Azərbaycanca

Milli Ordumuzun yaranması haqqında yeni faktlar ortaya çıxıb

25.06.2013 | 15:57

1372163292_ordumuz11İlk Milli Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqillik tarixidir. Bu tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması prosesi hələ Azərbaycan Xalq Cümhuriyyətinin qurulmamışdan əvvəlki dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi.Azərbaycanda ordu quruculuğu ilə bağlı görülən işlər, o zaman gənclər hərəkatının rəhbəri və Milli Ordumuzun ilk əsgərlərindən  olan  Əziz Alpoudun “Həyatımın hekayətləri” kitabında daha aydın təsvir edilib. O, kitabında yazır ki, 1917-ci ildə zənginlərimizə ağız açıblar və onların vasitəsilə silah təminatına başlanılıb: “Lakin, silahların əldə edilməsi çox çətindir. Çünki, Qafqaz cəbhəsindən darmadağın olub. geri qayıdan rus və erməni birlikləri, zəngin Bakı və Bakı ətrafında yerləşirdi. Silahların çoxunu da erməni milli təşkilatları öz dığaları vasitəsilə asanlıqla əldə edir, bizim əlimizə isə sınıq-salxaq və ya qarışıq silahlar keçirdi”. Onun bildirdiyinə görə, Bakıda, Çəmbərəkənd məscidinin həyətinə bizim rus ordusundan gələn  zabitlərimiz və nizami əsgərlərimiz yerləşdirilirmiş: “Bu zabitlər daha çox süvarilər-rusların “Dikaya Diviziya” (“Vəhşi süvari diviziyası”)  adlandırdıqları və Avstriya cəbhəsinə göndərilmiş qafqazlı və azərbaycanlı müsəlman türk birliklərindəndir. Bu ərəfədə əsgərlərimizin sayı yüz iyirmi nəfər oldu. Hamımız da süvari döyüş təlimi keçirdik. Mən onbaşı təyin olunmuşdum. Bizim yalnız on üç tüfəngimiz vardı, hərəsi də bir cür:  “Lebel”, “Berdan”, “Aynalı” adlanan, Türkiyədən gəlmə onatan tüfəng ( o mənimkiydi), rus “Beşaçılan”ı və.s.”.

Ə.Alpoud  bu vəziyyətdə partron təminatının da çox çətin və ağır vəziyyətdə olduğunu vurğulayaraq erməni və rus birliklərindən gizlədilmiş şəraitdə öz milli ordumuzu qurmağa çalışdıqlarını xatırladır: “Lakin fəaliyyətimizi öyrənən ermənilər rusları bizə qarşı qısqırtmağa başlamışdılar. Guya ki, bizə silah versələr, türklər ətrafdakı rusları qıracaqlar-deyə”.

Könüllülərdən ibarət yeni yaranmış ordunun əsgərləri arasında Hacı Zaynalabdin Tağıyevin oğlu da olub

Daha sonra rahat fəaliyyət göstərmək üçün əsgəri dəstəni Lənkərana köçürmək gərək olub: “Əsgəri dəstəni, daha doğrusu, “Erkən”i başqa yerə dəyişmək gərəkdi. Zabitlərlə bir iclas keçirdik və bu qərara gəldik ki, bizim hərbi dəstə Lənkərana köçsün. Bakıda isə Hərbi Məktəb yaradılsın və başında da albay (polkovnik) Tabasaranlı (Dağıstanlı) dursun. Elə də elədik. Tələbələr üçün birləşmiş Hərbi Məktəb fəaliyyətə başladı. Bizsə, Nağıyevlərin “Evelina” adlı çar gəmisi ilə gecələrin birində Lənkərana yola düşdük. Başçımız minbaşı İsgəndər İsgəndərbəyli, baş leytenat Əli Əsədullayev və polşalı baş leytenant Koşmaryevskiy , habelə, yüz iyirmi nəfərdən ibarət “ordumuz” səhərə yaxın Lənkərana çatdıq. Liman olmadığı üçün qayıqlarla sahilə çıxdıq. Sahildə dörd sıra , süvari qayda ilə sıraya düzüldük. İsgəndərbəyli başa keçdi. Bizsə, on üç tüfənglə kənarda dayandıq.O biri yoldaşlarımızın yalnız tapançası vardı. Bəzilərinin isə heç silahı da yox idi. İsgəndərbəyli qılıncını sıyırıb: “İrəli, marş!” əmri verən kimi, hamımız bir ağızdan : “ Mən bir Türkəm; dinim, nəslim uludur!” oxuyaraq, bu marşın sədaları altında addımlamağa başladıq.Toplanan seyrçilər bizi:”Yaşa,var ol!”-deyə, alqışladılar.
Az sonra, əvvəlcədən ələ keçirilmiş rus məktəbinə çatdıq.Yerləşdiyimiz məktəb Lənkəran çayının bəri tərəfindəydi; rus süvari birlikləri isə çayın o biri tərəfindəydi”.

