Azərbaycanca

Mircəfər Bağırovun MK-ya cavab məktubu

03.07.2012 | 17:08

1341317900_images“Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutyunov yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat verirəm: 

Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur.

1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur.

1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə müsavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general – qubernatorluq təşkil edilmişdir.

Müsavatçılar və daşnaklar tərəfindən təşkil olunmuş millətlərarası qırğının nəticəsində Azərbaycanın və Ermənistanın bir çox şəhərləri kimi, Şuşa da dağıdılmış və xarabalığa çevrilmişdir.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat – siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi.

1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Ermənistan SSR-yə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-də bitişik olmamışdır və hazırda da bitişik deyildir.

Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat- siyasi və mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu inkişafın ən parlaq nümunələrdən biri – DQMV-nin hazırki mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir.

Azərbaycan SSR-nin bütün ali təhsil məktəbləri və texnikumları tələbələrinin 20,5%-ni, əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir.

Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri – Azərbaycan K (b) P MK – nın katibləri, müavinləri, xalq komissarları müavinləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir.

Bununla belə biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-yə verilməsinə razı deyilik!

Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati – siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır.

Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya xalqlarının cəlladı Ağa Məhəmməd şah Qacar məhz Şuşada öldürülmüşdür.

Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan,  Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.

Eyni zamanda, ÜİK (b)P MK-nin nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.

Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcədə geridə qalmasını nəzərə almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və ona mədəni –siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradardı.

ÜİK (b)P MK-dən yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxılmasını xahiş edirik:

Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-nin Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-nin tərkibinə daxil edilməsi məsələsini qoyurlar.

Göstərilən rayonlarda əhalinin ümumi sayı 79.000 nəfər olduğu halda, 9.000 gürcü- ingiloyun yaşamasına baxmayaraq, biz bu məsələyə baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda, Gürcüstan SSR-nin, demək olar, yalnız azərbaycanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-yə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.

Və nəhayət biz, Dağıstan SSR-nin keçmişdə Azərbaycanın bir hissəsi kimi  Bakı quberniyasının tərkibinə daxil  olan və hazırda Azərbaycan SSR-yə bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR- nin tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhlisi əsasən azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin doqquz ayını Azərbaycan ərazisində keçirir.

Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİK (B)P MK komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik.

10 dekabr 1945-ci il No. 1330. Bakı şəhəri.

 

 

 

 

03.07.2012 17:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*