Azərbaycanca

Mir Möhsün Nəvvab yaradıcılığı

13.10.2014 | 12:17

240px-Mir_Möhsün_Nəvvab_Qarabaği_Böyük sənətkar Mir Möhsün Nəvvabın həyat və yaradıcılığı Qarabağ xanlığının mərkəzi sayılan Şuşa şəhərində keçmişdir. Bildiyimiz kimi həmin dövrdə Şuşa şəhəri mədəniyyət və incəsənətimizin ən aparıcı mərkəzlərindən sayılırdı. Burada görkəmli şairlər, musiqişünaslar, rəssamlar, zərgərlər, bədii tikmə ilə məşğul olan ustalar və. s yaşayaraq yüksək səviyyəli sənət əsərləri yaratmışlar. Həmin sənət əsərlərinin böyük hissəsi hazırda dünya muzeylərində qorunub saxlanılmaqdadır. Şuşa şəhərində fəaliyyət göstərən yaradıcı insanların ən maraqlı xüsusiyyətlərindən biri ondan ibarət idi ki, onların böyük qismi təkcə bir sənəti yox, bir neçə sənəti mükəmməl bilirdilər. Bu fikrə ən bariz nümunə Mir Möhsün Nəvvabdır.

 

 

Tədqiqatlar göstərir ki, Nəvvab hərtərəfli biliyə və çoxşaxəli yaradıcılığa malik ziyalı insan idi. Xəttat və rəssam, şair və musiqişünas Nəvvab, ornamental divar rəsmləri də çəkmiş, gözəl xətlə yazdığı əlyazma nüsxə-lərinin və şəxsi mətbəəsində litoqrafiya üsulu ilə çap etdiyi kitabların illüstrasiyalarını vermiş, gül və quş təsvirləri, portretlər yaratmışdır. Sənətkar həmçinin, klassik Şərq musiqisi haqqında “Vüzuhül-ərqəm”, “Ədəbiyyata aid”, “Təzkireyi-Nəvvab” və s. elmi və ədəbi-bədii əsərlərin də müəllifidir. Mir Möhsün Nəvvabın rəssamlıq sənəti sahəsindəki də fəaliyyəti olduqca geniş olmuşdur. Böyük ustad , monumental divar boyakarlığı, kitab tərtibatı, portret janrı və hətta dekorativ-tətbiqi sənət sahəsində də məhsuldar şəkildə fəaliyyət göstərmişdir. Nəvvab, M.Q.İrəvanidən fərqli olaraq nəinki yaratdığı əsərlərində altda öz imzasını qoymuş, hətta tarix də yazmışdır. Hazırda rəssamın əsərləri əsas etibarilə Bakıda, Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. Bu sənət nümunələrinin içərisində qrafika janrı üstünlük təşkil edir.

 
Öncəliklə, Nəvvab sözün tam mənasında kitab tərtibatı sahəsində istedadlı sənətkar olmuşdur. O, əsərlərini özünəməxsus üslub ilə yazar, bədii tərtibatını verər, fərdi kiçik çapxanasında daşbasma üsulu ilə onları çap edər, cildləyib kitab şəklinə salardı. Əksər hallarda illüstrasiyalarını da çəkərdi. Nəvvabın müəllifi olduğu kitab illüstrasiyaları sırasında öncəliklə 1864-1865-ci illərdə yazdığı “Bəhrül həzən” (“Hüznlər dəryası”) adlı poetik əsərə çəkdiyi şəkilləri vurğulamaq məqsədəuyğun olar. Həmin əsər hazırda Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları İnstitutunda qorunmaqdadır. Beş ayrı-ayrı kompozisiyada verilmiş bu illüstrasiyalarda vaxtilə Kərbəlada baş vermiş müsibətlər, müharibə səhnələri, İmam Hüseyn mücahidlərinin şücaətləri və s. olduqca həssaslıqla təsvir olunmuşdur. Sənətşünaslıq nöqteyi-nəzərindən vurğulamq lazımdır ki, bu illüstrasiyalar öz üslub xüsusiyyətlərinə görə klassik miniatür boyakarlığından daha çox Şəki xan sarayının müharibə və ov səhnələrini təsvir edən frizlərini xatırladır. Dövrünün qüdrətli sənətkarı olan Nəvvabın bu əsərləri klassik miniatür sənətindən realist təsvir metoduna keçidi öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir.

