırdı…

 

 

– Məmməd müəllim, Milli Müdafiə Komitəsinin yaradılması barədə danışardınız…

 

 

Milli Müdafiə Komitəsi yaradılanda hələ AXC mövcud deyildi. Mən o vaxtlar Bakı Dövlət Universitetində işləyirdim, meydanda ilk çadırın qurulmasının təşəbbüskarı mən olmuşam. Aclıq edənlərin həmin çadırlarda yerləşdirilməsi, onlara nəzarət mənim təşəbbüsümə əsasən Elçibəyin tapşırığı ilə mənə həvalə olunmuşdu. Çadırın mühafizəyə ehtiyacı oluğundan, mən qərara aldım ki, müvafiq dəstələr meydanda da yaransın. 1988-ci ilin dekabrın 4-də Azadlıq meydanında ordu mitinq və aclıq edənləri zor gücünə boşaldandan sonra, biz gizli fəaliyyətə başladıq.

 

 

– Bildiyimə görə, hacı Əbdülün də meydanda mühafizə dəstələri var idi…

 

 

-Elədir ki var, hətta 1990-cı ilin yanvar mitinqlərinin mühafizə məsələlərinin bəzilərini onun dəstələrinə tapşırmışdım. Hacı Əbdül böyük şücaət göstərib, azadlıq hərəkatında onun da böyük xidmətləri var. Amma bütövlükdə götürəndə, meydanın idarə olunması məsuliyyəti, rəhbərlik etdiyim Milli Müdafiə Komitəsinin üzərində idi.

 

 

– Sizin həbsiniz hansı şəratidə, necə baş verib?

 

 

Yanvar qırğınına bir neçə gün qalmış mən artıq evdə gecələmirdim, iş çox olurdu, bu səbəbdən Milli Müdafiə Komitəsinin qərargahında qalırdım. Əməlli–başlı iş görürdük. Misal üçün, Lənkərandan, Bakıdan ov tüfənglərini yığıb Qarabağa göndərirdik. Bu məsələdə hətta Rusiyadan, Türkmənistandan da yararlanırdıq.Yeri gəlmişkən, Türkmənistandan bayraqdar Elman Türkoğlu kimi tanıdığımız şəxsi bura mən gətizdirmişəm, silah məsələsində bizə dayaq olmuş bu insanı Elçibəylə tanış etmişəm. O, yaşadığı Türkmənistanda mənim sifarişimlə müəyyən işlər görürdü.

 
Yanvarın 22-də evə getdim ki, üst-başımı dəyişib, əl-üzümü yuyum və … bərk yuxuya getdim. Bir də səs-küyə oyandım: iki maşınla gəlmiş əsgərlər yaşadığım NZS qəsəbəsini mühasirəyə almışdılar. Elə düşünürdülər ki, məni silahlılar mühafizə edir. Əli avtomatlı rus hərbçiləri masanın üstündəki yazılarımı və kitablarımı müsadirə edərək iki çemodanın içinə yığdılar. Qollarımı arxadan baglayıb başıma kaska keçirdərək, qapağını bağladılar ki, heç nə görməyim. Hərbçilər məni əsgərlər olan maşına mindirib harasa apardılar. Lakin onun hərəkət istiqamətindən, etdiyi döngələrdən anladım ki, biz Azadlıq meydanını keçdik, sonra “Azneft” meydanından yuxarı qalxaraq Kommunist Partiyasının Mərkəzi Komitəsini keçdik, Şəhidlər Xiyabanı ətrafına gəlmişik.

 

 

Nə isə, məni harasa gətirib yuxarı mərtəbələrə qaldırıb kaskanı başımdan çıxartdılar. Sən demə, məni Dövlət Təhlükəsizlik Komitəsinə gətirmişdilər. Otaqda olan əsgərlərdən su istədim, onlardan biri əllərimi açmayaraq məni içizdirdi. Sonra DTK-nın generalı Jemyaçkin məndən guya bizim evdə tapılmış “Makarov” tipli tapançanın güllələri barədə izahat aldı. Dedim ki, bizdə güllə-patron olmayıb. O biri gün hərbçilər Bakı Dövlət Universitetindəki kabinetimin qapılarını sındıraraq orada axtarış apararaq bir qutu patron “tapıblar”. Onların bu ittihamını da rədd etdim. Bununla belə fikirləşdim ki, bunlar məni buraxan deyillər, patronlardan imtina etsəm mənə kütləvi iğtişaşların iştirakçısı kimi iş açacaqlar. Ona görə də izahatda göstərdim ki, evimdə də, iş yerimdə də tapılan patronlar mənimdir.

