Azərbaycanca

Millət vəkili Elxan Süleymanovun Pedro Aqramuntun məlumat memorandumuna dair izahatı

08.01.2015 | 11:08

Elxan Süleymanov 1

Elxan Süleymanov

 

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri

 

 

 

AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin
Azərbaycan üzrə məruzəçisi Pedro Aqramuntun “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət ilə bağlı nə edilməlidir?“ məlumat memorandumu (21 oktyabr 2014-cü il) ilə bağlı Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun
izahatı

 

 

Məruzəçinin hazırladığı məlumat memorandumunda insan hüquqlarının vəziyyətinə dair təqdim edilmiş məlumatlarla bağlı yerli QHT-lərin və hakimiyyətin mövqeyi, o cümlədən beynəlxalq QHT-lərin mülahizələri təqdim edilib.
Məlumat memorandumunda əks etdirilmiş müddəalar əsasında hazırlanmış aşağıdakı izahatları təqdim edirik:

I

Hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin digər fəallarının son həbsi halları bölməsi

1. Memorandumun 14-cü maddəsində bir neçə müxalifət partiyası nümayəndələrinin dediyinə görə 140, Leyla Yunusun siyahısına əsasən 198, digər 4 QHT-nin dediyinə görə 28, bəzi digər QHT-lər siyahısına əsasən isə 81 “siyasi məhbus”un olması iddia edilir və vurğulanır ki, “…bu siyahılar xüsusilə davamlı şəkildə ortaya çıxdığı üçün bütün bunlar çaşdırıcıdır”.

IZAHAT: Siyahıların fərqli olması, müxtəlif QHT-lərin siyahılarında iddia edilən siyasi məhbusların sayının ciddi şəkildə bir-birindən fərqlənməsi həmin QHT-lərin müxtəlif maraqlardan çıxış etməsindən xəbər verir. Beynəlxalq təşkilatların bu qeyri-obyektiv məlumatlara istinad edərək verdikləri beyanatlar və hesabatları ölkəmizdə bəzi QHT nümayəndələrinin qondarma “siyasi məhbus” məsələsini qeyri-qanuni biznes sahəsinə çevirmələrinə şərait yaradır.
Eyni zamanda, bu məqam bütün Azərbaycan QHT-ləri haqqında mənfi rəy yaratmamalıdır. Azərbaycanda 3500-ə qədər QHT qeydiyyatdan keçmişdir. Onların 90 faizi sağlam fəaliyyətlə, vətəndaş cəmiyyətinin inkişafına dəstək verməklə məşğuldur.

 

 

2. Memorandumun 16-cı maddəsində qeyd edilir ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədli 16 dekabr 2013-cü ildə müxtəlif ittihamlarla, xüsusilə “vergidən yayınma”, “vəzifə səlahiyyətini aşmaq” və “qanunsuz biznes fəaliyyəti”ndə ittiham olunaraq, həbs edilib və saxlanılmaqdadır. Onun barəsində 26 may 2014-cü ildə Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsi tərəfindən ilk instansiyada 5 il yarım müddətinə həbs hökmü verildi. Onun həmkarı, SMDTM-nin icraçı direktoru Bəşir Süleymanlı üç il yarım müddətinə həbsə məhkum edildi. Anar Məmmədli bu günlərdə Parlament Assambleyasının 2014-cü il Vatslav Havel İnsan Hüquqları Mükafatına layiq görülüb.

IZAHAT: Dövlət qeydiyyatı olmayan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli vergilərdən yayınmaq məqsədilə Elnur Məmmədovun rəhbərlik etdiyi Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi adlı QHT-nin adından və bank hesablarından istifadə edirdi. Anar Məmmədli həmin QHT vasitəsilə vergiləri ödəmədən böyük məbləğdə pul və qeydiyyata alınmayan qrant (163.250 ABŞ dolları) almışdır.
İstintaq nəticəsində Anar Məmmədli, onun müavini Bəşir Süleymanlı, eləcə də Elnur Məmmədov başqasının əmlakını mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə və işdə saxtakarlıqda ittiham ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2014-cü il tarixli qərarı ilə Anar Məmmədli 5 il 5 ay, Bəşir Süleymanlı 3 il 2 ay müddətinə azadlıqdan məhrum olunub, Elnur Məmmədov isə 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum olunub.
Cari ilin noyabr ayının 11-də Azərbaycan Respublikasının Ali Məhkəməsində həbsdə olan Anar Məmmədlinin və onunla birlikdə həbs edilmiş Bəşir Süleymanlının və Elnur Məmmədovun kassasiya şikayətinə baxılıb. Lakin kassasiya şikayəti təmin edilməyib.

 

 

3. Memorandumun 17-ci maddəsində göstərilir ki, Gəncədə fəaliyyət göstərən nüfuzlu “Kamil Vətəndaş” QHT-nin rəhbəri Həsən Hüseynli 14 iyul 2014-cü ildə “xuliqanlıq” və “bıçaqlama” ittihamları ilə 6 ilədək azadlıqdan məhrum edildi.

IZAHAT: Cənab Hüseynli 31 mart 2014-cü ildə baş vermiş insidentə görə məhkum edilib. O, Azərbaycanın Gəncə şəhərində küçədə Qəhrəmanov Arzu Eldar oğlu ilə mübahisə edib. İnsident zamanı cənab Hüseynli bıçaq ilə cənab Qəhrəmanova hücum edib. Daha sonra küçədə hadisənin şahidi olanlar bu barədə məhkəmədə ifadə veriblər.
Azərbaycan Respublikasının Prezidentinin 17 oktyabr 2014-cü ildə imzaladığı əfv fərmanı ilə Həsən Hüseynli də azadlığa buraxıldı. O, hazırda öz fəaliyyətini davam etdirir. Həsən Hüseynli cari ilin noyabr ayında Gürcüstan Respublikasının Batumi şəhərində keçirilmiş Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının Vətəndaş Cəmiyyəti Forumunun tədbirində iştirak etmişdir.

 

 

4. Memorandumun 18-ci maddəsində Sülh və Demokratiya İnstitutu təşkilatının direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun dövlətə xəyanət, vergidən yayınma və qanunsuz sahibkarlıqda ittiham edilməsi diqqətə çatdırılır.

