Azərbaycanca

Milli Ordumuzun şanlı tarixi və bu günü

27.06.2013 | 15:37

1372333114_anar-skil-2Milli Ordumuzun şanlı tarixi və bu günü

            Milli ordumuz deyəndə hər bir azərbaycanlının  yadına müstəqilliyimizin bərpasının ilk illərində yaradılan və əsası könüllülərdən ibarət olan, özünümüdafiə dəstələri və qoşun birlikləri düşür ki, onlar da həmin vaxtlar istər maddi-texniki, istərsə də vahid geyim, silah-sursat və bir sıra hərbi təchizatlar  baxımından düşməndən dəfələrlə geridə qalan, öz çətin günlərini yaşayan əskər və zabitlərimizdən ibarət idi. O dövrün kadrlarına baxanda da aydın görünür ki, müqəddəs kitabın altından keçərək addımlayan və əskər marşını əzbərdən oxuyaraq yürüyən ilk milli ordu bölükləri yalnız mənəvi cəhətdən silahlanırdı. Onların mənəvi silahlanmaqdan başqa doğrusu başqa çarələri də yox idi. Çünki ayaqlarındakı köhnə, yırtıq çəkmələrə baxanda belə onların necə çətin bir durumda olduqları seçilirdi.

         Qısa tarixi ekskurs

 

         Türk xalqlarının antik dövrdən bu günə qədər gəlib çatmasında ordunun, hərbi qüvvələrin danılmaz rolu olmuşdur. Harda olursa-olsun türk ilk növbədə öz hərbi qüvvəsini təşkil etmiş və özünü düşmənlərdən qorumuşdur.  Ulu Atilladan, Metedən, Alp Arslandan, Çingiz xandan, Əmir Teymurdan, Fateh Sultan Mehmetdən və türk toplumlarının digər hökmdarlarından müasir günümüzə böyük və qələbələrlə zəngin hərbi tarix miras qalmışdır. Azərbaycan türkləri də bu böyük tarixi prosesdə uğurla iştirak etmiş, Türk dünyasına böyük sərkərdələr bəxş etmişdir. Elə təkcə Atabəy Şəmsəddin Eldəniz (Eldənizlər), Şah İsmayıl Xətai (Səfəvilər), Ağqoyunlu Uzun Həsən( Ağqoyunlular) və Nadir şahın (Əfşarlar) adlarını çəkməklə Azərbaycan hərb tarixinin böyüklüyünü qeyd etmək olar.  Eldənizlər, Ağqoyunlular, Səfəvilər, Əfşarlar dövlətinin ordusu təqribən 50-150 min civarında olmuş, əsas zərbə qüvvəsi süvarilərdən ibarət olan, köçəri-hərbi elat sisteminə malik olmuşlar. Bu baxımdan adı çəkilən hökmdarların dönəminə ,onların döyüş yollarına nəzər salsaq görərik ki, düşmənlərə qarşı döyüşlərdə qələbə qazanmaq onlara bir o qədər çətin olmamışdır. Güclü təşkilatçılıq, mərkəzləşmiş idarə etmə, daxili qüvvələrin vahid komandanlığa tabe edilməsi, atlı döyüşçülərin say çoxluğu, yüksək hərbi manevr etmə məharəti və güclü nizam-intizam qabiliyyəti bu sərkərdələrin əsas siyasəti olub.