 
Yanvarın 25-dən 26-na keçən gecə qollarımını bağlayaraq məni aeroporta gətirdilər. Sonradan bildim ki, eyni hərbi təyyarə ilə Moskvaya ayrı-ayrılıqda Xəlil Rzanı və Məhəmməd Hatəmi də göndərdilər. Mənzil başına çatanda bizi ayrı-ayrı qara “Volqa”lara oturdub Lefortovo həsxanasına gətirdilər. Bizi təhvil verəndən sonra Xəlil Rzanın uca səsini eşitdim, zira orada arakəsmələr nazik idi:”naçalnik, pisat-çitat budem?”. İşarəni başa düşüb özümü saxlaya bilmədim və dedim ki “budem Xəlil bəy, budem”. .

 

 
Üçüncü yerlimin Məhəmməd Hatəminin olduğunu hələ bilmirdim, çünki onun heç səsini də eşitməmişdim. Beləliklə, bizim türmə həyatımız başladı…

dddddd

– Sizi nədə ittiham edirdilər?

 

 

Çox şeydə, o cümlədən silahlı yolla Heydər Əliyevi hakimiyyətə gətirmək niyyətində də. Hətta Azərbaycandan adamlar da gətirdilər, hansılar ki, üzümə durub dedilər ki, guya mən bu məqsədlə silahlar paylatdırmışam, Kommunist Partiyasının Mərkəzi Komitəsini tutmaq planım olub.

 
Nə isə. Həmin ilin sentyabrında mən aclıq elan etdim ki, bizim məhkəməmiz Bakıda keçirilsin. Məsələyə görə, mənim Azərbaycan Ali Məhkəməsinin sədri ilə telefon danışığım oldu, həbsxanaya SSR-nin baş prokuroru Rudenko, SSR-nin DTK-nin sədr müavini və sairləri təşrif buyuraraq aclığı dayandırmağı tələb etdilər. Ola bilsin ki, belə ciddi reaksiya onunla əlaqədar idi ki, Lefortovaya siyasi məhbuslarla vəziyyəti yoxlamaq üçün xaricilər gəlmişdilər. Mən isə aclığı dayandırmırdım, zira aksiyadan 20 gün əvvəl, türmə rəhbərliyini xəbərdarlıq etmişdim. İşi belə görcək, onlar mənə əcaib bir gödəkcə geyindirdilər – onun düyməsini basan kimi o şişir və insanın əlləri havada qalır, Onlardan istifadə edib müqavimət göstərə bilmirsən. Sonra həbsxana personalı insanın ağzını açaraq şlanq vasitəsilə onu yedizdirir.

 

 

– Bildiyimə görə, aclıq elan etmiş Soljenitsın və digər sovet dissidentlərini də sovet rejimi bu qayda ilə yedizdirirdi…

 

 

Mənə dedilər ki, sən aclığı dayandır, məhkəməniz Bakıda keçəcək. Lakin parlament seçkilərdən sonra. Sonra Azərbaycan Ali Məhkəməsinin sədri ilə azərbaycan dilində telefon danışığım oldu. Razılığa gəldik, aclıq aksiyasını üçüncü gündə dayandırdım.

 

 

Gecə saat bir radələrində dedilər ki, hazırlaşım, məni Bakıya aparacaqlar. Bu arada, təsadüfən xəbər tutdum ki, qonşu otaqların birində Gəncənin axundu Tahir olur. Nə isə. Məni gətirib avtomaşında olan qaranlıq kameraya salıb, qapısını bağladılar. Kameranın dəmir divarını yumruqla döyməyə baçladım ki, havam çatmır, qapını açın, həkim çağırın. Bu səs-küyə qonşu kameradan Xəlil Rzanın səsi gəldi: “kimdir orada?”. Dedim, “ə, səsinizin çıxardın da!”.