IZAHAT: Leyla Yunusla bağlı Avropa institutlarında şişirdilmiş və qeyri-obyektiv geniş kampaniya aparıldığını nəzərə alaraq, Memorandumun 18-ci maddəsində göstərilənlərə aşağıdakı məlumatları əlavə etməyi zəruri hesab edirik:
Leyla Yunus dövlət qeydiyyatına alınmamış Sülh və Demokratiya İnstitutunun sədri olmaqla yanaşı 27 mart 1996-cı ildə qeydiyyata alınmış “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Cəmiyyəti”nin iddia edilən direktoru kimi fəaliyyət göstərib. Uzun araşdırmadan sonra bir çox qanunsuzluq halları aşkar edilib və onların həbsi həmin hallara əsaslanır.
Ən mühüm ittiham dövlətə xəyanətdir. Azərbaycan ərazilərinin beşdə bir hissəsinin Ermənistan işğalı altında olduğu bir vaxtda xanım Yunus həyat yoldaşı ilə birlikdə Ermənistanın maraqlı tərəfləri ilə əlaqələr qurmaqda təqsirli bilinir. Onlar Ermənistanla təmas xətti yaxınlığında Azərbaycan qoşunlarının təhlükəsizlik vəziyyəti barədə məlumat toplamaq məqsədilə Ermənistanın kəşfiyyat xidməti orqanları tərəfindən işə cəlb ediləcək şəxslərin Gürcüstan ərazisi vasitəsilə keçməsini təşkil ediblər. Onların belə şəxslər üçün ödənişlər və digər maddi gəlirlərə vasitəçilik etdiyi iddia edilir və təhqiqat nəticəsində aşkar edilib ki, xanım Yunusun özü Azərbaycanın təhlükəsizliyi, iqtisadi və texniki təchizatı barədə məlumatlar toplayırmış.
Eyni zamanda iddia edilir ki, o, Azərbaycanın işğal edilmiş digər rayonlarının qaytarılmasının əvəzində Dağlıq Qarabağda qanunsuz rejimin suverenliyini tanımağa dair Ermənistanın maraqlı tərəfləri ilə bir sıra danışıqlara qoşulub.
Maliyyə məsələsinə gəldikdə, xanım Yunus Azərbaycan Qadınları Cəmiyyətinin 21 noyabr 2012-ci ildə Unibankda qeydiyyatdan keçmiş hesablarını idarə edirdi. Bu təşkilat 2006-2014-cü illərdə müxtəlif layihələrə görə ABŞ-ın Milli Demokratiya Fondu, Alman Marşal Fondu, “OSİ Asistance Foundation” və digər təşkilatlardan bir neçə beynəlxalq qrant alıb. Aşkar edilib ki, xanım Yunus QHT-nin hesablarından digər, öz şəxsi bank hesablarına 167.199 manat, 620.878 ABŞ dolları, 263.745 avro məbləğində pul vəsaitlərinin köçürülməsini təmin edib, daha sonra isə həmin pulları şəxsən nağdlaşdırıb. O, 88.468 ABŞ dolları hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla nağdlaşdırıb əldə edərək, həmin puldan 71.000 ABŞ dollarını özünün bankda olan əmanət hesablarına mədaxil edib üzərinə toplanmış faizlərlə ümumilikdə 78.130 ABŞ dolları məbləğində nağd pul vəsaitini 24 aprel 2014-cü il tarixdə hesablarından çıxarıb. Əri Arif Yunus ilə əvvəlcədən aralarında olan razılığa əsasən, sonuncunun həmin bankda olan şəxsi hesabına mədaxil etdikdən sonra Arif Yunus dərhal həmin pul vəsaitini Çexiya Respublikasının “Sberbank CZ” kommersiya bankındakı şəxsi hesabına köçürülməsini təmin edib.
Bu, Azərbaycanın bir sıra maliyyə və mühasibat uçotu qanunları, eləcə də qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi ilə bağlı qanunvericiliyə zidd hərəkətdir.
Yekun olaraq, xanım Yunus eyni zamanda qeydiyyata alınmamış qrantlardan cəmi 526.943 AZN pul əldə edərək, şəxsi və qeydiyyata alınmamış biznes fəaliyyəti həyata keçirib. Bundan əlavə, ümumilikdə 369.378 manat məbləğində vergini ödəməkdən yayınmışdır.
Yuxarıdakı bütün məlumatlar xanım Leyla Yunusun mətbuatda geniş işıqlandırılan işi ilə bağlı faktları əhatə edir. Bununla bərabər, hesab edirik ki, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi ilə bağlı yekun qərar məhkəmə tərəfindən verilməlidir, məhkəmə qərarı olmadan bu iş ətrafında siyasi spekulyasiyaların aparılması yolverilməzdir.

 

 

5. Memorandumun 19-cu maddəsində həbs edildikdən sonra Leyla Yunusun səhhətinin pisləşdiyi, həbsxana rəsmilərinin onun diabet və böyrək problemlərinə baxmayaraq, müvafiq müalicəni təmin emtəkdən imtina etdikləri bildirilir. 2014-cü il sentyabr ayının əvvəlində kamera yoldaşının ona hücum etdiyi, lakin həbsxana rəsmilərinin onu qorumadığı iddia edilir.

IZAHAT: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin yaydığı məlumatda deyilir ki, Bakı İstintaq təcridxanasında saxlanılan Leyla Yunusun vəziyyəti stabildir. Onun səhhətində heç bir problem yoxdur.
Leyla Yunus mütəmadi olaraq laborator analiz olunur, bundan əlavə, endokrinoloq davamlı olaraq onun şəkərli diabetinin səviyyəsini yoxlayır, qaraciyərində heç bir problem yoxdur. Bununla bağlı müayinələr də heç bir mənfi nəticə göstərməyib. Ona hətta bir neçə dəfə ultrasəs müayinəsi (USM) də təklif olunub, lakin Leyla Yunus imtina edib ki, buna ehtiyac yoxdur.
Qeyd olunur ki, Leyla Yunus şəkər xəstəsidir. Buna görə də adekvat dərmanlar qəbul edir. Onun şəkərinin səviyyəsi nəzarət altındadır. Saxlanıldığı müəssisədə də, onun özündə də şəkərin səviyyəsini ölçən cihaz var.

Azərbaycan hökuməti humanizm prinsiplərini rəhbər tutaraq və təqsirləndirilən şəxs Leyla Yunusovanın səhhəti barədə yayılan şayiələrə son qoymaq məqsədilə 2014-cü il dekabrın 29-da Respublika Diaqnostika Mərkəzində Almaniyanın tanınmış Charite xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri – professor Murad Məmmədov, professor Gəray Gəraybəyli, professor Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə təqsirləndirilən şəxs Leyla Yunusovanın tam müayinəsinin – qanın laborator analizi, qarın boşluğu, kiçik çanaq orqanlarının və qalxanvarı vəzinin müayinəsi, yuxu arteriyalarının, vertebral arteriyaların və aşağı ətraf arteriyalarının doppler USM müayinəsi, döş qəfəsi orqanlarının, baş beynin və tam qarın boşluğunun kompüter tomoqrafiyası, EKQ, EXO-kg, ürəyin exoqrafiyası həyata keçirilmiş, oftolmoloqun, nevropatoloqun və onkoloqun konsultasiyasının aparılmasını təşkil etmişdir Müayinənin nəticəsi olaraq beynəlxalq həkim qrupu tərəfindən protokol tərtib edilmiş, nəticələr sənədləşdirilmiş və müayinə prosesinin video çəkilişi aparılmışdır. Dr. Kristian Vitt protokolu imzalayaraq bütün tibbi müayinələrin onun iştirakı ilə yeni diaqnostik üsulların tətbiqi ilə və beynəlxalq səviyyədə qəbul olunmuş diaqnostik və etik standartlara uyğun aparıldığını təsdiq etmişdir.

 

 

6. Memorandumun 20-ci maddəsində “İnsan Hüquqları Klubu” adlı QHT-nin təsisçisi Rəsul Cəfərov avqustun 2-si vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti və vəzifədən sui-istifadə ittihamları ilə həbs edildiyi bildirilir.

IZAHAT: Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən ölkə vətəndaşları qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycanda son 3 il ərzində 1165 nəfər (2011-389, 2012-373, 2013 – 403 nəfər) vergidən yayınmaya görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Rəsul Cəfərov da vergidən yayınma cinayətinə görə məsuliyyətə cəlb edilmiş Azərbaycan Respublikası vətəndaşıdır və o da hamı kimi qanun qarşısında bərabərdir.
Rəsul Cəfərovun rəsmi dövlət qeydiyyatından keçməmiş QHT-nin vasitəsilə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmamış qrant müqavilələri əsasında qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirdiyi və 147900 manat (140 min avrodan çox) məbləğində gəlir əldə etməkdə, dövlət büdcəsinə ödənilməli olan 6162 manat məbləğində vergiləri ödəməkdən yayındığı aşkar edilmişdir.

Rəsul Cəfərovun cinayət işi üzrə ittiham aktı 05 yanvar 2015-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub. İstintaq dövründə R. Cəfərova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham da elan olunub.

