Azərbaycanca

Millət vəkili Elxan Süleymanov ermənilərə qarşı qətnamə layihəsinə görə təzyiqlərlə üzləşib

28.06.2014 | 17:01

1397540264_12Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının 23-27 iyun tarixlərində Strastburqda keçirilən yay sessiyası başa çatıb. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə keçirilən sessiya çərçivəsində bir sıra mühüm məsələlər müzakirə olunub. Müzakirə olunan məsələlər barədə bu gün AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov media nümayəndələri üçün konfransı keçirib.

Elxan Süleymanov giriş nitqi ilə çıxış edərək bildirdi ki, Avropa Şurasında Azərbaycan üçün mühüm olan 2 məsələ mövcüd idi: “Onlardan biri ermənilərin Azərbaycan torpaqlarının işğalı ilə bağlı onlara sanksiyanın tətbiq olunması və eyni zamanda ermənilərin rəsmi qurumlardan çıxarılması idi. Bu layihələrin müəllifi mən idim. Digər məsələ isə 2 il fasilədən sonra yenidən Azərbaycanda insan hüquqlarının vəziyyəti və qondarma siyasi məhbus problemi ilə bağlı anti- Azərbaycan təbliğatçısı irlandiyalı deputat Mayk Maknamaranın qətnəmaə layihəsi idi. Bizi maraqlandıran əsas məsələlər bunlar idi”.

“Mayk Maknamaranın sessiyada təqdim etdiyi “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqları ilə bağlı nə edilməlidir?” qətnamə təklifi” barədə millət vəkili bunları dedi: “Bu təklif fırıldaq və iyrənc formada təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Bu işə indiki AŞPA sədri Ann Brassorun da qoşulub”.

E.Süleymanov Azərbaycanda “siyasi məhbus probleminin” qurumun insan haqları komitəsində yenidən müzakirəyə çıxarılmasını bir daha ölkəmizə qarşı təzyiqlərin, ayrıseçkiliyin və ikili standartların bariz nümunəsi kimi qiymətləndirib. Bu hadisəni “Azərbaycana qarşı siyasi terror” adlandıran millət vəkilinin fikrincə, “cəmi bir il bundan əvvəl Ştrasserin qondarma siyasi məhbus məruzəsi darmadağın edildiyi halda, indi yenidən belə bir sevdaya düşmək ikili standartlar siyasətindən də o yana olan bir mövqe, Azərbaycana qarşı düşmən mövqeyidir. Siyasi Komitədə bu məsələ ilə əlaqədar 2 namizədin – Ermənistan nümayəndə heyətinin xüsusilə dəstəklədiyi Pyeter Omtziyg və Azərbaycan üzrə həmməruzəçi, cənab Pedro Aqramunt qeydə alınıb. Səsvermə nəticəsində Pedro Aqramuntun 29:19 üstünlüyü ilə qalib gəlməsi sədr Ann Brassör, Qross, Maknamara və digər anti-azərbaycan təbliğatçılarının niyyətlərini puça çıxarıb. Çünki onların istədikləri Azərbaycana siyasi məhbus məsələləri üzrə xüsusi məruzəçinin təyin edilməsi olsa da niyyətləri baş tutmayıb və bu məsələ məruzə edilmək üçün Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunda həvalə olunub”.

E.Süleymanov sessiya çərçivəsində onun müəllifliyi ilə təqdim olunmuş və 14 dövləti təmsil edən 58 AŞPA üzvü tərəfindən imzalanmış “Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair” qətnamə layihəsinin də müzakirə edildiyini dedi: “Bu sənəd 22 il ərzində ilk dəfə olaraq beynəlxalq bir təşkilatda – AŞPA səviyyəsində Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən ilk qətnamə layihəsidir”.

Millət vəkili həmçinin, AŞPA-da Rusiya nümayəndə heyətinə qarşı olduğu kimi, ermənilər üçün də eyni sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsinin qəbul olunmaması üçün qurumda hər cür təyziqlərlə üzləşdiyini dilə gətirdi. Qətnamə layihəsinə iyunun 22-də Sədarət Komitəsində baxılıb və belə bir konsensus əldə olunub ki, məsələ ilə bağlı məruzəçinin təyin olunmasına dair sənəd Büroya göndərilsin: “Lakin məsələyə AŞPA-nın baş katibi Savitski qarışıb və prosedur əngəlləri yaratmaqla qətnamə layihəsinin Büroda müzakirəsinin qarşısını almağa çalışıb. Dərhal yeni  bir qətnamə layihəsi hazırlayıb və iyunun 24-də Katibliyə təqdim etdim. Katiblik tərəfindən qəbul olunan və qurumun rəsmi saytında dərc edilən qətnamə layihəsi baxılmaq üçün gündəliyə salınıb. Həmin vaxt AŞPA baş katibi Savitskinin təşəbbüsü ilə “Dağlıq Qarabağ münaqişəsi” adlı üçüncü və daha loyal qətnamə layihəsi Katibliyə təqdim edilib. Büro iclasında hər 3 sənədin müzakirə üçün gündəliyə salınmasına baxmayaraq onların müzakirəsi sentyabr ayına kimi təxirə salınıb. Bütün bunlarda məqsəd Ermənistan nümayəndə heyətinə qarşı sanksiya nəzərdə tutan qətnamə layihəsini kölgədə qoymaq və nəticə etibarı ilə Ermənistana qarşı sanksiya tətbiq olunmasının qarşısını almaqdır”.

E.Süleymanov onu da əlavə etdi ki,  AŞPA-nın baş katibi Savitski onunla görüşüb , qətnamə layihəsinin geri götürülməsi üçün əvvəlcə dost kimi davrandı,  buna nail olmayanda təzyiqlərə başladı.

“Sərsəng su anbarının törədə biləcəyi humanitar faciə barədə” sualına gəlincə E.Süleymanov bildirdi ki, Sərsəng Su Anbarı barədə artıq ölkə ictimaiyyəti yetərincə məlumata malikdir.Millət vəkili qeyd etdi ki, “Sərsəng harayı” layihəsinin müəllifi AVCİYA-dır: “Demək olar ki, bu layihə öz məqsədinə çatıb. 23 ildə nə ziyalılar, nə də ki, məmurlar bu mövzu ilə bağlı bir kəlmə də söz deməyiblər.  Su anbarı hər dəqiqə fəlakətə uğrayarsa və 6 rayonun 400 min əhalisi hər an qorxu içində  bu faciənin baş verəcəyini gözləyir.  Sərsəng su anbarı dağılarsa 1 saat 10 dəqiqə ərzində 6 rayon yerlə yeksan olunar. Ermənilər 7 rayonumuzu işğal edib, 6 rayonu isə yer üzündən silmək istəyirlər. Təəssüf ki, Azərbaycan tərəfi hələ də susur. Hər gün yüzlərlə saytımızda həmin 6 rayonda yaşayan həmvətənlərimizin narahatçılığını koordinatorlar vasitəsilə beynəlxalq təşkilatlara çatdırırıq”.

Günel Cəlil

 

“KarabakhİNFO.com”

 

 

28.06.2014 17:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*