         Azərbaycan xalqı çar Rusiyasının tabeçiliyinə keçəndən sonra tariximizin ən qaranlıq dövrlərindən biri başlamış, bütöv bir xalqın türk və müsəlman əsilli olması əsas gətirilərək hərbi işlərə cəlb edilməyib, ordu sıralarına çağırılmayıb. O zaman Rusiya-Türkiyə müharibəsi getdiyindən azərbaycanlıların Türk ordusuna güllə atmayacağı ehtimal edildiyi üçün hərbi işlərdən kənarlaşdırılıb. Lakin, xalqımız öz hərbi istedadını onun üçün yaradılan bu süni maneə dövründə də sınamış və çar Rusiyasına ən tanınmış bir sıra generallarını bəxş etmişdir. O dövrdə bəzi imkanlı bəy-xan əsilli ailələrimiz yalnız öz istəyi ilə övladlarını hərbi təhsil almağa yönəltmiş, onların Peterburqda, Moskvada oxumasına maddi dəstək olmuşlar. Əziyyət hədər getməmiş, azərbaycanlı hərbçilər öz sahələrində nümunəvi şəxsi şücaət və hərbi bacarıq imici yarada biliblər. Əliağa Şıxlınsi, Səməd bəy Mehmandarov, Hüseyn xan Naxçıvanski, Həbib bəy Səlimov, Xosrov paşa Sultanov, İbrahim ağa Vəkilov, İsmayıl bəy Qutqaşınlı və s. generallarımız çar ordusunda böyük ad-san qazanıblar.

         Milli Ordumuzun şanlı tarixi və bu günüCümhuriyyət dövrü milli ordumuz

 

         1918-ci ilin mayın 28-də Azərbaycan çar Rusiyasının müstəmləkəçiliyinə son qoyaraq öz müstəqilliyini elan etdi. Bu həm də Şərqdə ilk demokratik respublikanın qurulması əlamətdarlığı ilə tarixə düşdü. Şübhəsiz ki, çətin sınaqlar şəraitində düşmənlərin əhatəsində qurulan bu gənc dövlətə öz suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq üçün ordu lazım idi. Ordunun yaranması isə nə qədər vacib əhəmiyyətli bir plan olsa da eyni zamanda çətin bir proses idi. Çünki, qeyd etdiyimiz kimi, vaxtılə çar Rusiyasının azərbaycanlıların hərbi işlərə qoşulmasını əngəlləyən siyasət aparması və xalqımızı əskərlikdən məhrum etməsi faktiki olaraq milli müqavimət instinktimizi sarsıtmış, sadə xalqı elementar hərbi nizam-intizam qaydalarını mənimsəməkdən və silahla davranış üsullarından məhrum edib. Xalq yalnız az bir qism bəylərin və qoçu –qaçaq dəstələrinin ümidinə qalmışdı. Milli ordu quruculuğu kimi çətin və tələbkar prosesdə əsas məsuliyyət rus ordusunda xidmət etmiş generallarımızın və digər hərbiçilərimizin üzərinə düşüb.

         1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətdən irəli gələrək cümhuriyyətin ilk hökumət kabinəsində yer alan Azərbaycan müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. AXC-nin ordu quruculuğu haqqında tədbirlər planına uyğun olaraq 1919-cu il noyabrın 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotlu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batalyonu təşkil edilməli idi. Burada əsas qüvvə çar Rusiyası dönəmində Qafqaz atlı diviziyasının tərkibinə daxil olan azərbaycanlı atlı polku sayılırdı.

         Həmin vaxt ölkəmizin böyük bir hissəsi erməni daşnak və bolşevik qüvvələrin əlində cəmlənib. Daşnaklar isə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirməklə “böyük Ermənistan” xülyasını həyata keçirməyə can atırdılar. Gərgin vəziyyət AXC hökumətini ciddi tədbirlər görmək məcburiyyəti qarşısında qoydu. Gəncəyə qarşı hücuma keçən və çoxu daşnak-bolşeviklərdən ibarət olan Şaumyanın hərbi qüvvələri ölkəni qarış-qarış talan edir və kütləvi qırğınlara məruz qoyurdu. Bu qırğınlar nəticəsində təkcə Şamaxı və Quba qəzasında 15 minə yaxın soydaşımız qətlə yetirilib. Ölkənin qərbində xüsusilə Şərur-Dərələyəz, Zəngəzur qəzalarında isə Andronik, Dro kimi qəddar erməni başçılarının nizami qoşunları irəliləyir, bölgənin yerli əhalisinə qarşı amansız qırğınlar törədirdilər. Gərgin vəziyyəti nəzərə alan milli hökumət Azərbaycanda hərbi vəziyyət elan etdi. Həmin çətin vaxtda ölkəmizin imdadına yetişən Nuru paşa və onun komandanlığında olan Qafqaz İslam Ordusu tezliklə müvəqqəti paytaxt elan edilmiş Gəncəyə yaxınlaşdı. İlk olaraq beşinci Qafqaz diviziyasına daxil olan doqquzuncu və ikinci süvari alay Azərbaycan gəldi. Alaylar iyunun 15-də Gəncəyə çatdı. Beləliklə beş minlik əlahiddə Azərbaycan hərbi korpusu, beşinci, doqquzuncu və on beşinci çanakqala alaylarının bazasında yaranan Qafqaz İslam Ordusu qəti əks-hücuma keçməyə qərar verdi.