 

 

7. Memorandumun 21-ci maddəsində bildirilir ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri və hüquqşünas İntiqam Əliyev 8 avqust 2014-cü ildə vergidən yayınma, vəzifəsindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyəti ittihamları ilə həbs edilib.
Onun ofisində və evində axtarış aparılıb, kompyuteri və faylları müsadirə edilib. Onun məhkəmə işi Rəsul Cəfərovun işi ilə oxşardır və o, 60.000 Avroya yaxın gəlirə görə vergi ödəməkdən yayınmaqda şübhəli bilinir.

IZAHAT: İntiqam Əliyevin həbsi onun fəaliyyəti, adları çəkilən digər şəxslərlə birgə işlədiyi siyahılar və başqa bu kimi heç bir səbəblə bağlı deyildir. İntiqam Əliyev “Hüquq Maarifçiliyi Cəmiyyəti” İctimai Birliyinin rəhbəridir. “Qeyri-hökümət təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununa görə, İctimai birlik – təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. İntiqam Əliyev təsisçi və üzvlərinin ümumi yığıncağının qərarı ilə sədri – səlahiyyətli şəxsi seçildiyi İctimai Birliyin fəaliyyətində yol verilən qanun pozuntularına görə həbs edilmişdir. O, qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmamış qrant müqavilələri əsasında qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək, 66204 manat məbləğində gəlir əldə etməkdə, 8706 manat məbləğində vergini ödəməkdən yayınmaqda şübhəli bilinir.
İntiqam Əliyevin müsadirə edilmiş materialları, o cümlədən AİHM-də baxılmaqda olan prosedurlarla bağlı iş materialları onun vəkillərinə qaytarılmışdır.
İntiqam Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb, iş üzrə ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

 

8. Memorandumun 23-cü maddəsində göstərilir ki, blogger və müxalifət yönümlü gənclər hərəkatının təsisçisi Ömər Məmmədov narkotik maddələr satmaq iddiaları ilə 5 il müddətinə həbsə məhkum edilib və 2014-cü ilin may ayında NİDA hərəkatının 8 fəalı xuliqanlıq, qanunsuz narkotik maddə gəzdirmə və kütləvi iğtişaşların təşkili və orada iştiraka görə 6 ildən 8 ilə qədər azadlıqdan məhrum edilib.

IZAHAT: NİDA vətəndaş hərəkatının səkkiz üzvü 2013-cü ilin mart ayında icazəsiz kütləvi iğtişaşlara hazırlıq şübhəsi ilə həbs edildi və partlayıcı maddələr (“Molotov kokteyli”) gəzdirdikləri aşkar edildi. Polis axtarışı nəticəsində həm də bu gənclərin yaşayış yerlərində xeyli miqdarda narkotik maddə və elan edilməmiş böyük məbləğdə xarici valyuta (100 minə yaxın avro) aşkar edildi. Bunlarla bağlı bir neçə məhkəmə işi açılıb.
Məhkəmənin 4 iyul 2014-cü il tarixli hökmünə əsasən, cənab Ömər Məmmədov qanunsuz narkotik maddə (6,134 qram çəkidə heroin) saxlamaqda təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Onun vəkili apellyasiya şikayəti verib və məhkəmə işi hazırda davam edir.
Həbsdə olan NİDA-çı gənclər Bəxtiyar Quliyev və Şahin Novruzlu Azərbaycan Respublikası Prezidentinə əfv olunmaq üçün müraciət etmişlər, onlar öz ərizələrində törətdikləri cinayət əməlindən peşmançılıqlarını ifadə ediblər. Bu fakt bu gənclərə və siyasi baxışlara görə həbs edilməsi iddia edilən digər şəxslərə “vicdan məhbusu” adının məqsədli şəkildə yapışdırılması, bu iddiaların əsassız olmasını bir daha sübüt edir.
Azərbaycan Respublikasının Prezidenti 17 oktyabr 2014-cü ildə əfv fərmanı imzalamışdır. Bu əfv fərmanı 84 məhbusa şamil edilmişdır. Əfv edilənlər arasında 2 NİDA-çı – Şahin Novruzlu və Bəxtiyar Quliyev var.
NİDA Vətəndaş Hərəkatının həbsdə olan və Bakı İstintaq Təcridxanasında saxlanılan digər üzvlər – Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə – 28 sentyabr 2014-cü ildə prezident İlham Əliyevə müraciət ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il dekabr ayının 29-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncam ümumilikdə 86 nəfər Azərbaycan vətəndaşı və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub. Əfv olunanlar arasında “Nida” Vətəndaş Hərəkatının üzvləri Üzeyir Məmmədli və Zaur Qurbanlı da vardır.
9. Memorandumun 24-cü maddəsində narkotik maddə ittihamları ilə həbs edilmiş Fərəc Kərimov, onun qardaşı Sirac KərimovMurad Adilovun siyasi fəallar olması iddia edilir.

IZAHAT: Fərəc Kərimov, qardaşı Sirac Kərimov və Murad Adilov Azərbaycan cəmiyyətində tanınmamış şəxslərdir, onlar ümumiyyətlə siyasi fəallığı heç də seçilməyən şəxslərdir.
Azərbaycan Respublikasının Qanunverciliyi narkotik maddələrin əldə edilməsi, saxlanması, daşınması, alqı-satqısı ilə bağlı cinayət və inzibati məsuliyyətlər nəzərdə tutur. Belə əməllərə yol vermiş şəxslər müvafiq məsuliyyətə cəlb edilir.

 

 

10. Memorandumun 25-ci maddəsində Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynovun 8 avqustda müalicə üçün Türkiyəyə getməsinin polis tərəfindən qarşısı alındığı iddia edilir. Avqustun 8-i RATİ-nin ofisləri və cənab Hüseynovun anasının evində axtarış aparılıb. Cənab Hüseynova səfər qadağası qoyulub və ona qarşı cinayət işi gedir. Emin Hüseynov xarici qrantlardan əldə etdiyi 560.000 avro gəlirə görə vergi ödəməkdən yayınmaqda şübhəli bilinir və onun hazırda Bakıda xarici səfirliklərdən birində gizləndiyi deyilir. O, istintaqdan yayındığı üçün polis tərəfindən axtarışdadır və həbs edilmək təhlükəsindədir.

IZAHAT: Azərbaycan hakimiyyəti Emin Hüseynovun xarici ölkə səfirliklərinin birində gizlənməsi ehtimalı ilə bağlı İsveçrə səfirliyinə müraciət edib. Hakimiyyət Hüseynovun istintaqa ifadə vermək üçün gələcəyi təqdirdə onun haqqında həbs olunmayacağına təminat vermişdir. Lakin buna baxmayaraq o, hələ də istintaqdan yayınmaqdadır.

 

 

11. Memorandumun 26-cı maddəsində Naxçıvandan olan jurnalist və insan hüquqları fəalı İlqar Nəsibovun 21 avqust 2014-cü ildə qeyri-müəyyən şəxslər tərəfindən ağır döyülməsi faktı şərh edilir. O, öz ofisində ciddi kəllə-beyin travması və üz nahiyəsində sümük sınıqları ilə huşsuz halda tapılıb. Cənab Nəsibov və xanımı jurnalist Məlahət Nəsibova İnkişaf Resurs Mərkəzi vasitəsilə öz rayonlarında insan hüquqları pozuntularının qurbanlarını dəstəkləyirdilər. QHT mənbələri baş vermiş insidentdən sonra cinayət işinin açılmadığını göstərirlər və daha əvvəl cütlük bir sıra təhdidlərlə üzləşdiyi barədə məlumat vermişdi. Lakin bu QHT mənbələri ilə bağlı məsələ ABŞ Dövlət Departamentinin nəşri nəticəsində ziddiyyətli vəziyyətdədir, belə ki, Dövlət Departamenti polisin dərhal cavab verdiyini və prokurorluğun istintaq işi açdığını bildirir.

