Azərbaycanca

Millət vəkilinin kitabı holland yazıçısına təqdim edilib

23.12.2014 | 12:33

10841512_856389434406085_772761584_nHollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması” layihəsi çərçivəsində Hollandiya Protestant kilsəsinin üzvü, missioner, yazıçı Japke de Krakerlə görüşüb.


Hollandiya Azərbaycan Evinin qonağı olan xanım Japke de Kraker təşkilatın yaradılması səbəbləri və fəaliyyəti ilə maraqlanıb. E.Mirhəşimli qonağa Azərbaycan, Qarabag münaqişəsi, 20 % torpaqlarımızın hələ də işğal altında olması, 1 milyon azərbaycanlı qaçqının öz evlərinə qayıda bilməməsindən danışıb.

 

 

Xanım Japke Azərbaycan haqqında onda az məlumatlu olduğunu, erməni qaçqınların Azərbaycandan qovulması haqqında məlumatının olduğunu bildirib. “Mən də bu məlumatın yalnış olduğunu bildirdim və qeyd etdim ki, bizim də təşkilatımızın Hollandiyada yaradılmasının səbəbi Azərbaycan, eləcə də Qarabağ haqqında ictimaiyyəti geniş məlumatlandırmaqdır. Çünki ermənilər bizim haqqımızda burada həqiqətə uyğun olmayan fikirlər formalaşdırırlar” deyə Elxan Mirhəşimli qeyd edib.

 

 

Nəzərə çatdıraq ki, xanım Japke de Kraker əsasən müharibə bölgələrində baş vermiş faciələrdə qaçqın düşmüş insanlar haqqında kitablar yazıb çap etdirir. Həmin kitablardan əldə etdiyi maliyyə ilə bu insanlara yardım edir.

 
E.Mirhəşimli xanım Japkedən Azərbaycan haqqında da kitab yazmasını xahiş edib: “Mən soruşdum ki, Azərbaycan haqqında nə üçün kitab yazmırsınız? Bəs, bizdə də qaçqınlar, müharibədən əziyyət çəkən insanlar var. Xanım yazar Azərbaycan haqqında məlumatının yalnız bir tərəfli olaraq ermənilərdən aldığını bildirdi. Xanım Japke de Kraker Azərbaycan haqqında kitab yazmaq üçün ona yardımçı olmağımı xahiş etdi. Beləliklə, mən Azərbaycan haqqında məlumatları ona göndərəcəm. O, bu məlumatlar əsasında kitab yazıb holland ictimayyətinə çatdıracağını dedi və ümumiyyətlə, bizimlə sıx əməkdaşlıq edəcəyinə söz verdi”.

 

 

Sonda xanım Japke öz kitablarından Hollandiya Azərbaycan Evinə hədiyyə edib. E.Mirhəşimli də millət vəkili Elxan Süleymanovun bir neçə dildə nəşr olunan “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” kitabının ingilis dilində olan variantını qonağa hədiyyə edib.

 

 

Xatırladaq ki, “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması” layihəsi Hollandiya Azərbaycan Evi və Diaspor Jurnalistləri Birliyi tərəfindən birgə həyata keçirilir.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

23.12.2014 12:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*