         Görülən tədbirlərin nəticəsində iyun ayının 27-30-da başlanan döyüşlərdə bolşevik-daşnak qüvvələri darmadağın edildi və Qafqaz islam Ordusu Bakıya tərəf hərəkətə başladı. Göyçay, Ağsu- Şamaxı, Salyan istiqamətində irəliləyən xilaskar odru əskərləri Şaumyanın qüvvələrini pərən-pərən saldı. Sentyabr ayının 15-də uzun  və ağır döyüşlərdən sonra türk qoşunları və onların tərkibində döyüşən Azərbaycan bölükləri Bakı şəhərini azad etdi. Bakı daşnak, bolşevik, ingilis qüvvələrindən təmizləndi. AXC hökuməti Bakıda hakimiyyətini qazansa da ölkənin ərazi bütövlüyü hələ də təhlükədə idi. Xüsusilə Zəngəzur, Qarabağ bölgələrində erməni-daşnak qüvvələrinin hücumlarının ardı-arası kəsilmirdi. Belə olan təqdirdə  Nuru paşa öz tərkibində Azərbaycan hərbi hissələrinin də olduğu Qafqaz İslam Ordusunu Qarabağa yeridir. Tez bir zamanda Şuşa azad olunur. Lakin Türk qoşunları burada çox qala bilmir. Osmanlı dövlətinin Birinci Dünya müharibəsinə məğlub olması və Mudros müqaviləsinin imzalanması nəticəsində türk orduları buranı tərk edir. Nəticədə cümhuriyyət hökuməti çox ağır vəziyyətə düşür. Bu baxımdan hökumətin qarşısında duran başlıca məsələ təcili milli ordu quruculuğu prosesini sürətləndirmək idi. Bu minvalla çar ordusunun generalı olmuş və rus-yapon müharibəsində “artilleriya allahı” ləqəbini almış Əliağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədilə hərbi təklif və planlarla çıxış etdi. Plana görə 1919-cu ildə 25 minlik, 1920-ci ildə 40 minlik mütəşşəkil, müasir silahlarla təchiz edilmiş milli ordu formalaşdırmalı və ən strateji bölgələrə yerləşdirilməli idi. İlk olaraq hərbi nazirlik yaradılır və hərbi nazir vəzifəsinə Xosrov bəy Sultanov təyin olunur. Daha sonra əslən Zəngəzur mahalından olan Xosrov bəy orada və Qarabağda erməni hücumlarını dəf etmək üçün Qarabağın general qubernatoru təyin olundu. Sonradan Xosrov bəy və qardaşı Sultan bəyin erməni quldurlarına qarşı amansız mübarizəsi isə tariximizin şərəfli səhifələrindən birinə çevrildi. Xosrov bəydən sonra müdafiə naziri vəzifəsinə məşhur generalımız Səməd bəy Mehmandarov gətirildi. Əliağa Şıxlinski isə onun müavini təyin edildi. General-leytenant Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu.

         Hərbi nazir Səməd bəy Mehmandaro diqqəti bolşeviklərin təbliğatı nəticəsində orduda yaranmış ruh düşkünlüyünü aradan qaldırmağa, ərzaq çatışmamazlığını və səfərbərlik problemlərini həll etməyə yönəltdi.