IZAHAT: İlqar Nəsibovun qeyri-müəyyən şəxslər tərəfindən ağır döyülməsi hadisəsindən bir neçə gün sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmək) maddəsi ilə cinayət işi başlanılıb. Cari ilin noyabr ayının 4-də isə Naxçıvan şəhər Məhkəməsində iş üzrə proses keçirilib. Nəsibovun şikayətindən imtina etməsi nəzərə alınmaqla, məhkəmə cinayət işinin xitam edilməsi barədə qərar qəbul edib.
Azərbaycanda azadlıqdan məhrumetmə yerlərinə adminstrativ nəzarətlə yanaşı bir sıra nəzarət mexanizmləri də vardır. Bunlar Ombudsman, Milli Preventiv Mexanizm Qrupu, Penitensiar Müəssisələrə nəzarət edən İctimai Komitədir. Lakin bununla yanaşı Azərbaycan istənilən halda əməkdaşlığa açıqdır. Avropa Şurasının Baş Katibi cənab Torbyorn Yaqland və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2005-2008-ci illər ərzində fəaliyyət göstərmiş və sonradan AŞPA tərəfindən razılaşma şərtləri pozulduğundan (məhbus məslələri milli çərçivədə müzakirə və həll olunduğu üçün AŞPA hər hansı məruzəçi təyin etməmək barədə razılıq vermişdir) faəliyyətini dayandırmış İnsan Hüquqları üzrə Birgə işçi qrupun fəaliyyəti yenidən 2014-cü ilin 22 oktyabr tarixli iclasında (bərpa iclası) yenidən bərpa olunmuşdur. İşçi qrupunun tərkibində hakimiyyət nümayəndələri və yerli hüquq müdafiəçiləri ilə yanaşı Baş Katibin nümayəndəsi cənab Aleksandr Gessel də daxil edilmişdir. İşçi qrupun əsas məqsədi haqqında cinayət işləri başlanmış və ittiham elan olunmuş (təqsirləndirilən) və haqqında məhkəmənin qüvvəyə minmiş hökmü olan məhkumların işlərinin monitorinqini aparmaqdan və müvafiq tövsiyələr hazırlamaqdan ibarətdir.

 

 

II

Məlumat memorandumunun 28-31-ci maddələri Azərbaycanda məlumat azadlığının vəziyyətinə həsr edilib. Ona görə də ölkədə ifadə azadlığı sahəsində real vəziyyətin qısa icmalını verməyi zəruri hesab edirik:

Ifadə azadlığı

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı olduğu göstərilir, kütləvi informasiyanın azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağan edilir.
“Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun 14-cü maddəsinə əsasən “Mətbu nəşrlərin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur”.
Azərbaycanda hazırda 4957 qəzet (çap və on-line), informasiya agentliyi vardır. Ölkə üzrə yayımlanan 8 telekanal, 14 regional telekanallar, 12 kabel televiziyası, 11 radiostansiya və çoxsaylı internet tv-lər vardır.
Mətbuatın fəaliyyətini tənzimləyən hər hansı dövlət orqanı yoxdur. Cəmiyyət, dövlət orqanları və kütləvi informasiya vasitələri arasında münasibətlərin ictimai tənzimlənməsi mexanizmi kimi 2003-cü ildə Mətbuat Şurası yaradılıb. Bu özünüidarə edən qeyri-hökumət təsisatıdır.
Prezidentin sərəncamı ilə 2008-ci ildə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” qəbul olunmuşdur. Konsepsiyada KİV-lərin inkişafina Dövlət dəstəyini həyata keçirmək məqsədi ilə xüsusi fondun yaradılması nəzərdə tutulurdu. Konsepsiya qəbul olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
Fond mətbuata müxtəlif istiqamətlər üzrə dəstək verir. Bu istiqamətlər içərisində fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, – kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması kimi dəstək formaları vardır.
Ölkədə fəaliyyət göstərən bir çox müxalifyönlü qəzetlərin illik büdcələrinin 80%- dən çoxu məhz bu fondun vəsaiti ilə formalaşır. Fond yaradılarkən vaxtilə Avropada KİV-lərin inkişafina edilən dəstək formaları ilə bağlı təcrübə də öyrənilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2011-ci ildən mütəmadi olaraq əsas müxalifət qəzetləri, əsasən də “Azadlıq” və “Yeni Musavat” qəzetləri də daxil olmaqla ölkədə nəşr edilən 30-a qədər mətbuat orqanlarına maliyyə yardımları ayırmışdır.
Media orqanlarından bir çoxu, o cümlədən “Azadlıq” qəzeti Prezident Adminstrasiyasının İşlər İdarəsinə məxsus və paytaxt Bakının mərkəzində yerləşən binada simvolik (real qiymətdən 10 dəfə az) qiymətə ofislə təchiz edilmişdir.
Fond tərəfindən dövlət büdcəsi hesabına dəyəri 22 mln. manat olan yaşayış kompleksi tikilmiş və təmənnasız olaraq jurnalistlər arasında bölünmüşdür. Bölgü zamanı hökuməti sərt tənqid edən jurnalistlərlə hökumətə yaxın olan jurnalistlər arasında fərq qoyulmamış və ailə üzvlərinin sayına uyğun bölgü aparılmışdır.
Dövlət tərəfindən belə yardımlar “loyallığın alınması” məqsədi ilə edilməmişdir. Müstəqil ekspertlərin müşahidələrinə görə dövlət tərəfindən dəstək artdıqca tənqdi yazıların sayı və kəskinliyi də artmış, əksinə belə qəzetlər hökumətin fəaliyyətini dərindən təhlil etmək üçün əlavə vasitələr əldə etmiş olmuşdur.
Azərbaycanda internet üzərində hər hansı məhdudiyyət yoxdur. 2012-ci ilin noyabr ayında BMT və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunda Azərbaycanda internet azadlığının tam təmin olunması qeyd olunmuşdur. Ölkədə hər hansı internet resurslarının qadağan olunması halı qeydə alınmamışdır. Sosial mediadan geniş istifadə olunur.
Bununla belə, bəzi hesabatlarda Azərbaycan internet azadlığı indekslərində qərəzli yanaşmaları da nümayiş etdirilmişdir. Freedom House təşkilatı tərəfindən internetin və rəqəmsal medianın qlobal qiymətləndirilməsini əks etdirən “Freedom on the Net 2011” hesabatında “İnternet azadlığı” göstəriciləri üzrə Azərbaycan “İnternetin qismən azad olduğu ölkələr” siyahısında yer alıb. Hesabatda dünyanın bir çox ölkəsi üzrə “İnternetin azadlığı” göstəriciləri qiymətləndirilib və bu göstəriciyə görə Azərbaycan (48 balla) 20-ci yeri tutub .