 

 

Mir Möhsün Nəvvabın geniş mövzulara həsr edilən orijinal kompozisiyalı iki çoxfiqurlu əsəri də vardır. Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan bu əsərlər, üzərindəki tarixə görə, 1873-cü ildə Şuşada yaradılıb və “Şuşa şəhərində Aşura” adlanır. Burada müəllif məhərrəm ayında Aşura günündə Şuşada keçirilən dini ayinləri, şəbih, baş yarmaq, zəncir vurmaq və s. səhnələri maraqlı bir şəkildə canlandırmışdır.

 

 

Bəhs etdiyimiz əsərlərin kompozisiya quruluşlarında, orada verilən ayrı süjetlərdə fərqin olmasına baxmayaraq bu iki şəklə bir-birinin davamı kimi baxılır. Tutqun, boz tonlar vəhdətində işlənmiş bu əsərlərin hər birində yüzə yaxın insan və bir neçə at fiquru yerləşdirilmişdir. Onların müxtəlif şəkillərdə duruşu, hərəkəti və s. rəssamın dərin müşahidəçi olduğunu göstərir.

 

 

M.Nəvvab kitab illüstrasiyası və müxtəlif tipli qrafik rəsmlərlə yanaşı, öz yaradıcılığında portret janrına da müraciət etmişdir. Rəssamın 1902-ci ildə çəkdiyi “Teymurun portreti” adlı əsəri buna bariz misal ola bilər. Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan bu əsərdə XIV yüzillikdə yaşamış Orta Asiyanın görkəmli dövlət xadimi və sərkərdəsi Əmir Teymurun portreti verilmişdir. Vurğulamaq lazımdır ki, Azərbaycan incəsənətində bu şəxsiyyətin obrazıni tez –tez müşahidə edə bilərik. Ona hətta xalı və tikmə sənəti üzərində də təsadüf edilir. Nəvvabın açıq-qəhvəyi, çəhrayı rənglərlə və qara tuşla ağ kağız üzərində çəkdiyi bu portretdə başına daş-qaşlı tac qoyub əyninə qiymətli libas geymiş bir şəxs təsvir olunmuşdur. Fərdi xüsusiyyət və psixoloji səciyyəsi olmadığından bu portret konkret bir şəxsin yox, naməlum şahın surəti kimi qəbul olunur.

 

 

130px-Birds_NavvabMir Möhsün Nəvvabın şəxsi müşahidələri əsasında real həyatdan götürüb çəkdiyi əsərlər xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan rəssamın 1872-ci ildə çəkdiyi “Quşlar” adlı əsəri xüsusilə təqdirəlayiqdir. Kompozisiyada ağac şaxəsində oturmuş iki quş təsvir olunmuşdur. Ağacın kağız səthindən ayrılan həcmli təsviri, şaxənin üstündə oturan quşların, xüsusən böcəyi tutmaq üçün şığımaqda olan quşun təsviri realistik ifadəliyi ilə fərqlənir.

 

 

Ümumikdə qeyd etmək lazımdır ki, Mir Möhsün Nəvvabın yaradıcılığı sonrakı dövr realistik təsviri sənətin inkişafına böyük töhfə vermişdir. Rəssamın realistik Avropa üslubuyla şərq minatürlərini birləşdirmək cəhdləri incəsənət tariximizdə yenilik kimi qiymətləndirilir.

 

 

İstifadə olunan ədəbiyyat
1. A.Talıbzadə. Şərq-Teatrı Tarixi.Bakı,2008
2. Ə.R.Salamzadə, N.İ.Rzayev, K.C.Kərimov, R.S.Əfəndiyev, N.D.Həbibov. Azərbaycan İncəsənəti. Bakı, 1977
3. T.Əkbərov. Gözəllik, Sağlamlıq və Təbabət .Bakı,1992
4. S.S.Dünyamalıyeva. Ornament. Bakı,2014

 

 

Fəxri Məmmədli
“KarabakhİNFO.com”

 

 

13.10.2014 12:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*