1919-cu ildə kovalyer, topçuluq və snayper məktəbləri yaradıldı. Bu tədris müəsisələrində dərs demək üçün mütəxxəsislər dəvət edildi. Sonra piyada və atlı polklar, artilleriya briqadası yaradıldı. Respublikaının müxtəlif bölgələrini qorumaq məqsədilə milli alaylar təsis edildi. Azərbaycan parlamentini mühafizə etmək məqsədi ilə xüsusi bölmə, respublikanın ərazisində asayışı qorumaq üçün mobil dəstələr yaradıldı. Ordunun tərkibinə iki artilleriya briqadası, bir yüngül artilleriya diviziyası, üç bronlu poezd, beş aeroplan, bir neçə hidroaeroplan, altı ağır və yüngül bronlu avtomonil daxil idi. İngilislər getdikdən sonra hərbi nazirlik hərbi liman yaratmaqla Xəzər dəniz donanmasını yenidən qurmağa başladı.

             Azərbaycan Demokratik Respublikasının ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən biri idi. Hər bir zabit və əsgər özünün tarixini, keçmişini, soyunu bilməli, onlara qırılmaz köklərlə bağlı olmalıdır. Əsgər və zabit hər şeydən əvəl vətəndaş, vətənpərvər olmalı, vətənini, dilini, millətini sevməlidir, onların qeyrətini çəkməlidir. Bu milli xüsusiyyətləri nəzərə alan Səməd bəy Mehmandarov əsgər və zabitlərin, xalqımızın tarixini, qəhrəmanlıq ən’ənələrini əks etdirən kitablarla tə’min edilməsinə xüsusi fikir verir, bu kitabları oxumaq üçün onlara şərait yaradırdı. Səməd bəy Mehmandarov yazırdı: “Ziyalılarımızın ən mühüm vəzifələrindən biri xalqı və əsgərləri öz tarixi ilə tanış etməkdir. Bu, şübhəsiz ki, xalqın milli hisslərini və türk irqinə məxsusluğu ilə iftixarını artıracaqdır”. Bu ideya da dövlətin daxili siyasətini əhatə etdiyi bir mətləbin təzahürü idi: “Xalqla ordu yekdildir”. Ardıcıl görülən tədbirlər şəxsi hey’ətin mə’nəvi-psixoloji hazırlığını yüksəldir, vətənpərvərlik tərbiyəsini möhkəmləndirir, döyüş qabiliyyətini və mübarizilik əzmini gücləndirirdi. 1919-cu il avqustun 12-dən sentyabr ayının 3-dək ordumuz Lənkəran əməliyyatında iştirak edərək, ölkənin cənub bölgəsində respublikanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı döyüş tapşırığını uğurla yerinə yetirdilər.

         Bundan əlavə milli ordu hissələri 1919 il noyabrın 3-dən 7-nə kimi əsasən, 1-ci piyada diviziyasının  hissələrindən təşkil edilmiş Zəngəzur ekspedisiyasının tərkibində erməni-daşnak qüvvələrinə qarşı döyüş tapşırığını uğurla yerinə yetirdilər.

         Səməd bəy separatistlərə, ölkəni parçalamağa səy göstərənlərə xatıladırdı ki, Azərbaycanın güclü, nizamlı ordusu vardır, bu ordu cinayətkarlara dövlət əleyhinə fəaliyyət göstərənlərə heç bir vəchlə imkan verməyəcəkdir. Lakin real vəziyyətdən xəbərdar olan bəzi düşmən qüvvələr Azərbaycan Demokratik Respublikasının gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə səy göstərirdilər. Bu səbəbdən erməni daşnaqları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədilə 1920 -ci ilin mart ayının 22-də Əsgəran keçidini bağladılar Qarabağın dağlıq hissəsini blokadaya aldılar. Bu təhlükəli vəziyyəti aradan götürmək və daşnaklara dərs vermək üçün Azərbaycan Demokratik Respublikası hökuməti operativ və çox ciddi tədbirlər gördü. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə general Həbib bəy Səlimovun komandanlığı altında Əskəran ətrafına güclü hərbi qüvvə göndərildi və başlanan döyüşdə düşmən darmadağın edildi, erməni hərbi dəstələrinin başçısı Dəli Qazar öldürüldü, erməni yaraqlılarının qərargahı Keşişkənd dağıdıldı, daşnak qiyamı yatırdıldı, milli ordu özünün döyüş qabiliyyətini nümayiş etdirdi.