III

Məlumat memorandumunun 32-34-cü maddələri sərbəst toplaşma azadlığının vəziyyətinə həsr edilib. Odur ki, ölkədə sərbəst toplaşma azadlığı sahəsində vəziyyətin qısa icmalını təqdim edirik:

Sərbəst toplaşma azadlığı

Azərbaycan Respublikası Konstitusiyasının 49-cü maddəsinə əsasən “Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır”.
13 noyabr 1998-ci il tarixində “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun qəbul edilmişdir.
Azərbaycan Respublikası İnsan Hüquqlarının əsas Azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasını ratifikasiya etdikdən sonra qanun bəzi müddəaları Konvensiyanın müddəaları ilə uyğunsuzluq təşkil etdiyi üçün Azərbaycan Parlamenti Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq edərək qanunvericiliyi təkmilləşdirmişdir. Qanuna edilən əsaslı dəyişikliklər 30 may 2008-ci ildə qüvvəyə minmişdir. Venesiya Komissiyası da qanuna müsbət rəy vermiş və onun beynəlxalq standartlara uyğun olduğunu açıqlamışdır.
“Sərbəst toplaşma azadlığı” haqqında qanuna dəyişiklik edilərkən ATƏT DTİHB tərəfindən qəbul olunmuş rəhbər prinsiplər, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi Baçkovski və digərləri – Polşa (Baczkowski and others v. Poland. (Application no. 1543/06)) prezident qərarının tələbləri nəzərə alınmışdır. Beləliklə, İnsan Hüquqlarının əsas Azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 13-cü maddəsinin tələbi də yerinə yetirilmişdir. Hazırda ölkədə toplantının həyata keçirilməsi ilə bağlı xəbərdarlıqdan sonra yerli hakimiyyət orqanlarının toplantını qadağan edən qərarından verilən şikayətlərə məhkəmələr toplantıya ən azı 3 gün qalanadək baxır və qərar qəbul edir.
Qanunun 9.6. maddəsinə görə “Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı xüsusi yerlər ayırmalıdır. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunan yerlərin siyahısı yerli mətbuatda dərc edilir və başqa üsullarla əhaliyə çatdırılır. Təşkilatçılar yığıncaq, mitinq və ya nümayiş üçün ayrılmış yerlərin birini seçə bilərlər. Müvafiq icra hakimiyyəti orqanı yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunmuş yerlərin siyahısını müraciətlər əsasında dəyişdirə bilər”.
Qanunun bu müddəaları rəhbər tutulmaqla ölkənin 70-dən artıq şəhər və qəsəbəsində yerli icra hakimiyyəti orqanlarının qərarları ilə xüsusi yerlər müəyyən olunmuşdur. Ölkənin paytaxtı olan Bakı şəhərində 12 yer müəyyən edilmişdir. Bu yerlər paytaxtın 12 inzibati ərazi vahidinin hər birində vardır. Əvvəllər müəyyən edilən yerlərin bəziləri qənaətbəxş olmadığı üçün siyasi partiya və ictimai təşkilatların etirazlarına səbəb olmuşdur. Sonradan yerlərin sayı artırılmış və onlar iştirakçıların gedib gəlməsi üçün asan olan yerlərlə əvəzlənmişdir. Şəhərin mərkəzi hissəsində siyasi partiyaların ənənəvi olaraq mitinqlər keçirdiyi ərazidə (keçmiş “Qələbə” kino-teatr binasının qarşısı) yerləşən iri stadion mitinqlərin keçirilməsi üçün ayrılmışdır. Həmin ərazi əhalinin sıx yaşadığı yerdir və bütün ictimai nəqliyyat vasitələrinin (o cümlədən avtobus və metro) dayanacaqları vardır.
Hazırda müəyyən olunmuş müddət ərzində yazılı xəbərdarlıq etməklə həmin yerlərin birində kütləvi aksiyalar keçirilir. Lakin bir neçə dəfə qanunla strateji obyekt hesab olunan yerlərin qarşısında və yanında kütləvi tədbirlərin keçirilməsinə edilən cəhdlərin qarşısı güc orqanları tərəfindən alınmış və qaydaları pozanlara qarşı inzibati cəzalar (pul cəriməsi və ya 15 sutkayadək inzibati həbs) tətbiq edilmişdir.
Qanunun 13.3 maddəsinə görə “Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq toplantı zamanı iştirakçıların şifahi və yazılı fikir və söz azadlığı vardır”.
Ötən il ərzində ölkənin müxtəlif hissələrində, xüsusilə Bakının mərkəz ərazilərində bir sıra, eləcə də kortəbii nümayişlər keçirilib. Belə mitinqlərdən sonuncu ikisi “Demokratik Qüvvələrin Milli Şurası” adlandırılan qurum tərəfindən 12 oktyabr və 9 noyabr 2014-cü ildə Bakı şəhərinin mərkəzi hissəsində “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda keçirildi. Aksiyanın keçirilməsi üçün yer təşkilatçıların müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmışdı. Mitinq heç bir məhdudiyyət olmadan yerli vaxtla saat 15.00-dan 17.00-dək davam etdi.
Ümumiyyətlə, dinc nümayişlərə polis müdaxiləsi yaxud qanuna müvafiq nümayiş keçirməyə görə cəzalandırma barədə məlumatlar daxil olmayıb. Kütləvi tədbirlərdə çıxışlara görə hər hansı məhdudiyyətin tətbiqi halları qeydə alınmayıb.

IV

Məlumat memorandumunun 35-37-ci maddələri birləşmə azadlığına həsr edilib. Ölkədə sərbəst toplaşma azadlığı sahəsində vəziyyətin qısa icmalını təqdim edirik:

Birləşmə azadlığı

Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsinə görə hər kəsin istənilən birlik, siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud olan birliyə daxil olmaq hüququ vardır.
Ölkədə siyasi partiyalar, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları haqqında müvafiq qanunvericilik, həmçinin bu təşkilatların hüquqi fəaliyyətini təmin etmək məqsədi ilə qəbul olunmuş digər normativ hüquqi aktlar mövcuddur.
Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun əsas prinsiplərindən biri QHT-lərin rəsmi dövlət qeydiyyatına alınmasında könüllülük prinsipidir. Bu prinsipə görə dövlət qeydiyyatı vəzifə və hüquqi öhdəlik deyildir. Dövlət Qeydiyyatından keçmək və ya keçməmək QHT-nin hüququdur. Dövlət qeydiyyatından keçməklə QHT-lər hüquqi şəxs statusu əldə edirlər.
Dövlət hüquqi şəxs statusu əldə etmədən fəaliyyət göstərən QHT-ləri və onların birliklərini tərəf kimi qəbul edir. Hüquqi şəxs statusu olmayan QHT-lərin təmsilçiləri təmsil etdikləri QHT-nin adından dövlətin yaratdığı müxtəlif komissiyalarda, işçi qruplarında və daha davamlı təsisatlarda təmsil oluna bilirlər.
Qanunda QHT-nin məhkəmə qərarı ilə ləğv olunması əslində onun hüquqi statusunun ləğvi kimi qəbul olunur. Ölkə praktikasında QHT-nin məhkəmə qərarı ilə ləğvi praktikası nadir haldır. Belə ki, son 11 il ərzində ölkədə 1 QHT-nin ləğv olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Həmin təşkilatın (Seçki Monitorinq Mərkəzi İctimai Birliyi) ləğvinə səbəb təsisçilər arasında yaranan mübahisə və təsisçilərin bir hissəsinin şikayəti olmuşdur. Lakin ləğv edilmiş bu QHT hüquqi şəxs statusunu itirsə də fəaliyyətlərini davam etdirmişdir (hazırda fəaliyyət göstərir) və bu zaman belə təşkilatların illik büdcəsi qeydiyyatda olduğu vaxtdan daha çox olmuşdur.
QHT-lərin maliyyə və proqram fəaliyyəti üzərində nəzarəti həyata keçirən dövlət orqanı və ya dövlət tərəfindən səlahiyyətli edilmiş orqan audit və yoxlamaların nəticələrindən asılı olaraq sanksiyalar tətbiq edə bilərlər. Müxtəlif dövlətlərdə proqram və maliyyə fəaliyyətində əyintilərə yol vermiş QHT-lərə qarşı sanksiyaların tətbiqi praktikasını araşdıran Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin bununla bağlı maraqlı ümumiləşdirmələri vardır.
Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin araşdırmalarından sitat gətiririk: “Məsələn, Bolqarıstanda QHT-ni 50 avrodan 500 avroyadək cərimə edə bilərlər. Polşada sənədlərin təqdim edilməsinə dair tələbləri yerinə yetirməməyə görə birliyi 50 000 zlotu (11 300 avro) aşmayan miqdarda cərimə edə bilərlər. Bununla belə bu cərimə ləğv edilə bilər bir şərtlə ki, birlik dərhal tələbi yerinə yetirsin. Slovakiyada fond hesabat verməməsinə görə 10 000-dən 100 000 kronadək (2500 – 25 000 avro) cərimə oluna bilər. Bir sıra ölkələrdə (Bosniya, Xorvatiya, Serbiya və Çernoqoriya) cərimələr həm təşkilata, həm də pozuntuya cavabdeh olan təşkilat nümayəndəsinə tətbiq oluna bilər.”
Bir sıra ölkələrdə Qeyri Kommersiya təşkilatlarına qarşı tətbiq olunan sanksiyalar daha sərtdir. Belə sanksiyalar içərisində təşkilatların ləğv olunması və ya onlara vergi güzəştlərinin ləğv edilməsi, ictimai-faydalı təşkilat statusundan məhrum etmə (bu zaman təşkilat bütün güzəştlərdən, o cümlədən vergi güzəştlərindən məhrum olur), 50 000 avrodan artıq cərimə sanksiyasının tətbiqi kimi sərt sanksiyalar da vardır.
Bu baxımdan Azərbaycan Respublikasının Qanunvericiliyi daha liberaldır. QHT-lərin bağladıqları qrant müqaviləsinə görə müvafiq icra hakimiyyətinə məlumatı vaxtında təqdim etməməsi və ya ümumiyyətlə təqdim etməməsinə görə fiziki şəxslərə – min manatdan iki min manatadək, vəzifəli şəxslərə – min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslərə – beş min manatdan yeddi min manatadək cərimə sanksiyası nəzərdə tutulur. 2013-cü ildə qrant müqavilələrini qeydiyyata təqdim etməyən, vaxtında və ya düzgün təqdim etməyən QHT-lərin sayı çox olsa da əksəriyyət halda Ədliyyə Nazirliyi güzəşt mövqeyində olmuş QHT-lərin izahlarını nəzərə almış və sanksiya tətbiq etməmişdir. Bununla belə nazirliyin rəsmi məlumatına görə, “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”nın 2.1-ci bəndinə zidd olaraq qrant alınması haqqında müqavilənin (qərarın) surətinin qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etmədiyinə görə 3 inzibati tənbeh verilmə haqqında qərar qəbul edilmişdir. Tətbiq edilmiş intizam tənbehi nəticəsində ümumilikdə 7000 (yeddi min) manat məbləğində cərimə olunmuşdur” .
2014-cü ilin birinci 6 ayı ərizində heç bir QHT-yə Ədliyyə Nazirliyi tərəfindən (qrantların qeydiyyata təqdim edilməməsi və ya nizamnamə pozuntusu səbəbindən) heç bir cərimə tətbiq edilməmişdir. Ümumiyyətlə, QHT-lərin nizamnamə fəaliyyətinə dövlət nəzarətini həyata keçirən Ədliyyə Nazirliyi tərəfindən tətbiq olunan sanksiyalar illər üzrə azalmaya meyillidir, baxmayaraq ki, cərimələrin miqdarı qanunvericiliklə əhəmiyyətli dərəcədə artırılmışdır. Belə ki, 2011-ci ildə 7 QHT-yə cəmi 13 000 manat cərimə tətbiq edilmişdir. 2013-cü ildə 3 QHT-yə 7 000 manat, 2014-cü ilin birinci yarsında isə ümumiyyətlə cərimə tətbiq edilməmişdir.