Maraqlıdır ki, ilk milli ordumuzun əsgərləri arasında Hacı Zaynalabdin Tağıyevin oğlu da olub: “Şəhərdəki türklərdən aldığımız məlumata görə, rus qoşunları bir-birinə yaxın olan iki məntəqədə yerləşmişdi. Ayrıca, meşə səmtindəki rus kəndi də (onlar Türkləri qovub, özləri yerləşmişdilər) təhlükəli hesab olunurdu. Bu məlumatları əldə edəndən sonra, qərargah otağında toplantı keçirdik. Bu məxfi yığıncaqda, onbaşı olmağıma baxmayaraq, mən də iştirak edirdim; eynən də dostum ( o da tələbə idi) milyoner Hacı Zaynalabdin Tağıyevin oğlu Məhəmməd kimi… Bu oğlan çox millətçi və yaxşı ürəyi olan bir əsgərdi.O da mənim kimi könüllüydü. Bu toplantı qısa oldu. Mənə tapşırıq verildi: Borcum, bir əsgərlə birlikdə Lənkəran çayını keçərək, rus məntəqələrinin növbətçi durumunu öyrənməkdi”.

   Milli Ordumzun tankları da olub

Sonradan Türkiyədə mühacir həyatı yaşayan Ə.Alpoud ilk ordumuzun yaradılması sevincini belə  bölüşür: “Çox sevinirdik. Ulu Tanrı bizə Azərbaycanın ilk ordusunu qurmağa imkan vermişdi. Dərhal sıravi dəstələr yarandı. Kəndlərdən bir təbilçi süvari və zurnaçı tapdıq, ordumuzun orkestri də oldu …”. Onun sözlərinə görə, daha sonra Milli Ordumzun tankları da olub və ordumuz rusları Mil düzünə kimi sıxışdırılıblar. Kitabın tərcüməçisi, tədqiaqtçı-jurnalist Zakir Sadatlının fikrincə, Ə.Alpoudun Milli Ordumuzun yaranması haqqında bu bilgilər yenidir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.
Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi.
AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Onun rəhbərlərinin əksəriyyəti isə Nargin adasına aparılıb güllələnib.
1918-ci ildə yaranmış Azərbaycan ordusunun tarixi təcrübəsi bugünkü Silahlı Qüvvələrimiz üçün əsil örnəkdir. Bugünkü Azərbaycan ordusu Azərbaycan Xalq Cümhuriyyəti ordusunun varisidir.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir.Azərbaycanın dövlətçilik tarixində ordu qurulması, yaranması, dövləti, ölkəni qorumaq üçün qüdrətli olması həmişə diqqət mərkəzində dayanıb. Azərbaycan xalqı çoxəsrlik tarixində çox döyüşlərdən çıxmış, yadelli basqınlara cavab verərək, torpaqlarını qoruyaraq, qonşu xalqların, ölkələrin təcavüzünün qarşısını alaraq, yaxud da öz ərazisinin bərpasını təmin edərək çox döyüşlər edib, döyüşlərdən çıxıb. Azərbaycan xalqı tarix boyu görkəmli qəhrəmanlıq nümunələri göstərib. Azərbaycan xalqının igid oğulları öz qəhrəmanlıqları ilə dastana çevriliblər, nəsillərdən-nəsillərə, dillərdən-dillərə keçiblər. Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir.

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

 

25.06.2013 15:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*