         Lakin, Azərbaycan sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyümüzü təmin etmək üçün istər Qarabağda, Zəngəzurda erməni-daşnaklarına qarşı aparılan mübarizə, istərsə də Lənkəranda, Bakıda, Goran mahalında bolşevik qüvvələrinə qarşı aparılan uğurlu əməliyyatlara baxmayaraq 1920-ci ilin mənfur sovet işğalı milli ordu quruculuğumuzun tam başa çatdırılmasına imkan vermədi. Və cumhuriyyətin milli ordusu ləğv edildi. 21 generalımızdan 15-i isə boşeviklər tərəfindən güllələndi.

         Müstəqilliyin bərpası dövrü

         71 illik sovet hakimiyyəti əsarətindən sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi.  Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş xalq cümhuriyyətimizin siyasi-hüquqi varisi elan edildi.

         Müstəqilliyimizin ilk illərində ordumuzda silah-sursat, hərbi avadanlıqlar, müdafiə qurğuları, hərbi geyim bir sözlə bütün hərbi ləvazimatlar sarıdan çatışmazlıqlar hökm sürürdü. Bu isə öz növbəsində Rusiya tərəfindən silahlandırılan Ermənistanın Azərbaycana qarşı təcavüzündə işğalçılıq planlarına təsirsiz ötüşmürdü.

 1992-ci il yanvar ayında Azərbaycan Ordusu özünün ilk hərbi əməliyyatını həyata keçirdi. Şuşa şəhəri yaxınlığındakı Daşaltı kəndini ələ keçirmək üçün başlanan əməliyyat uğursuzluqla nəticələndi və xeyli əskərimiz şəhid oldu. Sonra Azərbaycan Silahlı Qüvvələrinin Ağdərədə uğurlu hərbi əməliyyatları müasir hərbi tariximizə düşən şərəfli səhifələrdəndir. Belə ki, ermənilərin başdan-başa silahlanmış və ABŞ-dan, Livandan gəlmiş erməni terroristlərindən və muzdlu döyüşçülərdən ibarət “Arabo” batalyonuna qarşı milli ordumuz kəskin hücuma keçərək ağır döyüşlərə atıldı. Nəticədə erməni-quldur batalyonu darmadağın edilərək məhv edildi. Lakin milli ordumuz nə qədər fədakarlıq göstərsə də, qəhrəman şəhidlərimiz torpaq uğrunda fərdi şücaətlərini əsirgəməsələrdə, ümumi komandanlıqdan ciddi problemlərin olması və ermənilərdən hərbi hazırlıq və hərbi-texniki imkanlar cəhətdən geri qalmağımız, qeyri-bərabər döyüşlər 20 faiz torpağımızın işğal olunması ilə nəticələndi. 1994-cü ildə Bişkek protokolunun imzalanması nəticəsində Ermənistan-Azərbaycan arasında müvəqqəti atəşkəs əldə edildi. Azərbaycan hökuməti milli ordu quruculuğunun sürətləndirilməsinə başladı.