İnzibati Xətalar Məcəlləsinə əsasən Maliyyə Nazirliyinə İllik Maliyyə hesabatı təqdim etməyən və ya vaxtında (hər il 31 marta qədər) QHT-lər üçün 2 400 manat cərimə nəzərdə tutulur. Lakin indiyədək heç bir QHT-yə belə cərimələr tətbiq edilməmişdir.
Sanksiyaların, xüsüsilə də sərt sanksiyaların tətbiqi təşkilatların cəzalandırılmasına yönələn aksiya deyildir. Bu sanksiyaların tətbiqi xəbərdaredici xarakter daşıyır və onun tətbiqindən əvvəl təşkilata vaxt verilir ki, pozuntunu aradan qaldırsın. Eyni zamanda, sanksiyaların tətbiqi səriştəli və səlahiyyətli orqanlar tərəfindən həyata keçirilir.
Bu bir çox Avropa ölkələrində belədir. Məsələn, Macarıstanda təşkilatın İctimai Fayda verən təşkilat (yəni vergi güzəştlərindən istifadə edən təşkilat) statusunun alınması üçün prokurorun təqdimatı ilə məhkəmə orqanı qərar qəbul edir və bu qərar yalnız təşkilata əvvəlcədən xəbərdarlıq göndərildikdən və pozuntunu aradan qaldırmaq üçün vaxt verildikdən sonra həyata keçirilir. Polşada əgər təşkilat xəbərdarlıqdan sonra pozuntunu aradan qaldırsa, onda Əmək və Sosial Siyasət Nazirliyi həmin təşkilatın məhkəmə reyestrindən çıxarılması ilə bağlı təqdimat verir.
Qeyd olunduğu kimi, bütün hallarda təşkilata əvvəlcədən xəbərdarlıq edilir və ona pozuntunu (nizamnamə pozuntusu, maliyyə pozuntusu, proqram və institusional fəaliyyətlə bağlı pozuntular və s.) aradan qaldırmaq üçün vaxt verildikdən sonra və təşkilat tərəfindən bu pozuntuların aradan qaldırılmadığı təqdirdə sanksiya tətbiq edilir.
QHT-lərin maliyyələşməsində əsas dövlət donoru qismində 2008-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dövlət Dəstəyi Şurası çıxış edir. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dövlət Dəstəyi Şurasının tərkibi 11 nəfərdən ibarətdir. Onlardan 8 nəfəri QHT qrupları tərəfindən namizədliyi irəli sürülən QHT təmsilçiləri, 3 nəfəri isə hökumət nümayəndəsidir.
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə yardımlarının verilməsində şəffaflığın təmin olunması və heç bir siyasi ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatların hesabatlarında məlumatlar əksini tapır. 2010-cu ildən başlayaraq ABŞ Dövlət Departamenti “Ölkələrdə insan hüquqlarının vəziyyətinə dair” illik hesabatlarında Şura tərəfindən maliyyə yardımının ayrılmasında ayrı-seçkiliyin olmaması və hökuməti tənqid edən QHT-lərin də layihələrinin dəstəkləndiyi qeyd edilir .
2013-cü il ərzində qrant alınması haqqında 1817 müqavilənin (qərarın) qeydiyyata alınması ilə bağlı 220 təşkilat tərəfindən Ədliyyə Nazirliyinə 737 müraciət daxil olmuşdur. Həmin müqavilələr (qərarlar) üzrə 173 donor təşkilatından 67.217.026 manat məbləğində qrant alınmışdır.
Ümumi məbləğin 35%-i və ya 23.550.942 manat xarici donorlar tərəfindən verilmiş qrantlardır (təhsil, maarifləndirmə, gənclər, sosial problemlər, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları və digər layihələr üzrə verilmişdir).
Qrant məbləğinin 65%-i 29 yerli donor tərəfindən verilmişdir (onlardan 12-si dövlət təşkilatıdır) . Beləliklə 2013-cü ildə ölkə donorları tərəfindən (əsasən dövlət) QHT-lərə ayrılan vəsaitin miqdarı 43 666 000 manatdan artıq olmuşdur.
Ölkədə və beynəlxalq aləmdə tanınan, hökumətin siyasətini sərt tənqid edən insan hüquqlarını müdafiə edən təşkilatlar Şuradan aldığı qrantlarla İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycana qarşı şikayətlərin, BMT-nin müqavilə orqanlarına hökumətin dövrü hesabatına alternativ hesabatların və insan hüquqlarının vəziyyətinə dair təhlillərin hazırlanması ilə bağlı layihələr həyata keçirirlər.
Şuranın səfər proqramı çərçivəsində insan hüquqlarını müdafiə edən şəxslərə müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən ATƏT İnsan meyarı (Human Dimension) toplantılarına, Avropa Şurasının, BMT-nin, Beynəxlaq Antikorrupsiya şəbəkələrinin toplantılarında iştirak üçün səfər qrantları verilmişdir.
QHT-lər haqqında qanuna edilmiş sonuncu düzəlişlər 2013-cü ilin dekabr ayında qəbul edilib və 2014-cü ilin fevral ayında qüvvəyə minib. Bu düzəlişlər QHT-lərin fəaliyyətində şəffaflığı artırmaq məqsədi daşıyır, bütün səviyyələrdə və Azərbaycan cəmiyyətinin bütün sahələrində korrupsiya ilə mübarizəyə yönəlmiş hərtərəfli tədbirlərin bir hissəsidir. Bu tədbirlər həm dövlət, həm də özəl sektoru əhatə edir.
Vətəndaş cəmiyyətinin fəaliyyətini möhkəmləndirmək məqsədi daşıyan və korrupsiya ilə mübarizədə öz rolu olan QHT-lər özləri şəffaflığın nümunəsi olmalıdır. Təəssüf ki, bəzi QHT-lər tez-tez qanunun tələblərini pozur və şəffaflıq və məsuliyyət məsələlərinə əməl etmirlər. Bu QHT-ləri təsis edən şəxslər çox zaman şəxsi mənafelərindən çıxış edirlər və vətəndaş cəmiyyətinin roluna müvafiq olmayan digər məqsədlər güdürlər. Həmin şəxslər eyni zamanda hesab edirlər ki, statusları onları qanuna riayət etməkdən azad edir.
Azərbaycanda QHT-lər haqqında qanunda bir sıra boşluqlar vardı və bu boşluqlar bir çox qeyri-hökumət təşkilatlarının məsuliyyətsiz qanuna zidd fəaliyyətinə şərait yaradırdı. Yeri gəlmişkən, Azərbaycanda qeyri-hökumət təşkilatlarının sayı 4 mini ötür. Bu səbəbdən bir çox QHT-lər, o cümlədən xarici QHT-lərin Azərbaycandakı nümayəndəlikləri hətta qanunun onlara aid minimal tələblərinə də riayət etmir.