 
Əsgərlər həkimi gətirəndən sonra dedim ki, artıq özümü yaxşı hiss edirəm, çünki həmyerlilərimin yanında idim. Məni, Xəlil Rzanı, Məhəmməd Hatəmini, və hacı Tahiri dəmiryol vağzalına gətirdilər ki, bizi mərhələ ilə Bakıya yola salsınlar. Vağzalda rus əsgəri üstümüzə avtomatı çəkərək əmr etdi ki, “na koleni (diz çökün)”.
Mən rükzakla olduğuma görə, əllərim boş idi və ona görə kömək məqsədi ilə Xəlil Rzanın bir dolu çantasını götürmüşdüm. Bu vəziyyətdə çömbəlib şairə yavaşca dedim ki, “bax a, Xəlil bəy, bilmirəm, sən nə yazacaqsan, amma sizdən hamınızdan fərqli olaraq mən dizlərimi yerə vurmamışam ha”. Sonralar bizim haqqımızda kitabında şair bu məqama da toxunub. Nə isə. Kupedə yoldaşım hacı Tahir oldu. Xəlil Rza və Məhəmməd Hatəmi isə kupelərində tək idilər.

 

 

– Yeri gəlmişkən, Məhəmməd Hatəmidən nə xəbər var?

 

 

O xəstədir, həddindən artıq acınacaqlı bir vəziyyətdədir, hətta dərman almağa imkanı məhduddur. Azərbaycanın müstəqilliyi uğrunda onun böyük xidmətləri olub, deyərdim ki, azadlıq hərəkatın lideri o idi. Ağır vəziyyətlə olan çox vətən fədaisi var…

 

 

Nə isə. Bakıda bizi DTK-nın yeddinci mərtəbəsində yerləşdirdilər. Bir neçə gündən sonra mənim gizli, çox az adamın iştirakı ilə məhkəməm başladı. Prokuror erməni idi.

 
Mənə “silah ləvazimatının qanunsuz saxlaması” maddəsi ilə beş il iş kəsdilər. Halbuki heç nə sübuta yetmirdi. Hakim kamerama gəlib dedi ki, “eloğlu, sənə göstərişlə iş kəsəcəyik, amma narahat olma, səni zaldan azad edəcəyik”.

 
Mən naxçıvanlı olduğum üçün mənə iş kəsdilər, hakimiyyətdə olanlar muxtariyyətdan olanları sevmirdi. Lefortovada yatdığım doqquz ayın hesabına (oranın bir günü üç gün kimi hesablanırdı), məni məhkəmənin zalında azad etdilər.

 
Etibar Məmmədovun məhkəməsini Mərdəkanın Mədəniyyət evində keçirdilər ki, çünki mitinqlər dalğısı başlamışdı.Xəlil Rza və Məhəmməd Hatəmini məhkəmə zalında azad etdilər.

 
Universitetdəki iş yerimə qayıtdım, rəhmətlik rektor, akademik Mirabbas Qasımov məni işdən azad etməmişdi, maaşım yazılırdı. Azadlıqda mənə qarşı təzyiqlər davm edirdi – atəş açmışdılar, xəbərdarlıq etmişdilər, evimi yandırdılar və sair.

 

 

– Bir az Lefortovadakı şəraitindən danışın…

 

 

Orada fiziki işgəncələr olmasa da, psixoloji işgəncələr var. Oraya atılınları istintaqa psixoloqlar hazırlayırlar, izahatlar aparat vasitəsi ilə alınır. Aparat qola bağlanılır və suallar verilir – yalan danışsan o saat bunu qeyd edir. Ona görə izahatları verəndə dil və qəlb vəhdət yaratmalıdır ki, danışığın inandırıcı olsun. Lakin izahatlarımda uydurduğum insanlar, situasiyalar var idi, hansıların ki, heç bir kökü yox idi. Beləliklə, mənim siyasi fəaliyyətimdə ən üzü ağardan məqam ondan ibarət oldu ki, kiminsə əleyhinə izahatım olmadı.

dfdsf

– Məmməd müəllim, belə çıxır ki, siz “yalan detektoru” adlı o aparatı aldatmağa nail olmusunuz..

 

 

Çətin məqamlarım da olub. Psixoloji sarsıntı keçirim deyə, istintaq dövründə mənə anamın rəhmətə getməsini, bir qardaşımın ağır yaralanmasını, o birisinin itkin düşdüyünü, evimizin bağlı, uşaqlardan xəbər olmamamasını dedilər. Əslində bunlar hamısı yalan imiş. Amma mən hər şeyə hazır idim, bilirdim məni nə gözləyir…

 

 

 

 

 

Lətif ŞAMXAL

“KarabakhİNFO.com”    

 

 

22.01.2015 12:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*