1998-ci il 22 may tarixində Prezident Heydər Əliyevin fərmanı ilə 26 iyun günü Silahlı Qüvvələr günü kimi rəsmiləşdi. Hazırda silahlı qüvvələrimiz Quru qoşunları, Hərbi Dəniz Donanması, Hava və Haca Hücumundan Müdafiə Qoşunlarından ibarətdir. Son illər həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində milli ordumuz öz maddi-texniki imkanlarını kifayət qədər artırmış və canlı ehtiyat qüvvələrini nizamlaya bilmişdir. İndi Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü hazırlıqlı ordu hesab edilir. 2003-cü ildə odumuzun  hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2010-cu ildə 2,7 milyard,2011-ci ildə 3,413 milyard, 2013-cü ilə isə 3,7 milyard ABŞ dolları təşkil etmişdir.

Azərbaycan Silalı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycan sülhməramlı qüvvələri 1999-2008-ci illərdə Kosovoda beynəlxalq hərbi əməliyyatlarda iştirak edib. Bundan başqa sülhməramlılarımızın Əfqanıstan və İraqda beynəlxalq əməliyyatlarda iştirak etmə təcrübəsi vardır.

Hazırda ordumuz güclü zirehli texnika qüvvələrinə– tanklar, BTR-lər,BMP-lər, BRM-1K, BRDM-2, MT-LB, APC Matador, Marauderlərə, aviatexniki imkanlara-MİQ-25,29, SU-24,25, JF-17,L-39 təyyarələrinə, Mi-35, Mİ-24, Mİ-8, Ka-32, T-129, helikopterlərinə,pilotsuz təyyarələrə, müasir raket sistemlərinə, hava hücumundan müdafiə sistemlərinə– s-300 zenit-raket komleksi, PMU-2 “Favorit” zenit-raket kompleksinə, Barak-8, S-75, zenit raket kompleksi, özüyeriyən “BUK-M1”, “Kruq” , Zu-23, Spyder, T-38, Arrov-2 zenit-raket komlekslərinə sahibdir. Ordumuzun operativ –taktiki raket komleksləri, reaktiv yaylım atəşi sistemləri, özüyeriyən artilleriya qurğuları, daşınan artilleriya qurğuları, tank əleyhinə raket kompleksləri, modern avtomobil texnikası və müxtəlif silah-sursat növləri mövcuddur.

26 iyun rəsmi dövlət səviyyəsində Silahlı Qüvvələr günü kimi qeyd olunur. Artıq bir neçə ildir ki, bu tarixdə paytaxtımızın “Azadlıq” meydanında milli ordumuzun yüksək səviyyədə təşkil olunmuş hərbi paradı keçirilir. Şübhəsiz ki, parad bir ölkənin hərbi simasıdır. Bu tədbirdə dünya o cümlədən düşmən ölkə bizim hərbi texnikamıza və ordumuzun hazıqlığına şahid olur. Hərbi parad istər cəmiyyətin ruh yüksəkliyinin formalaşdırılmasında, istərsə də dövlətin gücünü bir daha özünə xatırlatmasında əvəzsiz rol oynayır. Bu baxımdan ölkəmizdə yüksək səviyyəli hərbi paradların təşkilini yalnız alqışlamaq lazımdır. Belə hərbi tədbirlər bizi öz torpaqlarımıza bir pillə də yaxınlaşdırır. Bu günkü tarixdə təşkil olunan hərbi paradın möhtəşəmliyi bir daha sübut etdi ki, Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın ən güclüsüdür, o cümlədən Yaxın və Orta Şərqin ən qüdrətli ordularından biridir. Paradda nümayiş etdirilən hərbi–texniki imkanlar, canlı qüvvənin yüksək nizam-intizamı milli ordumuzun düşmən ölkənin ordusundan nə qədər yüksəkdə olduğunu bir daha isbatladı. İnanırıq ki, tezliklə bu üstünlük praktiki olaraq həyata  keçiriləcək və işğal olunmuş Qarabağ torpaqları öz sahibinə– Azərbaycana qaytarılacadır.

Anar TURAN “OĞUZ” Müstəqil

Araşdırmaçılar  Qrupunun

təsisçisi və idarə heyyətinin üzvü

“KarabakhİNFO.com”

        

27.06.2013 15:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*