Nəticə

Yuxarıda qeyd edilənlər kontekstində bir sıra beynəlxalq hökumətlər arası təşkilatlar və beynəlxalq QHT-lər tərəfindən barələrində istintaq tədbirləri davam edən şəxslərin dərhal və qeyri-şərtsiz azad edilməsi tələbləri təəssüf doğurur. Belə tələb irəli sürməklə barələrində istintaq tədbirləri davam edən şəxslərin ədalətli məhəkəmə baxışı hüququnun pozulmasına və istintaqın gedişinə birbaşa müdaxiləyə çağırış edilir və bununla da insan hüquqlarının müdafiəsinə dair beynəlxalq konvensiyaların və digər sənədlərin müvafiq müddəalarına qarşı çıxılır.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycanda 3 pilləli məhkəmə sistemi qurulmuşdur və məhkəmə qərarlarından narazı qalan şəxslərin daha yuxarı instansiyalara müraciət etmək hüququ vardır. Yerli məhkəmələrin qərarlarından şikayətlərə baxılması üçün Azərbaycan vətəndaşlarının müəyyən prosedur qaydalarına əməl etməklə Avropa İnsan Hüquqları Məhkəməsində iddia qaldırmaq hüququ vardır və onlar heç bir məhdudiyyət olmadan bu hüquqlarından istifadə edirlər.
Digər tərəfdən, siyasi məhbus məsələsi hüquqi məsələdir, bu məsələnin həlli siyasi müstəvidə deyil, hüquqi müstəvidə həll edilməlidir və məsələ ilə bağlı qərarın qəbul edilməsi məhkəmələrin, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsin səlahiyyətinə aiddir. Odur ki, hüquq-məhkəmə qaydalarına uyğun olaraq, siyasi məhbus olması ilə və ya saxta ittihamlarla həbs olunması iddia edilən hər bir məhbusla bağlı iddiaçı tərəf (beynəlxalq və yerli QHT-lər, beynəlxalq təşkilatlar və s.) məhkəmə iddiası qaldırmalı və kimin siyasi məhbus olub-olmamasını və ya saxta ittihamlarla həbs edilib-edilməməsini məhkəmə müəyyən etməlidir.
Dərin təəssüf doğuran məqamlardan biri də ondan ibarətdir ki, QHT-lərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik düzgün qiymətləndirilmir. Hətta bəzi QHT-lərin fəaliyyətində mövcud olan qeyri-şəffaflığa və məsuliyyətsizliklə müşaiyət olunan qanun pozulmalarına bəraət qazandırılır.
Bir qayda olaraq, belə hüquqa zidd çağırışlar edən Human Rights Watch, Amnesty International, Avropa Stabillik Təşkilatı, Beynəlxalq İnsan Hüquqları Tərəfdaşlığı kimi beynəlxalq QHT-lər eyni mərkəzdən idarə edilirlər və öz idarəedənlərinin iradəsini yerinə yetirirlər.
Qeyd etmək kifayətdir ki, Açıq Cəmiyyət təşkilatının təsisçisi Corc Soros bir neçə il əvvəl Human Rights Watch təşkilatına 100 mln ABŞ dolları məbləğində yardım edib. Bu həmin təşkilatın faktiki olaraq Corc Sorosdan asılı olduğunu sübuta yetirir.
Ümumiyyətlə, Corc Soros Human Rights Watch, Beynəlxalq İnsan Hüquqları Tərəfdaşlığı və özünün təsis etdiyi Açıq Cəmiyyət təşkilatları ilə bərabər bir çox təşkilatlara da maliyyə dəstəyi göstərir. Corc Soros bu təşkilatlar üzərində böyük təsirə malikdir.
Azərbaycanı daim tənqid edən təşkilatlardan biri, Ermənistanda humanitar layihələrdən başlayaraq daha sonra Ermənistanın işğal siyasətinin təbliğatçısına çevrilmiş “People in Need” təşkilatı öz səhifəsində son vaxtlar Azərbaycandan başqa demək olar heç bir ölkədə, o cümlədən keçmiş SSRİ respublikalarında insan hüquqlarının vəziyyətinə dair heç bir məlumat yerləşdirmir. Digər tərəfdən, humanitar fəaliyyətlə məşğul olan bu təşkilatın eyni vaxtda insan hüquqları ilə də məşğul olması beynəlxalq hüququn normalarına sığmır. Beynəlxalq humanitar hüququn (müharibə hüququnun, Cenevrə hüququnun və s.) İnsan Hüquqlarından ciddi fərqləri vardır. “People in Need” təşkilatının internet resursundan götürülən, onun Ermənistanın dostu olmasının və bu səbəbdən Azərbaycana qarşı qərəzini sübut edən bir sitatı nəzərinizə çatdırırıq: “ Gündəlik “Lidove noviny” qəzetindən olan bir qrup jurnalist Jaromír Štětina –nın təşəbbüsü ilə “Epicentrum” adlı humanitar komanda yaratmaq qərarı verir. Onlar Dağlıq Qarabağda böhranı azaltmaq üçün xeyriyyə yardımları təşkil edirlər. Yardım Qarabağın xəstəxanalarına ötürülür, müharibə şahidlərinin xatirələri isə bir qrup könüllü tərəfindən yad edilir”. Birbaşa erməni təcavüzünə xidmət edən bu təşkilatın insan haqları haqqında danışması təəcüblü deyilmi?
Təsadüfi deyil ki, “siyasi məhbus” spekulyasiyası ilə məşğul olan bəzi yerli qeyri-hökümət təşkilatları da əsasən xarici donorlardan maliyyələşir. Azərbaycan neft hasil edən ölkədir və onunla Avropada bu sahədə rəqabət aparan ölkələr vardır ki, bu maliyyələr də elə məhz həmin ölkələrdən ötürülür. Danılmaz faktdır ki, “siyasi məhbus” amili Avropa Şurasına üzv olan 47 ölkədən yalnız Azərbaycana tətbiq edilir. Bu qondarma problem Azərbaycana bir siyasi təzyiq alətidir. 2012-ci ildə qapanmış qondarma “siyasi məhbus” məsələsinin yenidən 2014-cü ildə qaldırılması bir daha sübüt edir ki, bu məsələ əvvəlcədən məqsədli şəkildə hazırlanmış təzyiq proqramıdır. Elə təqdim olunan memorandumun adı da Azərbaycana qərəzin bariz nümunəsidir: “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət ilə bağlı nə edilməlidir?” Məgər 1 il öncə Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Ermənistanın işğalçı dövlət kimi göstərildiyi hər hansı bir məruzə hazırlanmışdımı!?
Avropa Stabillik Təşkilatı 14 noyabr 2014-cü ildə yaydığı hesabatda təhlükəli çağırış edir: “ Hərəkət etmək vaxtıdır. Həmişəki tədbirlər artıq çıxış yolu deyil”. Görəsən belə bir çağırış etməklə və həmişəki tədbirlərin vaxtının keçdiyini, onların çıxış yolu olmağını vurğulayan bu təşkilat hansı hərəkətlərin vaxtı olduğunu nəzərdə tutur? Bu təşkilat bu çağırışla Azərbaycanda ixtişaşlara çağırır, Azərbaycanda Ukraynada olduğu kimi yeni maydan yaratmaq istəyir. Lakin Azərbaycan xalqı bunu çox gözəl anlayır və buna yol verməyəcəkdir.
People in need, Front Line, Norveç İnsan Hüquqları Evi, Norveç Helsinki Fondu və s. Beynəlxalq Təşkilatlar siyasi mühacirətlə bağlı geniş biznes qurmuşlar. Onlar saxta siyasi mühacirlərin yerləşdirilməsi, saxlanılması və digər təminatları üçün iri həcmli qrantlar alırlar. Əslində Siyasi mühacirətin təşkili üzrə Avropada və Azərbaycanda müştərək işləyən təsisatlar da vardır. Onlar ödəniş müqabilində belə mühacirət üçün xidmətlər təşkil edirlər. Heç vaxt siyasi proseslərdə olmayan şəxslər mühacirətə getmək üçün bəzi sənədlər toplamalıdırlar.
Avropaya, xüsusən də Qərbi Avropaya köçərək orada yaşamaq istəyənlərin əksəriyyəti süni surətdə təqib olunmaları ilə bağlı sənədlər və faktlar toplayırlar. Siyasi sığınacaq almaq üçün sənədlərin və faktların toplanması külli miqdarda vəsait tələb edir (30 000-40 000 avro arası). Belə vəsaitə malik olmayanlar (xüsusən gənclər) müxtəlif siyasi hərəkatlara qoşularaq sonradan qəsdən cinayət əməli və ya çoxsaylı inzibati xətalar törədirlər. Cəza aldıqdan sonra müxtəlif prosedurlardan istifadə edərək (o cümlədən əfv üçün müraciət) 6-8 ay ərzində azadlığa çıxırlar.
Təsadüfi deyildir ki, Avropada siyasi mühacir kimi sığınacaq alanların əksəriyyəti məzuniyyətlərini Azərbaycanda keçirirlər. Onlar ölkəyə asanlıqla gəlib gedə bilirlər. Məsələn, Musavat partiyasının üzvü kimi Hollandiyada siyasi sığınacaq almış Eldəniz Yusifov qardaşının dəfn mərasimində iştirak üçün ölkəyə gəlmiş və xeyli müddət burda olduqdan sonra yenidən mühacir həyatı keçirmək üçün Hollandiyaya geri dönmüşdür. “Yeni Musavat” qəzetinin əməkdaşı (indi də əməkdaş olaraq qalır) Elibəy Həsənli İsveçrədə siyasi sığınacaq almışdır. Lakin o, vaxtaşırı Azərbaycana gəlir, hətta rəsmi şəxslərlə görüşlər də keçirir.
Son dövrlərdə bəzi QHT rəhbərləri Avropada sığınacaq almaq üçün yuxarıda adları çəkilən təşkilatların xidmətlərindən yararlanırlar. Məsələn, bank hesabları müvəqqəti dondurulan QHT-lərin rəhbərlərinin əksəriyyət hissəsi ölkədədir və onları heç bir təqib gözləmir. Lakin bu fürsətdən yararlanan bir neçə QHT rəhbəri Praqada və digər Avropa şəhərlərində yerləşdirilmişlər.
Qeyd edilməlidir ki, beynəlxalq təşkilatlar barələrində istintaq tədbirləri davam edən şəxslərin dərhal və qeyri-şərtsiz azad edilməsi tələbləri irəli sürülmüş, Azərbaycana qarşı qərəzlilik və açıq-aşkar düşmənçilik nümayiş etdirilmiş, insan hüquqları sahəsində mövcud reallıqlar məqsədyönlü şəkildə təhrif edilmiş, bununla da əvvəlcədən proqramlaşdırılmış məqsədlərə uyğun olaraq Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa növbəti dəfə cəhd göstərilmişdir.
Beynəlxalq təşkilatlar bu və ya digər məsələlərdə qərəzlilik, məqsədyönlü şəkildə hadisələrin təhrif edilməsi, bu və ya digər xalqlara qarşı, o cümlədən insanların gələcəyini şübhə altına ala biləcək qərarların qəbul edilməsi, xalqlar arasında müxtəlif səpkilərdə ayrıseçkilik toxumlarının səpilməsi norma halına çevrilməkdədir. Roma Papası Fransisk məhz bu məqamlara diqqəti çəkərək 25 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı demişdir: “Avropa Ittifaqının genişləndiyi son illərdə insanlar arasında uzaq və fərdi xalqlara qarşı laqeyd bəzən isə onların ziyanına qanunların qəbulu ilə məşğul olan qurumlara qarşı inamsızlıq yaranmağa başlamışdır. Bir çox sahələrdə Avropa, artıq bərəkətini və gücünü itirmiş, yorğun və yaşlı “nənə” təəssüratı yaradır. Nəticədə isə bir zamanlar Avropanı ilhamlandıran böyük fikirlər artıq cazibəsini itirir və yerini qurumlardakı bürokratik məsələlərə verir” .
Zənnimcə əlavə şərhə ehtiyac yoxdur.
Qeyd etməliyik ki, insan hüquqlarının pozulması və siyasi məhbusların olması bəhanəsi ilə Azərbaycana qarşı siyasi təzyiqlərin arxasında yeganə bir məqsəd dayanır. Bu, Azərbaycanın belə məsələlərlə məşğul etmək, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktının yaddan çıxarılmasına nail olmaq və Ermənistanı işğalçılıq fəaliyyətinə görə mümkün sanksiyalardan sığortalamaqdan ibarətdir. Bunu ərazi bütövlüyü pozulmuş Ukraynaya beynəlxalq səviyyədə çoxtərəfli dəstək nümayiş etdirildiyi halda əraziləri 23 ildən artıq müddət ərzində işğal altında olan Azərbaycana heç bir dəstəyin göstərilməməsi bir daha sübuta yetirir.

 

 

Elxan Süleymanov,
AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri

 

 

08.01.2015 11:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*